Özünü Allahın yadına salanlar - Elnarə Akimova poeziyadan yazır...

Özünü Allahın yadına salanlar - Elnarə Akimova poeziyadan yazır...
15 iyul 2016
# 11:16

Kulis.Az tənqidçi Elnarə Akimovanın “Səni axtarıram, poeziya!” silsiləsindən ikinci məqaləni təqdim edir.

Birinci məqalə burda

Mövzu dəyişikliyi

Milli poeziyamızda təqlid aparıcıdı, yeni nəfəs kasadlığı hiss olunur. Əksər şairlərin öz yolu görünmür, hazır qəliblər, obrazlarla işləyirlər. Salam Sarvan 90-cı illərdə poeziyaya gətirdiyi şeir özəlliyini öz nəfəsində qoruyaraq çağımıza gətirıb çıxara bilmədi, əvəzində təsirinin yetirdiyi şairlər ordusu iki onillik onu təqlid etmədə.

Ağ saç kölgə salmaz üz ağlığına,

İllərin, zəhmətin gücünə çıxır.

Nəsə, görmədiyi günlərin rəngi,

Get-gedə adamın saçına çıxır.

Yaxud:

İçini-çölünü başqa eləyib,

Bütün ömrü boyu "keşkə" eləyib,

Yaşamır, ruhuna qoşqu eləyib,

Bədənin sürüyüb gedir adamlar...

(Elşad Ərşadoğlu)

Mən təsadüfi imzalardan bəhs eləmirəm, hətta tənqid üçün də mənim predmetim nisbətən istedadı, ruhu ilə seçilən imza ola bilər. Amma zaman keçir, gənc şairlər heç cür özlərinə çıxa bilmirlər, şairlərin ölüm, həyat, tale ilə bağlı yazdığı nümunələrdə mövzunun yeni biçimdə təqdimi ilə az rastlaşırıq, yüzlərlə şeirlərin imzasını dəyişsək, heç nə dəyişməz. Çünki poeziyada üslubu, intonasiyası, yolu ilə seçilən imzaların yeri çox daralıb. Daha çox təsir, daha çox imitasiya var. İndi bir Axundov sehri lazımdı ki, bu tilsimi bir toxunuşla yox etsin, yeni Sabir, Cavid, Hadi timsallı üslub müxtəlifliyi gəlsin poeziyaya.

Bu gün poeziyada mövzular deyil, ona münasibər dəyişib. Vətən, Tanrı, şəhər, sevgi anlayışlarına münasibətdə fərqli əda hakim olmaqdadır. Bunlar desəm ki, 90-cı illər şeirinin uğradığı dəyişikliklərin nəticəsidi, məncə, tam gerçəyi ifadə etmiş olaram. R.Rza nə deyirdi: “Adı, insanlığın ömür yolu/ şəklin müəllifi zaman”. Bu təbəddülatların da bir müəllifi var əslində: Zaman.

90-cı illərdən başlayaraq poeziyamızda elə imzalar oldu ki, öz poetik yaşamları ilə “geriyə qayıdış”ın ən yaxşı nümunələrini yaratmaqla bahəm, həm də gələcək şeirin inkişaf trayektoriyasının cızılmasına səbəbkar oldular. Amma bu gün sərbəst şeir adı meydana qoyulan əksər nümunələr milli poeziya gələnəklərinin bütün dəyərlərinə yad, yabanşı görünür, adi söz oyunundan uzağa getmir.

evdən zibil çıxartmazlar

qonşuya ağartı verməzlər

evlərinin bərəkəti qaçmasın deyə

amma yenə nəsə kəm olar süfrələrində

xiyar doğrasalar salatlarına

pomidor qalar

pomidor doğrasalar

xiyar

(Sevinc Elsevər)

Bəli, hər şeyi poeziyaya çevirmək olar. Çünki poeziya ilk növbədə, bir-biri ilə əlaqəsi olmayan predmetlərin uyğunluğundan hasilə gələn obrazların bədii təsir qüvvəsi ilə dərin görünür. XX əsr ispan poeziyasının nümayəndəsi Xuan Ramon Ximenes xəstəxananın həyətində, zibilliyin yanında bitən güllərdən yazmışdı və gözəl də yazmışdı, buna görə Nobel alacağı qədər gözəl. Çünki ilk növbədə, poetik yaşamını ortaya qoymuşdu. Bu gün yazılan əksər şeirlərdə isə poetik yaşam hiss olunmur. Verlibr, ağ şeir kimi tanınan, hər cür qafiyə və vəzn məsələlərindən uzaqlaşmış şeir şəkli yerini möhkəmlətdikcə, şeirlə nəsr arasında fərq yoxa çıxdıqca şeir də sanki sıradan çıxır. Məsələn, yuxarıdakı şeirdə adi məişət söhbətindən o yana gedə bilməyən bu təsviri, naturallığın son həddi olsa belə daha çox nəsr texnologiyasının imkanları çərvivəsində işləmək daha doğru olardı. Əks halda, şeirin adicə hekayətdən fərqi nədə olur?

Yaxud uğurlu şeirdən daha çox uğurlu misra yaratmaq cəhdi var poeziyada. Halbuki şeir bütöv, kompleks yanaşmanın təzahürü olaraq doğulmalıdır. Ayrılıqda uğurlu misralar isə hələ şeirin alınması, poetik yaşamın sərgilənməsi deyil. Bir misraya yığılmış poetik enerji, nəfəs şeirin bütün məkanını çevrələmir. Şeir ilk növbədə, fərdi nəfəs, intonasiyadır. Ki, oxucu şairin bu nəfəsində bir də öz dünyasının rəngini, duyumunu, ovqatını tapa bilsin.

Şeirimizdə yeni fikir axtarışı hiss olunmur. Təkrarlara yol verir. Məsələn, son vaxtlar aşağıdakı misraların ehtiva olunduğu saysız şeirlərə rast gəlmişəm və bu gün də bu misralar yeni poetik düşüncə predmeti kimi təqdim olunur:

O üz- bu üz bu dünyanı,

Bir də basar su dünyanı,

Düzəltməkçün bu dünyanı

Yaradan göydən enəcək.

Bizdə şair hələ də:

Biz savaş görmüşük, savaş oğluyuq,

Bəs edər bu qədər imtahan, vallah.

Dərdimlə gizləndim, görmədin məni,

Bax indi burdayam, burdayam, Allah..!

(Ramil Mərzili)

- deyə özünü Allahın yadına salır və düşünmür ki, indi poetik düşüncənin, şeirin özünü yaddaşın məxəzinə düşməyə cəhd eləməsi vaxtıdır. Tanrı ilə söhbət fərdi duyğuların qanadında təqdim olunur yenə. Şairin şəxsi kədərindən çıxıb bütövləşmir. Çağdaş şeir daha çox “indi”yə işləyir, bütün mövzu, ideya polifoniyası bu günün müstəvisinə proyek­si­yalanır. Mən poeziyanın indiki durumuna münasibətdə İ.Fəhminin bu fikri ilə razıyam: “Doxsanıncı illərin poetik ab-havası, məncə, indikindən daha dərin, daha energetik idi. Hərçənd ki, həmin vaxtlar ölkənin şəraiti çox ağır idi. Sonra elə bil ki, o enerji sərf olundu və müasir ədəbiyyatımız Şərqlə Qərbin arasında qaldı... Yavaş-yavaş şair təbiətinin mahiyyəti dəyişdi, şeirdən ideya, fəlsəfə itdi”.

Bəli, çağdaş şeirdə gələcəyə yollar aranmır. Qərblə şərqin arasında azıb qalmışıq, səmti müəyyən edə bilmirik. Əsl sənətsə nə Şərqdir, nə Qərb. Əsl sənət dünyadı, kainatdı.

Müharibə mövzusu

Poeziyanın durumu ilə bağlı daim nikbin danışan şair V.B.Odər ilin əvvəlində verdiyi bir müsahibədə yenə sevincə köklənərək belə bir fikir söylədi: “Şeirimizi orduya çevirə bilsəydik”... Araşdırma apararkən, milli poeziyamızda da rəşadətli ordu simvolikasının əlamətlərini axtarmağa rəvac verdim. Amma bu şeirlərdə dominant olan başqa xüsusiyyətlərə rastladım: sevinc hissinin, məmnunluğun, «gözəl gələcəklə» bağlı qurulan xəyalların ifadəsi azalıb, «döyüşkən xalq» obrazını göz yaşı tökən, gücsüzləşən «məzlum xalq» obrazı əvəz edib. Belə bir ordu ilə qələbə sevincli şeiri Xankəndinin ən uca zirvəsindən səsləndirə bilərikmi? Yox, əlbəttə. Poeziya yenə də XX əsrin birinci yarısının hürr, istiqlal duyğulu şeirlərinə uduzur. Baxmayaraq ki, ötən ay Qarabağ məsələsi bağlı yaşadığımız qürur hissi, orduda ard-arda qazandığımız nailiyyətlər xalqın içindəki cəsarət hissini büsbütün ortaya çıxartdı və mən nədənsə bunun, yəni millətin gizli emosiyası kimi təzahür edən Qarabağ kükrəyişinin zəminini 20 ildən artıq zaman kəsimində Vətən anlayışının Qarabağ anlayışı ilə birləşib, sinonim sözlərə çevrilməsində aradım və düşünürəm ki, bizdə müharibə ilə bağlı ən gözəl, coşğulu nümunələr indən belə yaranacaq.

Hələliksə, çağdaş nümunələrdə görünən başqa mənzərədir: əvvəlki çılğınlıq, çağırış, hay-küy, irəli atılma cəhdləri öz yerini inləyən kədərə buraxıb. Təəssüf və ümidsizlik ağrısı daha öndədir. Emin Pirinin şeiridi:

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə

Poetik mətnlərdə iç dünyaya üz tutulması, mənəvi-ruhi aləmə ünvanlamalar, Tanrıya, İlahiyə müraciətin ağırlığı hiss olunur. Yaşananlardan yorulma duyulur və bu mənəvi yorğunluq yalnız fiziki ömrün gətirdiyi yorğunluq deyil, daha çox qlobal anlamda dünyada görülən haqsızlıqdan, tökülən qanlardan və həll edilməmiş problemlərdən usanan şair ruhudur. Əlbəttə bu gün də poeziyada Ölüm, Müharibə, İtki, Şəhidlik, Vətən sevgisi, Türkçülük, Azadlıq şeirimizin prioritet mövzuları kimi çıxış edir, lakin artıq çağırış, pafos, çılğınlıq hissinin ifadəsi azalıb. Ötən ilin poeziyasında Qarabağla, müharibə ilə bağlı sülhə çağırış məramlı nümunələr (məsələn, F.Qocanın şeirləri, Q.Nəcəfzadə “Uşaqlara salam” şeiri və b.) yer almışsa da, mübarizlik, döyüş hissinin qismən Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Məhərrəm Qasımlının şeirlərində qorunduğu bəlli oldu. Xüsusən, M.Qasımlının “Yağmur qoxusu” kitabına toplanmış şeirlər qürur, azadlıq hissinin kompleks ifadəsi, qəhrəmanlığın təcəssümü baxımından əhəmiyyətli təsir bağışlayır. Nikbinlik və ehtirasla yoğrulmuş bu şeirlərdəki bədii çalarlar müəllifinin mövzuya həssas münasibəti ilə bahəm onun üslub və intonasiya axtarışlarının yeni istiqaməti kimi meydana çıxır:

Ərənlərə salam olsun,

Durub pişvaza gedəlim!

Qandan qorxan qoy almasın,

Biz dəstəmaza gedəlim!

Yürü atlan dan yerindən,

Oynasın meydan yerindən.

Bahar doğsun dan yerindən –

Qış ötsün, yaza gedəlim.

Döyüş mərdin meydanıdı,

Dəli nərə nişanıdı.

Bayraq şəhidlər qanıdı,

Bayrağımıza gedəlim!

“Şeirimizi orduya çevirə bilsəydik”... Təəssüf ki, poeziyada bunun kimi hərəkət yaradan, ordu coşğusunun əsası ola biləcək nümunələr çox azdır. Daha çox müharibə ağrısını görüntüləmək cəhdi öndədi və iş də bundadır ki, bu ağrının belə yeni estetik biçimdə təqdimi yoxdur. Bəli, bizdə müharibəyə qlobal nüfuz hələ dərinləşməyib. Müharibəyə insan ağrısı kimi baxmaq, onun bütün çalarları ilə ədəbiyyata gətirmək baxımından poeziyada xüsusi təmayül hiss olunmur. Gənc yazar Fərid Hüseyn esselərinin birində yazır: “Deyirlər ədəbiyyat işıq axtarışıdır. Amma unutmaq olmaz ki, işıq axtarışı qaranlıq qorxusundan yaranır. Bu mənada, işıq axtarışı adı ilə “nikbin poeziya” yaratmaq cəhdi, hələ şeytandan uzaq olmaq deyil, içindəki şeytanı qaranlıqda gizlədib, işığa qaçmaq “hünəridir”.

Mən gənc müəllifin işığa qaçmaq labüdlüyünü bu gün daha çox ona görə arzu edirəm ki, ədəbiyyata bu zaman zamansız şeirlər və qəhrəmanlar daxil ola bilər. Çünki hədsiz işığın altında mənfi və müsbət qəhrəman olmur, İnsan olur. Onun düşüncələri, çağırışları, duyumları olur. Bu gün müharibənin fəlsəfi dərkini, dramatik ifadəsini verən, müharibə fəlakətlərinə ithaf оlunmuş möhtəşəm şeir nümunəmiz yoxdur, yazılan şeirlər müharibə barədə ağrıtmaqla bərabər həm də düşündürən, ciddi bir poeziya nümunəsi kimi doğulmurlar. Onu demək istəyirəm ki, ötən ilin poeziyasındakı nəzərə çarpan təmayüllər, şeirdəki forma və məzmun çalarları ümumən, son illər milli şeirimizin ehtiva etdiyi bir çox xüsusiyyətləri daşıyır. Təbii ki, dəyişən, təbəddülata məruz qalanlar da var. Amma müharibə mövzusunun işlənməsi baxımından dərin ictimai-sosial siqlətli poeziyaya doğru uğurlu addımın şahidinə çevrilmirik.

Eləcə də Dünya, Həyat mövzusu. Təsəvvür edin, poeziya dünya xitablı, ömürdən şikayət, Allaha ünvanlanan, təklik, tənhalıq şeirləri ilə doludur. Amma necə? Bu mövzularda ənənəvi poetik sistemin zəif təkrarı ilə. Hətta tanınmış söz adamlarının belə şeirlərinin qafiyəpərdazlığa, söz yığınına uğradığına şahid oluruq. F.Məmmədli yazır:

Vida bu yalqız həyata

Vida bu simsar həyata

Mən gedirəm düz həyata

“Yox” adlanan “var” həyata

əlvida bizdən aralı

dörd yanı bulvar həyata.

Bu cür söz oyunu Nazim Əhmədlinin şeirlərində də yer alır:

mənə təntimə, acıma,

əllərini çək saçıma;

ürəyini qoy ovcuma,

qaçım bu dünyadan çıxım.

Şərhə ehtiyac varmı? Yox, məncə... /“Ədəbiyyat qəzeti”/

# 1552 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #