“Bu gün səbr elə” romandırmı?

“Bu gün səbr elə” romandırmı?
14 dekabr 2015
# 11:47

Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” əsərini oxuyub bitirən kimi öncə onun niyə roman adı ilə təqdim olunması təəccübləndirdi məni. Bu ki, roman deyil, povestdi, hətta təqdim olunan hekayət nə qədər roman yükü, roman ağırlığı daşısa belə. Görəsən niyə əsəri povest janrında təqdim eləməyə çəkinirik?! Təbii, bu gün çağdaş dünya ədəbiyyatında çox yeniləşmələr gedə bilər, roman adına çox modern təbəddülatlarla rastlaşa bilərik. Amma klassik tərifin məlum gerçəkliyi ortada: roman daha əhatəli, daha artıq insan talelərini, zaman və məkan çevrilmələrini, çeşidli bədii materialı qapsayan janrdır və mənim üçün roman ilk növbədə, yazıçının məlum hədd - zirvə məqamı seçib ordan aşağını seyr edirmiş kimi əsərindəki insan və ona aid nə varsa onu dəyərləndirməsidir. “Bu gün səbr elə” bu tələblərə cavab vermədiyi üçün roman kimi boyundan qısa görünür. Əsərin davamlı çözümləri edilir, çoxyönlü tənqidi baxışların predmetinə çevrilir, lazımlıdır məncə, amma bəzi məqamlarda mətn aşırı təriflər önündə aciz qalır sanki. “Bu gün səbr elə” təbii ki, müəyyən məziyyətləri ilə təhlilə, yozuma açıq əsərdi, amma bir şərtlə ki, bu təhlil onu var-varlığında təqdim etsin.

“Bu gün səbr elə” əsəri Mirmehdinin bir çox hekayələrində qabartdığı problemlərin izlərini daşıyır. Yazıçının hekayələrində həmişə aktuallıq vurğusu kəsb edən sosial motiv bu əsərində daha geniş müstəvidə təqdim olunur. Habelə dini çalarlar ki, gənc müəllifin son illər yaradıcılığında önə keçib, burda da mövzuya açıq işarələr var: “Bir dəfə əllərini göyə qaldırıb ibadət etmədiyi halda indi içində baş verən təbəddülatları nizama çəkmək, qəlbində alovlanan suallara su səpmək üçün məscidə girmək ona ar gəlirdi. O, insan-Tanrı münasibətlərini də insan-insan münasibətləri kimi analiz edirdi və Allahın buyruqlarına əməl etməyən bir adamın işi bərkə düşəndə məscidə girib ibadət etməyini ac heyvanın sahibinə yalmanmasına bənzədirdi”. Mirmehdi dinin insan həyatında zahiri atribut kimi istifadəsinə, məsələlərin metafizik qatına deyil, doğurduğu məzmuna həssas görünür.

“Bu gün səbr elə” çağımızın həqiqətlərini ehtiva edən əsərdir. Borcunu ödəyə bilmədiyi üçün kənddəki evi bank tərəfindən əlindən alınan, Bakıdakı qırxdan çox ailənin yaşadığı kirayənişinlər məhəlləsinə sığınan Səfərovların ehtiyacdan qurtulmaq, uşaqlarının gələcəyi üçün gün ağlamaq üçün əl atdıqları planın neqativ təzahürlərindən bəhs edir.

“Bu gün səbr elə” ilk növbədə, ehtiyac deyilən nəsnənin, xüsusən müstəqillik illərinin nəsrində mövcud ehtiyac probleminin qabarıq rəsmini cızır. Hərçənd o şəkildə ki, müəllif dönə-dönə ailənin ehtiyacından, qadının ərini başqasına ərməğan edəcək qədər oyun qurmağa gətirən sosial səbəblərdən bəhs eləyir, son ana qədər problemin dərin olduğunu göstərməyə çalışır, əsərdə bunun elə də ciddi motivasiyası yoxdur. Əlbəttə, əsərdə qeyd etdiyim kimi, ehtiyacın, orta statistik azərbaycanlı ailəsinin üzləşdiyi çətinliklərin, problemlərin, həyat üçün çabalarının mənzərəsi ətraflı təsvir olunub. Müəllif bəhs olunan mətləblərin müəyyən sosial-mənəvi çalarda ifadəsinə nail də olub. Amma Mirmehdinin üslubundakı bir çatışmazlıq bu mətləblərin fəci həyat dramı səviyyəsinə qalxmasına imkan verməyib. Bu ehtiyacın, gerçəkliyin daha çox zahiri, üst qatına varılıb, empirik təsvirlər bədii nüfuzun dərinliyini üstələyib. Əsər hər gün üzləşdiyimiz problemlərin tanış mənzərəsini verir, səciyyəvi kolliziyalar, dramatik situasiyalarla adi məişət həyatımızın dəqiq lövhəsini çəkir. Amma təsvir olunan prosesin dərin təhlilini, məsələnin analitik dərki səviyyəsinə yüksələn bədii təcəssümünü görə bilmirik.

Mən bu əsərdə Dilbər obrazını daha uğurlu hesab elədim. Mirmehdinin bu fərasətli, çalışqan, zirək qadın obrazı əsər boyu öz koloriti ilə seçilir və bütün səviyyələrdə müəllifin onunla bağlı düşüncələri inandırıcı, təbii təsir bağışlayır. Təbiəti etibarilə nikbin olan, ailəsinin ehtiyaclarını qarşılamaq üçün çətinliklərdən qorxmayan Dilbər obrazı son dövr Azərbaycan nəsrinin ən uğurlu qadın obrazıdır. Bütün hissi, düşüncəsi, coşğusu və təlatümləri ilə birlikdə... “Hər gecə aynabənddə oturub əri ilə birgə siqaret tüstülədəndə təkcə onun siqaretlərinə şərik olmayan, dərdinə də şərik çıxan”, daha çox keçmişlə yaşayan ərindən fərqli olaraq praqmatik olan, üzləşdiyi çətinliklərə rəğmən qismətindən heç vaxt şikayət etməyən bu qadın, Nəsiminin dili ilə desək, “hər cür dərdə, ağrıya gülməklə, zarafatla şıllaq atan Dilbər” obrazı xarakterinin özünəməxsusluğu ilə diqqət çəkir. Mənə elə gəlir ərini başqa xarici qadınla evləndirmək ideyası məhz bu tip qadının ağlına gələ bilərdi. Və bu məqamda məsələnin “bizim mentalitetdə qadın elə edə bilərmi” şəklində qoyuluşunun özü qüsurludur məncə. Milli cəmiyyət hər cür xarakterlərlə, hadisələrlə zəngindir, yazıçının missiyası yalnız olmuşları deyil, bir də olması ehtimal edilə bilənləri bədii təcəssümün predmetinə çevirməyi bacarmaqdır. Ehtiyacın qul etdiyi qəhrəman obrazı ümumən dünya ədəbiyyatında az rast gəlinən məqamlardan deyil. Mirmehdinin yeni əsəri də sosiallığın qatına enmək, ehtiyacın dərinlərinə işləmək və onun bir ailənin durumuna təsiri ilə bağlı fərqli nüanslara varmaq baxımından əhəmiyyətlidir. Müəllifi düşündürən nəsnə də məhz, bu məqamla bağlıdır: ehtiyacın törətdiyi mənəvi-psixoloji sapınmaları göstərmək...

Əsər sadə bir ailə həyatının, gündəlik yaşamının təsviri ilə başlayır. Qəfil meydana çıxan məsələ, fors-major durum – qadının öz ərini Amerikadan Azərbaycana evlənmək üçün gələn qadınla evləndirib ehtiyacı aradan qaldırmaq ideyası həm də tipik xarakterin tipik situasiyada açılışı üçün vəsilə olur. İlk səhifələrdə daha çox yumoru, ironik modusu, qroteski, dramatik yönü və fors-majorları ilə diqqət çəkən əsərin sonrakı hissələrində Dilbərin nəhayətsiz mənəvi sarsıntıları aparıcı motivə çevrilir. Bu məqamdan başlayaraq müəllif qadın dünyasının, qadın yaşamının ekzistensiyasını yaradır. Əsərdə Dilbərin peşmanlıq duyğusu, bu duyğudan doğan iztirablar və qadın olaraq yaşadığı təbəddülatlar psixoloji nüans səhihliyi ilə qələmə alınmışdır. “Dilbər o gülərüz çöhrəsi ilə Nəsimiyə baxdı. – Elə bil naşı rəssam tufanlı dəniz mənzərəsinin üzərin günəşli bir çəmənlik rəsmi çəkmişdi. Dilbərin üzü gülsə də azacıq diqqətli olsan bu gülərüz çöhrənin altında necə kədərli, dərdli bir simanın gizləndiyini görərdin”.

Müəllif Dilbərin timsalında, onun içi və psixologiyasının dərin təcəssümündə əslində “xoşbəxtlik nədir” həqiqətini ortaya qoyur. “Toyun səhəri Dilbərin həyatının ən ağır günü oldu. İşdə gözləri ağlamaqdan qızarmış Dilbəri görən Nailə xanım onu evə buraxdı. Qapıya çatan kimi uşaqların Nəsimi barədə suallarına başdansovdu cavab verib yerinə girdi. Axşama qədər telefonu qoynuna sıxıb yeniyetmə sevgililər kimi Nəsimidən zəng gözlədi. Özünün zəng etməyə cəsarəti çatmadı. Ona nə qədər ehtiyacı olsa da, zəng edib heç olmaya bir neçə saniyəlik “Səni sevirəm, qələt eləmişəm, Nəsimi, qayıt evimizə, bu xaraba qalmış kirayə yurdumuza” demək istəsə də ürəyinə daş basıb dözdü”. Amma burada da mərkəzi xarakterin psixoloji planda şərhinə edilən cəhd birxətli şəkildə baş tutur. Oxucu bu şərhi, təfərrüatlı inikası yalnız Dilbər obrazına münasibətdə görə bilir. Dilbərin faciəsi, əzablı yaşantılarını göstərməklə bağlı tutarlı detallar tapılmışdırsa, Nəsimi obrazına münasibətdə müəllifin xüsusi bir əziyyəti nəzər çarpmır. Məsələn, Məlahətlə görüşməyə başladıqdan sonra onun düşüncəsində, mənəvi aləmində gedən (yaxud getməyən) çevrilmə təsvir olunmur. Həyat yoldaşını sevən Nəsiminin bu qədər tələsik başqasına aludə olması bir az təəccüb də doğurur adamda. Eləcə də xaricə getdikdən sonra onun yaşadığı hisslər, ailəsinə münasibətdə hansı düşüncələrə varması bizə qaranlıq qalır. Biz bu naqis planın zərərçəkəni qismində yalnız Dilbəri görürük. Müəyyən səhnələrin təsvirində - ailəsi ilə gəzməyə çıxanda, bacısı oğlu Səbuhi ilə söhbətində, yaxud arvadı Dilbərlə parkda görüşündə Nəsiminin fərdi iç duyumlarının mənalanmasına cəhdlər olunur. Buna baxmayaraq, müəllif onu daxili-psixoloji planda səciyyələndirməyə səy göstərmir. Bəs səciyyələndirdiyi nəsnələr onu Kişi – fərd olaraq necə, nə qədər dərinlikdə, gerçəklikdə, gücdə aça bilir?

Daha çox keçmişlə yaşayan, geridə qoyduğu kəndi, əldən çıxartdığı evi üçün xiffət keçirən Nəsiminin həyatdan küskünlüyü onunla savaşmayacaq qədər loyal mövqe sərgiləməklə üzə çıxır. Onun gücü ancaq etiraf etməyə çatır: “Həyat əzabdır. Mən yaşamamışam. Mən ancaq əzab çəkmişəm”. Buna baxmayaraq, dolanışıq üçün çaba edən, iki sahədə çalışıb borcların öhdəsindən gəlməyə çalışan bu qəhrəmanı yazıçı yalnız xəyallar qoynunda uyuyan biri kimi də təsvir etmir. Mirmehdi hər növ qatlar - ictimai, sosial, mənəvi və psixoloji durum mürəkkəbliyi arasında ailəsi, uşaqları üçün çalışan kişi obrazını yaradır. Məlahət məsələsinin ortaya çıxması isə bizi tam fərqli rakursla üzbəüz qoyur, obrazın missiyası başqa müstəviyə transfer olunur. Müəllif bunun səbəbini sosial-psixoloji-mənəvi gündəm basqısına tabe tutaraq deformasiyaya uğramış məqamları cəmiyyət boşluqlarında arayır, hansısa təyinatlardan, ailə kultundan sürüşən kişi başlanğıcını göstərir.

Bu gün bəlkə də bütün dünya səviyyəsində gedən bu prosesin, yəni cəmiyyətin kişi və qadın kombinasiyasının pozulması, qütbləşmə ilə nəticələnməsi cəmiyyətin sosial basqılarının təsiri ilə qabarır. Bu mənada, Nəsimi də cəmiyyət problemlərinin deformasiyaya uğratdığı kişi(lik) kultunun bir nümunəsi, sosial iyerarxiyada kişiyə ayrılan yerin, mövqenin öz gücünü itirməsi faktıdır. “Adamın belə xalaşkası ola”, - iş yoldaşı Cəmil onu dümsükləyib “Porşhe Panamera”dan düşən mini yubkalı sarışın xanımı göstərdi. ... “Ondan sonra nə itim azıb bu işdə, ortada yeyib qıraqda gəzərəm”. Əsər bu cümlələrlə başlayır və nəinki milli mentalitet standartlarından imtina edilir, habelə köhnə dəyərlərin məqbul saydığı, ənənəvi əxlaqla motivləşən cəmiyyət qanunlarına üsyan baş qaldırır. Çünki ehtiyacın başa çıxdığı yerdə qanunlar yenidən yazılır. İnsanın özü və ətrafı ilə özgələşmə prosesi başlayır. Bu səbəbdən Nəsimi ailəsindən yalnız cismən yox, həm də ruhən uzaq düşür.

“Bu gün səbr elə” dilinin axıcılığı, təhkiyə mədəniyyəti ilə yadda qalır. Sosial problematika və realist təhkiyəyə əsaslanan bu əsərdə bədii bütövlük mətnin yaranışından nəticəyə qədər üzviliyini qoruyur, hətta epiqrafda Nəsimiyə olunan istinad belə (Dilbər aydır:”Ey Nəsimi, sabir ol, qılma fəğan”/Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?) əsərdəki kodların etiologiyası baxımından oxucunu hürufi şairinin misralarındakı qata yönəltməsə də, estetik mizanı pozmur, zənnindəyəm. Təsvirlərdəki təbiilik, ələlxüsus məişət səhnələrinin təsvirində müəllifin nail olduğu əyanilik Mirmehdinin yazıçı kimi müşahidəsinin sərrastlığından xəbər verir. Yazıçının sonrakı və davamlı uğuru da həmin müşahidələrin və həqiqət hissinin dərinlərinə, içərilərinə doğru enişi ilə baş tutacaqdır.

(“Ədəbiyyat qəzeti”, 12.12.2015)

# 1741 dəfə oxunub

Müəllifin son yazıları

# # #