Kulis.az tənqidçi Elnarə Akimovanın şair El Romanın “Canıyeva Göyərçin” şeiri haqqında yazısını təqdim edir.
Biz tarixi proseslərin axarını, milli aqibətimizi dəyişən bir Vətən müharibəsinin, Qarabağ savaşının içindən keçdik. Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz. Ədəbiyyatımıza bir çox yeni tip və obrazların gələcəyi, özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət gətirəcəyi şübhəsizdir.
Son otuz ildə Birinci Qarabağ savaşının müxtəlif mətnlərdə təzahürü haqda çox bəhs etmişik. Bu gün mövzu yenidən aktuallaşıb və dünəndən fərqli olaraq başqa məzmun alıb. Biz artıq məğlub deyil, qalib ölkənin qələm adamlarıyıqsa, bu əzm duyğusunun müəlliflərə ayrı bir impuls verəcəyi qaçılmaz faktdır. Amma elə həqiqətlər var ki, onlar heç nədən impuls almadan öz bədii gerçəkliyini yaşayacaq. İnsan həqiqəti, fərdin ağrısı! Müharibə, ilk növbədə, sonsuz insan talelərinin, insan əzablarının yaşandığı amil olaraq amansız gerçəklikdir. Bu məqamda qalib, ya məğlub olmanın onun üçün bir fərqi yoxdur. Müharibədə olmuş, can fəda etmiş, yaxud psixoloji təsirə məruz qalmış insanların dramı varsa mətndə... Ədəbiyyat bu ağrını göstərə, ötürə biləcəyi qədər böyükdür. Müharibə mövzusunda yazılan ən gözəl nümunələrdən - Rasim Qaracanın 1992-ci ildə yazılan "əgər ən yaxın dostun müharibədə ölmüşsə" şeirindəndir bu misralar:
əgər ən yaxın dostun
müharibədə ölmüşsə
sən artıq müharibə əsirinin oğlusan
bir adın savaş olmalı
İllərdir ki, taleyi müharibələrdən, o qanlı, məşəqqətli yaşantılardan keçən insanlarımızın deyil, elə ədəbiyyatımızın da bir adı savaşdır. Bir təsirli mətn, bir uğurlu misra boğazımızda düyünə çevrilir.
Bu yaxınlarda gənc şair El Romanın "Canıyeva Göyərçin" şeirini oxuyanda müharibə ilə bağlı ehtiva olunan dərin yaşantı ilə bərabər, müəllifin tapdığı üsul diqqətimi çəkdi. Mexaniki say, cansız predmet, hərbi informasiya poetik məcazları necə uğurla əvəz edə bilir, şeirdəki ideyanı necə mükəmməl şəkildə çatdırır:
- Yerek...
Ratsiyadan səs gəlir:
- Canıyev, yerini de!
- Təpənin "A" nöqtəsi!
Ratsiyadan səs gəlir:
- Əbdülov, yerini de!
- Təpənin "B" nöqtəsi!
- Erku...
On üç yaşlı Göyərçin
giley tökür kağıza:
"Ehh, bu riyaziyyat da
yığıb məni boğaza!
"A"-dan "B"-yə məsafə
Nə bilim, nə qədərdi?
atam olsa, bilərdi..."
"Canıyev,
aradakı məsafəni xəbər ver!" -
Ratsiya hələ susmur...
İnsanlar özlərinə yaxşı təsəlli verir:
"Ordu müharibəni nə olsun, hələ udmur?
əsas odu, uduzmur..."
- Mek!
Bu vaxt bir mərmi deşir
buludların bağrını.
Silahlar da diksinir
Partlayışın səsinə...
O partlayış,
əsgəri tutub "A" nöqtəsindən
atır "B" nöqtəsinə...
"Tapdım, anacan, tapdım!
Məsafə əlli metr!" -
bərk qışqırır Göyərçin...
"Canıyev, nə baş verir?!" -
Ratsiya ağı deyir...
birdən
əlaqə itir...
sonuncu nəfəs ilə,
Canıyev ratsiyanı dodağına gətirir.
Xırıltılı səs ilə:
"Komandir, əlli metr..."
Mətndə müharibə gerçəklərini daşıyan iki əsas obraz var: atası və qızı Göyərçin. Şeirdəki emosional təsir gücü uğurlu tapıntı olan "əlli metr" detalına bağlıdır. Müəllif bu detalla bağlı maraqlı fəndlər edir, onunla mizan səhnələri qurur. Hisslərin antitezasını yaradır. Qızın misalın cavabını tapdığı anda yaşadığı sevinc və müəllifin bu anda cəbhədəki gərginliyə fokuslanması, iki yaşantının qarşı-qarşıya durması kadrı dərin dramatizmlə doldurur.
Buradakı bütün misralar sanki insaniləşir. Adi danışıq ritmindən daha uca mərtəbəyə qalxıb psixoloji mübarizə, hisslər çarpışması şəklində təqdim olunur. Bu hisslər çarpışması şeirdə qütbləşən iki intonasiya çalarının açılaraq inkişafı kimi davam edir. Birinci qütb müharibənin arxa üzüdür, bütün rəngarəngliyi, çoxsəsli, çoxüzlü çaları ilə həyatı, yaşamı simvollaşdırır - ümid, sevinc, həyəcan, giley, nigaranlıq. İkinci qütb isə müharibənin tam ortasıdır. Burda nəinki düşünməyə, hətta yaşamağa belə artıq vaxt yoxdur. Bir güllə səsi, bir mərmi partlayışı zamanın səsini batırır, ümidləri, arzuları nöqtələyir.
Şeirdə bu iki qütb arasında əlaqə necə qurulur? El Roman bunların hər ikisini fərqli yanaşma, fəqət eyni estetika ilə işləyir. İlkin dialoqlarda dumanlı şəkildə görünən intonasiyalar qarşılaşması getdikcə açılır, aydınlanır, biri digəri ilə rabitələnir və sonda yenidən ayrılır... Bu dəfə məlumdur ki, həmişəlik... Göyərçinin tapdığı cavabın sevinci müharibədə partlayan mərminin gurultusunda sönüb itir və bununla şeirdəki intonativ bütövlük tamamlanır. Tapılan "əlli metr"lər arasında fərq çox böyükdür. Birinci əlli metr adi riyazi normalar daxilində ölçülüb biçilən hesabdır. Lakin bu həyatın da arxasında nə isə bir həsrət, nisgil boy verir: "Atam olsa, bilərdi..." Bu nisgilin nə ilə bağlı olduğunu bizə xaotik müharibə təsvirlərinin yer aldığı ikinci hissə anladır. Burada şair prosesləri müharibə reallığına proyeksiya edərək tamamilə yeni məzmunda işləyirsə də, onların hər ikisini şeirin ümumi axını ilə möhkəm bağlı olan detala çevirməyi bacarır. Bu bağlılıq şeirdəki zəncirvari sintaksis vasitəsilə addım-addım hörülür, bir sıra situativ məqamlar - hadisələrin mahiyyətindən doğan əlavə çalarlar da əldə edilir ki, həmin çalarlar da əsas məzmunla motivləşirlər.
Mümkün qədər minimalist dekorasiya, daralmış rakurs, şeirin sentimentallıqdan yetərincə uzaq olması, oxucu duyğusuna vurğu edilməsinə hesablanmaması sayəsində ümumi tonallıq öz effektini qoruyur, mətni sənət səviyyəsinə qaldırır. Türk şairi Süreyya Berfenin "Kıbrıs" şeirində olduğu kimi. Çılpaq natura, rəqəm bolluğu ilə mətni şeirləşdirmək, yaradılan boz, soyuq mənzərə ilə sarsıdıcı kədər və hüzn ağırlığı yaratmağa nail olmaq. "Canıyeva Göyərçin" bu mənada, poeziyamızda müharibə barədə düşündürən və onun faciəviliyini vizuallaşdıran nümunə olaraq həm yeni estetik platformada qərarlaşır və həm də necə yazmaqla bağlı bədii model təklif edə bilir.