Yazıçı psixologiyası sirri-xudadır - Elçin yazır...

Yazıçı psixologiyası sirri-xudadır - Elçin yazır...
31 oktyabr 2020
# 13:27

Kulis.az hər şənbə, saat 13-30-da Xalq yazıçısı Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” adlı esse yazısını təqdim edir.

Ədəbiyyatşünaslığımızın unikal hadisəsi

Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı tarixi”ndə bu tarixi Vaqiflə başlayırdı və Vaqifi “bizim ədəbiyyatımızın banisi və müəssisi” hesab edirdi.

Adolf Berjenin rus şərqşünaslığında nə qədər yaşayacağını deyə bilmərəm, ancaq Azərbaycan dilində ilk dəfə nəşr olunmuş kitabın – “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına...” məcmuəsinin sayəsində Azərbaycan ədəbiyyatşünaslığı yaşadıqca, onun da adı çəkiləcək.

Berje də “əşari-şüərai-Azərbaycan”ı “əşari-Vaqif”lə başlayır.

XIX əsr təzkirəçilərimiz də hazırladıqları (ədəbiyyat tariximiz üçün maraqlı və qiymətli olan!) məcmuələrdə Vaqif, Vidadi, Zakirdən uzağa getmirdilər, misal üçün, Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi-Vaqif və müasirini-digər” xarakterik bir nümunədir.

Vaqifdən əvvəlki dövr klassik ədəbiyyatımızın tarixini 1920-ci illərdən etibarən bizim böyük (və kiçik!) ədəbiyyatşünaslarımız yaratmağa başladı. Bu baxımdan müharibədən sonrakı onilliklərdə ədəbiyyatşünaslığımız Cənubdan gəlmiş və Şimalda formalaşmış Qulamhüseyn Beqdelinin, Qafar Kəndlinin, Balaş Azəroğlunun, Həmid Məmmədzadənin, Mirzə Abbaslının (Pürabbasın), Mirəli Manafinin, Əbülfəz Hüseyninin, Qasım Cahaninin, Feyruz Dadrəsin (mən hələ şəxsən tanıdıqlarımı yazıram) simasında enerjili və səriştəli ədəbiyyatşünaslar nəslini (əslində zümrəsini) qazanmış oldu.

Onların Xaqanidən, Nizamidən (hətta daha əvvəlki dövrlərdən) üzü bu tərəfə – XX əsrin əvvəllərinədək apardıqları (birinin az, o birinin çox dərəcədə) effektli tədqiqatların klassik ədəbiyyatımızın tam şəkildə öyrənilməsi və tanıdılmasında çox mühüm rol oynadığı mənim üçün tamam aşkar bir məsələdir.

21-əsr Azərdən sonra Şimala köçmüş bu qələm sahiblərinin 35-40 ildə gördükləri işi ədəbiyyatşünaslığımız yəqin ki, bundan xeyli artıq bir müddətə görəcəkdi.

Dediyim həmin effektin səbəbi – onların mükəmməl fars dili (bəzilərində eyni zamanda ərəb dili), klassik Şərq ədəbiyyatının (ilk növbədə poeziyasının) bədii-estetik spesifikasına da, fəlsəfəsinə də bələd olmaları, dəqiq elmi müəyyənləşdirmə və təqdim etmə bacarığı və marağı idi.

Bütün bu cəhətləri əyani şəkildə görmək üçün, misal olaraq, elə yalnız Qafar Kəndlinin “Xaqani Şirvani. Həyatı, dövrü və mühiti” (Bakı, Elm, 1988.) adlı fundamental monoqrafiyasını oxumaq kifayətdir.

Monoqrafiyanın adının ehtiva etdiyi miqyas çox genişdir, çox şey vəd edir, çox iddialıdır və oxuduqca elmi dolğunluq və faktoloji zənginlik, Xaqani poeziyasının bədii-estetik xüsusiyyətləri, bu poeziyanın klassik ümumşərq poeziyasındakı yeri, epoxal bir dövrün və mühitin tədqiqi və təhlili – bütün bunlar həmin iddianı tam şəkildə doğruldur, burada iddia ilə elmi imkanlar arasında üzvi vəhdət var. Müəllif monoqrafiyaya 1573 (!) şərh və qeydlər yazıb və elə bunun özü ayrıca bir kitabdır.

Bir sözlə, Cənubdan gəlmiş bu qələm sahiblərinin tədqiqatlarındakı həmin cəhətlər onların güclü milli hissiyyatları ilə üst-üstə düşmüşdü və onlar nəhəng bir irs qoyub, getdilər.

Sirri-xuda

Yazıçı psixologiyası və fantaziyası, əlbəttə, bir sirri-xudadır və qəribəliklərlə doludur. “Voprosı literaturı” “Fantastik ədəbiyyat və müasirlik” mövzusunda dəyirmi stol keçirmək istəyir. Mənə də məktub göndəriblər.(1)

Fantastik ədəbiyyatı mən xoşlamıram (“Görünməz adam”dan(2) başqa), uşaq vaxtı da Jül Vernin üç-dörd romanını oxumuşam, vəssalam. Müasir fantastikadan isə demək olar ki, heç nə oxumamışam, yalnız bu yaxınlarda Tarkovskinin filmindən sonra Lemin “Solyaris”ini oxudum.

O da yaxşı yadımdadı ki, “Mixail Stroqov”u “Kapitan Qrantın uşaqları”ından, “On beş yaşlı kapitan”dan artıq bir maraqla oxumuşdum. Dümavari yazılmış bir macəra romanıdır, yəqin ona görə. Bu romanı təzədən vərəqlədim. İndi fikirləşirəm ki, bildiyim dərəcədə Jül Vernin Rusiya ilə xüsusi bir əlaqəsi yox idi, ancaq Fransada yaşaya-yaşaya, Napoleonun sayəsində bu ölkədə patriotluq, milli qəhrəmanlıq romantikasının hökm sürdüyü bir vaxtda, dediyim kimi, Düma stilində yazılmış bu romanının qəhrəmanı nə üçün fransız deyil, rusdur?

15 yaşında ayı öldürən, cani-dildən Rusiya imperiyasına xidmət edən, igidliyi, cəsarəti, sədaqəti ilə Dartanyanı(3) xatırladan Mixail Stroqovun başına gələn macəralar Fransada yox, Rusiyada baş verir və Stroqov vətən xaini Oqaryovdan Rus imperiyasının intiqamını alır.

Nə üçün?

Bu sualların cavabı – dediyim həmin sirri-xudadır.

Xarakter və Şekspir

NN-in(4) kitabını vərəqləyirəm, məqalələrdə bir neçə dəfə bəhs etdiyi romanların qəhrəmanlarında “xarakterin inkişaf etmədiyini” yazır və bunu əsərin çatışmazlığı hesab edir.

Hər bir əsərdə “xarakterin inkişafı”nı axtarmaq və əsərin qiymətini bununla müəyyənləşdirmək nə dərəcədə doğru bir yoldur?

Çılğın bir xislətə malik Hamlet başlanğıcda kim idisə, ölənə qədər də həmin adam olaraq qalmamışdı?

Otellonun xarakterində hansı inkişaf var? İlk dəfə gördüyümüz Otello ilə Dezdemonadan sonrakı Otellonun xarakterində nə dəyişib? Dezdemonanı sevən xoşbəxt Otello ilə yalana uyaraq faciə törətmiş və özü də bu faciənin qurbanı olmuş bədbəxt Otello arasında heç bir fərq yoxdur, eyni xarakterdir.

Hətta ziddiyyətlər və tərəddüdlər burulğanında, amansız bir gerçəkliklə üz-üzə dayanmış Şekspir Riçardlarının, yaxud IV Henrinin də xarakterində hansı dəyişiklikdən söhbət gedə bilər?

Türk dramaturgiyası haqqında

Mənim üçün müasir türk dramaturgiyasında Əziz Nesinin dramaturgiyası Haldun Tenerin də, Orxan Kamal, Necati Cumalı, Rəcəb Bilginərin də dramaturgiyasından irəlidir.

Və mənə görə bunun səbəbi onun dramaturji qələminin təbiiliyində və səmimiliyində, ən əsası isə iddiasızlığındadır.

Nazim Hikmətin dramaturgiyası isə poeziyasına çox uduzur və onun əsas pyeslərində siyasi mövqenin ifadəsi bədiiliyi açıq-aşkar üstələyir.

İlyas Əfəndiyevin telefon zəngi

Axşam atam zəng eləmişdi:

- Nə edirsən?- soruşdu.

- Pirandellonu tərcümə edirəm.

- Nə münasibətlə?

- Münasibətsiz.

- Münasibətsizdirsə, yaxşı olacaq.

Ədəbiyyatımız özünü axtarır

Azərbaycan ədəbiyyatı müstəqillik illərində ədəbiyyata gəlmiş ədəbi nəsillərin timsalında özünü axtarışla məşğuldur.

Bu axtarışlar hansı bədii-estetik nəticələrə gətirib çıxacaq – bunu gələcək göstərəcək.

Olar, ya olmaz?

Bir çox illər bundan əvvəl gənc bir yazıçı ikən, bir dəfə “Azərbaycan” jurnalının baş redaktoru Cəlal Məmmədov(5) növbəti hekayəmi çap etməyib, geri qaytaranda belə bir söhbətimiz oldu və oturub yazı-pozu ilə məşğul olanda – indiki kimi – hərdən yadıma düşür.

Cəlal müəllim:

- Təzə-təzə yazmağa başlayırsan. İstedadın var. Nə üçün elə ancaq mənfiliklərdən yazırsan?

Mən:

- Gördüklərimi yazıram də.

- Zibil yeşiklərini də görürsən. Onlardan yazmaq olar?

- Olar!

Və redaktor mizinin arxasında oturmuş Cəlal müəllim gözlərini qaldıraraq, eynəyinin üstündən diqqətlə mənə baxıb, bir söz demədi, sonra başını aşağı salıb, hansısa makina yazısını vərəqləməyə başladı, yəni ki, gedə bilərsən.

-------------------

* Məktubdan məlum olur ki, söhbət 1985-ci ildən gedir.

** H.Uellsin romanı.

*** “Üç muşketyor”un qəhrəmanı.

**** Rəhmətə getmiş bu tənqidçinin adını saxlamağı lazım bilmədim.

***** Rəhmətlik Cəlal Məmmədov tənqidçi, tərcüməçi, həm də savadlı bir adam idi. Onun atası Cabbar Məmmədovu (Mirzə Cabbarı) 1930-cu illərin repressiyası məhv etmişdi və Cəlal Məmmədov sistem qarşısında gözükölgəli idi, olsun ki, patoloji bir qorxu daxilən onu sındırmışdı. Yəqin elə buna görə də ürəyində nə düşünürdü, necəydi bilmirəm, ancaq ədəbiyyata münasibəti vulqar sosioloqizmə söykənmişdi.

# 3206 dəfə oxunub

Müəllifin son yazıları

# # #