Kulis.az El Romanın "Qadın şairlər və ya boş çoxluq" adlı yeni yazısını təqdim edir.
Bir şey ya var, ya da yoxdur.
Kişi və qadın şairlər kimi.
Deyirlər, Xarəzmi sıfır rəqəmini şair qadınları sayarkən kəşf edib.
Bu, sözün düzünü zarafatla deməkdir.
İndi də ciddi deyim. Statistika oxumuşam. Qadınların 15 il ərzində işlətdiyi söz sayını kişilər 20 ildə işlədirmiş.
Məsələn, aydın məsələdir ki, şeirin mahiyyəti yığcam şəkildə oxucuya çatdırılmalıdır.
Düz mütənasibdir. Bəlkə, qadınlar çox danışmağa meyilli olduğuna görə şeir yaza bilmirlər?
Bir qadın hansı mövzu haqqında az danışa bilər ki?
Bir də ki, mənim qarşıma şeir oxumağa başlayanda "mən şeir sevmirəm" deyən qadınlar çox çıxıb. Amma belə kişiyə, ümumiyyətlə, rast gəlməmişəm. Ən mənəviyyatsız kişi belə şeir dinləməyi sevir.
Bəlkə, ən yaxşı şeirlər kişilərə yox, məhz qadınlara yazıla bilir?
Lezbiyan şairləri araşdıraraq bu versiyanın da üstündən xətt çəkmişəm.
Kişilər gözləri, qadınlar qulaqları ilə sevir.
Kişi üçün əsas məsələ nə gördüyüdü, qadın üçün nə eşitdiyi.
Gözəl söz eşitməyə meyilli bir varlıq heç vaxt heç nəyi eşitdirə bilməz.
Bir dəfə türk şairi Can Yücəldən soruşurlar ki, niyə qadın şair yoxdur?
Yücəl də cavabında "Mən hardan bilim? Elə bil, biz şeirimizi cinsiyyət orqanımızla yazırıq!", - deyir.
Bu cavab sizə zarafat gəlməsin. Əslində, sualımıza axtardığımız cavaba yeni bir cığır açır.
Deməli, kişilərdə olan və qadınlarda olmayan nəsə var ki, biri yaza bilir, biri yox.
Amma niyə məhz şeiri?
Niyə qadın yazıçı deyəndə bir göz qırpımında 10 nəfəri saya bilirik, amma şair deyəndə, demək olar ki, ağlımıza heç kim gəlmir?
Nədir bunun səbəbi?
Şeir kişilərin ilahi vergisidir?
Yoxsa daha şablon desək, "qadın yazmır, yazdırır"?
"Osmanlıda qadın şairlər" məqaləsi var. Orda yazılıb ki, Osmanlı dövründə qadın şair yox həddində idi. Çünki qadınların öz mətnlərində "həsrət", "eşq", "məhəbbət", "sevgili" sözlərindən istifadə eləməsi belə ayıb sayılırdı.
Yəni, çərçivələr idimi qadın şair yarada bilməyən?
Hətta bütün çərçivələrə meydan oxuyub, qəsdən, sırf bu məsələnin prinsipinə görə istədiyi hər sözü şeirdə işlədən qadın bu halda da özü öz çərçivəsini yaratmış olmurmu?
Axı şeir tam çərçivəsizlikdir. Heç nədən asılı olmamaqdır.
Özündən belə...
"Tarix boyu mətbəxə məhkum olan qadınlardan necə şeir gözləmək olar?".
Bu fikirlə razılaşıram. Cəmi 15 saniyəlik.
Əgər qadın tarix boyu mətbəxə məhkumdursa, bəs niyə dünyanın ən yaxşı aşpazları məhz kişilərdir?
Bunu mən də demirəm, "Tayms" deyir. Məşhur jurnalın tərtib etdiyi "Dünyanın ən yaxşı 10 aşpazı" siyahısında cəmi iki qadın var.
Demək istədiyim odur ki, bütün məsələ istedad məsələsidir.
Çərçivə məsələsinə görədir ki, tək şairin yox, qadın rejissorun da, rəssamın da, bəstəkarın da, eləcə də, digər sənət sahələrində də qadınların sayı kişilərin sayından azdır fikrini səsləndirənlərə demək istəyirəm ki, siz yazının mahiyyətini yanlış anlamayın.
Doğrudur, ola bilər ki, həmin sahələrdə qadınlar kişilərdən daha az olsunlar.
Amma yenə də var. Bir nəfər belə olsa, var. Boş çoxluq deyil.
"Qadın şair" anlayışı isə mövcud deyil. Boş çoxluqdur.
Çünki hər sənətin uğurlu sənətkarı da, uğursuz sənətkarı da ola bilirsə, bunun şairliyə heç bir aidiyyatı yoxdur.
Ya şairsən ya deyilsən.
Necə ki, ya kişisən ya qadın...