Kulis.az Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Xuraman Hümmətovanın “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin nağılında görünməyən məqamlar” sərlövhəli məqaləsini təqdim edir.
XII əsr Azərbaycan ədəbiyyatının ölməz şairi Nizami Gəncəvi (1141-1209) Şərq və Qərb dünyası arasında elə bir körpü yaratmışdır ki, bu körpünün qırılmaz bağları əsrlər böyük zamanın sınaqlarından üzüağ çıxıb. Beş sirli xəzinə qoyub getmiş sənətkar yüzlərlə əsərlərin yaranmasına yol açmış, özündən sonra gələn şairlər üçün həyat məktəbi olmuşdur.
Nizami Gəncəvi filosof şair idi. Onun poeziyasının daxili qatlarında sirli bir aləm yaşayır. Nizami kodlarını açmaq və onları öz semantik məna çalarında tədqiqata cəlb etmək müasir Nizamişünaslığın qarşısında duran ən vacib tələblərdən biridir. Nizami poeziyasında batini biliklər əsərlərinin bəzilərində üst qatda, bəzilərində isə alt qatda özünü təzahür edir. Əgər oxucu “Sirlər xəzinəsi”ndə bu gizliliyi aydın şəkildə görürsə, “Xosrov və Şirin”, “Yeddi gözəl”də bu gizlilik daha dərin qatlarda özünü göstərir. Bu biliklərin daxilinə varmaq, onların gizlin kodlarını açmaq üçün oradakı simvol və rəmzlərin təsəvvüfdəki anlamını müəyyənləşdirmək lazımdır. Z.Quluzadənin yazdığı kimi, bir çox alimlər nəsli sənətkar Nizaminin, tarixçi Nizaminin, filosof Nizaminin, alim Nizaminin, şeyx Nizaminin sirlərini dərk etməyə çalışmış və çalışacaqlar.
Nizami Gəncəvi məsnəvilərində bəzən vəhdəti-vücuddan – varlıq aləminin müxtəlif ünsürlərinin Vahiddə qovuşması sxemindən istifadə edərək dərin mənalı bədii-fəlsəfi simvollar yaratmağa nail olmuşdur. Deməli, şair dünyanın dərkindən tərkinə doğru gedən insanın kamilləşmə sxemini poemalarında cıza bilmiş və onları bu yolla insanlara çatdırmışdır. Bildiyimiz kimi, şairin yaradıcılığından bizə lirik şerlərdən başqa, dünyaya səs salan “Xəmsə”si gəlib çatmışdır. Hər bir məsnəvini bir hökmdara bağışlayan şair, bu ölməz əsərləri ilə həmin hökmdarları da tarixdə yaşatmışdır.
Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan dördüncü poemasının adı fars dilində “Həft peykər”dir. Dilimizə “Yeddi gözəl”, bəzən də “Bəhramnamə” kimi tərcümə olunan bu əsərin adını şair özü “İskəndərnamə”də belə qeyd edir:
Atımı “Həft peykər” üstünə çapdım.
İndi söz mülkündə büsat qururam,
İsgəndər dövründən təbil vururam.
Əsərin mövzusu eramızdan əvvəl V əsrdə yaşamış Sasani hökmdarı Bəhramın həyatından götürülmüşdür. Nizamidən əvvəl bu mövzuya Firdovsinin “Şahnamə”sində rast gəlmişik. Əsərin adı ilə bağlı elm aləmində müxtəlif fikirlərin olması, “peykər” sözünün çoxmənalı simvol funksiyası daşıması ilə bağlıdır. Göründüyü kimi, bir söz varlıq aləminin bütün ünsürlərini birləşdirən vahid simvola çevrilmişdir. Şair əsərdə sözün varlıq aləminin bir və ya bir neçə ünsürünü, yaxud “peykər” sözündə bütün ünsürləri işarələndirməsi birbaşa sufizmlə, onun vəhdəti-vücud ideyası ilə bağlıdır. Yada salaq ki, sufilərin dünyanı təsvir dili bu cür söz-işarələrlə zəngindir.
“Yeddi gözəl” məsnəvisi bildiyimiz kimi, bir-biri ilə bağlı iki süjet xəttindən ibarətdir: birinci hissə əsərin qəhrəmanı Bəhramın həyatını bütövlükdə əhatə edən və poemanın bütün hissələrini bir-biri ilə bağlayan əsas hissə, ikinci isə yeddi ölkənin şahzadə qızlarının Bəhram şaha danışdığı müstəqil nağıl süjeti özündə əks etdirən hissədir.
Əsərin ikinci hissəsi sufizmim məqam və mərhələlərinin təzahür formalarını əks etdirməklə yanaşı, Nizami Bəhram şaha varlıq aləmində özünü dərketmə yollarını göstərir. Şair oxucuya sadəcə nağıl danışmır, şahzadə qızların hər birinin danışdığı bu nağılların təsəvvüfü mahiyyət və anlamı əsər boyunca kamilliyə doğru gedən Bəhram şahın inkişaf dinamikasını əks etdirir. Şair Bəhramın simasında sufilərin Şəriət-Təriqət-Mərifət-Həqiqət modelindən istifadə edərək tamamilə yeni tipli qəhrəman yaratmağa nail olub.
Əsər boyunca bütün nağıllar Şidənin Bəhram şah üçün tikdiyi yeddi günbəzli sarayda danışılır, bu dünyanın modelinin saray obrazında əksidir. Göründüyü kimi, Yeddi peykər sarayı varlıq aləmini birləşdirən, qovuşduran simvol-işarədir. Sufizmdə rəmzi sözlər vəhdəti-vücudla bağlı olub, vəhdət içində olan aləmin ayrı-ayrı ünsürlərini təcəssüm etdirir.
Əsərdə yeddi iqlim şahzadə qızlarının danışdığı nağılların bəzisi qeyri-real, fantastik mahiyyət daşıyır. Bu nağıllar şairin iç dünyasına səyahəti, insanın daxilində ikili hissin bir-biri ilə mübarizəsi fonunda təqdim edilir. Şair insanda olan ilahi ruhun bir hökmdar kimi onun daxili dünyasında şahlıq etməsi, onunla əks, düşmən mövqeyində olan nəfslə aralarında gedən mübarizəni yaşantılarını bizə nəql edir.
“Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin danışdığı birinci nağıl qarageyimlilər şəhərində cərəyan edir. Nəyə görə Nizami “Yeddi gözəl” poemasını hind şahzadəsinin nağılı ilə, yəni qarageyimlilər şəhərində baş verən əhvalatla başlayır? Əvvəlcədən qeyd etdiyimiz kimi Nizami filosof bir şair idi, onun heç bir şeirində və məsnəvisində təsadüfi söz və ifadə yoxdur. O, bir mütəfəkkir filosof kimi öz dövrünün ədəbi fəlsəfi cərəyanlarının fövqündə durur, dövrünün bütün elmlərinə dərindən bələd olduğu əsərlərində açıq–aydın görünür. Odur ki, Nizami oxucuya sadəcə yeddi şahzadə qızın timsalında hər bir oxucunun üst qatda gördüyü nağılı danışmır. Onların danışdığı nağıllar Nizaminin insan xislətində hökm sürən ikili hissin mübarizəsinin nağılıdır.
Burada qarageyimlilər şəhərinə yollanan qəhrəmanın öz iç dünyasına səyahəti, onun daxilində iki hissin mübarizəsi gedir. Orada bütün əhvalatlar insan daxilində hökmranlıq edən ruh ilə nəfs arasında baş verən mübarizədir. Nəfsin insanın başına gətirdiyi bəlalar əsər boyunca şahzadə qızların nağıllarında öz əksini tapır. Qəlb şəhərinin padşahı olan ruh xeyirxah əməllərin funksiyasının daşıyıcısı və qoruyucusudur. Onun qarageyimlilər şəhərində baş verən əhvalatı bilməsi, səbir və təmkinlə o əhvalatları dinləməsi, əsər boyunca insanın səbir və dözümünü bir daha artırır.
Hind şahzadəsinin Bəhrama nəql etdiyi birinci nağıl qarageyimlilər şəhərində baş verir. Bu şəhər qəlb şəhəridir. Türktaz şah oraya gedir. Bura pərilər diyaradır. Şah bu diyarda pərilərin başçısı Türknaza–nəfsə aşiq olur. Lakin nəfs bu hökmdarı sınaqlara çəkir və sonda yoldan çıxarmağı bacarır.
Nizami nağılla göstərmək istəyir ki, insan xoşbəxtliyə qovuşmaq üçün öz nəfsinə qalib gəlməli, şəhvət, ehtiras, həvəs kimi şər qüvvələri (nəfsi əmmarəni) boğmalıdır.
Şair qarageyimlilər şəhərində baş verən əhvalatı təsəvvüfün dördpilləli modelinə görə ona hər şey qaranlıqdır, çünki bu qəhrəman şəriət – təriqət –mərifət-həqiqət qanunlarından xəbərsiz olduğu üçün qaranlıqlar içindədir. Qaranlıqlar diyarında qəhrəmana heç nə aydın deyil, o, haradan gəlib, haraya getdiyini bilmir, çünki təsəvvüf modelinə görə qəhrəmanın gözündə hər şey qaranlıqlar içindədir. Bu qaranlıqlar içində çaşbaş qalan qəhrəman yollar arayır. Birinci yola “qarageyimlilər” şəhərində qədəm qoyur.
Məsnəvinin filoloji tərcüməsindən oxuyuruq “dedim ey ağa, bu qulluq nədir? Yanıma bişmiş gəl, bu xamlıq nədir? - deyən şair təsəvvüf elmində “bişmək” irşada girməklə bağlıdır, “xamlıq” isə bu elmdən xəbərsizlik mahiyyəti kəsb edir. Bişmək, yanmaq irfani anlam kəsb edən ideyaya Mövlana, Yunus Əmrə, sonra isə Hacı Bayram Vəli yaradıcılığında rast gəlirik. Yəsəvinin “ateşe düş-meden bişdim ben” kəlamı Mövlanənin “Xam idim, yandım, bişdim” kimi məşhur deyimi, Yunusun “çiy idim, bişdim əlhəmdülillah” deyimini yadımıza salır. Yunusla bir dönəmdə yaşayıb-yaradan Hacı Bayram Vəli də sələfləri kimi “Yandı bu könlüm, yandı bu könlüm, Yanmada dərman buldu bu könlüm” deyərək, təsəvvüfdə artıq irşada girməsini dilə gətirir.
Həyat həqiqətləri qəhrəmanın gözündə qaranlıqlar dumanına bürünüb. Təsəvvüf modelinin birinci pilləsini adlayan qəhrəmanın gözündə aləm dəyişir. Şəriət sirlərinə vaqif olandan sora o, özünün bütün əməllərinə, hərəkətlərinə sərhəd qoyur və şəriət qaydalarına əməl edir. Bu əməletmə onun daxilində özünənəzarət postu yaradır.
Bundan sonra təsəvvüf əhli təriqət yoluna qədəm qoyur. Caminin yanaşması ilə desək, “Bu məsnəvilər mərifətlərin bəyanına vəsilədir” tezisi “Xəmsə”nin ideya-məzmun baxımından irfani-təsəvvüfi həqiqətlərin ifadəsi olduğuna işarədir. “Mərifət” sözü “irfan” və “arif” sözü ilə eyniköklü olub, onlarla təkcə dil xətti boyunca birləşmir. “Mərifət-irfan-arif” təsəvvüfdə insanın “şəriət-təriqət-mərifət-həqiqət” sxemi üzrə cismani-mənəvi cəhətdən kamilləşməsinin konseptual anlayışlarını əks etdirir. “Mərifət” həm də elm, bilik, oxumaq anlayışları ilə bağlıdır. Sufi mərifət pilləsində “maariflənmə”, yəni elm, bilik kəsb etmək yolu ilə “irfan”a çatıb, “arif” məqamına qalxır. Bu üzdən Caminin söylədiyi kimi, Nizami məsnəviləri mərifətlərin bəyanına vasitə olması son dərəcə böyük bir fikir olub, “Xəmsə”nin birbaşa insanın mənəvi-əxlaqi təkamülünün, idraki-irfani kamilləşməsinin qaynağı olduğuna işarədir.
Sufizm özünün mütərəqqi ideya və motivləri ilə Nizami üçün cəlbedici fikir qaynağı idi. Şair bu qaynağa biganə qalmamış, məsnəvilərində sufi ideya və motivlərindən istifadə etmişdir. Lakin müşahidələr göstərir ki, Nizami sufizmdən kor-koranə deyil, yaradıcı şəkildə istifadə etmişdir. Yəni sufi görüşləri ona öz ideyalarını ifadə etmək üçün bir vasitə rolunu oynamış, lakin şair heç vaxt sufi ideyaların tam təsiri altına qalmamışdır.
“Xəmsə”də təsəvvüfdən istifadənin əsərdən-əsərə fərqli şəkildə təqdim olunması, sonuncu poemada “İskəndərnamə”də Nizaminin artıq sufizmdən, demək olar ki, səthi şəkildə istifadə etməsi sənətkarın sufizmə yaradıcı yanaşdığını göstərir. Bu, eyni zamanda onu da təsdiq edir ki, sufi görüşləri XII əsrə qədərki Azərbaycan ədəbiyyatı üçün aktual olmuş, sənətkarlar bu möhtəşəm ideya qaynağından müxtəlif şəkillərdə bəhrələnmişlər.