Ədəbiyyat üzrə Nobel mükafatçısı Kazuo İşiquronun qızı Naomi İşiquro ədəbiyyat dünyasına “Qaçış Marşrutları” hekayələr toplusu ilə daxil olub. Yazıçının debüt romanı isə “Ümumi Zəmin” adlanır.
Kulis.az Naomi İşiquronun "Ayı" hekayəsini təqdim edir.
Fikir verdim ki, söhbəti hərləyib-fırlayıb mebel məsələsinə gətirirəm. Evimizin mebellərini müzakirə etmək hər ikimizə də daha asan gəlirdi və artıq birlikdə daha çox vaxt keçirdiyimiz üçün söhbəti davam etdirən ortaq maraqların inkişafı vacib idi. Yəqin, məhz gələcək mebellərimizlə bağlı bu uzun müzakirələrin nəticəsi kimi, bir may səhəri, ikinci əl ev əşyalarının auksionunda iştirak etmək üçün yolumuz kiçik sahil şəhərciyinə düşdü.
Mənə elə gəlirdi ki, yeni evlilər kimi xeyli belə auksionda iştirak edəcəyik və bunun çoxsaylı auksionların ilki olmasından başqa heç bir diqqətəlayiq xüsusiyyəti yox idi. Bəlkə də evə yeni bir divanla qayıdardıq, beləcə, qonaq otağında keçirdiyimiz axşamlarda yatağa gedənədək masa arxasında üzbəüz oturmaq əvəzinə, rahatca yanyana otura bilərdik. Lakin divanı bu auksionda tapmasaq da, problem deyildi. Axı istədiyimiz divanı tapmaq üçün çoxlu vaxtımız vardı.
Əvvəlcə bir neçə adi bəzək əşyası və çərçivə nümayiş edildi, nə mən, nə də həyat yoldaşım bunlar üçün təklif verməyə ürək etdik. Daha sonra auksionerin köməkçisi üzərində bir ayının tarazlıqda dayandığı gümüşü araba gətirdi. Ayı deyirəm – amma təbii ki, bu, kiçik ingilis şəhərciyinin azsaylı əhalisinə dəhşət dolu anlar yaşatmaq üçün gələn həqiqi ayı deyildi. Bu, heç müqəvva da deyildi. “Teddi” sözünü işlətməkdə də tərəddüd edirəm, hərçənd, düymə gözlər, xəz örtük və çox kiçik tikilmiş ağız bu təsvirə tam uyğun gəlsə də, ayının nəzərəçarpan ölçüsünü ifadə yox, təhrif edirdi. O, nə az, nə çox, düz mənim boydaydı. Ən azından hündürlük çatışmazlığını həcmi ilə ört-basdır edirdi. Məsələn, kiminsə məni yarıya bölüb parçalarımı yan-yana qoyduğunu təsəvvür etsəniz, ayının ümumi kütləsi və miqyası barədə müəyyən fikir sahibi olarsınız.
Bu gülməli varlıq auditoriya qarşısında nümayiş ediləndə az qalmışdım gülüşümlə auksionun səssizliyini pozum. Bu, absurd görünürdü – yəni bu ayının belə bir kontekstdə görünməsi – hətta dedim, görəsən auksioner bunu zarafat üçün etməyib? Amma zaldakı heç kim mənim hisslərimi bölüşmürdü. Arvadım belə… Halbuki həmin ana qədər yumor hissimizin eyni olduğunu düşünürdüm. Toyumuzdan öncəki təlaşlı, qaçaqaçlı günlərdə birlikdə o qədər gülmüşdük ki.
Ona görə də bu nəhəng varlığın görünməsi ilə dodaqlarımda oynaşdığını hiss etdiyim gülüşü boğmağa məcbur oldum. Ətrafımdakı hər kəs – auksioner də, arvadım da – səbirsizlikdən bezginliyədək müxtəlif ifadələrlə sükut içində ona baxırdı.
“Bir ayı”, dedi auksioner. “İçi doldurulmuş, yumşaq, orta yaxşı vəziyyətdə. Sağ çiynində yüngülvari aşınma var, sağ dizində tikişi bir balaca köhnəlib. On beş funtdan başlayırıq”.
Yerimdə çevrilib arxaya baxdım, zala göz gəzdirdim. Görək bu şəhərcik sakinlərindən hansı belə qorxunc şeyə təklif verməyə cəsarət edəcək. Lakin sifətlərində həmişəki laqeyd ifadə vardı.
“Heç kim? Heç kim istəmir? Aranızdan heç kim bu cür möhtəşəm ayı üçün on beş funt təklif etməyəcək?” Auksionerin səsi zalda əks-səda verdi. “Onda on iki funt. On iki funta. Nəhəng ayı cəmi on iki funta”.
Zalı izləmək üçün yenidən yerimdə qurdalanıram, əminəm ki, hansısa zavallı bu yeni başlanğıc qiymətinə reaksiya verəcək. Bu məxluqun qarşımıza gətirildiyi arabada çökməyini, yana əyilmiş başını, geniş açılmış əl-qolunu izləmək çox qəribəydi. Təbii ki, kimsə dözməyəcəkdi.
Sonra yanımdakı stulda hərəkətlənmə hiss etdim, arvadım əlini qaldırdı.
“On iki funt, bəli, mavi geyimli xanımdan gəldi”.
Arvadıma çevrildim ki, üzündə onun da bu ayının qrotesk gülünclüyünü gördüyünü bildirən bir işarə, bir təbəssüm tapım, təklifinin sadəcə zarafat olduğunu hiss edim. Amma o indiyədək görmədiyim qədər ciddi baxırdı, boz gözləri gah auksionerə, gah ayıya baxırdı, əli hələ də havadaydı.
“On iki funta mavi geyimli xanıma gedir”.
Nə baş verdiyini anlamadım. Bura mebel, yəni evimiz üçün lazımlı bir şey almaq üçün gəlmişdik. Bu ayı isə böyük, yararsız və gülünc idi. Belə bir şeyə ehtiyacımız yox idi.
Amma sonra şükür ki, gözlənilməz bir şey baş verdi. Başqa bir qadın – mənim arvadım yox – əslində iki qadın (biri zalın arxa tərəflərində, biri də öndə) əllərini qaldırıb bu ayını evə aparmaq üçün pul ödəmək istədiklərini bildirdi. Hər iki qadın mənim arvadım kimi otuz yaşını keçmişdi, amma əlli də olmazdılar. Heç birində xüsusi qlamurluq gözə dəymirdi. Onlardan biri papaq taxmışdı. Arvadım bu an mənə döndü, gözləri parıldayırdı.
“Bunu eləyim?” dedi. “Eləyəcəm. Görərsən onu udacam”.
Cavab vermədim. Lap karıxmışdım. Auksioner iyirmi funt dedi və arvadım əlini qaldırdı. İyirmi beşdə də qaldırdı, otuzda da, otuz beşdə də. O biri qadınların da təslim olmaq fikri yox idi. Arvadıma baxdım ki, göz-gözə gəlsək, baxışlarımla narahat olduğumu bildirim, amma onun gözləri önə, auksionerə zillənmişdi. Qırx. Qırx beş. Nisbətən gənc və yeni evli olduğumuz üçün artıq pulumuz yox idi, amma arvadım israrla əlini qaldırırdı – mətin, etibarlı, boz gözləri aydın idi və sakit qətiyyətlə auksioneri izləyirdi. Əlli beş. Altmış. Altmış beş. Nəhayət o biri qadınlar ayı ilə arvadım arasındakı güclü hissdən və onun auksionerin hər səsləndirdiyi rəqəmlə daha çox güclənməsindən qorxdular. Mən bu nəhəng altmış beş funtluq ayını özümüzlə birlikdə evə aparmalı olduğumuzu bilsəm də, sanki bir anlıq onunla qürur da duydum.
Kazuo İşiquro və qızı Naomi İşiquro
Ayıya həyatımızda yer açmaq üçün əlimdən gələni etdim, bir müddət elə də çətinlik çəkmədim. Onu ikinci yataq otağına qoymuşduq və ora demək olar ki, girmədiyim üçün nadir hallarda görürdüm. Lakin fikir vermişdim ki, arvadım bəzən ona baş çəkir, səhər yeməyindən sonra otağın qapısından boylanır, yaxud şam yeməyindən sonrakı saatlarda masadan qalxırdı (biz hələ də divan tapmamışdıq; auksion həvəsimiz bir göz qırpımında yoxa çıxmışdı). O, otağa keçib sallaq gövdəsi ilə kiçik döşəyi tam tutan ayının yanında əyləşirdi. Gecələr onun üstünə yorğan sərdiyindən şübhələnməyə başlamışdım.
İyul ayında bir şənbə səhəri stullarımızda əyləşmişdik, önümüzdə qəzetlər vardı, qəhvəmiz dəmlənirdi, yayın boğanağından bütün pəncərələri açmışdıq. Qəfil arvadım dedi: “Əzizim, mən bir şey düşünmüşəm. Əgər sənin üçün də bir problem yoxdursa, ayıya başqa bir yer tapmaq istəyirəm. Sanki onu sənin heç vaxt görmədiyin balaca otaqda qapalı saxlamaq düzgün deyil – sən də elə düşünmürsən?”
Bu fikir hələ ki, elə də qorxulu səslənmirdi. Axı evimizdə yer çox idi. Razılaşdım, həmin gün ayı evin digər hissələrini də bizimlə paylaşmağa başladı.
Əvvəlcə onu qonaq otağına qoydu, ayı bir küncdə soğangülülərlə dolu güldana söykənib masa arxasındakı axşam söhbətlərimizi izlədi. Əvvəlcə bunu mükəmməl həll üsulu hesab etmişdim – bəlkə qonağımız gəlsə, bir qədər ekssentrik görünə bilərdi. Uzun yay günləri boyu ayı öz küncündə oturmağa davam edirdi – arvadım arabir onun yanındakı gülləri dəyişdirir, günaşırı onun əl-qolunu düzəldirdi. Sonra fikir verdim ki, hər şeyə və hər kəsə qarşı izaholunmaz dərəcədə səbirsiz olmağa başlamışam, xüsusilə də evdə olanda. Bir dəfə masanın üstünə sous tökdüyü üçün arvadıma qışqırdım, bir dəfə də ayaqbağım qırılanda elə yüksək səslə söydüm ki, az qala pəncərə şüşələri cingildədi.
Əvvəlcə bunun yay havasına görə olduğunu düşündüm, bəlkə də otları samana çevirən yorucu yağışsız günlər, gecələri otaqda vızıldayan ağcaqanadlar məni bezdirmişdi. Lakin bir səhər qəzetimi oxuyarkən çevrilib ayının yumru, şüşə kimi parlaq gözlərində baxanda – onun gülən sifəti yana əyilib bizə baxırdı – şübhələnməyə başladım ki, bu yeni hisslərimin hava ilə heç bir əlaqəsi yoxdur.
Həmin günün axşamı arvadım işdən evə qayıdanda döşəmədə (hələ də xalçamız yox idi) düz ayının qarşısında əyləşib onu diqqətlə nəzərdən keçirdiyimi gördü. Sadəcə məni niyə belə narahat etdiyini anlamağa, onun artıqlığı ilə bağlı fərziyyə formalaşdırmağa çalışırdım, anlaya bilmirdim ki, bunun kimi bir varlıq ümumiyyətlə hər hansı bir kontekstdə kiminsə tərəfindən necə arzulana və ya sevilə bilər.
Onun miqyasından anlaşılırdı ki, mümkün gələcəkdə yalnız uşaq otağının bir küncündə duran faydasız, şirin heyvancığaz ola bilər. Valideynlər uşağa onun evə necə gəlməsindən, ananın qətiyyətindən və auksion zalındakı gərginlikdən danışarkən qucaqlanmaqdan, sığallanmaqdan başqa bir işə yaramayacaq.
Həm də ayının “ayılığı” – yəni böyük, muncuq gözləri, sıx tikilmiş ağzı – yumşaq oturacaq, yer döşəyi və ya üzərində təsadüfən yuxuya gedə biləcəyimiz iri yastıq kimi rahat istifadəsinə də mane olurdu. Axı kim belə bir şeyin üstündə yatıb qalar? Uzanıb yuxulayarkən gözlərini daim üzərinizdə hiss edəcəyiniz əşya. Bilmirəm, arvadım bununla bağlı nə hiss edər, amma mən özümü heç rahat hiss etməzdim.
Arvadım ayı ilə oturduğumu görüb başımdan öpmək üçün əyildi. Bir anlıq düşündüm ki, bəlkə bu ayının məni niyə narahat etdiyini tapsam, hər şey əvvəlki kimi yüngülləşər. Bəlkə onda tanışlığımızdan sonrakı ilk həftələrdəki kimi, nahara, bəzən də rəqs etməyə getdiyimiz günlərdəki kimi birlikdə gülə bilərik.
“Əzizim”, dedi, “İkiniz birlikdə necə gülməli görünürsünüz. Əslində elə düşünürdüm ki, bəlkə yüngülvari mənzərə dəyişikliyi onun da xoşuna gələ bilər. Yəqin hər gün, hər gün eyni şeyləri görməkdən bezib”.
Beləcə, ayını yataq otağımıza apardı, özü də gedə-gedə onunla danışırdı. “Hə, əzizim, özün bilirsən ki, dəyişiklik yaxşı şeydir”. Nazik qollarını onun belinə dolayıb yuxarı qaldırırdı.
Ayı orada qaldı, bürkülü yay gecələrində yana əyilmiş başını, sallaq əl-ayağını yataq otağımızın divarına söykədi. Vaxt keçdikdə gördüm ki, özümdən asılı olmadan onun varlığı arvadımla normal seksual münasibət qurmağıma mane olur. Arvadım heç vaxt hədsiz nümayişkar qadın olmayıb. İnləmə, qışqırıq, saç dartma kimi kobud erotik fantaziyalar onluq deyildi. Ayı gələnədək, o, adətən yataqda sakitcə uzanıb kiçik, boz gözləri ilə mənim onu ehtiraslandırmaq üçün sınadığım müxtəlif üsulları izləyirdi. Əmin idim ki, bu cür münasibətlərdən zövq alır, çünki daha sonra həmişə məni qucaqlayıb başımı sinəsinə sıxır və saçımı sığallayırdı. Sanki “Afərin, yazıq, dəli oğlan, afərin” deyirdi. Belə anlarda özümü müdafiə altında hiss edirdim. Sanki sığınacaqdaydım. Sanki dünyada heç nə mənə zərər vura bilməzdi. Otaqda ayı olanda isə lazımi qədər ehtiraslana və bunu qoruyub saxlaya bilmirdim. Bilirəm, bəlkə də otaqda cansız varlığın olmasından utanmağım, sadəcə nə mənə, nə də ona aid olmayan üçüncü bir sifətin mövcudluğuna görə arvadıma layiq olduğu həzzi verə bilməməyim kişiyə yaraşan hərəkət deyildi.
İstənilən halda arvadım davranışımda fərqlilik hiss etməyə başlamışdı. O, ümumiyyətlə nisbətən sakit adam ola bilərdi, amma anlayırdım ki, bu, onun heç nəyi müşahidə etmədiyi mənasına gəlmirdi. Mənim narahatlığımı hiss etmişdi, ya da ənazından onda xoş təəssüratlar oyatmaq cəhdlərimin keyfiyyətində azalma olduğunun fərqinə varmışdı. Daha sevişəndən sonra məni qucaqlamırdı; daha mən də həmin dincliyi duymaq üçün, sevilən insan olduğumu hiss etdiyim arxayın anlar üçün səy göstərmirdim. Əksinə, bir az əziyyət çəkib tərləyəndən və heç nə əldə etməyəndən sonra onun yanında uzanırdım – ikimiz domino daşları kimi yan-yana yatıb qalırdıq – və ayıya baxırdım.
Axı niyə onun varlığı mənə belə böyük çətinlik yaradırdı? Bəlkə də sadəcə onun fundamental faydasızlığını sevmirdim. Hətta çox isti yay gecələrindən birində sakitcə arvadımın yanında uzanarkən ayını qısqandığımı belə düşündüm. Yenə də onun gülümsəyən sifətinə, çiynindəki köhnə tikiş yerinə baxanda anlaya bilmirdim ki, bu mənasız varlıq necə belə güclü emosiyalara səbəb ola bilər?
Ancaq səhəri gün – arvadım bir yandan qəhvə töküb, bir yandan da gözlərində daha çox narahatlığa bənzəyən ifadə ilə saçlarımı arxaya sığallayarkən – ayının məni niyə narahat etdiyini anladım. Bunu anlayanda, az qala, stulumu masadan geri çəkəcəkdim, az qala, heç bir izahat vermədən mətbəxdən çıxıb gedəcək, arvadımı səhər süfrəsində tək qoyacaqdm. Həyəcanımı ört-basdır etmək üçün cəld qəhvədən bir qurtum aldım. Həmin səhər qarşı-qarşıya əyləşib çörəyə yağ çəkərkən, bir-birimizə süd və qəzet səhifələri ötürərkən düşündüm ki, bəlkə də arvadım bu ayının yöndəmsizliyini çox da yaxşı görürdü? Bəlkə də o ayının daxili uyğunsuzluqlarını, heç vaxt gerçək dəyərə malik bir varlıq olmayacağını dərindən dərk edirdi və məhz buna görə ayı onu belə cəlb etmişdi, buna görə ayı üçün təklif vermişdi? Bəlkə arvadım boş və mənasız şeylərə maraq göstərən qadınlardan idi: yəni öz-özünə korlanmamış, lakin dizaynında və ya istehsalında qüsurlar olan, beləliklə, bu dünyaya heç bir məqsədə xidmət etməmək üçün gələn, taleyinə tamamilə dəyərsiz olmaq yazılan şeylərə. Bəlkə o belə boş şeylərə yazığı gələn insanlardan idi? Bəlkə onları məhz mənasızlığına görə sevirdi? O sevməsə bu dünyada başqa heç kimin sevməyəcəyini bildiyi üçün sevirdi. Əvvəllər arvadımın xasiyyətində belə meyillərin fərqinə varmamışdım, ayıdan əvvəl arvadımın sevdiyi yeganə şeyin mən olduğunu (təbii ki, onu dünyaya gətirən, sevib-sevməmək kimi bir seçimi olmadığı ailəsindən başqa) bilə-bilə bunu niyə etməliydim ki?
Səhər yeməyindəki aydınlanmadan sonrakı günlərdə bu fikir beynimdən çıxmaq bilmirdi, xüsusilə də arvadımla yan-yana uzandığımız, ayının isə katolik kilsələrindəki çarmıxa çəkilmə səhnəsi kimi başımızın üstünü kəsdirdiyi axşamlarda. Buna görə elə narahat olurdum ki, gecələ yata bilmirdim. Arvadımın sevgisinin əsl təbiətindən, ayıdan əvvəlki günlərdə onun qollarında hiss etdiyim zərif duyğuların gerçək mənbəyindən qorxurdum. Arvadım yatarkən mən ayını izləyir, saatlar keçdikcə daha yorğun, daha şübhəli və daha əsəbi olurdum, özümü sevməyə bir səbəb tapa bilmirdim.
Nəhayət dözməyib arvadımın özündən soruşdum: “Niyə bu ayını bu qədər çox sevirsən?”
“Ah”, gözləri yaz günlərindəki kimi işardı, “Əslində bu çox axmaq bir şeydir. Amma mənə gülmə, əzizim, xahiş edirəm. Söz ver, gülməyəcəksən, ya da dəli olduğumu düşünməyəcəksən. Amma deyəsən bu ayı ilə aramda doğmalıq hiss edirəm. Müəyyən simpatiya. Bəzən özümü bu ayı kimi hiss edirəm. Gülməli səslənir? Deyəsən, doğrudan da belədir”.
O, gülürdü, amma birlikdə olduğumuz günlərin hər hansı birində ona özünü belə hiss etdirməyim – yəni ayı kimi – qeyri-ixtiyari bunun baş verməsinə izn verməyim, onun vəziyyətindən bir an belə şübhə etməməyim… məni sarsıtdı. Onun düşüncələrini, hisslərini anladığımı düşünürdüm, birgə həyatımızın mükəmməl olmasa da, ortaq, qüsursuz və möcüzəvi bir şeyə çevrilmək yolunda olduğuna ümid edirdim.
Bu an arvadım əlimdən tutdu. Aylardan bəri ilk dəfəydi ki, gözləri gülürdü, sanki nəhayət ayı barədə düşüncələrini dilə gətirdiyi üçün rahatlamışdı. Yəqin ki, ondan üzr istəməliydim, ya da ən azından aramızda yaranmış məsafə ilə bağlı narahatlığımı ifadə etməyə çalışmalıydım. Amma yenə bacarmadığımı anladım. Danışmağı belə bacarmırdım. Ona görə sadəcə əlini tutdum və bir müddət buraxmadım.
İngiliscədən tərcümə edən: İlahə Əkbər