Kulis.az Məti Osmanoğlunun Allahverdi Təkləlinin yaradıcılığı haqqında yazdığı "Qırat, Dürat və loş at" yazısını təqdim edir..
Allahverdi Təkləli ilə üzbəsurət nə vaxt tanış olduğum yadıma gəlmir, ancaq şair kimi ilk tanışlığımın 1988-ci ildə "Gənclik" jurnalında olduğu heç yadımdan çıxmaz. "Gənclik"in böyük diqqətlə seçdiyi "xoruz səsi eşitməmiş" imzaların içində Allahverdinin səsi elə eşidildi ki, bu gün də onun adı gələndə, özündən əvvəl həmin yazılar, xüsusən də, "Qoşqu atları" xatırlanmaqdadır:
Tapının Qırata, qoşqu atları,
Tapının Dürata, qoşqu atları,
Tapının Bozata, Alapaçaya...
Bəlkə başınıza vura sizin də
Adını çəkdiyim eşqi, atların.
Sonradan öyrəndim ki, Allahverdinin bu şeiri xeyli əvvəl - 1983-cü ildə yazılıb. Şeirlə geniş oxucu auditoriyasının yazılandan beş il sonra tanış olması isə, heç şübhəsiz ki, orada ifadə olunan sətiraltı siyasi eyhamlarla bağlı idi. O vaxt siyasətin, ideologiyanın, mədəniyyətin yükünü çiyinlərində (yedəyində də deyə bilərik) daşımaq məcburiyyətində olan bədii ədəbiyyatın ən yaralı və təhlükəli mövzularından biri milli azadlıq idi. Bu mövzuda yalnız rəmzlərlə, him-cimlə, eyhamlarla danışmaq mümkün idi.
1988-ci ildə dünya artıq xeyli dəyişmişdi, ideologiyanın mətbuatın qollarına vurduğu buxov boşaldılmışdı. Həmin il nəşrə başlayan "Gənclik" jurnalı Azərbaycan gəncliyinin vicdan səsinin tribunası olmaq missiyasını öz üzərinə götürmüşdü və həmin tribunadan Allahverdinin səsinin gəlməsi təsadüf deyildi.
Biz o vaxt Allahverdinin şeirindəki sətirlərin altında Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə, yad kölgədən çıxıb başımız üzərində öz bayrağımızı dalğalandırmağa çağırış görürdük və şeiri də həmin çağırışa görə qiymətləndirirdik. Şairin qoşqu atlarına verdiyi
Başınız üstündə qamçı yerində
Haçan toppuz oynar, bayraq yellənər?!
- sualı zamanın ritminə ayaq uydurmağa gecikmək təhlükəsi olan milli düşüncəyə yönəldilmişdi və bu sualın altında ağır ittiham da var idi. Şeirdən çıxan daha bir sərt sətiraltı məna şairin millətin qoşqu atına çevrilməsinə, bu tale ilə barışmasına etirazı idi. Əslində dünyanın bütün xalqlarının mifologiyasında və folklorunda ayrıca yeri olan at obrazı Azərbaycan oxucusu üçün həssas mətləblərin daşıyıcısı kimi yazılı ədəbiyyatın gündəliyinə Allahverdidən əvvəl gətirilmişdi. Keçən əsrin əvvəllərində Əbdürrəhim bəy Haqverdiyev nadanlığın və ətalətin yabılaşdırdığı, yabı yerinə qoyulan millətə müraciətlə "yabı olmaq insan sifəti deyil" xəbərdarlığını eləmişdi. Əsrin ortasında İsmayıl Şıxlının "Dəli Kür" romanında Cahandar ağanın yalı-quyruğu qırxılmış Qəmər atı öz əli ilə qətl etməsi atı bədii düşüncəyə və oradan da oxucu düşüncəsinə şərəf rəmzi kimi qəbul etdirmişdi. Çingiz Aytmatovun "Əlvida, Gülsarı!" povestində Gülsarı atın axtalanaraq "kolxoz atı"na çevrilməsi ictimai psixologiyada sarsıntılı rezonans oyatmışdı. Allahverdinin şeirində isə ölçü biz az da dərinə endirilmişdi: şairin etirazı millətin mənəvi cəhətdən axtalanaraq qoşqu atına çevrilməsinə qarşı idi. Şeirdə buna eyham vurulurdu ki, qoşqu atına çevrilmək millətin genetikasını zədələyir, təbiətini qısırlaşdırır, gələcəyini təhlükə altında qoyur:
Sizin dırnağınız dəyən yerlərdə
Bilmirəm, nə sirdir, qısırdı torpaq,
Nə çiçək bitirməz, nə ot, nə yonca...
O vaxt bu şeirin sətirlərinin arasında və altında aydın görüb qiymətləndirə bilmədiyimiz başqa bir keyfiyyət də var. İndi, XXI əsrin üçüncü onilliyinin ortasında mənə elə gəlir ki, "Qoşqu atları"nı bir epoxadan başqa epoxaya yedəkləyib gətirən, zamanın yaddaşına yazan da elə həmin keyfiyyətdir. Dədə Qorqud öz elinə, ulusuna qeybdən xəbər gətirdiyi kimi, hələ qələmi yenicə day durmağa başlayan gənc şair də şeirdə oxucu ilə ünsiyyət qurmaq üçün tərəkəmə yaddaşının, öz ifadəsi ilə desək, anrı üzündən xəbər gətirmişdi. Bu mənada, professor Rüstəm Kamalın Allahverdi Təkləlinin keçən il Tiflisdə nəşr olunmuş "Buludun üstüylə qaçan uşaq" kitabındakı şeirlərini "Etnik yaddaşımızın və sözümüzün sehri" kimi oxuması şairin yaradıcılığına yeni zəmanənin və filologiya elminin yeni səviyyəsinin yanaşması kimi qəbul edilə bilər.
Allahverdi Təkləlinin şeirlərinin əksəriyyətində yaddaşın görünən üzü görünməyən üzünü, kölgədə qalan tərəfini açmağa vasitə və kömək olur. Yaddaşın bu üzündə "imrənə-imrənə daşı fırlanan", iki daşın arasında ömrümüzü üyüdən dəyirmanın gözündən keçəl həmzələr diri çıxır. Hərənin közü öz qabağına çəkdiyi yaddaşın bu üzündə hər kəs öz hayındadır. Yaddaşın görünməyən üzündə, zamanın üstünü kölgə ilə örtdüyü tərəfində isə saz Haqla insan arasında araçılıq eləyir, dağlar Ağatlı oğlan misalındadır, buludların arasından Qıratın, Düratın kişnərtisi göyə dirək olur.
Baxdım, qarşı yatan dağlara baxdım...
Dumanda Ağatlı oğlandı, sanki.
Buludu çeçədi, oxrandı, sanki
Çənlibel Qıratın kişnərtisiynən,
Düratın nalıynan oxlandı, sanki...
Allahverdi Təkləlinin yaradıcılığında bir-biri ilə kəsişməyən, iki paralel zaman görmək mümkündür: bir - yaddaşın o üzündəki ölçüsüz, əvvələ və sona sığmayan zaman, bir də, yaddaşın bu üzündə bizi dəyirmanın boğazına salıb saat-saat, gün-gün, ay-ay üyüdən zaman. Yaddaşın o üzündəki zaman Tanrının ixtiyarındadır, insan orada sonsuz azadlığın içindədir, yaddaşın bu üzündəki zaman isə insanı sıxıb əsarətdə saxlayır. Yaddaşın o üzündəki at yəhərsiz, yüyənsiz baş alıb çapan, cilova gəlməyən bir kürən ürgədir:
O gecə başqaydı, yadındadımı?
Yəhərsiz, yüyənsiz çapdığımız at.
Bir kürən qaşqaydı, yadındadımı?
Adı da Qaşqaydı, yadındadımı?
Yaddaşın bu üzündəki at isə qısır qoşqu atıdır. Maraqlıdır ki, "Qoşqu atları"ndan təxminən qırx il sonra Allahverdi Təkləli eyni mövzuda başqa bir şeir yazıb (mötərizə arasında onu da qeyd edim ki, mifoloji təfəkkürümüzdə qaranlıq dünyadan işıqlı dünyaya çıxan yola bələdçilik eləyən, insanı muradına yetirən at Allahverdi Təkləlinin yaradıcılığı boyunca səyahətdədir, leytmotiv təşkil edir). Qırx ildən sonra yazılan şeir "Qoşqu atları"nı tamamlayır, qırx ildə qoşqu atının başından gəlib-keçənlərə işıq salır. Aradan keçən qırx ildə dünya dəyişib, qoşqu atı isə daha yaman günə qalıb:
Ta eldə adına "loş at" deyirlər,
Ta eldə adına "leş at" deyirlər.
Kor yabı yamçısı sanırlar səni,
Hərdən də "quşqunu boş at" deyirlər...
Allahverdi Təkləli adının şair kimi tanınmağa yenicə başladığı vaxt yazdığı və "Gənclik" jurnalında nəşr etdirdiyi başqa bir şeirində qoşqu atlarının taleyi kimi şair taleyinin gələcəyindən də qayğılı idi:
Sinəmi Dantes gülləsi,
Yolumu sürgün gözləmir...
(İndiki oxucular üçün qısaca bir arayış verməyi zəruri sayıram ki, Dantes "rus ədəbiyyatının günəşi" sayılan Puşkini dueldə öldürmüş fransız zabitidir.)
Şeirdəki sətiraltı eyhamı isə belə yozmaq mümkündür ki, sinəsini güllə, yolunu sürgün gözləməyən şair də sənət aləminin qoşqu atıdır...
Ancaq zaman şairə də, millətə də başqa yol göstərdi. Şeir "Gənclik" jurnalında nəşr ediləndən az sonra, millətin başına güllələr yağdı, həbsə, sürgünə göndərilənlər oldu. Həmin misraları indi mən şairin düz çıxmamış proqnozu kimi deyil, ürəyinə damanı özündən uzaqlaşdırmağa can atması kimi oxuyuram. Başa gələcək qadanı əvvəlcədən duyub, özündən uzaqlaşdırmaq, özünə təskinlik vermək cəhdini Mikayıl Müşfiqin 1937-ci ilin yazında, edam ərəfəsində yazdığı "Yenə o bağ olaydı" şeirində də görürük: "Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur"...
1990-cı ilin 20 Yanvar gecəsinin qıpqırmızı güllələri tarixin də, şeirin də, şairin də sinəsini deşdi, ürəyini paraladı. Həmin yaranın ağrılarını Allahverdi Təkləli "Dustaq qurşun" poemasında dilə gətirdi. 20 Yanvar gecəsində şəhid olmuş oğulun anaya məktubları şəklində yazılmış əsərdə şəhadətin səsi zamanın və yaddaşın o biri üzündən, zamanın ötəsindən gəlir:
...qurşunu sinəmdə basdırdım, ana,
O qızıl qurşunun məzarını mən
Köksümdə özünə qazdırdım, ana...
Şair yaradıcılıq yolunun başlanğıcında, hansısa instinktin diktəsi ilə "yolumu sürgün gözləmir" yazmışdı. Ancaq onun təmsil etdiyi nəslin, xüsusən də, Borçalı, Qarayazı, Qaraçöp torpağının ziyalı övladlarının yolunu qürbət gözləyirdi. Vətəndən qırağa düşən sənət adamlarının içindəki qürbəti isə yazdıqlarından, yaratdıqlarından görmək, hiss etmək, anlamaq və yaşamaq mümkündür. Qürbətdəki tay-tuşlar ilə dərdləşmə Allahverdinin şairlik kimliyini daha bariz üzə çıxarır. Qürbətə ünvanlanmış şeirlərində Allahverdinin öz içindəki qürbətin üzünü görmək, səsini eşitmək olur. Estoniyada yaşayan, başının üstündə daim vətənin göyünü daşıyan "Xaqani Qayıblıya sevgilərlə" başlıqlı şeirdə oxuyuruq:
Bir sərkərə quzuçuydum Xanımçıxanda,
Torpaq altda xumarlanan dən idim, ay dost.
Mələrtisi dağ mələdən təlik quzu yox,
Yalan olmaz, əgər desəm, mən idim, ay dost.
Burada yaddaşın o biri üzündə qalan, dən kimi torpaq altda xumarlanan, yaddaşın daldasında mələrtisi dağ mələdən "Mən"in yaddaşın bu üzündəki gerçəkliyə qarşı qoyulması heç təsadüf deyil və Allahverdi Təkləlinin şairlik stixiyasını dəqiq ifadə edir.
Karl Qustav Yunqun nəzəriyyəsində Mən və ya Özüm (Self) arxetipi kollektiv şüurdanxaric arxetiplər dünyasının mərkəzində yerləşir və bütün insanları əhatə edir. Professor Bilal Samburun şərhinə əsasən, K.Q.Yunq şüur ilə şüurdanxaric arasında mərkəzi cazibə nöqtəsi olan Mən arxetipinin şəxsiyyətin müxtəlif ziddiyyətli keyfiyyətləri arasında tarazlığın və harmoniyanın nizamlayıcısı olduğu qənaətindədir. K.Q.Yunq Mən arxetipini Tanrının içimizdəki təzahürü hesab edir və "içimizdəki Tanrı" adlandırır.
Bu şərhin işığında belə bir mülahizəni irəli sürməyi əsassız hesab etmirəm ki, Allahverdinin şeirlərində Tanrının yaddaşın o biri üzündə anılması "Mən"i dərk etmək, Tanrı ilə bütövləşmək instinktinin dilə gətirilməsi, sözə çevrilməsi ilə bağlıdır:
Mənim yaddaşımdan xeyli uzaqda,
Mənim yaddaşımın anrı üzündə
Bir aşıq bir tavar sazı endirir,
Göz yaşı görürəm Tanrı üzündə...
Şairin yaşından və yaddaşından çox-çox əvvəl Xanımçıxan yaylağında quzuçu olan "Mən"in Tartu Universitetinin professoru Xaqani Qayıblı ilə dialoqda səsləndirdiyi xatirələr, yaşından əvvəl gördüyü duş katalizator kimi tərəkəmə keçmişinin mənzərələrini hərəkətə gətirir. Bu şeirdə işlənən elat terminləri, unudulmuş söz və ifadələr ekzotik dekorasiya rolu oynamır, yaddaşın və şeirin məzmun daşıyıcısı, mətnin oxucuya ötürücüsü kimi çıxış edir. Diqqətlə fikir versək, indi dilimizin fəal leksikasında işlətmədiyimiz ayrı-ayrı söz və ifadələrin ("sərkər", "təlik quzu", "hula baxmaq", "huş aparmaq", "çərmə", "papağı hərmədə qalmaq", "qomarğalanmaq", "suru yerimək", "şalaxlanmaq", "ləlimək" kimi) mətndə izahı verilmir, onları yaddaşda canlandırmaq, hərəkətə gətirmək oxucunun öhdəsinə buraxılır. Yaddaşın bu üzündəki gerçəklik ilə o üzündəki "Mən" arasında tənasüb və tarazlıq pozulduğuna görə mələrtilər Tanrıya çatmır:
Şalaxlanıb çox quzular qoç olsalar da,
Bu dünyanın caynağında təliyəm indi.
Mələrtimi Tanrı belə eşidəmmədi,
O səbəbdən mən hamıya ləliyəm indi...
..."Bir uşaq rəsmi çək, Ümmət Qaraca" şeiri uzun illərdir Türkiyədə yaşayan və orada peşəkar rəssam kimi fəaliyyət göstərən, Qarayazı torpağının yetirməsi rəssam həmvətənimizə "sifariş" tərzində yazılsa da, şeir vətəndə yaşaya-yaşaya içində qürbətin rənglərinin palitrasını daşıyan şairin şeir dünyasını canlandırır. Bu şeir dünyasının rənglərinin yaşılı alına, moru çəhrayısına, turuncusu narıncısına qarışıb. Rəngləri ekspressionist üslubda dilləndirən, çəkdiyi mənzərələrdə duyğuları danışdırmağa üstünlük verən rəssam Ümmət Qaracanın tabloları kimi Allahverdinin sözünün rəngləri də saz səsi, "Kərəmi", "Dilqəmi", "Zarıncı" havaları, ovunu haqlayan qurd nəfəsi ilə müşayiət olunur.
Bir uşaq rəsmi çək, Ümmət Qaraca,
Buludun üstüylə qaçan bir uşaq...
Xiffəti iməkdən təzə day duran,
Özünə gecələr vətən uyduran,
Gilənar çiçəyi açan bir uşaq.
Ümmət Qaracaya sifariş verdiyi rəsm - "Buludun üstüylə qaçan uşaq" Allahverdi Təkləlinin indiyə qədər yazdığı yazılardan seçib topladığı şeirlər kitabının adıdır.
"Buludun üstüylə qaçan uşaq" upuzun yollar yolçusu, həsrəti gözündə lillənib qalan, bu qoca dünyadan qoca şairin - Allahverdi Təkləlinin bitib-tükənməyən həyat və sənət hekayəsini söyləyir. Bu yazıda həmin hekayənin oxuyub anlaya bildiyim bəzi məqamlarını bölüşməyə çalışdım...