Kulis.az yazıçı, publisist Seymur Baycanın müsahibəsini təqdim edir.
– Salam, Seymur bəy. Qürbətdə həyat necədir? Qonşu ölkədən buranın ictimai və ədəbi mühiti necə görünür?
– Qürbətdə deyiləm. Başqa yerlərlə müqayisədə özümü daha rahat hiss etdiyim, tarixini, ədəbiyyatını kifayət qədər bildiyim, insanlarının həyat tərzinə, həyata baxışlarına, üstün və çatışmayan cəhətlərinə bələd olduğum bir yerdəyəm. Həyat isə adi qaydada keçir. Oxuyuram, mövzum olanda yazıram, sənədli və bədii filmlərə baxıram, səhər və axşam piyada gəzirəm, yemək bişirirəm, çoxlu meyvə yeyirəm, sərgilərə, teatr tamaşalarına gedirəm. Çalışıram emosiyasız günüm olmasın. Emosiya olmayanda həmin günün boş keçdiyini hesab edirəm. Bir dəstə kücə iti ilə dostlaşmışam. Əsasən, onlarla oturub-dururam. İtləri müşahidə etmək maraqlıdı. Etibarlarını, sevgilərini qazanmaq isə olduqca gözəl hislərdi. Hazırda iki kitabım nəşrə hazırdır. Biri məqalələrdən, o birisi isə hekayələrdən ibarət kitabdı. Məndən asılı olmayan problem səbəbindən nəşrləri gecikir. Əgər problem həll olunsa, çox güman, 2018 – ci ilin əvvəlində kitablar nəşr olunacaq. Ədəbi mühitimiz isə buradan solğun görünür.
– Gürcüstanda ədəbi mühit necədir? Yazıçı və oxucu münasibəti qənaətbəxşdirmi?
– Azərbaycanla müqayisədə kifayət qədər yaxşıdır.
– Məncə, tənqidləriniz çox kəskindir. Bu cür tənqidlə hər hansı müsbət nəticə alına bilər? Ümumiyyətlə, tənqid etmə məqsədiniz nədir?
– Artıq tənqiddən, demək olar ki, uzaqlaşmışam. Bu sualların indiki halıma, fəaliyyətimə o qədər də aidiyyatı yoxdur. Zamanında müxtəlif mövzular haqqında doğru hesab etdiyim fikirlərimi, düşüncələrimi yazmışam. Yazılarımdan ibarət dörd kitab nəşr olunub. Hələ nə qədər yazılar itib-batıb. Amma buna heç təssüflənmirəm. Onlar elə itib-batmalı yazılar idi. İndi ancaq maksimum on beş-iyirmi yazımın altına ürəklə imzamı qoya bilərəm. Qalanlarını alınmamış, kal yazılar kimi görürəm.
– Hekayələrinizdə Sovet ədəbiyyatı ab-havası hiss olunur. Bunun səbəbi nədir? Məsələn, “İşıqlı ferma” kimi hekayələr nəyə lazımdır?
– Çox güman, “Gecikmiş hekayələr” kitabını oxumamısan. Ona görə belə çiy sual verirsən. Həmin kitabda Azerbaycan tarixinin müxtəlif dövrlərinə aid yazdığım hekayələr toplanıb. Hekayələr mövzusuna, üslubuna görə bir-birlərindən çox fərqlənir. “İşıqlı ferma” da “gecikmiş hekayələr kitabındakı hekayələrdən biridir.
– Fərqanə adını əvvəlcədən fikirləşmişdiz, yoxsa yazma prosesinin metafizik bir hədiyyəsidir?
– Fərqanə adının kiçik bir tarixçəsi var. Telefonuma zəng gəldi. Fərqanə adında bir xanım idi. Çox nəzakətlə məni verilişə dəvət etdi. Verilişə getməyə həvəsim yox idi. İmtina etdim. Amma imtina etmək mənim üçün asan olmadı. Çünki verilişində iştirak etməyimi çox-çox nəzakətlə xahiş edirdi. Ona dedim ki, söz verirəm, sizin bu yaxşılığınızın əvəzini başqa cür çıxacam. Beləliklə, hekayənin adını Fərqanə qoydum.
– Bir məqalənizdə Şərqdə hər şeyə metaforik yanaşıldığı, deyilən hər sözün arxasında nəsə bir mənanın olduğuna inandıqlarını demişdiniz. Halbuki bununla razılaşmadığınızı yazmışdınız. Həqiqəqətən, belə fikirləşirsiniz, yoxsa ironiya idi?
– Bu haqda “Kölə edilmiş aqil” adlı yazıda yazmışdım. Yox, ironiya etmirdim, həqiqətən, belə fikirləşirəm. Adi bir mövzuda çox sadə tərzdə yazdığım yazılardan adamlar tamam başqa mənalar çıxarırlar.
– “Menyu” hekayəniz haqqında nə demək istərdiniz? Həmin hekayəni Peter Paul Rubensin tablosu ilə əlaqələndirmək olar?
– Peter Paul Rubens adlı adamdan xəbərim yoxdur. Tanımıram. Nəzərdə tutduğun tablonu tapıb baxacam. Mənə də maraqlıdı.
– Ədəbiyyata yeni nə gətirdiniz?
– Nəsrdən söhbət gedirsə, müasir Azərbaycan ədəbiyyatı mənlə başlayır.
– Seymur Baycan üçün dəyər anlayışı nədir? Əxlaq anlayışının kökündə nə dayanır?
– Bu suala cavabım yoxdu.
– Yaradıcılığınızın zirvəsi kimi hansı əsəri görürsüz?
– “18,6 cm” romanını, üstəlik, bir neçə hekayəmi.
– Ədəbiyatımızda yeni-yeni gənc yazarlar ortaya çıxır. Sayları, hər keçən gün artmaqdadır. Sizcə, bu, gələcək üçün ümiddir, yoxsa adi statistikadır? Ümumiyyətlə, ədəbi gələcəyimizi harda görürsüz?
– Gənc yazıçıların ortaya çıxması, saylarının da hər gün artması yaxşı hadisədir. Lakin gənc yazıçılar mütləq və mütləq alman, ingilis, fransız, ispan, italyan, yapon dillərindən birini, hətta mümkündürsə, ikisini yaxşıca öyrənməlidirlər. Tərcümələrlə məşğul olmalıdırlar. Müxtəlif ölkələrdə keçirilən ədəbiyyat festivallarında, müsabiqələrində mütəmadi iştirak etməlidirlər. Çoxlu oxumalıdırlar. Çoxlu gəzməlidirlər. Ən əsası gənc yazıçılar Azərbaycanlı qızlarla ailə qurmamalıdırlar. Cin sancaqdan qorxan kimi, gənc yazıçılar Azərbaycanlı qızlardan qorxmamalıdırlar. Bunlarsız heç nə etmək mümkün deyil. Birmənalı olaraq belədir.
– Oxuculara hansı əsəri tövsiyə edərdiz?
– Heç bir əsəri tövsiyə etmirəm. /fabula.az /