Həmişə atam üçün darıxanda, onu hiss etmək istəyəndə köməyimə kitabları, əsərləri çatır. Vərəqləri açdıqca, oxuduqca canlıca gəlir durur qarşımda. Gözəl, səliqəli cümlələri, canlı, şirəli təhkiyəsi onun özünü də diricə hiss etdirir mənə. Əsərlərinin mövzusu, ideyasını, fikir-düşüncə tərzini, yazıçı səmimiyyətini bir kənara qoyub, bir dilçi kimi təkcə dilini dilə gətirmək istərdim.
O qədər canlı, ustalıqla yazdığı əsəri oxucusuna təqdim edir ki, sən nəinki görürsən, hətta duyğularının ən həssas bucaqları da işə düşür. Rəssamların ustalıqlarından, sənətkarlıq istedadlarından söhbət açanda, təhlil edəndə təsviri real müstəvidə görürsən. Sözün sehrini, ecazkarlığını çatdırmaq üçün isə hadisələri, insanın daxili duyğularını, fikirlərini canlı danışıq dili ilə çatdırmaq böyük sənətkarlıq tələb edir. Sabir Əhmədlinin ən böyük qayəsi isə əsərlərinin dilində təmiz, halal ulu türkcəmizin sözlərini, leksikasını canlı xalq danışıq dilinin alt qatlarında gizlənənlərini üzə çıxartmaq, əsərləri ilə ədəbi dilimizə gətirmək idi. Sabir Əhmədlinin təsvirində, təhkiyəsində baş verən hadisəni və yaxud da hadisənin baş verəcəyi məkanı, qəhrəmanlarının ruhi-mənəvi durumlarını, daxili aləmlərini, tiplərin xarakterini yaşadıqları cəmiyyətin ziddiyyətləri ilə çulğaşmış şəkildə açılmasını o qədər sözün sehrinə güvənərək, ustalıqla, məharətlə qələmə alır ki, ortada ancaq səslərin qrafik işarəsi var, ancaq sən hər şeyi gözlərinin qarşısında vizual olaraq görürsən. Hətta hiss edə, duya bilirsən.
Komputerin vərəqlərində atamın nə qədər çap etmək istəmədiyi, lüzum bilmədiyi, ixtisar etdiyi parçalar çıxır qarşıma. Oxuyuram. Niyə mükəmməl parçaları çapa verməyib, özünə qarşı niyə bu qədər tələbkar yanaşıb?.
Atamdan sonra onun avtobioqrafik əsəri olan “Yazılmayan yazı”nı oxucuların ixtiyarına verdik. Kitab düzdür, çox tələsik hazırlandı. Bu səbəbdən də bəzi qrafik xətalarla çap olundu. Amma bir redaktor kimi mənim əsas məqsədim əsəri orijinallığı ilə çap etdirmək idi. Oxucuları qocaman bir yazıçının təkcə həyat həqiqətləri ilə deyil, iş texnikası ilə yaradıcılıq prosesi ilə də tanış etmək idi. Mətn daxilində müəllifin qeydləri, mötərizələr, əlavələri, yaddaş kitabçasına istinadları, hamısını olduğu kimi saxladım. Bir rəssam çəkdiyi əsərini yarımçıq qoyub dünyasını dəyişirsə, bu əsəri sərgiləyəndə başqa bir rəssamın onu tamamlamağı məntiqə uymadığı, absurd olduğu kimi, yazıçının da çap olunmamış əsərinə özündən sonra heç bir redaktor düzəliş edə bilməz. Bu əsərin unikallığına, məhrəmliyinə xələl gətirər, onu qiymətdən salar.
10 iyul Sabir Əhmədlinin doğum tarixidir. Azərbaycan ədəbiyyatı tarixində yeganə yazıçıdır ki, 20-dən yuxarı romanın müəllifidir. Sabir Əhmədli həm də yeganə Xalq yazıçısıdır ki, onun əsərlərinin heç biri müstəqil vətənimizdə latın qrafikasında çap olunmayıbdır. Bütün dünya yazıçılarının istər klassik, istərsə də müasir, istər tanınmış, istərsə də tanınmayan olsun Azərbaycan dilində latın qrafikasında çox nəfis şəkildə əsərləri işıq üzü görmüşdür. Həyatını Vətən torpaqlarının azadlığı uğrunda qurban verən bir oğulun atası, Xalq yazıçısı Sabir Əhmədlinin seçilmiş cildləri, əsərləri isə hələ də kiril əlifbasındadır.
Mənsə, Sizə, Sabir müəllimin etibarlı oxucularına onun özünün qələmindən çıxan “Yazılmayan yazı” avtodioqrafik romanı barədə qeydlərini, Ön sözünü təqdim edirəm.
filol.ü.f.d. Yaqut Quliyeva
Yazıçının qızı
Sabir Əhmədlinin “Yazılmayan yazı” kitabına yazdığı giriş
Çoxdan düşünürdüm: Axı mən öz ömrümü yazmalıydım. Bu kitabı mən sona saxlamışdım. Bütün yazılmalılar yazılmalı, başa gələni. Bundan sonra “xatirəyə” keçməliydim.
“Yaddaş kitabı” ən axırda yazılır. Bu yekun yazısı olur. Bunu mən sondan başlayıb, üzü geri yaza bilərdim. Beləliklə, ağlıma gəlmişdi: Bu kitab mənim ilk növbədə “Ədəbiyyat qəzeti”ndə keçmiş ömrümün başlıca parçasını qavramalıydı. Bu qəzetdə mən qırx ilə yaxın çalışmışdım. 1957-ci ilin noyabr ayında, 11-də qəzetdə işə götürülmüşdüm. Əmrim noyabrın on altısında verilmişdi. Əgər hadisə baş verməsə idi, bir ildən sonra qırx ilim başa gələcəkdi. Mən buna əmindim. Halbuki elə bir iş baş verdi orada çalışdığımın qırx ili başa çatmamış mən qəzeti tərk etməli oldum. Bu, olduqca ciddi hadisələrlə bağlıydı. Niyyətim bu olayları ayrıca yazmaqdı. Adını “Qırxdan bir əskik” qoyacaqdım. Altay Məmmədovun bir əlyazmasını “Azərnəşr”dən, nəşriyyatdan mənə göndərmişdilər, oxuyum, rəyimi bildirim. Bu əlyazmanı oxuyanda bildim ki, Cavid əfəndinin də eynilə bu adda “Qırxdan bir əskik” adlı əsəri olmuş, ancaq gəlib bizə çatmamış, it-bata düşmüşdür.
“Qırxdan bir əskik” adı altında “Ədəbiyyat qəzeti”ndə keçmiş ömür-günümü qələmə almaq oldu istəyim. Bunu düşünüb, məzmunu da aydınlaşdırdım: İşə götürülməyim, ilk günlər, əməkdaşlar, müəlliflər, redaksiyanın mühiti. Baş verən maraqlı əhvalatlar... Bu sayaq yazmağa başlayacaqdım. Sonra gördüm, elə bu məzmunun özü suallar doğurur: Bəs redaksiyaya girənədək necə olub? Harada işləmisən? Necə gəlmisən? Ona qədər tələbəlik, yeniyetməlik, orta məktəb, uşaqlıq...
Beləliklə, söhbət “Qırxdan bir əskik”lə bitmir. Əksinə, insan ömrünü bütünlüklə qavrayan, toplayan bir yazıya dönürdü. İş böyüyür, iri bir “xatirə romanı”nın cizgiləri sezilirdi.
Belə bir kitabı mən hələ yazmaq istəmir, ildən ilə atırdım. Belə əsərlər adətən son yazı olur. Mən son yazını başardıqca yubatmaq, geri atmaq istəyirdim. Guya bununla, son yazını yazmamaqla mənə verilmiş möhləti uzadır, artırırdım. Burası da vardı, axırıncı romançanı yazdıqdan sonra – “Kef”, daha heç bir işə girişə bilmirdim.
Dirənmək, “yaza bilməmək” mənim başıma aram-aram gələn bir əndişə idi. Elə ki, bir nəfəsə şappa-şup bir əsər yazırdım: sonra xeyli müddət boşalır, əlim yazmağa yatmır, büsbütüncə sovulurdum. İndi də belə hala düşmüşdüm. Üç aya yaxındı başım-beynim büsbütün boşalmış, ayazımışdı.
Yazmaq sarıdan maraqlı müşahidələr var. Bir qism əsərlər özü yazılır, səni yazdırır. Birdən ortaya çıxır, gözlənilmədən törənir, qəfil yaranır. Bir qism də əvvəlcədən düşünürsən. Qurursan, “özün yaradırsan”, əsər yazırsan. Yazmaq və yazılmaq: yaradıcı qüvvə iki cür işləyir. Əlbəttə, “özü yazılan” daha maraqlı olur. Gözlənilməz olur, alınır. Bu, tez-tez baş vermir. Doğuş təki qapalı bir embrial mərhələsi keçir. Bunu gözləməyə hövsələ çatmadıqda keçirsən özün qurub quraşdırmağa.
Xatirə kitabı sonda yazılır. Bədii əsərdənsə adi yazı sayılır. Bədii əsərin xiffətilə, ona – xatirəyə əl qatmaqdan qaçır, ömrün sona yetişməyindən xoflanaraq, onu özündən uzaqlaşdırırsan.
Təsəlli budur, bütün yazıçılar, əksərən belə kitabları ömrün axıramacal çağında yazıblar. Dəftərxana səciyyəsi daşıyan yazılar bir varaq, iki varaq olduğu halda, ədiblərin idarə üçün yox, oxucu üçün yazdıqları tərcümeyi-hal azı iki yüz, üç yüz varaq olur.
Düşünürdüm, onsuz da mən yaşadığım ömrü bu, ya başqa tərzdə yazmışam. Ayrı-ayrı məqamlar, ayrı-ayrı insanlar təsvir edilmişdir. Hətta birbaşa uşaq həyatına dair kiçik hekayələr də yazmışam. Onları çapa verməmişəm. Xatirə, yaddaş kitabındansa, bunların yerinə mən bədii bir əsər yazmağa daha meyilliydim. Amma yazılmalı olanı sahmanlı, yetkin səpkidə ağlıma gətirmirdim, quruluş – düzülüş tapa bilmirdim.
Axır, bu qərara gəldim ki, bildiyimiz qaydada, memuar şəklində yazım. Əvvəldən axıradək.
Bir iş də məni həvəsləndirdi. Bizdə, Azərbaycanda heç bir yazıçı öz ömrünü, həyatını başdan-başa əks etdirən kitab yazmayıb (Burda söhbət klassik yazıçılardan gedir). Yazsaydılar yaxşı olardı. Bircə M.S.Ordubadinin bu yaxınlarda işıq üzü görmüş “Həyatım, mühitim” adlı avtobioqrafik əsərindən savayı. Başqa adda-budda, dağınıq qeydlər, xatirə parçalarından savayı, kimsə həyatını, ömür oçerkini bütöv-bitkin yazmayıb. Yazmış olsaydılar biz Nizami Gəncəvinin, Nəsiminin, Fizulinin gündəlik yaşayışlarını, həyat tarixçələrini dib-dəhnədən bilər, oxuyardıq. Ədəbi yaradıcılar, ulu sənətkarlar buna həvəs göstərməyiblər. Niyə? Bir gümana görə, bu bizim böyük sənətkarlarımızın təvazökarlığından irəli gəlmişdir, özündənsə başqalarından, daha maraqlı insanlardan və daha dəyərli hadisələrdən yazmalı. Özünün yox, özgələrin həyat macəralarını söyləməlidir. Cəmiyyətdə cərəyan edən həyat və onunla bir dövrdə yaşayan insanlar barədə söz deməli, onları göstərməlidir. Özünü yox. Özünü yazmaq həm də asandır. “Öz başına gələnləri yazıb” deyir, çox halda əsəri də, müəllifi də adiləşdirirlər.
Bu millət ta qədimlərdən bəri qeyri-adini adidən, təxəyyülü gerçəklikdən üstün tutmuş, əsərə də yazıya da bu sayaq yanaşmaqda onlara qiymət vermişdir. Bunu əsər yazan, şair, yazıçı da bildiyi üçün, nə qədər qərib və inanılmaz olsa da həqiqətə oxşayan quramaya həqiqətin özündən daha artıq bel bağlamış, ona getmişdir. Ənənə belədir. İstənilən də budur.
Bütünlükdə, yalnız yazıçının yox, hər kəsin özündən danışmağı öyünmək, qəbahət sayılır. Bu, istər-istəməz yazıçının özündən danışmağı təki bir meylə qarşıdır. Ədibin özündən danışmamağı bir də ordan irəli gəlir ki, o, oxucunu öz yaşayışından, həyat macəralarından hali etmək istəmir. Onun elə gizlincləri, sirləri olub, onları oxuculara bildirməyə, açıb tökməyə lüzum görməyib. Bu da bir ənənəyə çevrilmişdir. Görüblər Nizami yazmayıb, Nəsimi yazmayıb, Axundov yazmayıb, sonrakılar da böyük sələfləri kimi tərpəniblər. Halbuki yaşadıqları həyat səhnələrini yazsa idilər, çox işlər aydınlaşardı. Oxucu yazıçını daha yaxından tanıyar, onun yaradıcılığını daha dərindən arayıb gerçəkliyilə araşdırardı. Yazmayıblar. Azərbaycanda sadəlik, təvazökarlıq gözlənmiş, yüksək tutulmuşdur.
Eləcə də, öz həyatını yazmamaq inadı bəlkə tanınmış bir yazıçının oxucuya etimadsızlığından, öz yaşayışını özündən başqa qeyri hər kəsin gözündə örtülü, sirli saxlamaq niyyətindən və nəhayət, yazı sənətini hamının başaracağı bir peşə həddinə endirməmək, bayağılaşdırmamaq qənaətindən baş vermişdir. Yazmaq, kitab bağlamaq axı, vergidir. O hər kəsə çatmır, nəsib olmur. Ən müqəddəs kitabımız “Quran” da vergidir, göylərdən enmiş bir möcüzədir. Axırı da gəlib çıxır buraya, belə pozulmaz, danılmaz bir etiqada.
Yazı sənətini sadələşdirməmək, əksinə, möcüzə, bir müqəddəs vergi timsalında dəyərləndirmək meylindən törənmişdir.
Bəlkə mən də yazmadım, saxladım sonraya. Sonra... sonra ömür bitərdi. Mən onu, “öz kitabımı” yazmamış dünyadan gedərdim. Əlimdə özgələrin həyatını yazmağa bir iş olsa, bir “özgələr romanı” olsaydı... İş bundadır ki, üç aya yaxındı yazmırdım. Gəlmirdi. Gözləməkdən darıxdım. Keçdim bizim qədimlərdən üzü bəri yazıçıların həvəs göstərmədikləri örtülü, qapalı saxladıqları mövzuya: ÖZÜMƏ.
“Özüm”dən danışan əsərlər geniş oxunur. Onlarda da yazıçı özündən artıq özgədən, həndəvərdən, mühitindən, rastlaşdığı, ünsiyyətdə bulunduğu kəslərdən söz açır. Belə bir əsərin maraqlı olması üçün gərək özünü, öz varlığını ağıl, olmuş hadisə təki deyil, ruhunu, iç aləmini, bioloji sima-mənzərəni açıb-açaraqdan yazasan. Onda hətta elmi maraq oyadarsan, ənənəvi janrdan artıq, dərin araşdırmalara vararsan.
Könlümdən keçən budur. Bunun üstə qurub, beləcə getsən, bu həm bioqrafik yazı olar, həm də bir ayrıca bədii kitab təki qarşılanar.
Onda daha sən ömrünün son çağlarını, yalnız redaksiyada keçən günləri, illəri deyil, lap əzəldən, başlanğıcdan uşaqlıqdan üzü bəri çözələyə bilərsən. Bütün bunları yaşamış, mənəvi artımınla qoşa, qovuşmuş şəkildə aşkarlaya bilərsən. Bu da çəkindiyin üslubdan, “özündən yazmaq” iradından qurtarar səni.
Beləliklə, “Son yazı” adlanası kitab mənəvi təkamülü əks etdirər, maraqlı macəralara aparıb çıxaran bir əsər alınar. Sən “öz tarixçəni” belə açarsan.
Redaksiyadan başlamaq istəyirdim. Üst-üstə neçə sual çıxır ortaya. Sən tarixdən bu günə gəlməkdənsə, bu gündən, indidən ötənə, yarıməsrlik bir keçmişə qayıtmalı olursan.
Bu tutuşla “Son yazı” ən azı üç qalın cild olmalıdır. “Qırxdan bir əskik”, ondan qabaq “Cavan müəllim”, ondan qabaq “Orta məktəb”. Ondan da o yana “Dəcəl”, ya da “Gölə qələm sancan” adlanası uşaqlıq çağları. Başlamağa gəlincə, tərsinə, indidən keçmişə, əks xronika ilə yox, eləcə keçmişdən üzü bəri şötlə gəlsin. Ardıcıl olsun.
Beləliklə, mənim yalnız redaksiyadakı işimi parça-parça əks etdirmək niyyətilə “Qırxdan bir əskik” adıyla yazacağım romança bütün bir yaşanışı axıra götürmək qayəsinə çevrildi.
Deyildiyi təki birinci kitab “Dəcəl”, yaxud “Gölə qələm sancan”dan başlayırıq. İri bir kitabın ilk – başlanğıc bölümü – cildinə beləcə girmişdim.
Buradaca çoxdan bəri başıma dolanan bir ad gəldi ağlıma. Bu kitabın adını “Ura” qoyacam. Nə deməkdir? Zəmi biçiləndə, axırda əldən, kombaynın ağzından tökülüb qalan sünbülə başaq deyirlər. Son sünbüllərdir. Bağın sovulan vaxtı ağaclarda tək-tək qalmış meyvəyə “peşartı”, “peşxurd” deyirlər el arasında. Bostanınsa tağlarda, kərdilərdə qalmış son məhsuluna “ura”, yaxud “uru” söyləyirlər. Ura – uru son mənasında işlənir. Qədimlərdən Şumerdə işlənib bu söz, “Divani lüğat-it-türk”də - Mahmud Kaşğaridə var, “Dədə Qorqud”da da var. “Türk-Azərbaycan” sözlüyündə də var. Amma orada bir yanlışlığa yol verilib. Guya “ura” sözü ruslarda döyüşün sonunda həmləyə keçəndə hayqırtıdır. Olar, amma ruscaya bu heç şübhəsiz türklərdən keçmişdir. Türk elləri arasında bu söz çox geniş yayılıb. Bir işə sevinəndə, onu uğurla bitirəndə “Ura” çağırır, hayqırırlar. Hamıdan qabaq türklərdə işlənib “Ura”. Döyüşdə, həmləyə keçəndə. Həmlə uğurla bitəndə. Qələbə qazananda... Bizim eldə hətta qadın var: “Uru”. İş belə oldu ki, mən bu əsəri bütünlükdə bitirincə, bir ayrısını bunun üstə yazdım və həmin adı ona qoydum. Beləliklə, “Yazılmayan yazı”...