Əyyaş qonşumuz evini yandıran gün... – Hikmət Orhundan YENİ ŞEİRLƏR

Əyyaş qonşumuz evini yandıran gün... – <span style="color:red;">Hikmət Orhundan YENİ ŞEİRLƏR
5 yanvar 2018
# 11:30

Kulis.az gənc şair Hikmət Orhunun yeni şeirlərini təqdim edir.

***

salam, daş hasar, salam...

...yüz ildir salam almırsan, salam.

sən sağ ol,

elə mən də almıram,

almıram,

almıram.

eynimə də almıram.

indi kimsə kimsənin gözünün içinə baxmır,

indi adamların gözləri bumbuz,

üzləri bomboz.

indi adamlar səndən də daş, daş hasar.

salam, daş hasar, salam.

***

biz müharibənin göbəyində doğulduq,

müharibənin göbəyində...

özgə şəhərlərin

arxa məhəllələrində böyüdük

yıxıla-dura...

yaşamağı

biri-birimizin səhvinə baxıb öyrəndik,

ölməyi

yaşayanların iztirabına.

əyyaş qonşumuz evini yandıran gün

mən içkini atdım,

vüsal yaşamağın daşını...

***

birdən hamı üstünə gələr, üstünə,

birdən hər şey qəsdinə durar, qəsdinə

balaca boyunu,

yumruq boyda ürəyini nəzərə almazlar.

birdən böyümək istəyərsən,

yumruq boyda ürəyini qumbara əvəzi

atmaq istəyərsən adamların üstünə,

durarsan kainatın qəsdinə...

vecinə alan olmaz,

çünki sən balaca adamsan, balaca.

və onlar çoxdur, sən az.

***

qəfil gələcək ölüm -

mən gözümü qırpmadan,

sən qapıdan çıxmadan.

nə yatağımda qoxum,

nə qoxumda qoxun qalacaq.

yatağımı da götürüb

bir tərəfə atacaqlar.

yerinə ya bir kamod,

ya televizor altlığı qoyacaqlar.

beş gün,

uzağı on beş gün

köks ötürəcəklər,

sonra şəklimi də götürəcəklər

evin ən görkəmli yerindən.

***

gecə saat üç;

nə tanrı yatıb,

nə mən çimir almışam.

oturub dərdləşirik -

tanımaq istəyir,

ona səndən danışıram.

***

bəlkə də bulud bulud deyil - torpaq,

bəlkə də torpaq torpaq deyil - bulud.

Bəlkə də bulud torpağa deyil,

torpaq buluda yağır, bəlkə də...

bəlkə də yarpaq yarpaq deyil - torpaq,

bəlkə də torpaq torpaq deyil - yarpaq.

Bəlkə də yarpaq torpağa deyil,

torpaq yarpağa çökür, bəlkə də...

bəlkə də insan insan deyil - torpaq,

bəlkə də torpaq torpaq deyil - insan,

Bəlkə də insan torpağa deyil,

torpaq insana köçür, bəlkə də...

***

(N.... - ə)

bəlkə də söz olmasa

danışmağa ehtiyac olmazdı,

göz olmasa baxmağa...

küləklərin diliylə anlaşardıq,

suların gözüylə baxışardıq,

bəlkə də...

bəlkə də hər şey başqa cür olardı,

amma olmadı...

söz var...

indi deyirsən:

“zəng etmə, susaq”,

“mesaj yazma, baxışaq”.

yaxşı, zəng eləmərəm,

day mesaj da yazmaram

xoruz banına qədər...

bircə onu de, görüm,

necə biləcəm ki, sən mesajın o

üzündə susursan?

***

...hamı getmişdi,

bircə sən qalmışdın o küçənin tinində -

it ilində...

əsəbləşib ağzının payını vermişdim,

tanrının da, dinin də...

***

bəli,

sevirdim onu.

bəlkə, özünü deyil,

güllü-güllü donunu,

gülüşünü

sevirdim;

bəlkə, yerişini deyil,

eləcə duruşunu,

baxışını

sevirdim;

bəlkə də heç birini...

bəli,

sevirdim onu.

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

14:00 5 iyun 2025
"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

12:00 5 iyun 2025
Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

11:00 5 iyun 2025
Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

10:04 5 iyun 2025
"Əgər müəllif Qismətin dediyi kimi..." - Səddam Laçın

"Əgər müəllif Qismətin dediyi kimi..." - Səddam Laçın

18:16 4 iyun 2025
Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?

Şəhriyar bu hekayə haqqında necə o cür ali fikirdə ola bilər?

18:03 4 iyun 2025
#
#
# # #