Onu gecəyarısına qədər gözləyirsən... Deyəsən, son qərarı vermisən artıq.
Əslində, bütün həyatınız bu cür keçib elə - onun işə getməyini gözləmək, evə gəlməyini gözləmək, çay istəməyini, yemək yeməyini, üzünə baxmağını, danışmağını gözləmək. Gülümsəməyini gözləmək... Əsəbinin keçməyini gözləmək... Yatmağını, oyanmağını, sevişməyini...
4 ilə yaxın evlilik həyatı. 4 illik gözləmək.
Bir-iki xırda məsələləri çıxmaqla demək olar ki, elə də böyük problemlər yaşamırsınız. Çox yaxşı yola getdiyinizi də demək olar hətta. Ən azından sən həyatını yanında yaşaya biləcəyin başqa birini ağlına gətirə bilmirsən. Bundan artığına ehtiyac da duymamısan. Bir-birinizə hər şeyi bağışlaya bilmisiniz həmişə. Sözün bütün mənalarında. Onu sevirsən axı sən. İlk gördüyün andan indiyə qədər heç nə dəyişmədən həm də. Hələ də mesajlarına eyni reaksiyanı verir, zənglərinə eyni qədər həyəcanlanır, hər təbəssümünə xoşbəxt ola bilirsən. Bir-birinə keçmişlərini və gələcəklərini bağışlamış iki yetkin insan...
Amma hərdən keçmişdən bir iz, bir səs, bir qığılcım elə yerdə rastına çıxır ki, ona dayanmaqda çətinlik çəkirsən. Bəzən düşünürsən ki, bunlar yersiz qısqanclıqlardır, sən mənasız yerə problem yaradırsan. Hə, bütün problemləri sən yaradırsan demək olar. O zalımın balası bircə dəfə sənə deyib hara gedirsən, hardan gəlirsən, niyə bunu elədin, nə etmək fikrindəsən?
Hərdən sənə elə gəlir ki, bu səni tanıdığı üçün belədir, bu sənə duyulan güvən, inam hissidir, hərdən də düşünürsən ki, bu sadəcə laqeydlikdir. Bunu düşündükcə əsəbiləşirsən, qəhər səni boğur, hər şeyi olduğu yerdə qoyub, heç nəyə toxunmadan, heç nə demədən çıxıb getmək istəyirsən. Amma bütün bunlar onu yenidən görənə, səsini eşidənə, ona toxunana qədərdir.
O gəlir. Həmişəki kimi. Çay, yemək, duş, kompüter, telefon, bir az söhbət, ya da səssizlik. Telefonda qurdalanır. Kiminləsə yazışır, ekrana baxıb gülümsəyir. Bu təbəssüm sənin deyil, bilirsən. Yavaşca boynunu uzadırsan ekrana, telefona tərəf. Gizlincə paltarlarını qoxlayırsan. Guya səliqəyə salırmışsan kimi şalvarının, pencəyinin ciblərini axtarırsan. Hansısa mağazanın çekini tapırsan. İki günəbaxan tumu, yarım kilo manqalüstü sosiska, vodka, iki paçka “Kent 8”, salfetka... Keçən həftənin tarixinədir çek. Hə, demişdi deyəsən, həmin axşam gec gələcəyini. Siyahını bir də diqqətlə oxuyursan, qadına lazım olacaq nəsə axtarırsan. Şübhəli bir şey yoxdur. Rahatlaşmaq istəyirsən. Amma bunlardan hər biri qadına lazım ola bilər. Salfetka, tum, sosiska, elə “Kent 8” özü də. Nə düşünəcəyini bilmirsən. Qəhər, əsəb, şübhə, narahatlıq...
Şübhə elə qancıq duyğudur ki, bircə dəfə içinə doldumu ac qurd kimi gəmirir səni, çürüdür, yavaş-yavaş əridir, yoxa aparır. Balaca bir şübhə balası günlərlə içində böyüyüb səni büsbütün ələ keçirə bilir. Bir də ayılırsan ki, sən özün deyə bir şey qalmayıb, büsbütün şübhədən ibarətsən. Nə sevgi, nə güvən, nə etibar, nə sən, nə o – şübhə... şübhə... şübhə...
Onda hamı eyniləşir sənin üçün, hamı eyni qədər təhlükə mənbəyi kimi görünür: yol keçəndə arxadan eşidilən maşın səsi, yağışlı küçədəki islaq addım səsləri, dükançı Həsən dayının səsindən qaşalan Cəmiləyə qədər hamı potensial düşmənə çevrilir sənin üçün. Əslində isə yeganə təhlükə sən özünsən. Sən və içində böyüyən o canavar.
Bunları düşündükcə hələ anlaqlı olduğunu dərk edirsən. Özünə bir yaxşılıq etmək üçün hələ gec olmadığını anlayırsan. Necə, nə cür? Qərarsızsan. Ondan uzaqlaşmaq istəyirsən. Onu incitməmək üçün. Bunlar hamısı sənin içində baş verir, o, hər şeydən xəbərsizdir, günahsızdır.
Saat birə işləmiş gəlir. Spirt qoxusu verir. İçib hardasa. Ağlından min cür fikir keçir yenə.
Həmişəki kimi soyunmağına kömək edirsən. Qaynar çay istəyir. Film açıb baxırsız. Hansısa boksçunun həyatından bəhs edir film. Sənin üçün heç bir fərqi olmadığı üçün heç filmin adına da baxmamısan. Boksdan, idmançılardan danışır. Ona Nolan haqda məqalə yazmağa hazırlaşdığını deyirsən. Filmi saxlayıb internetə girir. Sənə bir xeyli mənbə göstərir.
Söhbət necəsə müharibəyə gəlir. Film unudulur. Yavaş-yavaş sükut çökür. O yuxulayır. Ona qısılıb iki saatlıq filmi axıracan izləyirsən. Bədəni elə istidir ki. Onun nəfəsini, bədənini, qoxusunu, ona qısılıb yatmağı, onun yanında oyanmağı elə sevirsən ki...
Astaca dodaqlarından öpürsən. Səni qucub dodaqlarını boynuna yapışdırır. İlahi, sanki dünyanın ən xoşbəxt insanısan. Ona tərəf çevrilirsən. Əlini astaca qasığına tərəf sürüşdürüb alt paltarının içinə salırsan. Bədəninin necə qızındığını, ürək döyüntülərinin necə artdığını hiss edirsən. Gözüyumulu belindən qıvrayıb səni üstünə qaldırır. Tələsik paltarlarını çıxarırsan...
Bir azdan üzüqoylu sinəsinə yığılıb qalırsan. Böyük bir boşluq səni içinə alır. Nə hiss etdiyini bilmirsən. Sadəcə rahatsan. Heç bir düşüncə, fikir, hiss – heç nə yoxdur. Bomboş, sakit, rahat bir bədəndən başqa heç nəsən. Onun istisini hiss etmək xoşuna gəlir. Yuxuya keçib artıq çoxdan.
Qalxıb duşa girirsən. Qayıdıb mətbəxə keçirsən. Qazı yandırıb çaydanı qızmağa qoyursan. Pəncərəni açıb küçəyə boylanırsan. Gecə yavaş-yavaş səhərə yaxınlaşır. İtlər yenə hürüşə-hürüşə küçə boyu qaçışırlar, deyəsən küçəni bölüşə bilmirlər.
Yenidən bayaqkı çek haqqında düşünürsən. Telefonunu götürüb mesajlara baxmaq fikri keçir ağlından. Çaydan qaynayır. Pəncərəni bağlayıb yuxarıdakı nəfəsliyi açırsan. Qazı söndürməmiş içəri keçib stolun üstündəki siqaret qutusundan iki siqaret götürürsən. Qayıdıb birini yandırıb bir-iki tüstü alırsan. Ürəyin bulanır. Siqareti söndürüb soyuducunu açırsan. Üstünə izolentlə taxta qaşıq bağlanmış qarğıdalı konservi gözünə sataşır. Yeni il bazarlığından qalıb. Konservi götürüb üstündən qaşığı ayırırsan. Yeni ili buna görə sevirsən ən çox. Konserv və mayonezlərin üstünə bağlanmış dəxilsiz hədiyyələrə görə...
Konservi açıb bir-iki qaşıq aldıqdan sonra ağzını bağlayıb yerinə qaytarırsan. Bir fincan çay süzüb pəncərəyə yaxınlaşırsan. İtlər hələ də hürüşə-hürüşə o baş-bu başa qaçışırlar. Çayı qurtumlaya-qurtumlaya ikinci siqareti yandırırsan. Bir-iki tüstü alıb onu da söndürürsən. Soyuqdur. Yuxun gəlir. Beynin yenə qarışıb.
Yeni il... Qarğıdalı konseri... Seks... Tüstü... Soyuq... İtlər... Çek... Yuxu...
Otağa keçirsən. O, divanda yatıb. Əyilib nəfəsini içinə çəkirsən. Üstündəkiləri çıxardıb yanına qısılırsan. Bədəni yenə istidir. Nəsə mızıldayıb üzünü çevirir. Yuxu səni aparmaqdadır. Beynindən qatar kimi asta-asta bir fikir keçir: “Görəsən, itlər küçəni niyə bölüşə bilmir?”