Şərif Ağayar
Qan Turalı mənə deyəndə ki, “Fələk qırmancı” adlı roman yazmışam, diksindim.
Qəribədir ki, Turalla lap gəncliyindən dost olsam da bu romanın yazılma prosesindən xəbərim olmayıb. Özü də yazılması düz üç il çəkən bir romanın... Görünür, baş qarışıq imiş. Bəlkə də deyib, yadımda qalmayıb. Ancaq bu adda bir roman ola bilməzdi ki, diqqətimi çəkməsin.
Əvvəla ona görə ki, ilk kitabının redaktoru olduğum dostum yazıb.
İkincisi, “Fələk qırmancı” başqa bir dostumun yaza bilmədiyi romanın adıdır.
Diksindim, bəli!
Hətta, “Bu nə edir?” – deyə düşündüm də öz içimdə. Çünki mən, dediyim kimi, mərhum Mehdi Bayazidin “Fələk qırmancı” romanını necə yaza bilməməyinin canlı şahidi idim. Yaza bilmədiyi üçün necə əridiyinin, məhv olduğunun şahidi!
O əzablardan mənə da pay düşmüşdü. O yazılmayan romandan şifahi çox cümlələr dinləmişdim. Və içimdə belə bir inam peyda olmuşdu ki, Mehdi Bayaziddən başqa bu romanı yazsa-yazsa ya Balzak yazar, ya da Folkner.
İndi Qan Turalı mənə deyəndə ki, artıq roman nəşriyyatdadır, əvvəlcə elə bildim zarafat edir. Belə tezmi? Belə asanmı? Belə sadəmi?
Odur ki, romanı oxumaq üçün səbirsizlənirdim. Və bir gün əlyazmasını oxudum. Roman haqqında fikirlərimi dostuma deməli idim. Amma mən ciddi tərəddüd içində idim. Mehdidən başlayan və başa gəlməyən o mətnlə indi oxuduğum bu mətn arasında heç bir əlaqə qura bilmirdim. Bu necə romandır, bu necə “Fələk qırmancı”dır deyə düşündüm xeyli.
Etiraf edim, çağdaş nəsr haqqında bilgilərim olmasaydı, bəzi qələm adamları kimi Qan Turalının bu romanını birmənalı şəkildə inkar edərdim.
Çünki Azərbaycan nəsrində belə bir mətn olmayıb və yoxdur.
Bir an düşündüm ki, bu mətni Mehdiyə göstərsəydik, nə edərdi? Əgər içmiş olsa durub şillə atardı yəqin ki...
Mehdi haqlıdırmı sizcə?
Mən, hardasa başa düşə bilərəm onu, amma zamanın vecinə deyir heç nə. Zaman acımasızcasına Mehdinin əleyhinədir. Çünki ortada heç nə yoxdur. Əvəzində Qan Turalının kifayət qədər sanballı həcmi olan kitabı var.
Oxşar hissləri Orxan Pamukun “Qar” romanını oxuyanda keçirdim. Onu İsa Hüseynovun “İdeal”ı ilə müqayisə elədim. Qəti əmin oldum ki, “İdeal”ın enerjisi ilə beş-altı “Qar” romanı yazmaq olar. Amma ortadakı real nəticə Pamukun xeyrinədir.
Mehdi Bayazid də öz enerjisi və yazılmayan romanının karvançəkməz cümlələri ilə uduza-uduza getdi. Axırda özü qəhrəmana çevrildi. Mehdi Bayazidin özünün yaza bilmədiyi romanı ilə bahəm qəhrəmana çevrildiyini ilk başa düşən Qan Turalı oldu. Yoxsa indi haqqında bəhs etdiyimiz kitab yaranmayacaqdı.
Niyə heyrətləndim?
Mən Mehdi Bayazid haqqında nəinki belə yazmazdım, heç bu ağlımın ucundan da keçməzdi. Çünki mən Mehdini daha yaxından görürdüm. Onun daşı-qayası mənim üstümə çox uçmuşdu. Çox qalmışdım bu ağırlığın altında. Ona görə Mehdini belə bir oyuna çəkməyə ürəyim gəlməzdi. Hərdən düşünürəm ki, Qan Turalı da Mehdini mənim kimi yaxından tanısa bu romanı yazmazdı. Yaza bilməzdi. Məsələyə, yazıçılıqdan öncə insan kimi baxardı və uduzardı.
Ömür boyu “qanı adamın üzünə sıçrayan” mətnlər aludəsi olan Mehdi Bayazidin prototipinin balaca və soyuq “akvarium”da təqdim olunması içimdə qüssəli bir sızıltı da yaratdı. Ancaq sənətdəki şərtiliyi, bu Mehdinin o Mehdi olmadığını bildiyim üçün əsərin cazibəsinə asanlıqla düşdüm. Odur ki, elə məqamı çatan kimi deyirəm: hazırlığı olmayan oxucu “Fələk qırmancı”nı OXUYA bilməyəcək. Hətta, ağzını büzüb “Bu nədir?” deyəcək. Məncə, belə adamlara mənim bu yazım da kömək eləməyəcək.
İpucları
Orta əsr təsəvvüfü haqda kafi bilgilər olmadan “Fələk qırmancı” anlaşılmazıdr. Dediyim kimi, mövzusu və yazı tərzinə görə bizdə belə əsər yazılmayıb. Ha düşünürəm, mövzuya görə yadıma ikicə roman düşür: İsa Hüseynov - “Məhşər”, Aydın Talıbzadə - “Əbuhübb”. Birinci əsər nə qədər modern olsa da klassik ənənələrə sadiqdir. Yəni, burda Nəsimi və hürufilik xəttinə inkarçı münasibət yoxdur. Əzəli-əbədi məntiq təsdiq olunur, dövrə uyğun gücləndirilərək təqdim edilir. İkinci əsərdə nisbətən fərqli yanaşma var. Ancaq burda da daha çox təsəvvüfün doğrudan da insanı təmizləməsi xətti əsas götürülür. Hətta, Aydın müəllimlə söhbətimizdə əsərini “Sergi ata” ilə müqayisə etmişdim. O, heyrətlənib demişdi ki, bu gün, bu sözü mənə deyən ikinci adamsınız.
“Fələk qırmancı”nda mövzu fərqli kontekstdən qoyulub: təsəvvüf bu günün reallıqları ilə yenidən dəyərləndirilərək estetik inkara çəkilir. Simvolların və ayinlərin əslində həyatımızı çətinləşdirdiyi tendensiyası qoyulur və oxucunu inandırır. Orta əsrlər Mehdisinin və Abbasının şəxsində “adam balası kimi yaşamaq” ən ali dəyər kimi oxucuya ötürülür.
Ancaq... orta əsrlər Mehdisi bu məqama məhz təsəvvüfün pillələrini keçərək gəlir.
Orta əsr Mehdisinə paralel qoyulan müasir Mehdi sanki reankarnasiya ilə yenidən dünyaya gələn adaşıdır. Fərqli zamanda, fərqli məkanda... Qəribədir ki, o Mehdi təsəvvüfdən həyat gerçəklərinə qaçırdısa, bu Mehdi əksinə, cəmiyyətdən, ədəbiyyatdan təkliyə, tərkidünyalığa çəkilməyə çalışır. Ən axırda isə dəhşətli bir seçim edir. Özü də yazmaq istəmədiyi, ancaq qətlə yetirilmiş sevgilisi Zeynəbin israrlı xahişi ilə yazdığı kitabın prezentasiyasında. O, yazmağı ən böyük günah sayırdı. Mehdi Bayazid yaza bilmirdi, bu yazmaq istəmirdi.
Romanda ikinci ciddi fənd mətn içində mətn fəndidir. Turalın romanında bu mətnlər bir neçə dənədir. Bu mənada “Fələk qırmancı” milli ədəbiyyatda Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı ilə qohumdur. Ancaq “Yarımçıq əlyazma”da mətn bir dənədir. Tural həm yazılmayan “Fələk qırmancı”, həm yazılan “Fələk qırmancı”, həm də müasir Mehdinin səs yazılarından sevgilisi Zeynəbin qələmə aldığı yazılarla mətn içində üç mətn təqdim edir. Oxucunun qafası bir balaca qarışır. Halbuki sufinin mətni də ideyanı ötürmək üçün yetərlidir və əslində əsl mətn budur.
Ərəb əlifbasında yazılmış bu mətnin əsl müəllifinin mistik naməlumluğu çox yaxşıdır. Çünki əsas müəlliflər və zamanlar deyil, həqiqətin özüdür.
Müəllifin obraz kimi romanda peyda olması dünya və türk ədəbiyyatında işlənsə də bizim üçün yeni tendensiyalardandır. Eyni zamanda Qan Turalının son məqaləsinin həm də əsərin finalı olması maraqlı tapıntıdır. Burda reallıqla bədiiliyin sərhədləri itirilir və həyat özü də oyuna cəlb edilir.
Zaman paralelləri deyəndə istər-istəməz “Master və Marqarita” yada düşür. Yerli ədəbiyyatdan isə, təbii ki, “Ölüm hökmü” və “Qətl günü”... Məncə, Tural milli ədəbiyyatın mənimsəməkdə olduğu, hətta bəlkə artıq mənimsədiyi bu postmodern fənddən ustalıqla istifadə edib. Ona görə ustalıqla istifadə edib deyirəm ki, zamandan-zamana keçidlərdə heç bir yamaq və montaj yeri hiss olunmur. Üstəlik, romanın müxtəlif obrazların dilindən nəql olunduğunu nəzərə alsaq, qurğusal olaraq elə də asan məsələ deyildir.
Ən ciddi fərq
“Fələk qırmancı”nın yerli ədəbiyyatdan qurğusal olaraq ən ciddi fərqi, bax elə yuxarıda qeyd etdiyim nüansdır. Roman qəhrəmanlarının dili ilə nəql olunur. Yəqin, ilk öncə yadınıza Orxan Pamukun “Mənim adım qırmızı” əsəri düşdü. Amma bir az qabağa gedib, Folknerin “Hay-küy və qəzəb”ini də xatırlaya bilərik. Elə Turalın özünün məşhur “Şaxta Babanın qətli” hekayəsi də bu qurğunun balaca modeli idi. Ancaq “Fələk qırmancı”nın bu əsərlərdən bir fərqi var ki, məncə bu, heç də müəllifin xeyrinə deyil: əsər müasir Mehdinin sevgilisi Zeynəbin dili ilə başlayır, arada Molla Sadığın da dilinə keçilir, amma sonlara doğru Zeynəb də, Molla Sadıq da təhkiyəni Mehdilərə buraxıb əsərdə yalnız obraz kimi qalırlar. Eləsə niyə başlamışdılar? Əgər estafet axıracan obrazdan obraza keçəcəkdisə başa düşülən olardı. Amma keçmir. Söz Qan Turalının məqaləsinəcən Mehdilərdə qalır.
Hadisələr müxtəlif dövrlərdə baş verdiyi üçün daraq dişi kimi iç-içə keçirilərək ənənəvi birxətli süjetdən yaxa qurtarılıb. Və qurğu usta təqdim olunduğundan anlaşılmazlıq yaranmır. Əsər su kimi oxunur və rahat başa düşülür.
İdeya
Bu söhbətlərdə Qan Turalı Axilles qədər güclüdür. Qurub-qoşmağın ustasıdır. Mahiyyətcə postmodern insandır. Hər şeyi, bəzən ən ali hissləri belə oyuna gətirməyi, ironiya hədəfinə çevirməyi bacarır. Müşahidə etmişəm, Qan Turalının bizim mühafizəkar cameədə qəbul olunmamasının ən vacib amili budur. Adamlar oyunla, belə deyək, reallığı qarışdırırlar. Tutaq ki, Vudi Allenin filmlərinə “Axırıncı aşırım”, “Şərikli çörək” pəncərəsindən baxırlar və çox eybəcər şeylər görürlər. Saday Budaqlının “Füruzə qaşlı sırğa” hekayəsinin kontekstindən Qan Turalının “Kafka” hekayəsinə yanaşmaq, ya məsələdən hali olmamaq, ya da qəsdən cığallıq eləməkdir. Müqayisə qüsurlu olsa da eyni tendensiyanı Fellini aşiqlərinin Tarantinoya münasibətində də görə bilirik. Birdəfəlik başa düşmək lazımdır ki, hər əsərə özünün estetik planında yanaşmaq lazımdır. Düzdür, Qan Turalının özündə də bəzən belə “cığallıqlar” olur. Amma mən bunu daha çox zarafat kimi qəbul edirəm.
Mənim ehtimalıma qalsa “Fələk qırmancı” da onu çox sevən və ümumiyyətlə qəbul etməyən iki dəstə yaradacaqdır. Ancaq yaxşı olardı ki, romanın estetik dəyərlərini bilərəkdən yanaşılsın və tənqid olunsun. O zaman mənim də bəzi tərəddüdlərim keçib gedə bilər.
Romanı ideya və struktur qatında monolit əsər hesab etmək olar.
Dediyimiz kimi, ideya təsəvvüfün inkarı və yenidən dəyərləndirilməsi üzərində qurulduğu üçün əsər sırf postmodernistdir. Eyni zamanda qeyd etdiyimiz və etmədiyimiz bir çox postmodern priyomlardan da istifadə edilmişdir. Bunlar nə qədər tutub, nə qədər tutmayıb, yəqin tənqidçilər tərəfindən müzakirə olunacaqdır.
Qan Turalının müasir dünya və Qərb dəyərlərinə uyğun yerli məzmun verməyə çalışması da romanın uğurlu cəhətlərindəndir. Məncə, bu, ən ağıllı seçimdir.
İradlarım
Bu bölmə bir az uzun da ola bilərdi. Ancaq kitabın yeni çıxdığını nəzərə alaraq xəfif və yığcam ötüşməyə çalışacam.
Məncə, müəllif bütün kitab boyu rakursunu və tempini dəyişməyib. Yalnız bir neçə yerdə bu “ənənə” qismən pozulur: Molla Sadıqla Qazının söhbətində, o Mehdi ilə Abbasın, Molla Sadıqın, bu Mehdi ilə Zeynəbin canlı dialoqlarında, bir də Qan Turalının məqaləsində...
Sanki, 100-cü səhifədən sonra yada düşür ki, ey dadi-bidad, qəhrəmanlar canlı danışa da bilərlər. Nə olsun hadisələri özləri nəql edirlər.
Əsər üçün ən ciddi iradım: bütün roman Qan Turalının romanın finalındakı məqaləsinin dilində və təhkiyəsində yazılıb...
Üstəlik əsərdə bədii ifadə və təsvir vasitələrindən, orijinal deyim və maneralardan çox az, hətta yox dərəcəsində istifadə olunub. Qəribədir ki, bütün bu səbəblər əsəri yeknəsəq və yorucu etməli idi, amma etmir.
Müəllif ideyanın dalınca tələsir.
Sanki onun məqsədi mətn yaratmaq yox, ideyanı çatdırmaqdır. Əgər belədirsə yığcam bir trakdad yazmaq daha məqsədəuyğun olmazdımı?
Turalın oxucusu bir qatarla gözəl mənzərələr içərisindən keçib uzun yol gedən qatar sərnişininə bənzəyir. Ancaq ona elə balaca bir pəncərə veriblər ki, ordan yalnız relslərin yanı – sürətlə ötüb keçən oxşar mənzərələr görünür.
Misal üçün, Mehdinin çiləyə düşməsi, Yusif surəsini oxuyarkən içinə şübhələrin dolması, zina edən müridləri azad etmək üçün Molla Sadıqla söhbətləri ki, romanın əsas dönüş nöqtələridir, onun yemək yeməyi və yol getməyi ilə eyni tempdə, eyni havada, eyni emosional-psixoloji halətdə və eyni soyuqluqda təqdim olunur. Bu müəllifin soyuqqanlılığı yox, mətnin özünün soyuqluğudur və psixoloji əhvalı ötürməyə, bəlli atmosferi yaratmağa mane olur. Ona görə klassik təsəvvüf ideyasının dekonstruksiyası mətnin özündə ümumi süjetdəki qədər tutarlı alınmır. İdeya qurğusal qatda daha rahat reallaşır, nəinki mətn qatında.
Qəhrəman qəbirdən səslər eşidir, oxucunun tükü də tərpənmir. Sanki elə belə də olmalıdır.
Roman qəhrəmanların dili ilə həm də sözün mənfi mənasında sadəcə danışılır. Getdim, yemək yedim, siqaret çəkdim, evə gəldim, filmə baxdım, yatdım... Az qala bu səviyyədə. Demək olar ki, bütün cümlələrdə hadisə və hərəkət var. Dayanma, nəfəs dərmə, ətrafa baxma, gəzişmə demək olar ki yoxdur.
Roman Zeynəbin ölümü ilə qəfil detektiv əsərə çevrilir. Yaxşı ki, çox keçməmiş müəllif nə iş gördüyünün fərqinə varır və özünü toparlayır.
Yusif surəsini oxuyarkən Mehdidə yaranan təbəddülatlar, onun Molla Sadıqla səmimi söhbəti, Abbasla mükalimələri, müasir Mehdinin içkili monoloqları başqa bir həqiqəti də üzə çıxarır: Qan Turalı mən dediklərimi edə bilər, amma etmir. Hətta bunu lazımsız sayır.
İndiki iradlarımı da əsaslandırmağa çalışa bilər ki, bu qurğusal ədəbiyyatdır, obrazlar qəsdən akvarium içərisinə salınıb, soyuq, solğun təqdim olunur, psixoloji-xarakterik cizgilərdən daha çox işarələrə, rəmzlərə üstünlük verilib...
Amma yenə də...
Bir düşünmək lazım.
Əks halda, Qan Turalı “Fələk qırmancı”nda da sadiq qaldığı yazı tərzini üsluba çevirməlidir. Amma bu, bir az çətin olacaq. Əvvəla, ona görə ki, cəmiyyətimiz çox mühafizəkardır və alternativ mətnləri qəbul edə bilmir. İkinci, Qan Turalı bu mənada ədəbiyyatı fəlsəfənin ayağına çox verir. Gərək, qızıl ortanı elə saxlayasan ki, hər ikisi ilə səmimi dostluğun axıracan davam eləsin.