Kulis.az tənqidçi İradə Musayevanın “Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər...” məqaləsini təqdim edir.
(A.Soljenitsinin “Birinci çevrə” romanı haqqında)
II məqalə
Stalin bilirdi ki, bir müddət keçəndən sonra insanlar
bütün pis işləri bağışlayacaqlar, unudacaqlar və
hətta onları yaxşı kimi xatırlayacaqlar...
“Birinci çevrə” romanında sanki bütün zamanlara və bütün məkanlara aid diktatorların ətrafında dolaşan ümumiləşmiş, tipik xarakterli “köməkçi” obrazları var. Poskryobışev 15 ildən çox idi ki, Stalinin şəxsi katibliyinin rəhbəri idi. Stalinin inandığı, ona həmişə sadiq, qul psixologiyalı Poskryobışev ağasının qarşısında daima təzim jesti ilə boynunu büküb dayansa da, bu yaxınlıqdan istifadə edib özündən aşağılara qarşı amansız və laqeyd, iddialı münasibət nümayiş etdirir, səlahiyyətindən eninə-uzununa istifadə edirdi. Hətta onun dediyi hər fikir məhz Stalinə məxsus qərar kimi qəbul edilir...
Romandakı dialoqlar, obrazların daxili monoloqları, adi söhbət və fikir mübadiləsi kimi görünən mətn parçalarının hər cümləsi mövcud siyasi mənzərəni göz önündə canlandırır. Məsələn, Abakumovun Stalinə gecənin yarısı etdiyi məruzənin mövzusu həm də daha çox həbslər, cəzalar ilə bağlı idi. O, Ruhani Akademiyası, Frunze Akademiyasındakı həbslərdən danışırdı, Stalin həvəslə dinləyirdi...
Soljenitsının nasir kimi hadisə və situasiyaları, xarakterlərin tipik cizgilərini təsvirində böyük ustalıq görürük. Romanın müxtəlif səhifələrində hər obrazın mahiyyətini, bədii portretini tamamlamağa xidmət edən sənətkar qələminin işi var. O, öz qəhrəmanlarını bir mövqedə təqdim etmir. Əsərin qəhrəmanları müxtəlif dramatik vəziyyətlərdə fərqli cizgilərlə özünü təqdim edir. Məsələn, müəllif Abakumovun saraşka rəisi, mühəndis alimlərlə münasibətdəki saymazyana və ədalı, hədələyici davranış maneralarını Stalin qarşısındakı müti, qorxaq və hiyləgər yaltaqlıq jestləri ilə qarşılaşdırır. Və ya Stalinin ani olaraq xəyalından keçirdiyi bir kiçik xatirəsində (vaxtilə İnqilab muzeyinə baxarkən divardan asılmış Jelyabovun və Perovskayanın böyük portretlərini görüb üşənmişdi. Onların simaları açıq, gözləri qorxusuz, baxışları iti idi. O belə gözlərdə “Tiranı öldür!” – şüarı görürdü. “Narodnaya volya”nın bu iki üzvünün baxışları iki ox kimi onun boğazını dəldi... Stalin diksindi, xırıldadı, öskürdü və öskürə-öskürə də barmağı ilə portretləri göstərdi. Onları dərhal çıxartdılar. Leninqrad muzeyindən də inqilabın ilk yadigarını – II Aleksandrın karetinin qalıqlarını götürdülər”) belə onun siyasi, psixoloji durumunun cəmiyyət və mədəniyyət üçün nə qədər qorxulu olduğunu göstərir.
Əsərin Stalinlə bağlı hissələrində böyük siyasi fiqurlar haqqında daha çox məlumat əldə edirik. Daha doğrusu, Stalin, məsələn, düşüncəsində Trotski, Zinovyev, Kamenev, Çörçil, Ruzvelt, Hitlerlə münasibətlərini analiz etdikcə həm də özümüzü XX əsrin böyük siyasi qalmaqallı mühitində hiss edə bilirik. Və bütün bu təqdimetmədə yenə diktator baxışlarının, nəzəriyyəsinin, hakimiyyət düsturunun tezisləri bədii ampluada ortaya qoyulur. Yəni, romanda əsas götürülən siyasi baxışlar və ideyalar bədiilik şərtlərini zədələyə bilmir.
Romanın ən maraqlı dramatik məqamlarından biri də məmurlar, nazirlər və ziyalılar kontrastıdır. Müəllif təhkiyəsində hər cümlə mənalı suallar doğurur. Nazirin qəbulu prosesi özü ayrıca bir süjet, kompozisiya sxemi yaradır. “Ölüm şöbəsi”nin müdiri otaqdan çıxır, həbsxana rəisi daxil olur. Hər bir məmur otağa daxil olanda Stalinin 5 metrlik portreti qarşısında həyəcanla təzim edir, şəkildəki “xozeyn”in belə gözlərinə baxmağa cəsarət etmirlər. Nazirlər və məmurlar ona öz aralarında “xozeyn” deyirdilər. Ölkənin xozeyni... O hər şeyin sahibi idi, hətta talelərin və düşüncələrin belə... Və hamısı yalan, zor, hiylə, riyakarlıq məcmusudur,sanki. Bu adamların hüzuruna təşrif buyurduqları nazir Abakumov isə cəmi 4 sinif oxumuşdu. Amma yaxşı istintaq aparan və “çənələri yaxşıca dağıda bilən” iri cüssəli bu məmur çox qısa zamanda vəzifə pillələrinin pik həddinə qədər qalxdı, nazir oldu. Əsərdə deyildiyi kimi, nazir kimi fəaliyyəti boyunca bircə dəfə də olsun anlamadı ki, savadı çatmır, 4 siniflik ibtidai təhsil və elə o cür də ibtidai təfəkkürlə böyük bir ölkənin taleyüklü işlərini idarə edirdi.
Yumruğu, hədə-qorxuları, başı üzərində asılmış Stalin portretinin vahiməsi və əlaltılarının “sədaqətli” xidməti hesabına... Alimlər, mühəndislər haqqında onun ibtidai düşüncəsi amansız qərarlar verirdi. “Həbs et hamısını, it uşağını, baş ağrıtmaq nəyə lazımdır? - Abakumov hiddətləndi. – yeddi nəfər! Bizim ölkəmiz böyükdür, kasıblamarıq!”
Romanın ideya qatlarında bir nida işarəsi közərməkdədir: Hər kəsə, hətta dövlətə, xalqa, tarixə də xəyanət etmək olar, öz ata-analarınıza da, amma Stalinə, onun qan gölündə üzən sosializminə və xəyallarda nağıl kimi gəzdirilən kommunizm yalanına heç vaxt!
“Birinci çevrə” romanı ilk baxışdan çox sadə bir süjet əsasında hərəkətlənən hadisələrin toplusu kimi görünə bilər. Stalinin tapşırığı “Vokoder” adlı aparat hazırlanmalıdır. Bu aparatı məhbus alimlər, mühəndislər başa gətirməlidir. Ancaq həyatda öz iradə və azadlığından başqa hər şeyini itirən bu adamlar onlara əmr edən cahil məmurlarla hesablaşmaq istəmir. Və situasiyada konflikt yaranır. Yazıçı həmin sadə süjetin mərhələlərində, gedişatında imperiya, diktatura rejimi, diktator idarəetməsindəki rəzalət, mənəviyyata vurulan öldürücü zərbə, ziyalılara tutulan divan haqqında real və canlı həyat lövhələri yarada bilir.
Selivanovski, Oskolupov, Yakonov – hər üç məmur “sadiq it baxışı ilə” Abakumova baxır və yalvarışla vaxt (3 il müddətinə başa gəlmək ehtimalı olan tədqiqat işinə cəmi bir ay) istəyirdilər, həmin nazirin gizli şəkildə çağırtdırdığı mühəndis Pryançikov və Bobınin nazirə, müzakirə obyekti olan problemə yanaşması isə tam başqadır. Bu məmurlarda da bir-birinə qarşı hörmət, sədaqət hissi yoxdur. Rejim yalnız və yalnız bircə adama qarşı sədaqətli olmağı tələb edirdi: Xozeyinə – Stalinə! Abakumov həmin üçlüyü, onu qorxudan aldadan, hardasa onunla eyni funksiyanı icra edən adamları da cəzalandırır. “Selivanovskini leytenant rütbəsinə endirdi və qütb dairəsi arxasına ezamiyyətə yolladı; Oskolupovu 1925-ci ildə fəaliyyətə başladığı Butır həbsxanasına sıravi nəzarətçi qismində geri qaytardı; Yakonovu isə yalan dediyinə və təkrar ziyançılığa görə həbs etdi və ona həmin o göy kombinezonlardan geyindirərək həmin o Yeddinciyə, Bobıninin tabeliyinə göndərdi ki, “klipləndirilmiş nitq qurğusu”nu öz əlləri ilə düzəltsin. Sonra nəfəsini dərdi və onlara son möhlət verdi :– Leninin ildönümünə kimi!”
Əsil alim, tədqiqatçı olan və düşüncəsinə görə məhkumluq həyatı yaşayan bu insanlar (Pryançikov və Bobınin) üçün isə heç bir titul və qorxutma jestlərinin mənası yoxdur.
“– Siz mühəndissiniz... – Abakumov kağıza baxıb dəqiqləşdirdi, - Pryançikovsunuz?
– Bəli, - Valentin fikri dağınıq halda cavab verdi. – Bəli...
– Siz... – o, yenə kağıza baxdı, – süni nitq aparatı... qrupunun aparıcı mühəndisisiniz?
– Nə süni nitq aparatı! – Pryançikov narazılıq etdi.
– Bu nə cəfəngiyatdır! Bizdə onu heç kəs belə adlandırmır. Onun adını riyakarlıqla mübarizə vaxtı dəyişiblər. Vo-ko-der. Voice coder.
– Bəs siz – aparıcı mühəndissiniz?
– Ümumiyyətlə, bəli. Nə olub ki? – Pryançikov ehtiyatlandı.
– Əyləşin.
Pryançikov kombinezonunun ütülənmiş ayaq balaqlarını şəstlə düzəltdi və həvəslə oturdu.
– Sizdən xahiş edirəm ki, tam açıq, birbaşa rəisləriniz tərəfindən heç bir repressiyadan qorxmadan danışasınız. Vokoder nə vaxt hazır olacaq? Açıq deyin, bir aya hazır olar? Ya da ki, bəlkə iki ay lazımdır? Qorxmayın, deyin.
– Vokoder? Hazır olacaq?? Ha-ha-ha-ha! – Pryançikov bu tağ-tavan altında heç vaxt eşidilməmiş cingiltili səslə güldü, yumşaq dəri söykənəcəyə söykənərək əllərini şappıldatdı.
– Nə danışırsınız?! Siz nə danışırsınız?! Siz, deməli, vokoderin nə olduğunu başa düşməmisiniz. İndi sizə izah edərəm!”
Əlbəttə, nazirlə bu cür danışıq təsəvvür edilməzdir. Lakin nazir də riyakar davranışı ilə bu tonu, intonasiyanı müvəqqəti də olsa qəbul edir. Çünki bu adamlardan başqa heç kim onları xilas etməyəcəkdi, yəni Stalinə söz verilən qurğunu hazırlaya bilməyəcəkdilər.
Nazir Abakumovla Bobınin dialoqu da çox maraqlı cizgilərlə yadda qalır. Sərbəst şəkildə, heç bir təzim və yaltaqlıq jesti etmədən kresloya əyləşir Bobınin.
“– Siz necə, aramızda fərq görmürsünüz?
– Aranızda? Yoxsa aramızda? – Bobıninin səsi çuqun kimi guruldayırdı. – Aramızdakı fərqi əla görürəm: mən sizə lazımam, siz isə mənə – yox!
Abakumovun da ildırım kimi guruldaya bilən səsi vardı və o, öz səsi ilə insanları qorxutmağı bacarırdı. Amma hiss edirdi ki, indiki halda qışqırmaq acizlik, qeyri-ciddilik olar. Başa düşdü ki, qarşısındakı çətin məhbusdur. Onu xəbərdar etməklə kifayətləndi:
– Qulaq asın, məhbus. Əgər mən sizinlə yumşağamsa, yaddan çıxarmayın ki...
– Əgər siz mənimlə kobud rəftar etsəydiniz, mən sizinlə heç danışmazdım, vətəndaş nazir! Öz polkovniklərinizin və generallarınızın üstünə qışqırın, onların həyatda çox şeyləri var və bütün bunlara çox heyifləri gəlir.
– Lazım gələr, sizi də məcbur edərik!
– Səhv edirsiniz, vətəndaş nazir! – Bobıninin qorxunc gözləri aşkar nifrətlə parıldadı. – Mənim heç nəyim yoxdur, başa düşürsünüz – heç nəyim! Arvadıma və uşağıma artıq əliniz çatmaz – onları bomba aparıb. Valideynlərim – artıq ölüblər. Əmlakım isə – bir burun dəsmalıdır, kombinezon və onun altındakı düyməsiz tuman-köynək isə (yaxasını açaraq göstərdi) dövlətindir. Azadlığımı çoxdan əlimdən almısınız. Qaytarmağa isə gücünüz çatmaz, sizin özünüzdə də bu güc yoxdur. Qırx iki yaşım var, iyirmi beş il də belimə qoymusunuz, katorqada artıq olmuşam, nömrə ilə də gəzmişəm, qandalla da, itlərlə də, gücləndirilmiş rejimli briqadada olmuşam. Məni daha nə ilə qorxuda bilərsiniz? Daha nədən məhrum edə bilərsiniz? Mühəndisliyimdən? Bundan özünüz daha çox ziyan çəkə bilərsiniz...”
Bobınin nazirdən çəkinmədən onun “sizə 1 il vaxt verilmişdir” – hökmünə cavab olaraq: “Necə yəni vaxt verilmişdir? Siz elmi sehrli çubuq kimi təsəvvür edirsiniz?” – deyir. Və ən tez, iki il yarım, üç il vaxt lazım olacağını bildirir. Qəribə bir gərginlik yaranır. Stalin artıq “klipləndirilmiş səs aparatı”nın (vokoder) hazır olduğunu düşünür, Abakumov həbsxana başçılarına bu iş üçün 1 ay vaxt verib, o işi görəcək adamlar (Bobınin, Nerjin, Pryançikov və başqaları) isə bu işə qol qoymaqdan ya imtina edib, ya da 3 il vaxt istəyib. Deməli, Stalinin qəzəbi, Abakumovun hiyləgər və qisasçı xisləti yeni ölüm hökmləri üçün hazırdır artıq...
Stalinin anası ölərkən ona: “Heyif ki keşiş olmadın”, – demişdi. “Dünya proletariatının rəhbəri, slavyan dünyasını bir yerə toplayan insan, anasına uğursuz kimi görünürdü. Stalin, hər ehtimala qarşı, Allaha zidd danışmırdı, onsuz da belə natiqlər az deyildi. Lenin xaça tüpürürdü, onu tapdalayırdı, Buxarin, Trotski Аllahı ələ salırdılar, Stalin isə susurdu. Stalin tapşırmışdı ki, onu seminariyadan qovan kilsə müfəttişinə, Abakadzeyə dəyməsinlər. Qoy ömrünü axıra kimi yaşasın”.
900 səhifəlik “Birinci çevrə” romanının içərisindən ayrıca bir “Stalinnamə” adlı sənədli, tarixi roman da çıxarmaq olar. Soljenitsının təsvir etdiyi Stalin obrazı daha realistik detallarla rəsm edilmişdir. Stalinin gecə düşüncələrində az qala bir əsrlik tarix araşdırılır. Xəstə diktatorun şüur axını ona hər gecə yeni inqilablar, yeni repressiyalar, müharibələr üçün köhnə tarix vərəqlədir. Və xəyallarında isə ancaq və ancaq qalib kimi çıxır. Hətta sabah daha qəzəbli və amansız qərarlar vermək üçün rəflərə XX əsrin 20-ci illərinə aid ən kədərli və dəhşətli hadisələrlə dolu olan kitablar düzür. Suda boğulanlar, güllələnənlər, zəhərlənənlər, yandırılanlar, avtomobil qəzasına düşənlər və özünü öldürənlər! Stalin onların məzardan gələn səsləri dinləyə-dinləyə, sanki düşmən hesab etdiyi o adamların iniltisindən zövq ala-ala yeni hökmlərə imza atırdı...
Soljenitsınla başqa yazıçıların (məsələn, Markes, Oruell və b.) fərqi onda idi ki, Soljenitsın tiran, diktator haqqında sırf bədiiləşdirilmiş şəxs kimi danışmırdı. O, Stalini öz adı, əməlləri, həyatı və düşüncələri ilə romanına gətirmişdi. Soljenitsın da Dostoyevski kimi həyatın tam ortasında dayanaraq, bütün fiziki və mənəvi-ruhi yaşantılarını bədiiləşdirməklə məşğul olurdu. O, həbsdən çıxandan sonra belə dustaqların hekayələrinə qulaq asmaqda davam edirdi. İnsan ağrılarının sızıltısını dinləyə-dinləyə yazırdı... Halbuki Stalin gecələr gülləkeçməz şüşələr arxasında oturub o sızıltılardan vəcdə gələ-gələ insanlar üçün yeni amansız qərarlar düşünüb tapırdı. Bu paradoksallıqda isə sanki bütün Rusiya, bütün SSRİ, bütün bəşəriyyət Soljenitsının deyil, Stalinin yanında idi. Siyasətlə ədəbiyyat qarşılaşmışdı, siyasi əqidə və məqsədlərlə ədəbi-estetik meyarların qənaətləri toqquşurdu və siyasətin tiranı, imperatoru ədəbiyyatın ən dürüst adamını 1945-ci ildə, cəbhədə onun qələbəsi naminə döyüşdüyü yerdəcə həbs etdirmişdi... Stalin öləndən sonra da onun yaratdığı senzuralar, qol qoyduğu qadağalar və çürümüş başlar, üfunət qoxuyan iflic beyinlər bu dürüstlüyü həzm edə bilmədi. Soljenitsını hər kəsdən ayıq və cəsarətli, istedadlı olduğu üçün hətta həmkarları belə bağışlamadı... Soljenitsın həqiqəti tək qalmışdı, özünün də dediyi kimi “zor yalana, yalan da zora söykənib baş-başa, müttəfiq kimi yaşamaqda idi”...
Stalin “heyrətlənirdi” ki, insanlara demokratiyanı yaşatmaq cəhdləri alınmır: “Bu nə təhər olub ki, dilçilikdə Arakçeyev rejimi hökm sürür? Heç kəs Marra qarşı söz deməyə cürət etmir. Qəribə insanlar! Qorxaq insanlar! Onları demokratiyaya öyrədirsən, öyrədirsən, çeynəyirsən, çeynəyib ağızlarına qoyursan - yenə uda bilmirlər!”
İnsanların qorxaqlığı və yaltaqlığı Stalini inandırmışdı ki, o dahi, müdrik, ədalətli və nəinki yüz milyonlara, hətta yer üzünə, bütün bəşəriyyətə hökm oxumaq gücündə olan qeyri-adi bir varlıqdır. Stalinin gücü nə Makedoniyalı İsgəndər, nə Çingiz, nə Teymur, nə də başqa tiranlar, imperatorlarla müqayisə edilməz. Dünyaya siyasəti, hərbi, qılıncı ilə meydan oxuyan bu adamlardan fərqli olaraq Stalin insan şüurunu, qürurunu və ona verilmiş ali, fövqəl üstünlükləri baltalamaq, iflic etməklə məşğul idi. “Ümumiyyətlə, dünya kommunizminə yol Üçüncü Dünya müharibəsindən keçsə, daha yaxşı olar: əvvəlcə bütün dünyanı birləşdirmək, sonra da orada kommunizmi təsis etmək. Əks halda, çətinlik həddindən artıq olacaq. Daha heç bir inqilaba ehtiyac yoxdur! Geridədir, geridədir bütün inqilablar! Qarşıda isə bircəsi də yoxdur! Və yuxuya qərq oldu”.
Qeyd etdiyim kimi, Soljenitsın mətninin bədiiliyində siyasi mahiyyət çalarları qabarıqdır. Yuxarıdakı sitatda da gördüyümüz kimi, Stalin 70 yaşında gələcək böyük planlarından, kommunizmdən, yer üzünə hakimlik strategiyasından uzun-uzadı danışır, düşünür və müəllif onun kainatı təkəbbürlə dolaşan xəyallarına münasibətini belə bir cümlə ilə bitirir: “Və yuxuya qərq oldu”... Yuxu, illüziya, xam xəyallar boşluğunda bir diktatorun milyonlarla insana qan uddurması, cəmiyyəti xaraktersiz, şəxsiyyətsiz, yetim vəziyyətdə qoyması isə reallıq idi...
Ruhən, psixoloji baxımdan xəstə olan bir hökmdar milyonlarla insanın taleyində həlledici rol oynaya bilirdi...
“Birinci çevrə” romanındakı saraşka elə bir məkan di ki, orada cəmiyyətin siyasi, sosial, psixoloji və daha çox elmi-mədəni münasibətlərinin tipik mənzərələri ilə tanış olmaq olur. Burada, oğrular, quldurlar, qeyri-əxlaqi davranışlarına görə tutulan məhbuslar yoxdur. Ağlını, zəkasını, iradəsini zora təslim etməyən insanlara qarşı tarixin ən amansız oyunlarından gedir söhbət. Buradakı məhbusların əlindən kitab düşmür. Fəlsəfə, siyasət, fizika, riyaziyyat, ədəbiyyat kateqoriyalı mövzular günlərlə müzakirə olunur, elmi tədqiqat işləri aparılır. Və bütün bu işləri məhbus alimlər adını düz-əməlli yaza bilməyən nəzarətçilərin təqibli baxışları altında edirlər. Məsələn, Nerjinlə Soloqdin balta ilə, mişarla az qala bir maşın odun doğrayır. Bu prosesdə onların söhbəti hansısa bir elmi seminar, konfrans tezislərinə bərabər fraqmentlərlə yadda qalır. Amma bütün cəmiyyətdə, sovet quruluşunda olduğu kimi, saraşkada da insanlara dəmir alətlər qədər belə dəyər verilmirdi. Öhdəliklər, normalar, təqiblər və sonda da cəzalandırmalar! “Kim hansı işdən yapışırsa yapışsın, tezliklə uydurulmuş, mümkünsüz, adamı şikəst edib kor qoyan müddətlərin əsirinə çevrilirdi: daha çox! Daha tez! Yenə! Yenə!!! Normanı! Normadan əlavə!! Üç norma!!! Fəxri növbə! Qarşılıqlı öhdəlik! Vaxtından əvvəl! Vaxtından daha əvvəl!!! Binalar aşır, körpülər davam gətirmir, konstruksiyalar sınır, məhsul çürüyür və ya heç bitmirdi. – Bu cür burulğana düşən insanın, yəni ayrılıqda götürülmüş hər bir adamın isə xəstələnmək, bu çarxların arasında qalıb yaralanmaq, dəli olmaq, qəzaya düşmək – yalnız bu halda xəstəxanada, sanatoriyada yatmaq, özünü unutdurmaq, meşə havası ilə nəfəs almaq olardı – və yenidən, yenidən, tədricən həmin boyunduruğa təkrar girməkdən başqa heç bir çıxış yolu qalmırdı. Bu ölkədə ancaq xəstələr öz xəstəlikləri ilə (klinikada yox!) tək qalanda, həyəcansız yaşaya bilərdilər”.
Romanda ziyalı adına təsvir edilən hər bir obrazın yaşantılarında Soljenitsının həmin quruluşdan çəkdiyi sitəmlərin, mənəvi-psixoloji ağrıların ştrixləri var. Saraşkada ağsaqqal akademiklər, keşişlər, rəssamlar, mühəndislər, generallar, köhnə bolşeviklər, böyük-böyük ixtiraçılar vardı. Soljenitsının vətəndaşlıqdan çıxarılması reallığı elə elm adamlarının, universitet müəllimlərinin divardan qoparılan, cırılıb çıxarılan şəkillərinin yerindəki boşluq məntiqi ilə müqayisə edilə bilər. Məsələn, yetmiş yaşlı professor, Mendeleyevin sevimli tələbəsi Knyajenetski on il həbs cəzasına məhkum edilir. Daha sonra guya onun böyük elmi xidmətləri nəzərə alınaraq azad əməkdaş qismində üç il də belə işləyir və günlərin birində, nazirliyə çağırılır, lakin bir də geri qayıtmır. “Knyajenetskinin gümüşü başını əsdirə-əsdirə institutun qırmızı xalça döşənmiş pilləkəni ilə düşməsi Yakonovun yadında idi. Professor yarım saatlığa nazirliyə nə üçün çağırıldığını hələ bilmirdi, onun arxasında, elə həmin pilləkənin yuxarı meydançasında əməliyyat müvəkkili Şikin isə artıq cib bıçağı ilə professorun şəklini institutun şərəf lövhəsindən söküb götürürdü”.
A.Blok XX əsrin 20-ci illərində “Ziyalı və inqilab” məqaləsində ziyalıları inqilabı müdafiə etməyə, qorumağa və onun nəticələrindən məqsədəuyğun şəkildə bəhrələnməyə çağırırdı. A.Blok Leninlə dost olmasa da, onunla bir çox məsələlərdə həmfikir idi. Blokun yaşadığı tarixi şərait onun dünyagörüşündə kəskin ziddiyyətlər yaratmışdı. İnqilaba inanmaq ehtirası onu şair kimi hər gün bir az öldürməkdə idi. Həmin dramatizmi sonralar daha faciəli sonluqla tamamlayan Mayakovski Blok haqqında yazdığı “Aleksandr Blok öldü” adlı məqaləsində deyirdi: “Mən bu ilin mayında Moskvada onu dinləmişdim. O, qəbiristanlığı xatırladan, sükut içərisində olan zalda, asta-asta və qəmli səslə qaraçı nəğmələri, sevgi, gözəl qadın haqqındakı köhnə, hamıya məlum misraları oxuyurdu. Bundan o tərəfə yol yox idi. Qarşıda isə ancaq ölüm başlayırdı”.
Lenin inqilabı Blokun hisslərini tapdayıb keçməkdə davam edirdi, arxada isə onu dəstəkləməkdən qəti şəkildə imtina edən ziyalıların qəzəbli münasibətinin soyuqluğu vardı... Ziyalılar Blokun bu cür davranışını xəyanət hesab edirdilər. Blok depressiyalar, ağır maddi durumlar yaşadı, lakin öz qısa ömründə aldanış və səhvlərinin tam nəticəsini görə bilmədi. A.Blok ağır xəstə olarkən, ölüm ayağında belə həkimlərin təyinatı və M.Qorkinin, yazıçı-publisist A.V.Lunaçarskinin MK-ya, xüsusən Leninə müraciətlərinə baxmayaraq onu müxtəlif bəhanələr və maneələrlə Finlandiyaya müalicəyə göndərmədilər...
Bu cür inam və aldanışlar ziyalıları inqilaba qurban verdi. İnqilabın bəlkə də ilk və mütəmadi şəkildə qisas aldığı təbəqə ziyalılar idi. Ziyalılar cəmiyyətin beyin mərkəzidir, bir cəmiyyəti əgər beynindən vurub iflic vəziyyətə salmaq olarsa, o zaman aşağıları – savadsız və hüququnu, haqqını tanımayan proletariatı idarə etmək asanlaşar... Və bu qisas bütün zamanlarda gizli şəkildə də olsa davam etdi... Axmatova, Svetayeva, Platonov, Bulqakov, Pasternak və onlarla başqalarının adını çəkmək olar... Soljenitsının uzunmüddətli müşahidə və araşdırmaları tək Stalin siyasətinin şablonunu dağıtmağa hesablanmamışdı. Sonrakı dövrlərdə də onun məqsədi zorla ələ keçirilmiş hakimiyyətdə xalqa qarşı yönəlmiş gücün, saxtakarlığın, cahilliyin və yalanın simasını açmaq, cəmiyyəti yalan bataqlığından çıxarmaq olub...
Azad ruhlu adamların, xüsusən ədəbi-mədəni cəmiyyətlərdə tanınan imzaların haqqında yalan, böhtan xarakterli yazılar hələ 1920-ci illərdən başlamışdı. Məsələn, məşhur siyasətçi Lev Sosnovskinin S.Yesenin haqqında yazdığı “Dələduzluğu ifşa edin” məqaləsindəki məkrli yanaşma üslubu daha on illər sonra da başqalarına, o cümlədən Soljenitsına qarşı da davam etdi...
1960-cı illərdə əsərləri Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən müsadirə olunan Soljenıtsına 1980-cı illərdə belə öz həmkarları tərəfindən iftiralar atılır, onun ictimai-siyasi ideyaları, bədii mətnlərinin məzmunu təhrif edilirdi. Qısqanclıqlar o qədər kəskin xarakterli idi ki, bəzi yazıçılar və publisistlər hətta 1980-ci illərdə Soljenitsını “millətçi”, “monarxist”, “dini fanatizm ideyalarını yayan” yazıçı kimi təqdim etməklə onun dissident kimi fəaliyyətinə son qoyularaq vətənə dönməsinə imkan vermirdilər.
Soljenitsın dini görüşlərini də sovet ideologiyasına yad tezislərlə ifadə edirdi. O, xristianlığı ruhən güclü insanların əqidə, məslək modeli kimi səciyyələndirir, sovet sisteminin anti-din təbliğatının mahiyyətsizliyini isə “xədimlərin inancı” adlandırırdı. Onun qəhrəmanlarının böyük əksəriyyəti ağıl, zəka və dini inanc keyfiyyətləri ilə təqdim edilir. Hətta Stalinin özü ilə gecə söhbətlərində belə bütün şeytani vəsvəsənin altında bir inam, etiqad qığılcımı yanıb-sönür. Amma onun diktatorluğu və insanlıq üzərindəki amansız “qələbələri” o qədər böyük iblisanə təkəbbür yaradıb ki, Stalin özünə tərəf-müqabili kimi bircə Allahı real güc sayır. Bu mövqedə belə özünü qalib sayır, eynən şeytan kimi...
Soloqdin və Nerjinin odun doğrayarkən etdiyi dini söhbətlər də buna nümunədir.
Soljenitsın ixtisasını (riyaziyyatçılığı) ədəbiyyata tətbiq edə bilən müəllif idi.
“– Sənin ağlın yoxdur. Sən beynini boş gəvəzəliklə dolduracaqsan. Sən heç nə edə bilməyəcəksən! Mənim borcum səni xəbərdar etməkdir. Nerjin qozlanın qolundan papağını götürdü və kötüklərin üstündə oturdu.
– Öz... hesablama elminə layiq ol. Düyün nöqtələri üsulunu tətbiq elə. İstənilən qeyri-məlum hal necə öyrənilir? Çəkilməmiş istənilən əyri xətt necə tapılır? Bütövlükdə? Yoxsa xüsusi nöqtələrə görə?
– Artıq aydındır! – Nerjin tələsdirirdi, o, yayğınlığı xoşlamırdı.
– Biz sınma nöqtələrini tapırıq, qayıdış nöqtələrini, ekstremal və nəhayət, sıfır nöqtələrini. Onda əyri xətt – bütövlükdə ovcumuzun içində olur.
– Onda bəs niyə bunu... insan şəxsiyyətinə tətbiq etməyəsən? – (tarixi şəxsiyyətə – Nerjin üzü üçün Zahiri Aydınlıq Dilinə tərcümə etdi.)
– Leninin həyatını bir nəzərlə əhatə et, bu zaman tədriciliyin əsas sınma məqamlarını, istiqamətin sərt dəyişmələrini görməyi bacar – və yalnız onlara aid olanları oxu. Belə anlarda özünü necə aparırdı? İnsan bütünlüklə bundadır. Qalanı sənə, ümumiyyətlə, lazım deyil.
– Deməli, mən səndən soruşanda ki urkalarla necə olmalı, üzüm də bilmədən sənə qarşı düyün nöqtələri üsulunu tətbiq etmişəm?”
Bu riyazi üsullar və riyazi təfəkkürlə hadisələri təhlil manerası həmin elmin spesifikası ilə bağlı idi. Siyasi, ictimai prosesi məntiq, mütləq nəticə, toplamalar, cəm, hasil və s. bu kimi məfhumlar vasitəsilə dərk və analiz etmək – hamısı riyaziyyatçı məntiqinə söykənirdi. Soljenitsın riyaziyyatı və Soljenitsın ədəbiyyatının vəhdətindən yaranan əsərlər bu baxımdan da yeniçalarlı dünyagörüş nümunəsi idi...
Ardı var
24.04.2018.