Kulis.az Abid Tahirlinin “Füyuzat”ın iki yazarı haqqında orijinal tədqiqat” yazısını təqdim edir.
Proqramına, turançılıq, türkçülük ideyasına, dilə, dinə, sənətə, ədəbiyyata münasibətinə, mühərrirlərinin əqidəsinə, onların cəmiyyət həyatında tutduğu mövqeyinə, ictimai rəyin, milli şüurun formalaşmasında oynadığı roluna görə Azərbaycan mətbuat tarixində ən çox və ən kəskin tənqidə məruz qalan, eyni zamanda elə yuxarıda sadaladığımız cəhətlərinə görə həm də, şəninə ən çox tərif söylənilən dövrü nəşrlərdən biri və bəlkə də birincisi türk-islam dünyasının parlaq zəka və əməl sahiblərindən Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi köməyi ilə 1906-cı ilin noyabrından 1907-ci ilin noyabrınadək Bakıda buraxılan ədəbi, fənni, siyasi, ictimai, müsəvvər, həftəlik məcmuəyi-islamiyyə “Füyuzat”dır. Sovet hakimiyyəti illərində, bir qədər də dəqiqləşdirsək, ötən əsrin otuzuncu illərindən sonra “Füyuzat” və füyuzatçılar düşmən elan olundu və məcmuəyə kəskin hücumlar başlandı. Tanınmış bir ədəbiyyatşünas alimin “Füyuzat”a ünvanladığı “Sinfi mübarizədə-əksinqilabçı, milli məsələdə pantürkist, mədəniyyət sahəsində kosmopolit, dinə münasibətdə - ortodoks islampərəst” fikri - damğası sovet dövrünün məcmuəyə münasibətini tam əks etdirir.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra “Füyuzat”a və füyuzatçılara münasibət dəyişdi və bu zəngin xəzinə milli-mənəvi irsimizin, mədəni sərvətimizin mənbəyi kimi yeni dövrün tələblərinə uyğun tədqiqata cəlb olunmağa başlanıldı. Vaxtı ilə Cəlil Məmmədquluzadə, Əlabbas Müznib, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Qafur Rəşad tərəfindən yüksək qiymətləndirilən məcmuə müstəqillik illərində Rəfiq Zəka, Yaşar Qarayev, Kamal Talıbzadə, Əziz Mirəhmədov, İsa Həbibbəyli, Şamil Vəliyev, Xeyrulla Məmmədov, Rasim Kamaloğlu (Mirzəyev), Kamil Vəliyev, Azər Turan, İslam Ağayev kimi görkəmli alimlərin tədqiqatlarında layiqli dəyərini almışdır. Filologiya elmləri namizədi Ofelya Bayramlı 2006-cı ildə, obrazlı ifadə ilə desək, öz adını əbədi olaraq “Füyuzat” tarixinə yazdırdı: məcmuənin tam mətninin ərəb əlifbasından latın əlifbasına transliterasiyasını ön sözlə birlikdə hazırlayıb çap etdirdi. Mövcud tədqiqatlar məcmuə və füyuzatçllarla bağlı bütün suallara cavab verildiyni, qaranlıq məqamların tamamilə işıqlandırıldığını, məcmuənin, onun mühərrilərinin irsinin hərtərəfli və tam şəkildə tədqiq olunduğunu, dəyərləndirildiyini iddia etməyə əsas vermir.
Görkəmli ədəbiyyatşünas, fədakar elm və dövlət xadimi prof. Vilayət Quliyevin bu yaxınlarda işıq üzü görən “Füyuzat”ın iki yazarı” adlı monoqrafiyası (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017, 224; prof. Asif Rüstəmlinin elmi redaktorluğu ilə) fikrimizə ciddi əsasdır.
“Füyuzat” məcmuəsinin ilk nömrəsinin çapdan çıxmasının 110 illiyinə ithaf olunmuş kitaba akademik İsa Həbibbəyli “Ədəbiyyatşünaslıq andına sədaqət” adlı ön sözündə monoqrafiyanı “ciddi, düşündürücü və əhəmiyyətli bir elmi əsər” , “oxunaqlı və təsirli bir “JZL”, “Füyuzat”ın fəal əməkdaşlarından Həsən Səbri Ayvazovun və Əhməd Kamalın həyat və yaradıcılığına həsr olunmuş “həm də tale romanı olan orijinal bir tədqiqat” adlandırır.
Onlarca mötəbər mənbəyə, tarixi sənədlərə, məqalə və kitablara istinad edilərək qələmə alınmış “Füyuzat”ın iki yazarı” kitabında əslən Krım yarımadasının Alupka qəsəbəsindən olan milli ədəbiyyat və ictimai-siyasi fikir tarixində, yazıçı, dramaturq, publisist, tərcüməçi, ədəbiyyatşünas alim, dövlət xadimi və diplomat kimi parlaq iz buraxmış Asan Səbri Ayvazov (1878-1938) və Osmanlı ordusunun miralayı Əhməd Rasimin oğlu, türk publisisti, şair, tənqidçi, pedaqoq, gənc türklər hərəkatının tanınmış simalarından Əhməd Kamal Akünalın (1873-1942) həyat və yaradıcılığı, xüsusi ilə onların “Füyuzat” məcmuəsindəki fəaliyyəti yüksək peşəkarlıqla hərtərəfli və dərindən araşdırılır. Dövrün 30 nəfərə yaxın görkəmli xadiminin, o cümlədən Krımdan, Türkiyədən, İrandan olan yazıçı, şair və publisistin də əməkdaşlıq etdiyi “Füyuzat” məcmuəsindən prof. Vilayət Quliyevin məhz Krımlı Asan Səbri Ayvazovun və Türkiyədən olan Əhməd Kamal Akünalın həyat və yaradıcılığından bir kitabda bəhs etməsi təsadüfi deyil, çox təbiidir. Əvvəla, xarici ölkələrdən “Füyuzat”la əməkdaşlıq edənlərin ən fəalları elə Asan Səbri Ayvazov və Əhməd Kamal Akünal olmuşlar. A.S. Ayvazovun məcmuənin işıq üzü görən 32 nömrəsində 24 (!), Əhməd Kamalın “Füzuzat”la 5 aylıq əməkdaşlığı dövründə 13 məqaləsi, 5 şeiri dərc edilmişdir! Onlar Əli bəy Hüseynzadə ilə birlikdə məcmuənin istiqamətini yönləndirən, əsas ağırlığını üzərinə götürən ədəbi simalardır. Bu iki publisistin yaradıcılıq və tale yolları da bir-birinə bənzəyir. Görünür, bütün bu amillər tədqiqatçını iki görkəmli qələm ustasının həyat və yaradıcılıq yolunu bir kitabda, akademik İsa Həbibbəylinin təbirincə desək, “elm ağırlıqlı JZL”də birləşdirməyə sövq etmişdir.
Monoqrafiya “Asan Səbri Ayvazov” və “Əhməd Kamal” adlı iki hissədən ibarətdir. Krımlı yazarın çətin keçən uşaqlıq həyatı, boya-başa çatdığı mühit, gəncliyinin İstanbul dövrü barədə kifayət qədər məlumat verdikdən sonra tədqiqatçı yazır ki, ictimai-siyasi proseslərə fəal qoşulan H.S. Ayvazov ekən yaşlarından mətbuatla da əməkdaşlıq etməyə başlamış, Qahirədə çıxan “Müvazene”, “Türk” və Baxçasarayda buraxılan “Tərcüman” qəzetlərində məqalələrlə çıxış etmişdir. Hasan Səbri Ayvazovun fikri inkişafında, məsləyinin formalaşmasında İsmayıl Qaspiralı, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi xadimlər, XX əsr Azərbaycan ədəbi, mədəni mühiti, mətbuatı mühüm rol oynamışdır.
Prof. Vilayət Quliyev Hasan Səbri Ayvazovun müasirləri, yaradıcılığındakı başlıca mövzular, publisistin sənətkarlıq məharəti, məqalələrinin dil, üslub rəngarəngliyi, oxucuların beyninə və hisslərinə təsir etmək bacarığı barədə məhəbbətlə söz açır, yazılarından sitatlar gətirərək fikir və mülahizələrini əsaslandırır. Hasan Səbri Ayvazovun türkçülüyə, Azərbaycan mədəniyyətinə, mətbuatına, “Həyat”ın və “Füyuzat”ın ideallarına bağlılığını, mehr-məhəbbətini, heyranlığını duymaq, hiss etmək üçün onun “Füyuzat”ın 2-ci nömrəsində “Həyat”ın qürubundan və “Füyuzat”ın tüülundan hasil olan təəssüratım”, 6-cı nömrəsində “Krımlılar nə üçün tənqid edilmiyor” adlı məqalələrini və Türkiyəli tanınmış tədqiqatçı Ömər Özcan tərəfindən tapılan Əli bəy Hüseynzadəyə Krımdan ünvanlandığı məktubu oxumaq kifayətdir. “Həyatın” bağlanmasına dərindən kədərlənən, “Füyuzat”ın tüüluna bütün varlığı ilə sevinən Hasan Səbri Ayvazovun duyğularının tərcümanı kimi V. Quliyev yazır: “Özünü yetim qalmış hiss edən, səsini, sədasını, fəryad və fəğanını insanlara çatdırmaq imkanını itirdiyindən, hüzn və ələmə qapılan Asan Səbri belə üzücü ab-havada gələcəyə ümidlə baxa bilmək üçün bir səbəb, vəsilə tapdığına sevinirdi. Həmin səbəb “Həyat”ın yerinin boş qalmaması, onun ardıcılı, varisi kimi ədəbi-bədii və fəlsəfi ağırlıqlı “Füyuzat”ın meydana çıxaraq əvvəlki dəsti-xətti, əski milli maarifçilik missiyasının davam etdirməsi, üstəlik, bəzi məsələlərdə ortaya daha güclü və səbatlı mövqe qoyması ilə bağlı idi”.
Milli ədəbiyyat tarixinə, həm də nasir və dramaturq kimi düşən Hasan Səbri Ayvazovun bu istiqamətdəki fəaliyyətinə diqqəti çəkən Vilayət Quliyev onun “Füyuzat” məcmuəsində dərc olunmuş “Nədən bu hala qaldıq” üç pərdəli pyesinin mövzu və sənətkarlıq problemlərindən də bəhs edir. Təqdirəlayiqdir ki, V. Quliyev Hasan Səbri Ayvazovun “Füyuzat” bağlandıqdan sonrakı taleyini də izləməkdə davam edir, onun Krımdakı pedaqoji fəaliyyətindən, Misirə, Moskvaya, İsveçrəyə səfərlərindən, İsmayıl Qaspiralının vəfatından sonra “Tərcüman”a, eləcə də “Millət” qəzetlərinə redaktorluğundan, Krım Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirakından, Krım Parlamentinə rəhbərliyindən, 1922-ci ildə Krımda baş verən dəhşətli aclığın arada qaldırılması məqsədi ilə yardım üçün Türkiyəyə getməsindən, 1926-cı ildə Bakıda Türkoloji qurultayın işində fəaliyyətindən kifayət qədər əhatəli məlumat verir.
Krımda bolşeviklərin hakimiyyəti bərpa olunduqdan sonra baş verən ictimai-siyasi proseslər, təbəddülatlar Hasan Səbri Ayvazovun dünyagörüşünə, fəaliyyətinə və düşüncə tərzinə də təsirsiz ötüşmür. Vilayət Quliyev əski “Füyuzat”çının şübhə, tərəddüd və qorxularla dolu həyatındakı dəyişiklikləri, iztirab, üzüntü və sıxıntıları, xilas üçün dostlarından dönə-dönə və acizanə, çarəsiz imdad və yardım diləməsini mövcud rejimin təbiəti ilə məharətlə əlaqələndirir və qeyd edir ki, 16 il davam edən təqib və təzyiqlər məntiqi sonluqla bitir, 1937-ci iln aprelin 5-də Krım-tatar ədəbiyyatının canlı klassiki Hasan Səbri Ayvazov həbs olunur. Zindanda ona həbsxana qeydləri yazmaq üçün “münasib şərait” yaradılır və o, bir çox hallarda həyat və yaradıcılıq kredosu ilə uyuşmayan xatirələrini yazmağa məcbur edilir. Bir il sonra – 1938-ci il aprelin 17-də 60 yaşının tamamına bir neçə gün qalmış güllələnir.
Vilayət Quliyevin yazdıqlarına əsasən Hasan Səbri Ayvazovun yaradıcılığını 4 dövrə bölmək olar: “Füyuzat”a qədərki, “Füyuzat”, 1937-ci il həbsinə qədərki və həbsxana dövrü. Monoqrafiyanın əvvəlində Vilayət Quliyev haqlı olaraq belə bir fikir irəli sürür ki, ədəbiyyat və mədəniyyətimizə xidmət edən, onu bəlli bir ölçüdə zənginləşdirən ədəbi simaların, o cümlədən qədirşünaslığı ilə seçilən, mədəniyyətimizin zənginliyinə və uğurlarına heyranlığını gizlətməyən Hasan Səbri Ayvazovun şəxsiyyət və yaradıcılığının Azərbaycan ədəbiyyatı konteksində əhatəli öyrənilməsinə, qarşılıqlı əlaqələrini, ədəbi irslərini müqayisəli araşdırmağa ehtiyac var. Düşünürəm ki, sanballı tədqiqat əsəri ilə Vilayət Quliyev örnək addım atmışdır və bu istiqamətdə daha dərin və əhatəli tədqiqatlar aparılmalıdır.
Hasan Səbri Ayvazovla bağlı V. Quliyev əsərin sonunda indiyə qədər adı İsmayıl Qaspiralı ilə bir sırada Krım-tatar ədəbiyyatının klassikləri sırasında çəkilən Asan Səbriyə formal bəraət verilmədiyini qeyd edir və yazır ki, əslində isə onu və yüz minlərlə insanları məhvə sürükləyən sovet rejiminin özü biabırçı şəkildə tarixin arxivinə atıldığından, belə bəraətə indi ümumiyyətlə, lüzum qalmayıb. Bu sətirləri oxuyarkən xatırlayıram ki, bir neçə il əvvəl - 1937-ci il repressiya qurbanları haqqında məqalə yazarkən biz də eyni ürəkağrıdıcı məlumatla rastlaşmışdıq: Ömər Faiq Nemanzadə başda olmaqla bu qəbildən bir neçə tanınmış xadimimiz də bu günədək bəraət almamışdır...
Qeyd etdiyimiz kimi, monoqrafiyanın 2-ci hissəsində “Osmanlı türklərinin ən mükəmməl mühərrir və şairlərindən” (Əli bəy Hüseynzadə) Əhməd Kamalın həyat və yaradıcılığından söz açılır. Səriştəli tədqiqatçı Vilayət Quliyev Əhməd Kamalın Bakıya gəlişinədək həyat və fəaliyyətinə nəzər salır, ilk təhsili və ilk yaradıcılıq nümunələri barədə məlumat verir, Sultan istibdadına qarşı mübarizəyə qoşulduğunu, bunun nəticəsi kimi bir müddət mühacir həyatı yaşamağa məcbur olduğunu, nəhayət Əli bəy Hüseynzadənin dəvəti ilə “Füyuzat”da işə başladığını, məcmuə qapandıqdan sonra Balaxanıda pedaqoji fəaliyyətlə məşğul olduğunu təfsilatı ilə yazır. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, Vilayət Quliyev Ankaradakı Qazi Universitetinin dosenti Metin Kayahan Özgilin Əhməd Kamalın irsi ilə bağlı tədqiqatlarını təqdir edir, onun qələmə aldığı “Son Jon Türk Kalesi Ahmed Kamal Akünal” adlı əsərini (İstanbul, 2010, Kitab evi yayınları, 436 səh.) yüksək dəyərləndirir, eyni zamanda müəllifin müəyyən mülahizələri, tarixi həqiqəti əks etdirməyən fikirlərini tutarlı mənbələrlə inkar edir. Əhməd Kamalın “Füyuzat”a dəvəti, onun məcmuədə iştirakı olmadığı dövrlərdə “Füyüzat”ın maraqsız və solğunluğu, Əhməd Kamalın həbsinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində “İttihad” fraksiyasının rəhbəri doktor Qara bəy Qarabəyovun xəyanəti ilə əlaqələndirilməsi kimi məsələlərdə V. Quliyev Kayahan Özgülün iddiaları ilə razılaşmadığını bildirir və mülahizələrini əsaslandırır.
“Füyuzat”da həm şair, həm də publisist-tənqidçi kimi çıxış edən Əhməd Kamalın yaradıcılığından söz açan V. Quliyev göstərir ki, şairin məcmuədə dərc olunan poetik nümunələri daha çox fərdi həyəcan və duyğularının ifadəsi təsiri bağışladığından, ictimai məna kəsb etmədiyindən, xüsusən isə dilinin ağırlığından şeirlərinin oxucu dairəsi məhdud idi. Bununla belə, tədqiqatçının fikrincə, şairin “Füyuzat”ın 18-ci nömrəsində “Gözəlim, açma maziyi” misraları ilə Şekspirin bir sonetinə yazdığı nəzirə Azərbaycan ədəbiyyatında yeni hadisə olmaqla yanaşı, Fars poeziyasında da bu janrın yaranmasına zəmin olmuşdur: Səid Səlmasi bu nümunədən təsirlənib fars dilində bir sonet yazmışdır.
Əhməd Kamalın publisistikasını gözdən keçirən Vilayət Quliyev onun Əli bəy Hüseynzadənin yazdığı “Qaf və Simurq” məqaləsindən təsirlənərək qələmə aldığı və məcmuənin 18-ci nömrəsində çap olunan “Simurqun qanadları altında” adlı yazısını gələcək fəaliyyətinin proqramı, yaradıcılığının ideya-istiqaməti, arzularının anonsu adlandırır. Əhməd Kamal Bakıda mədəniyyət və azadlıq mübarizəsi aparmaq, Qərbdə olduğu kimi ədəbi tənqiddə fikir rəngarəngliyini, müxtəlifliyini formalaşdırmaq niyyəti ilə gəldiyini bəyan edir. Əhməd Kamalın “Füyuzat”dakı fəaliyyətini izləyən V.Quliyev onun milli ədəbiyyatdan, çağdaş ədəbi mühitdən xəbərsiz, müraciət etdiyi əsər və müəlliflərin əhatə dairəsinin isə məhdud olduğunu, tənqidin vəzifəsinin yetərincə bilmədiyini, yalnız Osmanlı türkcəsini, Osmanlı ədəbiyyatını qəbul etdiyini vurğulayır, bu qənaətə gəlir ki, bütün bunlara görə Əhməd Kamal “dövrün ədəbi-bədii fikrinin dərinliklərinə nüfuz edərək ümummilli mahiyyət qazana bilməmişdi”. Bununla yanaşı V. Quliyev Əhməd Kamalın uğurlarını da qədirbilənliklə təqdir edir. Tədqiqatçı Əhməd Kamalın günümüzlə səsləşən və çox aktual olan Avropa ilə münasibətlər mövzusuna həsr etdiyi “Avropalılarla anlaşalım” adlı məqaləsinin təhlilinə xeyli yer ayırır və yazır: “Əhməd Kamal milliyyətçi və türkçü kimi Qərb dəyərlərini qeyd-şərtsiz qəbul etmir, Qərb qarşısında dilsiz heyranlıq ona yad idi. Türklərin tarixdəki yerini bilir və bundan qürur duyurdu. Lakin eyni zamanda Avropa xalqlarının keçdiyi tarixi inkişaf yolunun uğurlarını mənimsəmək, köhnə qitədə meydana gəlmiş dünyəvi, mütərəqqi meylləri öyrənmək və onları milli həyata gətirməyin qızğın tərəfdarı kimi çıxış edirdi”. Tədqiqatçı bu fikri əsaslandırmaq üçün məqalədən yerli-yerində sitatlar gətirir, dediklərini konkret nümunələrlə əsaslandırır. Əhməd Kamalın publisistikasında səciyyəvi məqamlara diqqəti çəkən V.Quliyev müəllifin həyəcanının, nigarançılığının mənbəyi haqqında fikirlərini də bölüşür. Qeyd edir ki, “Əkinçi”ni yaşada bilməyən, onilliklər boyu yalnız iki vərəqlik “Tərcüman”ın ümidinə qalan çoxmilyonluq türk-müsəlman xalqlarının dünyada böyük dəyişikliklər baş verdiyi bir dövrdə də mətbuata laqeyd münasibət, “Mətbuat bir millətin lisanı, samiəsi, nəzəri, beyni deməkdir, mətbuatsız millət söyləyəməz, eşidəməz, görməz” deyən Əhməd Kamalı dərindən qayğılandırırdı. Əhməd Kamal problemi göstərməklə kifayətlənmir, o, Avropa qapısının açmaq yollarını da göstərirdi. Yazırdı ki, biz bağıra-çığıra bu həriflərin aralarına, qaibeyi-ictimaiyyələri içinə hər nə sürətlə olursa olsun, girməyə çalışmalıyız. Bizi aləmdə istədikləri kimi tanıtmamaları üçün daima gözlərinin önündə olmalıyıq.
Kitabda Əhməd Kamal-İbrahim Tahir münasibətlərinə xeyli yer ayrılmışdır. İlk baxışda elə görünə bilər ki, daha çox şəxsi- qərəzlikdən, bəyənməzlikdən yaranan və dedi-qodu təəssüratı yaradan, bəzən də əndazəni aşan, etik çərçivədən, ədəbi diskussiyadan uzaq “qələm dueli”nin bir elmi-tədqiqat əsərində geniş işıqlandırılmasına ehtiyac yoxdur. Amma məlum olur ki, iki yazar arasındakı kəskin münasibət heç də yalnız şəxsi münasibətlərdən qaynaqlanmır, digər tərəfdən isə onların “söz davası”ı dövrün ədəbi, mədəni, mətbu mənzərəsini, bir sıra ağrılı problemləri ilə dərindən tanışlığa imkan verir, ictimai məzmun daşıyır:
- bu yazılar həm Əhməd Kamala, həm də İbrahim Tahirə xas bir sıra şəxsi xüsusiyyətləri üzə çıxarmaqla yanaşı, həm də onların dilə, ədəbiyyata, sənətə münasibətlərini ortaya qoyur, əsərlərinin mövzu, üslub, sənətkarlıq problemləri haqqında təəssüratı genişləndirir, zənginləşdirir;
- ictimai-siyasi mövzularda çox ayıq-sayıq olan senzuranın şəxsi təhqirlər, təhdidlər zamanı susması, bir növ qızışdırıcı mövqedə olması faktı kimi, bu yazıları dərc edən “Füyuzat”ın mövqeyi də diqqəti çəkir;
- yazışmaların təhqirlərlə dolu dili, bayağı üslubu dövrünün bir sıra xadimlərinin, o cümlədən İsmayıl Qaspiralının və Sənəttüla İbrahimovun kəskin etirazlarına səbəb olur və onlar bu gün də çox aktual olan prinsipə - mətbuat polemikası zamanı tərəfləri ədəb və mərifətə riayət olunmasına dəvət edirlər.
Əsərin sonunda Vilayət Quliyev araşdırma zamanı “Son Jon Türk Kalesi. Ahmet Kemal Akünal” kitabına dönə-dönə müraciət etdiyini göstərir, kitabın müəliffi M.Kayahan Özgilin Əhməd Kamal haqqında pərişanlıqla yazdığı “Böyle biri hiç yaşamadı ki... Onu ne Türkiye tanıyor, ne de Azerbaycan...Ne edebiyyat tarihlerine girdi, ne de siyasi tarihlere... Ne mezartaşı var, ne de ölüm tarihini hatırlayan” – cümlələrini üzülərək sitat gətirir və qədirbilənliklə bildirir ki, bu unutqanlığın aradan qaldırılmasında, fikrimcə, türk müəllifi öz kitabı ilə mövcud boşluğu xeyli doldurmuşdur. Əsər V. Quliyevin öz tədqiqatına təvazökarlıqla işarə vuraraq yazdığı bu cümlə ilə bitir “Əhməd Kamalın Azərbaycanla əlaqələrinin aşkara çıxarılması və müəyyən sistemə salınması baxımından isə təqdim olunan araşdırmanın müəyyən təsəvvür yaradacağına ümid etmək istərdim”.
Şübhəsiz ki, görkəmli alim V.Quliyevin bu araşdırması iki tanınmış yazarın - Asan Səbri Ayvazovun və Əhməd Kamalın həyat yolu və yaradıcılıq yolunun, “Füyuzat” məcmuəsinin, ümumiyyətlə mətbuat tariximizin öyrənilməsinə, mövcud tədqiqatların daha da zənginləşdirilməsinə böyük və təqdirəlayiq töhfədir. “Füyuzat”ın öyrənilməsi isə Ofelya Bayramlının sözləri ilə desək, xalqın milli istiqlal uğrunda mübarizə tarixini, azadlıq, həqiqət yollarını, böyük bir millətin təfəkkür xəzinəsini öyrənməkdir.