"…Lütfən buyurun görək Sabiri bizim çoxumuz tanıyırıqmı, yaxud çoxumuz onun şeirləri ilə tanışıqmı? İnanmıram.” (Ceyhun Hacıbəyli)
"Mən Sabirin apardığı mübarizəyə və bu mübarizənin bədii kamilliyinə heyrət edirəm." (Nazim Hikmət)
Sabirin ilk qələm təcrübələri XIX əsrin sonlarına aid olsa da, ı satirik kimi yaradıcılığı 1905-ci ildən sonra, xüsusən "Molla Nəsrəddin" jurnalının nəşri ilə formalaşmışdır. Doğrudur, Sabir bir sıra ictimai-siyasi məzmunlu əsərlərini "Molla Nəsrəddin"in nəşrindən əvvəl yazmış, "Şərqi-Rus" və "Həyat" qəzetlərində çap etdirmişdir. Bunlar şairin mətbuatda ilk addımları, ilk uğurları idi. Lakin Sabirin mübariz, döyüşkən şair kimi əsl şöhrəti məhz "Molla Nəsrəddin"lə bağlıdır.
Sabirlə "Molla Nəsrəddin" jurnalının qarşılıqlı əlaqəsi məsələsinə toxunan bütün müəlliflər, - şairin istər müasirləri, qələm dostları istər tədqiqatçıları həmişə bir nöqtədə, eyni bir fikir ətrafında birləşmişlər. Həmin fikri belə xülasə etmək olar: "Molla Nəsrəddin" Sabiri bütün Yaxın və Orta Şərqdə tanıtdığı kimi, Sabirin əsərləri də "Molla Nəsrəddin" jurnalının geniş yayılmasında, oxucular arasında misilsiz şöhrət qazanmasında mühüm rol oynamışdır. Sabiri "Molla Nəsrəddin"siz təsəvvür etmək mümkün olmadığı kimi, "Molla Nəsrəddin"i də Sabirsiz düşünmək çətindir. Sabir haqqında danışanda dərhal "Molla Nəsrəddin" yada düşür, "Molla Nəsrəddin" deyəndə isə istər-istəməz Sabir xatirə gəlir. İctimai bədii fikrimizin bu iki dühası sanki əkiz qardaşlardır.
1906-cı ilin aprelində nəşrə başlanan "Molla Nəsrəddin" jurnalı Sabirin satirik istedadının qabarıq şəkildə meydana çıxması üçün ən münasib mətbuat orqanı oldu. "Molla Nəsrəddin" dövrü zaman etibarilə Sabir yaradıcılığında cəmisi beş ili (aprel 1906, mart 1911) əhatə etsə də, bu az müddətdə Sabir bir satirik kimi təkcə öz vətənində deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da tanındı.”
Sabir haqqında yazmaq böyük məsuliyyət tələb edir. Əslində mən bu kiçik çalışmamda oxuculara M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermək fikrində deyiləm. Əminəm ki, dəyərli oxucularımız M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında məndən çox məlumatlıdırlar. Mən bəzi qaranlıq məqamlara aydınlıq gətirmək istəyirəm.
Bu qaranlıq məqamlar “Hophopnamə”nin nəşri ilə bağlıdır. Əvvəla bu məsələdə iki şey qarışdırılır. M.Ə.Sabir ağır xəstə olarkən ona edilən maddi yardımlar və "Hophopnamə"nin nəşrinə verilən maddi yardımlar.
Sabir 1910-cu ilin sentyabrında xəstələnmişdi. Üç ay Bakıda, iki ay isə Şamaxıda müalicə olunmuşdu. Müalicəsi tamam faydasız da qalmamışdır. Şair 1911-ci il yanvarın 16-da Cəlil Məmmədquluzadəyə yazdığı və avtoqrafı ədibin arxivində mühafizə olunun xüsusi məktubunu bu sözlərlə tamamlayırdı: "Əfəndim! Yavaş-yavaş dirçəlirəm. Ümidvaram ki, çox şeir yazam. Baqi məhəbbət". Bu məktubdan az sonra, görünür, şairin səhhəti yenidən xarablaşmış və beləliklə, ciddi müalicəyə ehtiyacı olmuşdur.
Qurbanəli Şərifzadəyə yazdığı məktubundan aydın olur ki, Sabir müalicə məqsədilə Tiflisə ilk dəfə 1911-ci il fevral ayının 1-də getmişdir. Üç gün başqa mənzildə qalandan sonra "Molla Nəsrəddin" jurnalının əməkdaşı Ömər Faiq Nemanzadə şairi düşdüyü mənzildən "evə, yəni bəradəri (qardaşı- Elnur) Mirzə Cəlilgilə" gətirmişdir.
O zaman Cəlil Məmmədquluzadə və Həmidə xanım Tiflisdə deyildilər. Buna görə də şairin müalicəsi üçün, jurnalın 1910-cu ilin sonlarından 1911-ci il 20 martına kimi müvəqqəti redaktoru olmuş Məmmədəli Sidqi xüsusi qayğı göstərir.
Cəlil Məmmədquluzadə bu zaman Qarabağdan Tiflisə, Məmmədəli Sidqiyə göndərdiyi məktublarında şair dostunun vəziyyəti ilə ciddi surətdə maraqlanır, Sabirə xüsusi diqqət və qayğı göstərilməsi üçün dönə-dönə tapşırıqlar verirdi. Ədib 1911-ci il 1 mart tarixli məktubunda Məmmədəli Sidqiyə müraciətlə deyirdi: "...Sabirin əhvalından mənə hər dəfə yaz!"
Sabir Tiflisdə bu ilk səfəri zamanı orada təxminən iki ay qala bilmişdir.
Aprel-may aylarını Şamaxıda öz evində yatan Sabirin xəstəliyi daha da şiddətlənir. Buna görə də şair mayın sonu, yaxud iyunun ilk günlərində təkrar Tiflisə gedir.
M.Ə.Veysəlov xatirələrində yazır: "1908-ci ildə Molla Nəsrəddin" məcmuələrinin birində Şamaxı qazısı mərhum Hacı Məcid əfəndinin köhnə və təzə hərəmi ilə nə tövr rəftar etmək rəsmi çıxdı. Bu rəsmə görə şəhər əhalisinin içində cürbəcür danışıqlar vüqu bulmaqdan dolayı bu tövr namünasib bir hərəkəti yapanın kim olduğunu axtaran zaman Sabir əfəndinin düşmənləri- avamünnas arasında belə bir şayiə buraxmışdılar ki, guya mərhum necə ki, "Molla Nəsrəddin"ə məqalə göndərir, həmçinin rəsm də göndərir. Avam camaat isə Sabirin bilkülliyə rəssamlıqdan xəbəri olmadığını nəzərə almayıb onu müttəhim tutdular. Sabir əfəndi isə həmin Hacı Məcid əfəndinin vasitəsilə özünü camaat hüzurunda müttəhimlikdən xilas etdisə də, lakin ikinci bir rəsm (Şamaxı yuxarı qala məscidinin həyətində dəfn olunan mərhum Hacı Seyidəli ağanın qəbri üzərində əyləşmiş bir qadın rəsmi) camaatı nəhayət dərəcədə mütəəssir etmişdi. Həmin vaxtda Sabirin damadından biri avam sinfin ən mütəəssiblərindən olduğuna görə tapançasını əlinə alıb şeytanını qaldıraraq Sabir əfəndinin üzərinə qəflətən atılıb düz ürəyindən vurmaq istədi.
Sabir əfəndi qorxudan bihuş olub yerə düşdü. Huşa gəldikdən sonra neçə gün yataqda yatıb özünü düzəltdi. Bunun düzəlməyi zahiri düzəlmək idi. Batində etdiyi böyük xiffətdən dolayı özü söyləyən, bir vərəm əmələ gətirmiş, günbəgündən dəruni çəkmiş bir insan kimi geri gedib və axırı ciyər naxoşluğuna giriftar olub çox zəhmət çəkdikdən sonra xudanın rəhmətinə vasil olur. Naxoşluğunun şiddəti zamanında mən söylədim ki, Sabir əfəndi, nə üçün özünü gözləməyib hər şeydən ötrü bu qədər qüssə və xiffət etdin ki, axırda da belə naxoşluğa giriftar oldun? Mənə cavabı bu rübai oldu:
Arizi qəmlər əlindən ürəyim şişmiş idi
Zənn edirdim edəcəkdir ona çarə ciyərim.
Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən,
Başladı şişməyə indi üzüqarə ciyərim
Həqiqətən də M.Ə.Sabir Şamaxıda kafir elan olunmuşdu. Sadıq Hüseyn bu barədə yazırdı: “...Bir dəfə Hacı Axund minbərdə “Molla Nəsrəddin” məcmuəsindən söhbət açıb onun əleyhinə çox hərarətlə danışmış və Sabirə işarə edərək: “Məşədi Zeynalabdinin oğlu da dindən, məzhəbdən çıxdı, o da gedib bu dinsizlərə qoşuldu. Belə bir adama salam vermək haramdır,” – demişdi”
Məhz bu çıxışdan sonra M.Ə.Sabirin üzünə bütün qapılar bağlanmışdı. Çünki Sabir kafir elan olunmuşdu. Sabirin ticarət işləri də iflasa uğramışdı. Onun ailəsini acından ölmək həddinə çatdırırlar. Məhz buna görə dükanı satır, dükanı buraxdıqdan sonra arvadı Badam hər zaman onu töhmətləndirirdi. O, ərinin böyük Azərbaycan şairliyi ilə heç hesablaşmaq istəmirdi. Bakıya iş dalınca gələn böyük şairimizə isə burda Haşım bəy Vəzirov tərəfindən aldadılır, işlədiyi zəhmət haqqını ala bilmir, aralarında güclü mübahisələr yaranır.
Şairə maddi yardım kampaniyası "Molla Nəsrəddin" səhifələrində tam iki ay (1911-ci ilin 8 mayından 10 iyuluna kimi) davam etmiş və bu müddətdə jurnalın idarəsinə 350 (üç yüz əlli) manatdan bir qədər artıq pul yığılıb göndərilmişdi. Həmin məbləğ Abbas Səhhət vasitəsilə şairə çatdırılmışdı. Əziz oxucular, üç yüz əlli manat o dövrdə əksər ailələr üçün əlçatmaz məbləğ olub. Təsəvvür edin ki, qoyun ətinin girvənkəsi (400 q - red.) 6 qəpik, düyünün pudu (16 kq – red.) 0,6 qəpik idi. İanə verənlərin içərisində bir nəfər də olsun Bakı milyonçusunun, iri torpaq sahiblərinin adlarına təsadüf edilməməsi, onların bu işdə büsbütün kənarda qalmaları da səbəbsiz və mənasız deyildir. Bunun dərin kökləri, ictimai-siyasi səbəbləri var idi. Məsələn, Sabirin "Qoyma, gəldi!" satirası babası yaşında qoca kişiyə ərə verilən körpə, məsum bir qızın dilindən yazılmışdır. Ər nə olduğunu bilməyən, "qabana" oxşar məşədini gördükdə rəngi saralıb bağrı yarılan bu qızın başına gələn müsibəti özü nəql edir, "qoyma, gəldi!" - deyə fəryad qoparır. Xandostudan imdad diləyir. Bu satiranı "Molla Nəsrəddin" jurnalına göndərərkən Sabir satiranın məzmunu haqqında yazır:
"Molla əmi! Burada bir axund 13 yaşında bir qızı 65 yaşında bir qoca kişiyə verib. İndi camaat ona lənət oxuyur. Deyirlər ki, ay axund, cahıl uşağı qoca kişiyə niyə verdin? Deyir ki, mən ilə Məkkə yoldaşı olub, yaxşı adamdır".
Dəyərli oxucular, Sabir bunları elə-belə yazmırdı. Bütün bu kimi adamlar Sabirin dövründə yaşayan adamlar idi, real insanlar idi.
Həmidə xanım xatirələrində yazır ki, Mirzə Ələkbər Sabir ömrünün sonlarına yaxın tez-tez xəstələndiyindən Mirzə Cəlil onu Tiflisə dəvət etmişdi. Şair onun bu vəziyyətə düşməsində Şamaxı camaatının günahkar olduğunu dilə gətirər, "ciyərimi yara ediblər" söyləyərmiş. Tiflisə gələndən sonra Mirzə Cəlil onu şəhərin bütün məşhur doktorlarına göstərir. Doktorlar Sabirdə ciyər xəstəliyi olduğunu müəyyən edir və onun əməliyyat olunmasını məsləhət görürlər. Sabir isə əməliyyat olunmaq istəmir. Bu zaman Həmidə xanım ona təsir etməyə, onu yola gətirməyə çalışır. O, əməliyyatın qorxulu bir şey olmadığını və bir neçə adamın bu yolla sağaldığını bildirərək Sabiri inandırmağa çalışdı. Lakin şair qorxduğundan əməliyyata razı olmur. Sonda Sabir onu yola gətirməyə çalışan doktorlara "Mənim qarnım portmanat deyil ki, istədiyiniz kimi açıb qapayasınız, bəlkə, kəsdiniz əmələ gəlmədi" - cavabını verir.
Sabiri ağır xəstəlikdən xilas etmək mümkün olmur. Maraqlıdır, o, öləndən sonra da, onun ölümündən qisas almağa çalışırdılar.
Sultan Məcid Qənizadə bu barədə xatirələrində yazırdı: "...Mən faytonu bir saat saxlatdırıb meyit üstünə getdim. Küçədə qoyulmuş mafə qarşısında xeyli adam var idi. Canəzə dəfnə hazır olduqda ziyalı cavanlar mafəni əlləri üstünə qaldırıb Qalabazar məscidinin qarşısında küçə ayrıcında yerə qoydular. Məhəllə axundu Mir Mehdi ağa şairin namazını qılmalı idi. Ağanın evi məscidlə qapı-qapı olduğundan camaat gözünü oraya zilləyib onun təşrifini gözləyirdi. Adamlar bir-biri ilə pıçıldaşıb himləşirdilər. Mir Mehdi ağanın Sabirin namazını qılmaq istəmədiyi məlum olduqda, gənclərdən bir neçəsi onun əleyhinə səslərini ucaldıb üsyan etməyə başladılar. Bunun nəticəsində Ağa cənabları, yəqin ki, məcburiyyət gücü ilə evdən çıxıb, dinsiz şairin namazını qıldısa da, dua əvəzinə lənət oxuyub onun cənazəsini cəhənnəmə göndərmək istədiyi qiyafəsindən görünürdü. Sabiri "Yeddi günbəz" qəbiristanlığında dəfn etdik"
“Hophopnamə”nin nəşri məsələsinə gəlincə bu haqda ilk dəfə Cəfər Xəndan məlumat vermişdir. Məlumdur ki, Sabir haqqında nə yazılıbsa, hamısı ya tarixi həqiqəti bərpa etməyə, ya da şairin ideya istiqamətini müəyyənləşdirməyə yönəldilmişdir. Cəfər Xəndana qədər heç kəs Sabirin poetikasına girişməmiş, satirik ədəbi məktəbimizin banisi olan böyük bir istedadın sənətkarlıq xüsusiyyətlərini açıb göstərməmişdir.
O, 1939-cu ildə şair haqqında namizədlik dissertasiyası yazmış, həmin il çap etdirdiyi "XX əsr ədəbiyyatı"nda şair haqqında oçerk vermiş, 1940-cı ildə ayrıca kitabça buraxdırmış, 1961-ci ildə geniş oxucu kütləsi üçün "Şairin həyatı" adlı elmi-bədii əsərini çap etdirmişdir. O, ömrünün axırına qədər Sabir şeirlərinin soyumamışdı. Bu isə Cəfər Xəndanın son əsəri olan "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" adlı monumental bir tədqiqat əsərini meydana gəlməsinə səbəb olmuşdur. Bu əsərdə ilk dəfə şairin poetik aləmi, sənət varlığı şərh edilirdi. Əhatə dairəsinə və sanbalına görə sabirşünaslıqda hələlik yeganə olan bu əsərdə müəllif Sabirin özünəməxsus poetik prinsiplərindən, mövzu və tipseçmə, süjetqurma priyomlarından, üslub sadəliyindən, müasir və aktuallıq kimi problemlərdən, kinayə və eyhamlarından söz açmış, çox maraqlı müşahidələr aparmış, qiymətli elmi fikir söyləmişdi. Təəssüf ki, alim bu son kitabın üzünü görə bilmədi. Əsərin çapa verilməsindən azacıq sonra o, öldü. Kitab müəllifin ölümündən sonra, 1962-ci ildə çap olundu.
Cəfər Xəndan filologiya elmləri doktoru alimlik dərəcəsi alan ilk azərbaycanlılardan biridir.
C.Xəndan bu xüsusda yazırdı: “Ölməz satiraları ilə bütün Şərqdə tanınan böyük xalq şairimiz M.Ə.Sabirin "Hophopnamə"si birinci dəfə 1912-ci ildə, şairin ölümündən bir il sonra onun yaxın dostlarından A.Səhhət və müəllim Mahmudbəyovun səyləri sayəsində nəşr edilmişdi. "Hophopnamə"nin birinci nəşri iki min nüsxədən ibarət, şəkilsiz, karikaturasız çıxmışdı. Az kağız sərf olunsun deyə mətn və sərlövhələr kiçik hərflərlə yığıldığı kimi, əsərlərin düzülüşü də şeir kimi deyil, nəsr kimi idi. Əsərin nəşrində qarşıya çıxan çətinlikləri həmin kitaba yazılan kiçik müqəddimədən də görmək olur. Biz bu müqəddimədən öyrənirik ki, naşirlər oxuculardan topladıqları pulla bu əsəri nəşr etdirmişlər. Toplanan pul da kifayət etmədiyindən onlar başqa vasitələrə əl atmışlar. Həmin müqəddimədə naşirlər yazırlar ki, Dilican yaylağında bir-iki müəllim erməni xanımları vasitəsilə bir müsamirə düzəldib Sabirin əsərlərini çap etmək üçün bir qədər pul cəm edə bilmişlər.
Keçmişdə xalq şairinə verilən "qiymət" bundan ibarət idi... "Hophopnamə"nin 1914-cü ildə çıxan ikinci nəşri də eyni səviyyədədir. Başqa kalssiklərimiz kimi Sabir də öz həqiqi qiymətini sovet hakimiyyəti illərində aldı, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan bir il sonra Bakıda böyük şairə heykəl qoyuldu (bu heykəlin təşəbbüsçüsü Nəriman Nərimanov olub –E.). 1922-ci ildə 72 rəsmli, 500 səhifədən ibarət "Hophopnamə"nin üçüncü nəşri hazırlandı, bundan sonra da onun əsərləri dəfələrlə çap edildi".
Artıq bizə məlum olduğu kimi M.Ə.Sabir haqqında geniş söhbət ancaq şairin ölümündən sonra başlandı. Ona qədər Sabirin odlu satiraları, duzlu şeirləri oxuculara gizli imzalarla tanış idi. Sabir bir şair kimi geniş fikir obyektinə çevrilməmişdi. Lakin şairin ölümü ağır bir kədər yükü kimi onun pərəstişkarlarının qəlbinə çökdükdə, onun yeri daha çox hiss edildikdə, Sabir geniş xalq kütləsinə tanıdılmağa başladı. Sabirin yerini, mövqeyini ilk dəfə müəyyənləşdirməyə cəhd edən, onun haqqında ilk maraqlı mülahizələr söyləyən publisistlərdən biri də H.Minasazov idi. O, şairə bir neçə məqalə həsr etmişdir. Bu məqalələrdə böyük şairin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər, onun açdığı ədəbi məktəbin mahiyyəti və bunun ictimai fikrimizin inkişafındakı rolu düzgün şərh edilmişdir. H.Minasazov 1912-ci il "Baku" qəzetinin 13 iyul tarixli nömrəsində yazırdı: "Sabir Azərbaycan poeziyasında yeni ədəbi məktəbin banisidir".
H.Minasazov bir şeyə təəssüf edirdi ki, Sabir kimi bir şairi olan xalq onu hələ geniş şəkildə tanımır, xalq bu böyük şairin əsərlərinə dərindən bələd deyildir. O, dövrün qabaqcıl mütərəqqi ziyalılarının səsinə səs verərək deyirdi: Sabir irsi çap olunmalıdır. Sabirin irsinə biganə baxan xalq utanmalı, xəcalət çəkməlidir. Ona görə ki, Sabir bütün varlığını, alovlu qəlbini öz xalqının azadlığı uğrunda məşəl, sinəsini sipər etmişdir.
Bakı naşirləri Mirzə Fətəli Axundzadənin, M.Ə.Sabirin əsərlərini yaxına buraxmırdılar. Bakı kimi zəngin bir kapitalist şəhərində hər il küllü miqdarda cızmaqaralar, lazımsız əsərlər, sentimental və pornoqrafik romanlar çap olunduğu halda Sabirə maraq göstərən yox idi. Minasazov yazırdı: "Demək olar ki, hər gün müsəlman nəşriyyatlarından müxtəlif kitabçalar, heç kəsə lazım olmayan sentimental romanlar, heç kəsin tanımadığı və son dərəcə istedadsız müəlliflərin yazdıqları pyeslər göbələk kimi çıxır. Amma Sabir üçün naşir yoxdur. Sabirin kitabını hələ heç kəs görməmişdir. Eyib olsun!".
Minasazovu və başqa demokratik görüşlü ziyalıları həyəcanlandıran da bu idi. Onların acı sözləri də, həyəcanları da xalq adından danışan və ondan zəhləsi gedən ağalara təsir etmədi və Sabirin şeirləri yenə də ancaq mütərəqqi ziyalıların qəpik-qəpik topladığı vəsait hesabına 1912-ci ildə çapdan çıxdı. Bu Mirzə Fətəli Axundzadənin yubileyindən sonra Azərbaycanda XX əsrin mühüm mədəni hadisəsi idi.
Seyid Hüseyn xatirələrində yazır: “…Sabir öz şeirlərini kitab şəklində görməkdən çox maraqlanırdı. Hər nə qədər Bakıda Orucov qardaşlarının, Hacı Zeynalabdin Tağıyevin, Haşımbəy Vəzirovun və başqalarının azərbaycanca mətbəələri vardısa da, onlar kitabları öz hesablarına yox, müəlliflərin hesablarına çap edərdilər. Sabiri çətinliyə salan cəhət də bu idi. O, üzü yaşıl kağız bir papkanı mənim qarşıma qoyaraq:
- Sən mətbəə işlərini bilirsən, hesabla görə, nə qədər xərci olar, - dedi.
Mən təxmini hesabladım iyirmi mətbəə listi qədər olardı. Hər listin 20-22 manat xərci idi. Mən Sabiri ruhdan salmamaq üçün bu xərci qəsdən olaraq az göstərdim:
- Üç yüz manatdan artıq xərci olmaz, əgər min nüsxə çap edilsə kitabın birisi sizə 30 qəpiyə başa gələr.
Mən heç zənn etməzdim ki, Sabirin cibi bu xərci verə bilməz. O, papkanı təkrar öz qabağına çəkib, əl yazılarını bir-birinin üstünə səliqə ilə yığaraq bağladı.
- Görünür, mən də Hacı Seyi Əzim kimi öz kitabımı görmədən həsrət öləcəm, - dedi.”
Sabir öz kitabını sağlığında görə bilmədi. Bir tərəfdən maddi vəsaitinin kifayətsizliyi, digər tərəfdən xəstəliyinin get-gedə inkişafı ona imkan vermədi. Onun beş-altı çap listi həcmində birinci dəfə, 1912-ci ildə nəşr olunan “Hophopnamə”si yaxın dostu Mahmud əminin (Mahmudbəyov- E.) Sabir oxucularından topladığı ianə vasitəsilə meydana çıxmışdır. Bu kitab az zaman zərfində satılıb qurtardı. Kitabın satışından hasil olan mədaxil tamamilə mərhumun ailəsinə verilmişdi. Buna görə bir il sonra, 1913-cü ildə Sabir külliyyatını çap etmək məsələsi təkrar Mahmud əmi tərəfindən qaldırıldı. Bu məqsəd üçün bir komissiya təşkil olundu. Bu komissiyaya “İqbal” qəzeti redaksiyasından mən “Kaspi” qəzetindən Mehdi bəy Hacinski, bir də Mahmud əmi daxil edilmişdi. Hər iki qəzetə Sabir külliyyatının nəşri üçün ianə dəftəri açdı. Bu ianə yalnız Bakıda deyil, Azərbaycanın başqa yerlərində də toplanırdı. Çox təəssüf ki, toplanan ianələrin hamısı gəlib Bakıya çıxmadı… (“Sabir xatirələrdə”. Toplayıb nəşrə hazırlayanı, ön söz müəllifi və redaktoru Abbas Zamanov. Gənclik, Bakı, 1982.səh58-59)
1912-ci ildə böyük satirik şair M.Ə.Sabirin irsini çap etmək üçün vəsait olmadığı və buna böyük ehtiyac hiss edildiyi vaxt ziyalıların səsinə ilk səs verən müəllim Məmməd Qarayev olmuşdur.
Məmməd Qarayev Dilicanda istirahət edərkən elə oradaca erməni və Azərbaycan ziyalılarının köməyi ilə S.M.Qənizadənin "Axşam səbri xeyir olar" və V.Mədətovun "Qırt-qırt" əsərlərini tamaşaya qoymuş və 98 manat 19 qəpik toplayaraq Bakıya "Hophopnamə"nin nəşri üçün açılmış fonda göndərmişdir. (M.Karaev Spektakl na tatarskom yazıke, "Zakafkazskaya reç" qəz, 31 uyul 1912, N 175)
Sabirşünas, filoloji elmlər doktoru, professor Abbas Zamanov qeyd edir ki, "Hophopnamə"nin ilk nəşrində Dilican tamaşası həlledici rol oynadı, Sabir külliyyatı "ilk dəfə həmin tamaşada toplanılan vəsaitlə nəşr edildi.
Bu həmin Məmməd Qarayevdir ki, 1910-cu ilin sentyabrında Malıbəylidə qız məktəbi açmışdı. Bu məktəbin açılışı o dövrdə çox böyük mədəni hadisəyə çevrildi. Yerli qəzetlərin birində Malıbəyli qız məktəbi Qarabağın ilk qaranquşu adlandırıldı.
M.Qarayevin pedaqoji şücaəti, ucqar bir kənddə apardığı mədəni fəaliyyəti "Molla Nəsrəddin" jurnalının diqqətindən yayınmamışdır. Jurnalın 1910-cu il 32-ci nömrəsində "Cırcırama" imzası ilə dərc olunmuş "Molla" felyetonunda oxuyuruq:
"Bir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri-müsəlman kəndində onları görmək olmaz.
Əvvəla, burada bir məktəb var. Bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur... Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bekar qalıb, anasından çox çörək istəməsin.
Hələ bu qəribə işlər deyil. Malıbəylidə bir qəribə əhvalat gördüm: o da budur ki, bu kənddə hələ oğlan uşaqlarından savayı qızlar da məktəbə gəlib dərs oxuyurlar. Doğrusu, çox təəccüb elədim ki, məsələn, İrəvan kimi bir müsəlman mərkəzində qızın oxumağını müsəlmanlar pis iş hesab eləyirlər. Amma Malıbəyli kimi bir kənddə qızlar erməni haxcığı kimi çiyninə heybə salıb dərsə gedir.
Bu işləri görüb, söz yox, başladım bunun səbəbini soruşmağa ki, çox əcəb, Malıbəyli hara, bu işlər hara?" Və gün hardan çıxıb ki, burada bu qədər tərəqqi baş verib, hər kəsdən xəbər aldım, mənə cavab verə bilmədi. Doğurdan da qəribə işdir ki, müsəlman kəndində belə-belə işlər əmələ gəlsin. Axırda nə oldusa söhbət molladan düşdü və məlum oldu ki Malıbəylidə heç əslində molla olmayıb və malıbəylilər ömürlərində heç molla üzü görmüyüblər.
Aha, burada mən barmağımı dişlədim və öz-özümə dedim ki, bəli, bunu mənə bayaqdan deyin, allah atanıza rəhmət eləsin, indi bildim ki, niyə burada müsəlmanlar oğlanlarını və qızlarını oxudurlar. Ondan ötrü ki, burada molla yoxdur. Ancaq indi başa düşdüm".
M.Qarayev müəllimliklə yanaşı, dövrün mədəni inkişafı ilə bağlı olan başqa ictimai-faydalı işlərlə də məşğul olurdu. O, mədəni sahədə irəli sürülən bütün tədbirlərdə imkanı və bacarığı daxilində fəal iştirak edirdi. Bunu göstərmək kifayətdir ki, Mir Həsən Vəzirov 1909-cu ildə maddi imkanı olmadığına görə institutu tərk etmək təhlükəsi qarşısında qaldığı zaman ona ilk yardım əli uzadan M.Qarayev olmuşdur. O, şəxsən tanımadığı bir azərbaycanlı balasının maddi ehtiyacından xəbər tutan kimi öz şagirdlərinin köməyi ilə ədəbi gecə keçirmiş, tamaşa vermiş və 50 manat toplayaraq Mir Həsən Vəzirova göndərmişdir.
Müəllim Məmməd Qarayev Sabir haqqında yazırdı: "Sabir özünün sərrast, iti, yandırıcı satirası ilə oxucularda acı gülüş oyadırdı. Bu qiymətli əsərlər maddi imkanı olmadığından çap edilə bilmir. Bizim ziyalılar nə yolla olur-olsun Sabirin əlyazmalarının çap edilməsinə yardım göstərməli və onları xalq arasında yaymalıdır".
Bu məktəbdə rus dili dərsini milliyətcə rus olan Nadejda xanım adlı bir qadın deyirdi. M.Qarayev qız məktəbində dərs demək üçün həqiqətən yaxşı tanıdığı və bələd olduğu bir qadın dəvət etmiş və qızların tərbiyəsini ona tapşırmışdı. Ümumi pedoqoji prosesə o özü rəhbərlik edir, amma bütün müəllimləri, kəndin qabaqcıl adamlarını, musiqiçi və xanəndələri də məktəb müsamirələrinin, həvəskar tamaşaların hazırlanmasına cəlb edirdi.
1912-ci ildə "Zakavkazskaya reç" qəzeti göstərirdi ki, M.Qarayevin xeyriyyə məqsədilə verdiyi tamaşalarda N.Moiseyeva, Mir Mehdi Ağamirov, xanəndə Cümşüd və başqaları iştirak etmişdir. Nadejda xanım N.Moiseyeva idi. O, qızlara dil öyrətməklə bərabər əl işlərini, naxışvurma texnikasını, paltartikmə qaydasını da aşılayır, elm və əmək təlimi verir. O, azərbaycanca təmiz danışırdı, hətta bizim adət-ənənələrimizi də qəbul etmişdi. Özünün dediyinə görə, müsəlmana ərə getmək istəyirdi. Kənd camaatı onun xətrini çox istəyir, ona hörmət edirdi.
Cəlil Məmmədquluzadə Malıbəyli kəndinə gələndə Məmməd Qarayevin arzusu ilə onun şagirdləri bir xalça toxudular və Molla Nəsrəddini əlində əsa bu xalçada təsvir etdilər.
Məmməd Qarayevin ölümündən sonra həmin qadında o kəndi tərk etmişdi. Beləliklə, “Hophopnamə”nin nəşrinə ilk köməklik edən, bu işin təşkilatçısı müəllim Məmməd Qarayev, Mir Mehdi Ağamirov, xanəndə Cümşid, erməni ziyalıları və rus qadını Nadejda Moiseyeva olmuşdur.
Sabir öz kitabını sağlığında görə bilmədi.
Elnur Musayev