İyulun 31-i məşhur rus yazıçısı Fazil İsgəndər vəfat edib. Yazıçı ədəbiyyata 1957-ci ildə işıq üzü görən “Dağ cığırları” adlanan şeirlər kitabı ilə qədəm qoyub. 1962-ci ildən nəsr əsərləri yazmağa başlayıb. 1966-cı ildə çap olunan “Kozlotur kəhkəşanı” əsərindən sonra yazıçı kimi böyük şöhrət qazanıb.
Kulis.Az öz dövründə populyar olan, sevilən Fazil İsgəndər haqqında yazıçılarımızdan münasibət öyrənib. Cavabları təqdim edirik.
Əkrəm Əylisli: “O özü haqqında deyirdi ki, mən abxaz həyatından yazan rus yazıçısıyam. Anası abxaz, atası iranlı, fars idi. Suxumidə orta məktəbi rusca oxumuşdu. Ali təhsilini Moskvada almışdı. Yaradıcılığa şeirlə başlamışdır. Məşhur yazıçı olandan sonra da şeir yazmaqdan qalmırdı. Mən demək olar ki, Fazil İsgəndərin bütün əsərlərini oxumuşam. Ən çox sevdiyim əsəri “Kozlatur kəhkəşanı” povestidir. 60-70-ci illərdə Fazil İsgəndərin əksər əsərləri dilləri əzbəri idi. Onun yazıçılar arasında geniş yayılmış duzlu-məzəli kəlamları da vardı. Məsələn, deyirdi ki, arvadı hökmlü olan kişilərin sifətində həmişə bir çaşqınlıq olur. Deyirdi ki, patriotizm teatr kimi bir şeydir, ancaq o teatra gedənlərdən bilet tələb olunmur. Deyirdi: “Yazmaq həyatı redaktə etməkdir”. Deyirdi: “İctimai xadim kimi tanınan yazıçıların hamısı ədəbi uğursuzluğunu boynuna almaq istəməyən yarımçıq adamlardır. Elələrinin çox olduğu yerdə ədəbiyyatın bərəkəti qaçır”. Fazil İsgəndəri ilk dəfə harda və nə vaxt gördüyüm yadıma düşmür. Mən onu son dəfə 2012-ci ilin yayında əksər Moskva yazıçılarının yay evləri olan Peredelkinoda gördüm. Həmişəki Fazil idi: təmkinli, təvazökar, gözləri ümid və işıqla dolu. Fazil İsgəndər mənim yadımda elə bu sifətlə də həmişəlik qalacaq. Fazil İsgəndərin ölümü ilə Abxaziya öz məşhur övladını, Rusiya isə öz böyük yazıçısını itirdi”.
Nəriman Əbdürrəhmanlı: “Fazil İsgəndər rus dilli ədəbiyyatın son əlli ildəki ən məşhur simalarından biriydi. Bir çox əsərlərini, xüsusilə “Çegem hekayələri”ni oxumuşam. Onun Çegemi sovet məkanında Markesin Makondosu qədər məşhur idi. Bir dəfə də Moskvada, Mərkəzi Ədəbiyyatçılar evində təşkil olunmuş görüşündə olmuşam. Əlbəttə, Fazil İsgəndər kimi bir yazıçı təkcə rusdilli ədəbiyyat üçün yox, bütövlükdə ədəbiyyat üçün itkidir”.
Səfər Alışarlı: “Sovet vaxtı populyar yazıçı idi. Mən deyərdim, indinin özündə də Fazil İsgəndərin əsərləri oxunaqlıdır. Onun “Çegem hekayələri”ni xatırlayıram. Heç şübhəsiz, istedadlı yazıçıdır. Əslən abxaz idi. Abxaz mədəniyyəti və ruhunu rus dilində çatdıra bilən milli yazıçı idi”.
Alpay Azər: “Fazil İsgəndərin yaradıcılığı ilə tam tanış olmasam da, bir neçə hekayə və povestlərini oxumuşam. “Məktub”, “Yazıçının günü” hekayələri, “İnsan dayanacağı” povesti, onun yaradıcılığında bəlkə də "Çegemdən olan Sandro" romanının yanında kölgədə qalır. Amma dediyim əsərlər belə Fazil İsgəndərin nəsr xarizmasını gözəl şəkildə göstərir. Bu abxaz-rus yazıçısının rus ədəbiyyatında özəl yeri var. Qafqaz koloritini, adət-ənənələri şirin nəsr dili ilə rus oxucusuna çatdıra bilən Fazil İsgəndəri ən azından, on Sovet dövründə ədəbiyyatla maraqlananlar unutmayacaq. Bir də axı böyük ədəbiyyat zamana sığmır. Elə bilirəm ki, Fazil İsgəndər ən azından postsovet məkanında bir qrup oxucunun hələ on illər sevimli yazıçılarından biri olacaq”.