Kulis.az professor Asif Hacılının tərcüməsində və təqdimatında görkəmli rus yazıçısı İlya Erenburqun “İnsanlar, illər, həyat” kitabından hissələri yayımlayır.
Yazının əvvəli: Hitlerin zəhləsi gedən yazıçı
Balmontla mənimki gətirmədi. Mən şer yazmağa başlayarkən, onun kitabları mənim üçün tapıntı idi; mən «Bu dünyaya gəlmişəm ki, günəşi görəm»i yazmış adamı görməyi arzulayırdım. Konstantin Dmitriyeviçlə mən iki il sonra tanış oldum; onun şerlərində çox şey artıq mənə gülməli gəlirdi – mən Bloku ilahiləşdirir, Annenskini, Soloqubu, Qumilyovu, Mandelştamı oxuyurdum. Balmont günəşi vaxtında görmüşdü, mənsə Balmontla görüşə gecikmişdim.
Konstantin Dmitriyeviçlə 1911-ci ildə tanış olmuşdum; onun qırx dörd yaşı vardı. Bilirdim ki, Parisdə yaşayır və təbii ki, ilk kitabımı ona göndərdim. Balmont hisslər adamı idi, həyatı təsadüflərlə dolu idi. O, məsələn, iki dəfə emiqrant olmuşdu; adi yarlıkları işlətsək, birinci dəfə – qırmızı, ikinci dəfə – ağ emiqrant…
***
Konstantin Dmitriyeviç Passi küçəsində (sonradan bu rayonda ağ emiqrasiya məskunlaşdı) yaşayırdı. Tez-tez qonaqları olardı – rus parislilər, Rusiyadan gələnlər, fransızlar. Məni evinə dəvət etdi. Həmin axşam mən yeganə qonaq idim. Konstantin Dmitriyeviçin arvadı ucaboy, gözəl qadın, məni səmimi qarşıladı və utanmağım getdi, unutdum ki, qarşımdakı məşhur şairdir. Mən heç yerə qonaq getməzdim, yalnız kafedə və rəssamların soyuq, çirkli emalatxanalarında olardım, burda isə isti, işıqlı rus evinə düşmüşdüm; məni çaya qonaq etdilər; Konstantin Dmitriyeviçin kiçik qızı Ninika dəcəllik edirdi. Hər şey əla və adi idi. Hər şey, ev sahibinin görkəmindən başqa: Balmont qeyri-adi idi.
Parisi təəccübləndirmək çətin idi, lakin dəfələrələ şahidi olmuşdum ki, Balmont Sen-Jermen bulvarı ilə gedəndə hamı dönüb ona baxırdı…
… Cavanlığında Balmont intihara cəhd etmişdi - pəncərədən özünü atmışdı; ayağını zədələmiş və ömrü boyu yüngülcə axsayırdı; sürətlə yeriyirdi, adama elə gəlirdi ki, yeriməyə yox, uçmağa alışmış quş gedir…
… O nəzakətlə şer oxumağımı təklif etdi, «yaxşı…yaxşı» deyirdi – yəqin gənc müəllifi həvəsləndirmək istəyirdi. Sonra ayağa qalxaraq öz əsərlərini oxumağa başladı. Şerlər mənim elə də xoşuma gəlmədi – onun poetik qürub çağı başlamışdı, - ancaq mən onun ilhamlı və məğrur səsinə heyran oldum: o, şaman kimi oxuyurdu, sözlərinin şər qüvvələr də olmasa, kasıb köçərilərə hakim olduğunu bilən şaman kimi. Bir çox dildə danışırdı, ancaq aksentlə, rus yox, Balmont aksenti ilə…
Hərdənbir məni evinə dəvət edirdi; burada moskvalı mesenatlar, fransız tərcüməçiləri, pərəstişkar xanımlarla rastlaşırdım.
***
… Parisə Odessadan gənc şair Mark Talov gəlmişdi, deyirdi ki, qürbətə düşüb, vətəni qoyub gəlib, orada nişanlısı var; kasıbçılıq içində idi; şerlərini oxuyurdu:
Zdesğ ə postiq vsö qoreçğ odinoçestva,
Zdesğ muki naçinaöt nıtğ.
Net u menə ni imeni, ni otçestva,
Ni rodinı, ni sçastğə, ni semği.
(Burada tənhalıq acısını daddım,
Burada əzablar sızlar.
Nə adım var, nə soyum,
nə yurdum, nə səadətim, nə ailəm)
O, təkrarlayaraq deyəndə ki, nişanlısı onun qayıtmasını gözləyir, biz gülürdük. (Odessaya on il sonra qayıtdı və nişanlısı həqiqətən onu gözləyirmiş). Talov çox istəyirdi ki, şerlərini Balmonta oxusun; onu özümlə apardım, utandığından stul əvəzinə isti dəmir sobaya oturdu. Hamı güldü, Balmontsa eşitmədiyi şerləri tərifləməyə başladı…
***
…Balmont gah susur, yaygın halda ətrafa baxır, gah canlanır, Misir, Meksika, İspaniya haqqında danışırdı. Onun haqqında daqışdığı bütün ölkələr fantastik görünürdü; deyəsən, o, bütün dünyanı gəzmişdi, ancaq yalnız bir ölkəni görmüşdü, xəritədə olmayan ölkəni, mən onu Balmontiya adlandırardım…
***
Çexov onun haqqında yazırdı: «O, yalnız içkili olduqda yaxşı və ifadəli danışırdı». Mən Konstantin Dmitriyeviçlə tez-tez kafedə rastlaşırdım. Bir-iki qədəh konyakdan sonra o həqiqətən gözəl həmsöhbətə çevrilirdi; mən ya Oksfordun vasvası pansion sahibələrini, ya Yavadan ovsunçunu, ya magiyaya aludə olmuş Valeri Yakovleviç Bryusovu görürdüm. Balmont daima hansısa qara rəngdən danışılan qədim gürcü ovsununu təkrarlayırdı. Onu sakitləşdirmək olmurdu. Həyat yoldaşına qışqırırdı: «Mən gecəyə getmək istəyirəm! Yelena, mane olma!» Onun görkəmində böyüklük və miskinlik, məğrurluq və uşaqlıq var idi.
Onu Verlenlə müqayisə edirlər: alkoqol, musiqi, uşaqlıq. Ancaq Balmont, «zavallı Lelian» dan fərqli olaraq, dərin savadlı adam idi; xeyli kitab oxumuşdu. Müxtəlif dövrlərin, ölkələrin poeziyasını tərcümə etmişdi: Şelli və Kalderon, Rustaveli və Uitmen, Leopardi və Slovaski, Bleyk və Heyne, Edqar Po və Uayld. Misirin qədim nəğmələri və Pol Forun şerləri Balmontun tərcümələrində eyni cür səslənirdi. Özünün məhəbbət şerlərində şeri ithaf etdiyi qadınlara deyil, öz hisslərinə heyran olduğu kimi, başqa şairləri tərcümə edərkən öz səsinin tembrinə valeh olurdu…
***
… 1917-1918-ci illərdə onunla Moskvada bir-neçə dəfə rastlaşdıq. Özünə sadiq idi. İnqilab öz inadkarlığı ilə onu acıqlandırırdı: istəyirdi ki, tarix şəxsi həyatına müdaxilə etməsin. Dəfələrlə ehtirasla sevmiş, bu haqda şerlərində yazmışdı. Fikirləşirdi ki, dövrlə də belə rahat vidalaşmaq olar: «Bu yay Rusiyaya sevgim bitdi». Bir dəfə onun üçün Puqaçovun edamı haqqında şerimi oxudum. Konstantin Dmitriyeviç əvvəl narazılıqla üz-gözünü turşutdu, sonra mənim qeyd dəftərimdə yazdı:
Ə slışal varvarskuyu reç,
Molitvu-krik i pesnö v like stona.
No ne xoçu tebə predostereçğ.
Tı xoçeşğ srıva? Mohğ sladka uklona.
Budğ varvarom. Koqda üarit pojar,
Lişğ varvar ön i smel.
Ne prav lişğ tot, kto star.
(Barbar nitqini eşitdim,
dua-qışqırıq və iniltili mahnı,
ancaq xəbərdar etmək istəyirəm,
Sən qırılmaq istərsən? Enişin qüdrəti dadlıdır.
Barbar ol. Yanğın olduqda
Tək barbar gənc və cəsurdur.
Yalnız qoca olan haqlı deyil)
Aşağıda tarix göstərilmişdi: 28 dekabr 1917-ci il. Üç il sonra Parisə getmiş və qərara gəlmişdi ki, yalnız özü haqlıdır. Onun inqilaba nifrinlə dolu siyasi şerləri də «Qisasçı nəğmələri» tək acizanə idi. Yenə də emiqrant oldu, ancaq bu dəfə bir-neçə illik yox, ömürlük; kasıblıq, sərxoşluq…
***
1934-cü ildə onu Monparnas bulvarında gördüm. Tək gedirdi, qocalmışdı, nimdaş paltoda idi, uzun saçları ağarmışdı. Məni tanıyıb salamlaşdı. «Bəs mənə demişdilər ki, siz Rusiyadasınız…» Cavab verdim ki, Moskvadan yaxınlarda qayıtmışam. Canlanaraq soruşdu: «Deyin, məni orda xatırlayırlarmı, oxuyurlarmı?» Ona yazığım gəldi və aldatdım: «Əlbəttə, xatırlayırlar». Gülümsədi və başını dik tutaraq getdi, devrilmiş zavallı kral…
***
Böyük Sovet Ensiklopediyasında «dekadant şairə» cəmi iyirmi sətir həsr olunub – Benediktova həsr olunan qədər. Ancaq onun hansısa məziyyətləri göstərilib, Balmontun isə heç bir. Gənc sovet oxucuları çox çətin bilərlər ki, belə bir şair olub. XX əsrin əvvəllərində isə Balmontun şerlərinə, ən azı şöhrətinə bələd olmayan tələbə tapmaq olmazdı…
Simvolistlər üçün o, müəllim, ustad idi: Blok və Andrey Belıy məktəb illərində onu oxumaqdan doymayıblar.
Bryusov Balmontun yüksəliş və enişlərini ümumiləşdirərək belə yazırdı: «Balmont lirikanın insan qəlbinin sirlərini necə dərindən aça bilməsini göstərdi».
Balmontu simvolistlərdən uzaq yazıçılar, məsələn, Bunin22 də dəyərləndirirdi.
Çexov qədər Balmontun təmkinsiz, bəzən əla, bəzən yüngül poeziyasına yad adam ola bilməzdi. Lakin Anton Pavloviç «dekadent şair»ə yazırdı: «Bilirsinizmi, mən sizin istedadınızı sevirəm. Sizin hər bir kitabınız mənə xeyli ləzzət verir və həyəcanlandırır. Yəqin ki, bu, mənim mühafizəkarlığımla bağlıdır».
Qorki Balmont haqqında heyranlıqla danışır, jurnal redaktorlarına onu dərc etməyi məsləhət görürdü.
A.V.Lunaçarskinin Balmontun şerlərini necə heyranlıqla oxuduğunu xatırlayıram.
***
…Balmont haqqında yüzlərlə tədqiqat işi yazılıb. Hər il onun kitabları yenidən dərc edilib; onun mühazirələrinə bilet tapmaq olmurdu. Teatr və ya küçədə görünən kimi pərəstişkar xanımların əhatəsinə düşürdü. Doğrudanmı bunlar psixoz, özünü aldatma idi və Qorki, yaxud Bryusov tərəfindən Balmontun istedadının etirafı, ensiklopediyadakı məqalə müəllifinin dediyi kimi, onunla bağlı idi ki, Rusiya oxucuları onun «gerçəklikdən gizlənmə cəhdi» və «barbarlığa» heyranlığını bölüşürdü?
***
Mən Benediktovu yalnız ona görə xatırlamadım ki, o məşhurlaşıb və tezliklə də unudulub. Belə demək olar ki, Balmont öz uğursuz əsərlərində hay-küyçülüyü, zövqsüzlüyü ilə Benediktovu xatırladır.
…Bəli, Balmontun yüzlərlə pis şeri var; o həddən çox yazır və bütün yazdıqlarını çap etdirirdi. Ancaq onun otuz kitablından bir yaxşısını tərtib etmək olar…
… Balmont rus poeziyasında çox şeyi dəyişdi: «Mən aramlı rus nitqinin gözəlliyini…» və ya «Rus təbiətində yorğun zəriflik var…» kimi şerlərini oxumaq kifayətdir. Tale ona qarşı çox ədalətsiz olub: ona valeh olur, sonra isə valeh etdiyi üçün ondan qisas alırdılar.
Özünü qiyamçı, müasirliyin ifadəçisi kimi təsdiq edən Balmont yalnız eqosentrik yox, həm də qeyri-adi anoxronizm idi. O, ədəbiyyata XX əsrlə daxil oldu. Artıq küçələrdə maşınlar şütüyür, zavod korpusları ucalır, nəhəng sosial savaşlar gedirdi, Balmontsa əynindəki müasir pencəyi ilə gülməli görünən XlV əsr trubaduru olaraq qalırdı…
***
… Futuristlər ədəbi gecəyə gələrək Balmontun üstünə düşəndə, Konstantin Dmitriyeviç başını arxaya verib köhnə bir şerini oxudu:
Tişe, tişe sovlekayte s drevnix idolov odejdı,
Slişkom dolqo vı molilisğ, ne zabudğte proşlıy svet…
Dəhşətli tufan yaxınlaşırdı, gecikmiş trubadur isə küləyin ilk həmləsinə üz tutaraq sadəlövhcəsinə zefir olmasını xahiş edirdi. O nə qədər kitab oxumuşdu, ancaq yenə də anlamamışdı ki, qədim bütləri yalnız tezcə soyundurmurlar, onları rahatca yandırırlar. Elə bu, onun uzun saçları və velaskessayağı idalqo pozasından daha böyük anoxronizmi idi…
Uzun və kimsəsiz qürub başlayırdı – süqut, tənhalıq, ehtiyac, ruhi xəstəlik. O, 1942-ci ildə öldü…
***
…Cavanlıqda mənə iki dəfə İtaliyada olmaq nəsib olmuşdu. Pulum az idi; mən karvansaralarda, şübhəli pritonlarda gecələyirdim; aşxanalarda makaron yeyirdim – qabı iki soldiyə idi və bir-neçə saatlıq aldadıcı toxluq yaradırdı; qatara pulum çatmayanda səfərə piyada çıxırdım; İtaliyadakı ayları ən xoşbəxt günlərim kimi xatırlayıram. Orada anladım ki, sənət həvəs, bəzək, təqvimin bayram günləri deyil, onunla sevdiyin adam kimi bir otaqda yaşamaq olar. Hər bir gənc ilk dəfə sevərkən elə bilir ki, məchul bir dünya kəşf edir. İtaliyada mənimki belə olmuşdu: qədimdən yadelli yazıçılar bu ölkəyə düşəndə yeni cür xoşbəxt olublar, sənətin yaxınlığını yeni şəkildə hiss ediblər – Stendaldan Bloka, Hötedən müasirimiz V.P.Nekrasova qədər (Düzdür Heminquey insan dərdinin dərinliyini məhz İtaliyada anladı, ancaq bu, müharibə dövrü idi, müharibə isə hər yerdə müharibədir).
***
Mənimçün İtaliya həm cənnət, həm də məktəb idi. 1909-cu ildə mən Van Qoq, Qogen, Matissin rəsmlərinə inamsızlıqla, demək olar ki, qorxu ilə baxırdım, buzov qatara baxan kimi. Beş il sonra isə mən rəssamlarla dostlaşdım – Pikasso, Leje, Modilyani, Rivera ilə; onların əsərləri mənə ümid və tərəddüdlər düyünündən baş açmağa kömək etdi. Müasir sənətin açarını keçmişdə tapdım. Bloku Puşkinsiz anlamaq mümkün olmadığı kimi, Modilyanini də İntibah rənğkarlığından ayrı qavramaq olmaz: Puşkini uşaqlıqdan bilirdim, rəssamlığın əlifbasını isə mənə heç kim öyrətməmişdi; sadəcə eşitmişdim ki, Rafael dünyanın ən böyük rəssamıdır və onun «Gözləmirdilər» əsəri inqilabi mübarizə ilə bağlıdır.
İlk dəfə Luvrda olanda mən vəhşi idim; nəyin bahasına olursa-olsun Cokondanın sirli gülüşünü görmək istəyirdim, görəndən sonra isə onun nə ifadə etdiyini tapmağa başladım; sonra Miloslu Veneranı xatırladım – ona baxmaq lazım idi, axı hamı onu gözəllik idealı hesab edir, onun qarşısında Heyne və Qleb Uspenski riqqətə gələrək ağlayıblar… Luvr böyük şəhərdə böyük muzey idi; mən orada gəzişdim, köks ötürdüm və çıxıb getdim. Yuxulu Brüqqenin kiçik muzeyləri mənim üçün ibtidai məktəb oldu; əsl sənətə isə İtaliyada aşina oldum…
***
… XVIII əsrdə sənətin maarifçi xiridarları qotikanı eybəcər barbarlıq sayıb. Puşkin Fransua Viyonun poeziyasından həqarətlə danışıb. Stendal Cottonu Rafaelə doğru pillə saysa da, onun rəsimlərini köməksiz və eybəcər hesab edib.
O vaxtdan bəri dəyərlər dəyişilib: XVlll əsr - XlX əsrin əvvəllərinin ən iti zəka sahiblərinin sezmədikləri bizə yaxındır. Lakin bəlkə onların səhvlərini təkrarlamamalıyıq və bizə yad olan sənət əsərlərinə həqarətlə yanaşmamalıyıq? Mən bir insanın mülahizələrinin dəyişməsindən danışacam ki, bizim dəyərlərin nə qədər nisbi olduğunu xatırlada bilim.
***
1911-ci ildə məni kvatroçento sənətkarları və ilk növbədə Bottiçelli valeh etmişdi. İlahi, mən «Veneranın doğuluşu» və «Bahar» qarşısında neçə saatlarla dayanmışdım! Rafaelin freskaları mənə darıxdırıcı görünürdü; Cotto ikonaları xatırladırdı. Bottiçellinin qadınları venesiyalıların rəsmlərindəki kimi kobud, kök, çəhrayı deyildi; Memlinq və ya Van-Eykdəki kimi vücudsuz və ifrat ruhsal deyildi. Venera utancaq, bir az kədərlə dünyaya baxırdı, elə təxminən bu cür də mən Veneraya. Mən «İtaliyanın obrazları» kitabı ilə maraqlandım. Muratov elə bil ki, mənim qəlbimə girmişdi: yazırdı ki, «Veneranın doğuluşu» dünyanın ən böyük rəsmidir. İndi anlamaq istəyirəm, Bottiçelli məni nəylə ələ almışdı. Yəqin ki, həyat şövqü və kədərin birləşməsi, inamsızlıq əsrinin başlanması, qarışıqlığı ahəngə salma qabiliyyəti ilə…
***
… İki il sonra Florensiyaya döndükdə mən ilk növbədə Bottiçellinin şəkilləri ilə görüşə getdim və özümü itirdim: əlbəttə, onlar çox gözəl idi. Ancaq mənim aldığım həzz artıq yad idı; onlar daha mənim ruhi vəziyyətimə uyğun deyildi. Mən artıq qarışıqlığı, xaosu poetikləşdirmək istəmirdim, dəniz məni yırğalayırdı və tərpənməz sahilə baxmaq istəyirdim. Mən hörmətlə inam dolu insanlar haqqında fikirləşməyə başladım – Vale Neymark haqqında, Fransis Jamm haqqında.
Beatoya vuruldum: onun rəsmləri hərəkət idi, yalnız madonnanı təsvir etmir, öz rəsmləri qarşısında dua oxuyurdu. Cotto, Syen ustaları məni cəlb etdi…
Gözlərim qarşısında ilk Florensiya sənətkarlarının ciddi, fikrə qərq olmuş freskaları dururdu. Yenə də anlamağa çalışırdım ki, Rafaelin şöhrəti nədədir, Tintoretto nə ilə cazibədardır, ancaq bunlar cavabsız suallar idi…
***
Mən bir gəncin, qırx yaşlı adamın və indiki, qocalıq çağımın çox mübahisəli mülahizələrini nəql etdim. Bunlar əlbəttə ki, özlüyündə maraq kəsb eləmir, bir də ki, mən sənətşünas deyiləm. Mənə elə gəlir ki, dəyərləndirmə yox, onların bir insan ömründə dəyişməsi maraqlıdır. Şair Balmont sadəlövhcəsinə xahiş edirdi ki, dünənki kumirləri ifşaya tələsməyək. Əsil sənətkarların mərhəmətə ehtiyacı yoxdur; ancaq sağlam düşüncə deyir ki, bir qədər tədbirli olmalıyıq: ifşa olunmuş bütlər yenidən ilahiləşə bilər. Elmdəki kəşflər əvvəlki nəzəriyyələri inkar edir: indi astronomiyanı Ptolomey və Pifaqor əsasında öyrənmək olmaz; qədim yunanların heykəlləri isə bizə kamil görünür. Hazırda Bottiçelli mənim ürəyimcə deyil; cavanlıqda onu bəyənməyimin əhəmiyyəti yoxdur, əsas budur ki, onu yəqin bizim nəvələrimiz də olmasa, nəticələrimiz sevəcəklər. Mənə Bolon məktəbi haqqında xoş söz demək çətindir – onlarla öz hesabım var, lakin bu, əlbət ki, onların təqsiri deyil: Bolon rəngkarlığı indiyə qədər bir çoxlarının anlaşılmazlıqdan və ya adətkərdəlikdən realizm adlandırdığı həmin şərti, eklektik sənətin qanunlarını üç yüz il müddətinə müəyyənləşdirib (Bryusov 1922-ci ildə yazırdı: «Realizm fəlsəfi termin kimi yox, incəsənətə aid mənada sənətkar qarşısında gerçəkliyi düzgün əks etdirmək vəzifəsini qoyur. Ancaq hansı sənətkar, harada, nə vaxt, hansı ölkədə, hansı dövrdə qarşısına başqa vəzifə qoyub? Bütün fərq yalnız «gerçəklik» dedikdə nəyin başa düşülməsindən ibarət olub…»)…
***
Keçmişin sənəti yalnız bizim gözlərimizi açmır, o özü gözlərimizin hərarətindən açılır. Yeni nəsillərin məhəbbəti - iprənmiş kətanları təmizləyən, onların ilkin parıltısını bizə qaytaran əsil bərpaçı budur…
… Əlavə edim ki, 1959-cu ilin payızında İtaliyada olarkən etrusk sarkofaqları, daş tabutlardan dikələn çılğın kişilər və qadınlar mənə çox güclü təsir etdi. Mən Roma yaxınlığındakı kiçik Tarkinye muzeyinin həyətində xeyli onlara baxdım. İndi bu kitabı yazarkən mən keçmişimi, artıq çoxları həyatda olmayan dostlarımı canlandırmağa çalışıram. Və qarşımda mənim doğuluşumdan iyirmi beş əsr əvvəl yaşamış kişiləri, qadınları görürəm. Elə bil ki, onları öz müasirim kimi tanıyır və anlayıram…
***
«Klozeri de lilya»da oturub fransız şairlərinin şerlərini çevirirdim – antologiya tərtib etmək istəyirdim. Voloşin məni Aleksandr Merseroya təqdim etdi. O, elə də cəlbedici şair deyildi, ancaq çox diqqətcil insan idi: öz kitablarını gətirir və məni daha məşhur yoldaşları ilə tanış edirdi.
İri rus sənayeçisi N.P.Ryabuşinski 1906-cı ildə rus və fransız dillərində «Qızıl yun» adlı bədii jurnal buraxmaq qərarına gəlmişdi. Üslubçu tələb olunurdu. Ryabuşinski xərcdən çəkinməyərək əsil fransız şairi sifariş etmişdi. Sifarişi yerinə yetirməkdə çətinlik yarandı: şairlər uzun müddətə Parisi tərk etmək istəmirdilər.
Parisin əyaləti olan Kreteydə keçmiş abbatlıq binasında bir neçə şair məskunlaşmışdı; onlar şer yazır, özlərinə yemək hazırlayır və əsərlərini əl dəzgahında çap edirdilər.
«Abbatlıq» ədəbi qrupu belə yaranmışdı; sonradan onun bir çox nümayəndələri məşhurlaşdı: Dyuamel, Jül Romen, Vildrak. Bu şairləri dar fərdiyyətçilikdən uzaqlaşmaq, hamıya xas fikir və hisslərdən ilhamlanmaq cəhdi birləşdirirdi. «Abbatlıq»da alababat şairlər də var idi. Mersero da onlardan idi və məhz o, «Qızıl yun»da işə həvəsləndi…
***
… Mersero deyirdi ki, Moskvanı bəyənib, ancaq bir moskvalı xanımı, məmur arvadını, xüsusilə bəyəndiyini xatırlamağı xoşlamırdı. Bu haqda mənə Voloşin danışmışdı. Fransız şairi və moskvalı məmurun arvadı xoşbəxt imiş, lakin ayrılıq dəmi yaxınlaşırmış. Havayıdan şair olmayan Mersero romantik plan təklif edir: «Mənimlə Parisə qaçaq». Moskvalı xanım sevdalı xəyalpərəstə xatırladır ki, Rusiyadan çıxmaq üçün xarici pasport lazımdır. Məşuqənin kifir bacısı var imiş, Mersero ona fikir vermirmiş, lakin çətin məqamda o, xoşbəxtlik açarı olur: «Bacımla evlən, xarici pasport alsın və səninlə Parisə gedəcəyini desin. Mən sizi yola salmağa gələndə son anda vaqona minərəm, bacım perronda qalar. Pasport da əlbət ki, məndə olacaq». Plan Merseronun xoşuna gəlir, təmtəraqlı toy edirlər. Məşuqə danışdıqları kimi vağzala gəlir, ancaq üçüncü zəng vurulanda yerindən tərpənmir, yaylığını yelləyir: kupedə isə qanuni arvadı əyləşibmiş…
***
... O illərdə fransızlar Rusiyanı yaxşı tanımırdılar… Hətta savadlı fransızlar da ruslar haqqında nə bilirdi ki? Onlar pullarını sağa-sola səpələyən, Monmartrın bahalı pritonlarında vaxt keçirən, Monte-Karloda bir gecədə ərazicə fransız departamenti, yəni vilayət qədər mülklərini uduzan varlıları görürdülər. Fransız dilinə «boyarı» sözü keçmişdi, yəni rus zənginləri. Savadlı fransızlar Dostoyevskiyə6 aludə olmuş və ondan belə qənaətə gəlmişdilər ki, rus qəfildən öldürməyi, pul öhdəliklərinə nifrət etməyi, allaha və şeytana ibadəti, səcdə etdiyinə və eyni zamanda özü özünə tüpürməyi, ictimai yerlərdə yeri öpərək tövbə etməyi sevir. Qəzetlər Rusiyadakı qarışıqlıq, terror aktları, inqilabçıların qəhrəmanlığından yazırdı. Fransızlar rus inqilabçılarını «nihilist» adlandırırdılar. 1946-cı ildə, Oktyabr inqilabından otuz il sonra dərc olunmuş izahlı lüğətdə «nihilizm»in belə tərifi verilmişdi: «Rusiyada ardıcılları olan, başqa müəyyən bir sistemlə əvəz etməyi qarşısına məqsəd qoymadan sosial quruluşun radikal şəkildə dağıdılmasına yönələn doktrina». Fransız nöqteyi-nəzərindən belə doktrina yalnız mistikləri cəlb edə bilər. Hər şeydən əlavə, fransız biləndə ki, «nihilistlər» «boyar»lar arasında da var, bu onu hansısa xüsusi «slavyan qəlbi»nin mövcudluğuna tam əmin edirdi; bütün sonrakı tarixi prosesləri bu «qəlb»lə izah edirdi…
***
Uşaqlıqda mən almanların təsvir olunduğu rus romanlarını oxumuşdum: bəziləri Turgenevin Lemmi kimi xəyalpərəst, digərləri Qonçarovun Ştolsu kimi enerjili, küt zəhmətkeşlər idi…
…Bəs «baxış qədər iti, səfehcəsinə boş» fransızlar, onların yüngüllüyü və tədbirsizliyi, xudbinliyi və mənəviyyatsızlığı haqqında rus mifi?! «Yeni Babil» adlanan, yalnız dəblərin yaradıcısı deyil, əyyaşlıq məskəni sayılan Paris haqqında mif! Bu təsvirlər mən gördüyüm ölkəyə necə də bənzəmirdi!..
İndi təyyarələr bir-neçə saata Avropanı aşır; bir gecəyə Parisdən Amerika və ya Hindistana uçmaq olar; insanlarsa yenə də bir-birini pis tanıyır. Onları fikirlər, sözlər, hisslər yox, onların ifadə formaları ayırır…
***
Maksimilian Aleksandroviç Voloşin Parisə gələndə rəssam Y.S.Kruqlikovanın emalatxanasında qalardı. Emalatxanada Misir çariçası Tanaxın təsviri asılmış, altında alçaq divan var idi. Maks (tanışlıqdan bir-iki gün sonra hamı onu belə adlandırırdı) divanda ayaqlarını altına çəkib oturar, qəlyanda nəsə şərq qətranı çəkər, türk qəhvəsi hazırlayar, Assuriya sənətindən, masonlar və ya kubizmdən kitab oxuyar, Moskva qəzetlərinə şerlər, sərgilər və teatr premyeraları haqqında məqalələr yazardı…
***
Andrey Belıy xatırlayır ki, Voloşin onun nəzərində nümunəvi parisli idi – fransız mədəniyyətinə əla bələdliyi, «yadelli» səliqəli saqqalı, silindri, maneraları ilə. Maksla Parisdə tanış olduğumdan onu heç cürə parisli kimi qəbul edə bilmirdim; mənə rus arabaçısını xatırladırdı, saqqalı da radikal-sosialistdən çox, arabaçı saqqalına bənzəyirdi…
Parisdə Voloşin nəinki rus, hətta arxirus kimi tanınırdı. Fransızlara həvəslə özlərini tonqalda yandıran raskolniklər, Morozov və ya Ryabuşinskinin qəribəlikləri, terroristlər, Peterburqun bəyaz gecələri, «Kərpic valet» rəngkarları, Qədim Rusun divanələri haqqında danışırdı. Moskvada isə, Andrey Belıyın dediyinə görə, Maks anarxistlərin Foye restoranına atdığı bomba, Joresin bəlağəti, Remi de Qurmonun bidəti, görkəmli riyaziyyatçı Puankare, gənc Rişpenlə səhər yeməyi haqqında hekayətləri ilə həmsöhbətlərini heyran edirdi. Voloşin hər yerdə dinləyici tapırdı, söhbəti bacarır və sevirdi…
***
Uşaqlar yüzlərlə mürəkkəb və sadə oyunlar oynayırlar, bu heç kimi təəccübləndirmir; ancaq bəzi adamlar, xüsusən yazıçılar və rəssamlar, ahıl yaşlarına qədər oyuna meyillərini saxlayırlar. Qorki danışırdı ki, Çexov skamyada oturaraq şlyapası ilə günəş «dovşancıqları» tuturdu. Pikasso təlxəklik etməyin vurğunudur, həvəskar toreador kimi öküz döyüşlərində iştirak edir. Şair Nezval ömrü boyu qoroskop tərtib edib. Babel9 hamıdan gizlənirdi, ona görə yox ki, işləməyə mane olurdular, gizlənpaç oynamağı sevdiyinə görə. Maks qeyri-adi hekayətlər uydururdu, mistifikasiya edirdi, redaksiyaya Puşkinin elə də bəlli olmayan şerlərini göndərib onların müəllifinin əczaçı Sivolapov olduğuna əmin edirdi… Hətta işləyəndə də oynayırdı; «Apollon və siçan» adlı məqaləsi var – oyundan başqa ad vermək olmaz. Qeyri-adi erudisiyası var idi; səhərdən axşama Milli kitabxanada otura bilirdi, ancaq kitab seçimi gözlənilməz olurdu: ya Kritdəki qazıntılar, ya qədim Çin poeziyası, ya Lanjevenin qazların ionlaşdırılması haqqında işi, ya Sen-Jüstün əsərləri. Kök idi, yüz kiloqram çəkisi vardı; Budda kimi əyləşib həqiqətləri bəyan edirdi, ancaq balaca uşaq kimi oynayırdı. Yeriyərkən yüngülcə hoppanırdı, hətta yerişindən tanınırdı – danışığında, şerlərində, həyatda hoppanırdı…
Ardı var...