Kulis.Az Qismətin yeni şeirlərini təqdim edir.
Şaiqə.
1.
Yaddaşın səhrasında keçmişin mirajları
bir-bir görünüb itir, yadımızda qalana
ömür desək inciməz. Bəs yadda qalmayanlar?
Yeddi yaşdan bu yana az da olsa ömürdü,
üzü ana bətninə diktafon işləməyib...
Yaddaşın arxivindən dumanlı bir görüntü:
ilk dəfədi güzgüdə öz üzümə baxıram.
Əlimi qaldırıram əksimin əli qalxır,
beləcə başlayıram tanımağa əksimi,
əzbərə öyrənməyə, özümün təqlidinə...
Dilin sözsüz illəri görən necə olmuşuq,
necə düşünmüşük biz? İndi masa masadır,
onda nəydi görəsən? İndi ana anadır,
onda kimiydi görən? Məsələn, kar doğulsaq,
eşitməsək ki, nə cür səslənir ana sözü,
anamız kim olardı? Dörd yaşımın fotosu:
deyirlər ki, bu sənsən, bu, mənəm çox güman ki,
amma deməsəydilər, kim olardım, bilmirəm.
2.
Yadına gəlirmi tətil günləri – hələ it kökünə düşməmiş o bağ,
hovuz, qumsallıq, bürkülü axşamlar, ağcaqanadlar,
o köhnə teleskop gözündə qalan on yeddi yaşın səması?
Həmin kələ-kötür, dolanbac yoldu;
yazmağı bilməyən dəcəl bir uşaq
əlinə ilk dəfə qələm alanda,
bütün divarları necə yazırsa,
bu yol da eləcə əyri-üyrüdü.
On il bundan qabaq bu torpaq yolun
solu evlər idi, sağı meşəlik.
İndi həmişəlik – həmişəlikmi? –
zeytun ağacları, şam ağacları,
meşənin içində möcüzə kimi
qəfildən adamın rastına çıxan
futbol meydançası o tərəfdədi –
daşdan çəpərlərin o tərəfində...
On il bundan qabaq bu torpaq yolun
qıvrıla-qıvrıla gedib çıxdığı
o yekə, o azman mavi darvaza
hələ üzümüzə gülə bilirdi.
Onda o darvaza, o azman dəmir,
o Nazim Hikmətin gözü darvaza,
hələ solmamışdı kimsəsizlikdən.
Həyətə girəndə, solda, lap solda,
mavi darvazanın düz dibindəcə,
kiçik it damı var – Çapanın evi.
Yadına gəlirmi, əvvəl qorxduğun,
sonra tumarınla əzizlədiyin,
dünyanın ən gözəl gözlü köpəyi?
Mənim yadımdadır o sevimli it.
Babalar, nənələr öləndən sonra,
həmin bağ evinə gediş-gəlişlər
get-gedə azalıb, öləzidikcə,
o it pəncəsini üzüb hamıdan
dörd-beş il o bağda tək-tənha qaldı.
Sonra da kim bilir, bəlkə bir gecə,
ulduzlu göylərə gözünü dikib,
canında son dəfə təpər taparaq,
yarıit, yarıqurd bir nalə ilə
bizim adımızı hürdü yollara...?
Mənim yadımdadır həmin qarlı qış,
getdik ki, o gözəl, o nəcib heyvan,
buzdan heykəl olub həyətimizdə...
O vaxtdan qorxuram, yaman qorxuram,
qorxuram nə vaxtsa qəfil qış günü
çoxdandı arayıb-axtarmadığım
kimisə axtarıb tapa bilmərəm...
Gələcək.
Keçmişin nə qədər ayağı olur-olsun,
“İndi” dediyimiz zaman qırıntısı
nə qədər sürətlə köhnəlir köhnəlsin,
gələcək başlayıb artıq.
Çox keçməyib Böyük Qardaşın
baxışları altındakı ömrümüzdən,
amma deyəsən
artıq özümüz özümüzün polisi olmuşuq.
Çox da dərd etməməli,
çünki hamımız sabahın antik dövrüyük.
Amma təkcə yaxşı adamlar yox,
əclaflar da unutmasınlar gərək,
unutmasınlar ki, gələcək hələ uzun çəkəcək...
Xaric not.
Elə ki, səhnədəkinin boğazı qurudu,
başladı xaric oxumağa,
onda əlüstü mikrofonu tamaşaçılara
uzatmaq vacib olur.
Hə, əziz və hörmətli tamaşaçılar,
alqışlayan əlləriniz var olsun,
ta keçib zəhmətdən bir az da siz oxuyun,
utanmayın, çəkinməyin,
buyurun, siz Allah, buyurun.
Elə ki, o müqəddəs mikrofon
əziz və hörmətlilələrə tərəf uzadılır,
xor işə düşür, onda bircə qalır
reklamları gözləmək,
sonrası asan məsələdi, çooox asan məsələ.