Kulis. az internet dərgisinin suallarını yazıçı-publisist Zakir Sadatlı cavablandırır.
- Zakir müəllim, xoş gördük. Uzun müddət idi ki, xəstə idiniz. İndi özünüzü necə hiss edirsiniz?
- Şükür, müalicədən sonra özümü yaxşı hiss edirəm və güman edirəm ki, bundan sonra da hər şey yaxşı olacaq. Fürsətdən istifadə edərək sizə sağ olun deyirəm ki, bir həmkar olaraq məni unutmursunuz, mənimlə maraqlanırsınız, diqqət göstərirsiniz.
- Siz Əfqanıstanda sovet ordusunun zabiti kimi döyüş yolu keçmisiniz. O dövr yaddaşınızda necə qalıb?
- Bilirsiniz, mən artıq Əfqanıstan haqda danışmaqdan yorulmuşam. Yorulduğumu hiss etdiyim günlərdən birində düşündüm ki, bu qədər danışmaqdansa, yazmaq lazımdır. Mənim özümü də düşündürən suallar vardı, üstündən uzun illər keçəndən sonra mən o suallara cavab tapmaq istədim və “Əfqanıstan uçurumu” adlı bir roman yazdım. Yəqin ki, bu ilin axırında kitab şəklində çıxar. İndi bilmirəm necə olacaq... Kitablar da insanlar kimidi, hər birinin öz taleyi olur. Görək, bu kitabın taleyi necə olacaq.
- Zakir müəllim, bu mövzu sizi yorsa da bizim üçün maraqlıdır. Necə oldu ki, yollar sizi Əfqanıstana aparıb çıxardı?
- Məni Əfqanıstana aparan yollar artıq bir qərinənin o tayında qalıb. Bu, bəlkə də bir tale məsələsidir. Heç vaxt mənim ağlıma gəlməzdi ki, günlərin bir günü Əfqanıstana gedəcək, dünyanın diqqət mərkəzində olan hadisələrin iştirakçısı və şahidi olacağam. İnsan bəzən fərqində olduğu hadisənin mahiyyətini zamanında və məkanında qiymətləndirmək, dərk etmək iqtidarında olmur. Amma illər keçəndən, o hadisələrin üstündən sərin, xəfif küləklər əsəndən sonra hiss edirsən ki, bəli, bu hadisələr olub və sən həmin hadisələrin iştirakçısı olmusan. Elə bu kitabın yazılması da həmin təəssüratların, düşüncələrin nəticəsi olaraq meydana gəldi. İllər keçdi və gördüm ki, bu hadisələri bilən insanlardan biri də mənəm, bunları yazmamaq olmaz. Bir müddət bizə bu barədə susmağı tapşırmışdılar. Mən buna əhəmiyyət verən adam deyildim, amma yazmağa gücüm çatmırdı. Rus yazıçıları Əfqanıstan müharibəsi haqda bədii əsər yazmayıblar. Publisistik əsərlər, araşdırmalar yazılıb, yüzlərlə mahnı yazılıb, amma bədii əsər yoxdu. Dediyim o mahnıların istisi adamı çox-çox uzaqlardan vurur, dinləyəndə adamın ürəyinin qabığı soyulur. Mən Əfqanıstanda döyüşmüş bir rus əsgərinin mahnısına qulaq asdım. Mahnının adı “Salam, Baça” idi. Əfqanlar oğlan uşağına “baça” deyirlər. Orda deyir ki, “bir gün üstünə silah çəkdiyin adamı bu gün bağrına basmaq istəyirsən. Əfqan əsgərinin ruhu sənin cadar-cadar olmuş əllərinin üstünə qonmaq istəyir”. Bu, müharibənin təzadlarından biridir.
Mən Əfqanıstana gedəndə bu ölkə haqqında geniş təsəvvürüm yox idi. Orta məktəbin coğrafiya dərsində biz Əfqanıstan mövzusunu keçəndə bir neçə sinif yoldaşımla birlikdə müəllim bizi sinifdən qovdu və bizi bir neçə dərs sinfə buraxmadı. Həm də coğrafiyanı yaxşı oxumurdum. Tale bəzən insanları bildiyi, tanıdığı yox, tanımadığı yerlərə göndərir. Əfqanıstan mənim tanımadığım bir yer idi və müharibə də bilmədiyim bir mövzu idi. Əfqanıstana getməzdən əvvəl Almaniyada xüsusi təlim taborunda xidmət elədim, döyüş texnikasını, hərbi texnikanın sirlərini öyrəndim. Ondan sonra bizi Əfqanıstana yolladılar. Orda bizə deyirdilər ki, bir-iki aya Sovetlər Birliyinə qayıdacaqsınız, biz də sevinirdik ki, tezliklə vətənə dönəcəyik. Almaniyada da bizi aldatmışdılar, bizə demişdilər ki, qoşun hissələrinin bir hissəsi Sovetlər Birliyinə göndərilir. Bu, geniş bir söhbətin mövzusudur, təfərrüatı ilə yeni romanımda yazmışam.
Əfqanıstanın hər dağı-dərəsi, küçəsi mənim yaddaşıma hopub. Dünyada elə şeylər var ki, onları heç vaxt unutmaq olmur. Bir şəhid şair dostumun fikrini mən romanıma epiqraf götürmüşəm. O, yazır: “Keçmiş heç vaxt ölə bilməz, o heç nədən yenidən doğulacaq”. Dünyada insanı xatirələr qədər göynədən heç nə yoxdu. Mən Əfqanıstanda üst-üstə 36 altı döyüş əməliyyatında iştirak etmişəm. Bu rəqəm heç vaxt mənim yadımdan çıxmır. Bu əməliyyatların heç biri bir-birinə bənzəmir, hər birinin özünəməxsus əzabı, zilləti, zülmü var.
- Siz müharibənin odundan-alovundan keçmisiniz. Müharibə sizin üçün nədir?
- Bilirsiniz müharibələr niyə tez-tez təkrar olunur? Çünki müharibələri tarixçilər yazırlar. Tarixçiləri isə quru, statistik rəqəmlər daha çox maraqlandırır, nəinki müharibənin rəngləri, çalarları. Mən o əsəri yazanda müharibənin rənglərini və insanın daxili dünyasını təsvir etməyə çalışmışam. Müharibə insanı gözəlləşdirir və həm də əclafa çevirir. Müharibədə insan özü olur, olduğu kimi görünür, onun daxili eqosu ölür. Mən həmişə Qarabağ müharibəsinə Əfqanıstan müharibəsi kontekstində baxıram. Bəlkə də biz müharibələr haqda doğru-düzgün, ciddi bir ədəbiyyat oxusaydıq, yazıçılar bizi aldatmasaydılar, bizim müharibəyə münasibətimiz fərqli olardı. Böyük xalqı böyük ədəbiyyat yetişdirir, böyük ədəbiyyatı olmayan xalq böyük ola bilməz. Bizə müharibəni belə təqdim edirdilər ki, guya hamı “urraa” deyə qışqırır və hücuma keçib qalib gəlir. Müharibədə belə şey olmur, müharibədə kim deyir ki, mən heç nədən qorxmuram, yalan deyir. Bir dəfə məndən soruşdular ki, müharibənin lirizmi varmı? Çox maraqlı sual idi. Dedim ki, var, müharibənin lirizmi qorxu, həyəcan, təşviş, ölüm-itimdir. Müharibələr hər bir insanın xarakterindəki güclü və zəif tərəfləri üzə çıxarır.
- Deyirlər müharibədə ölüm adiləşir. Bu fikirlə razısınızmı?
- Yox, qətiyyən razı deyiləm. Ölüm heç bir halda insan üçün adiləşə bilməz. Qorxu da heç vaxt adiləşmir, bəziləri deyir ki, müharibədə artıq qorxu hissini itirirsən. Bu da mümkün olan şey deyil. Mən o döyüşlərdə nə qorxaqlıq, nə də qəhrəmanlıq haqqında düşünmüşəm. Müharibə heç bir qəlibə, çərçivəyə sığmır, müharibə hazır ssenarilərlə getmir. Ola bilsin hansısa əməliyyat ssenari kimi qurulsun, amma döyüşlərin gedişində həmin ssenari dəyişir.
- Müharibədə ən çox nə haqqında düşünürdünüz? Barıt qoxulu günlərdə fikrinizi nə məşğul edirdi?
- Ən çox kəndimizi, uşaqlıq dostlarımı və sevdiyim qızı düşünürdüm. Mənim özümlə apardığım, müharibə bitənə qədər üstümdə gəzdirdiyim və qaytarıb gətirdiyim bir qız şəkli vardı. Müharibədə ölən dostlarımızın cibindən sənədlərini götürürdük ki, evlərinə yollayaq və o sənədlərin hamısının içindən bir qız şəkli çıxırdı.
- Yaddaşınızdan silinməyən bir hadisə danışa bilərsinizmi?
- Mən ordakı hadisələrin heç birini unutmamışam. Dünən, srağagün etdiyim söhbətlər yadımdan çıxa bilər, amma Əfqanıstanla bağlı heç nə mənim yaddaşımdan silinə bilməz. Sizə bir hadisəni danışım, bunu romanda yazmamışam, yəqin ki, nə vaxtsa yazacağam. Mənim Bakir adlı bir döyüş yoldaşım vardı. Gecə saat təxminən 4 radələriydi. Dedilər ki, bizdən qabaqda gedənlərdən birini vurublar. Mən də bilirdim ki, onlardan biri çeçendi, biri isə həmin Bakir Qəmbərovdu. Onların keçdiyi qayaların arası artıq hədəfdəydi, onlar geri qayıda bilməzdi. İş elə gətirdi ki, iplə birtəhər yaralını qayadan aşağı salladılar, biz də qayanın dibində durmuşduq. Mən gördüm ki, bu, Bakirdi. Elə bu dəmdə də əmr olundu ki, geri qayıdın. Çünki mühasirəyə düşmək təhlükəsi vardı. Hamı qayalarla üzüaşağı düşməyə başladı, mən də Bakiri çiynimə aldım, özü də ağır yaralıydı, üstəlik onun və öz silahım da üstümdəydi. Belə yerdə insan tək canını götürüb qaça bilmir. Vəziyyəti təsəvvür edin. Bir sıldırım qayanın başına gəlib çıxdım, gördüm ki, burda hərəkət eləmək mümkün deyil. Bakiri yavaşca yerə qoydum və azca aralandım ki, görüm hardan yol tapıb çıxa bilərəm. Bu anda Bakirin bəlkə də ağlına gəldi ki, mən bunu atıb gedirəm. O, mənə həmişə “qağa” deyə müraciət edirdi. Mənə dedi ki, qağa, məni vur! Bir az əsəbiləşdim ki, mən burda xilas yolu axtarıram, bu da məni ruhdan salır. Mən bilirdim o, nə demək istəyir. O, istəmirdi ki, dostunun onu atıb getməyini görsün. Mən də zarafatla dedim, darıxma, indi səni güllələyəcəyəm. Beləcə, böyük çətinliklə onu gətirib çıxardım. Sonralar tez-tez görüşürdük, hər dəfə də görüşəndə ona deyirdim ki, sənin mənə bir can borcun var. (gülür) Bax, müharibədə faciənin komediyaya çevrildiyi anlar da olur. Müharibədə insanlar təkcə ölmür, itmir, həm də tapılır. Heç kimin əhəmiyyət vermədiyi balaca bir uşaq müharibədə bəzən elə bir igidlik nümunəsi göstərir ki, insan sarsılır. Daxilən qürur duyursan ki, mən bu insanın yanındayam.
“Dostum dedi ki, məni güllələ!”- MÜSAHİBƏ
13 noyabr 2012
10:56
2773 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024