Kulis.az Mətanət Vahidin “Bütün yollar ədəbiyyata aparır” aflı resenziyasını təqdim edir.
Ədəbi mühitimiz kənardan gənc qız kimi görünən portretə oxşayır, diqqətlə izləyəndə, əslində, hikkəli və qəzəbli qırışmış qoca qarı olduğunun fərqinə varırsan. Və bu “küpəgirən qarı”nı nə qədər yaxından və içdən tanıyırsansa, güclü bir təkanla uzaqlaşmaq istəyirsən - qara enerjisini saçdığı, səni sıxdıqca sıxan “daxma”sından. Amma bu qaranlığa öz işığı ilə gələnlər olduqca içindən bir ümid göyərir və tək-tək işıqlı ədəbiyyat adamlarına xatir hələ ki, ümidlərini diri saxlamağa çalışırsan...
Qismətin “Gələcəyin tarixi” esselər toplusu artıq neçə aydır ki, oxuculara təqdim olunub. Kimi ümumən ədəbiyyata, kimi məhz müəllifin yaradıcılığına maraq və sevgidən kitabı elə isti-isti əldə edib oxudu. Bununla belə, istərdim ki, dəyərlərin dəyərini vaxtında verməyi bacaraq; şəxsi söhbətlər zamanı etiraf və təqdir etdiklərimizi oxuculara da çatdıraq. Kaş ki, bəzən şkafda yer tutmaqdan başqa heç nəyə yaramayan, bir əvvəlinə, bir sonuna nəzər atılıb haqqında onlarla yazı ərsəyə gətirilən kitablara xorla münasibət bildirildiyi kimi, ədəbiyyatımıza əsl töhfə olan kitablara da lazımi diqqət göstəriləydi. Yerbəyerdən səslənəcək “Yaxşı mətn öz oxucusunu tapır, özü öz əvəzinə danışır” və s. kimi təsəlliverici fikirləri də qulaqardı etmədən oxucunu sözün yaxşı mənasında yönləndirməyin də tərəfdarıyam.
Adətən, hər hansı kitabdan, mətndən yazarkən müəllifindən bəhs etmək kimi bir şakərim yoxdur. Lakin bunu qeyd etməmək insafım xaricindədir, Qismət azsaylı müəlliflərdəndir ki, müsahibələrini ad çəkib kiminsə yanında xal qazanmaq üstündə qurmur; söhbətlərində də, yazılarında da hər zaman dünya ədəbiyyatının yeni imzalarıyla tanış olmaq mümkündür və klassika, çağdaş ədəbiyyat ayrıntısı aparmadan, bizim, “onların” bölgüsü qoymadan bütövlükdə ədəbiyyatı oxuyur və tanıdır. Etiraf edək ki, ölkəmizdə dünya ədəbiyyatı ilə yaxından tanış olan, öz ölkəsində çox tanınsa da, bizim elə də bələd olmadığımız əsərləri, imzaları oxuyan olduqca az adam var. Ovuc içi boyda ədəbi cameəmizdə hər kəsin yalnız nə yazdığını deyil, az qala nə oxuduğunu da bilirik. Qismətin danışdıqları, yazdıqları çoxlarının qavradığı kimi, intellekt nümayişi deyil, məlumatlandırmaq, yönləndirmək, yaxşı mənada təbliğat məqsədlidir.
“Gələcəyin tarixi” 6 bölümdə toplanmış konseptual mətnlərdən ibarətdir. Bu esseləri zaman-zaman mətbuatdan oxumuşuq, lakin üstündən müəyyən müddət ötdükdən sonra onları bir kitabda oxumaq da bir ayrı estetik zövq oldu. Qismət köhnəlikdən sıyrılıb çıxmağı, yeniliklərə, eksperimentlərə açıq olmağı ən geniş şəkildə təbliğ edən, ədəbi və bədii yaradıcılığı ilə dünyanı bizə, bizi dünyaya yaxınlaşdıran müəllifdir. Bunu onun hekayələrində, şeirlərində olduğu qədər esselərində də müşahidə edirik. Azərbaycan oxucusunun az-çox bələd olduğu (V.Nabokov, S.Rüşdi, U.Berrouz, P.Oster və s.) və ya demək olar ki, heç bələd olmadığı (Jerzi Kosinski, Raymon Kyeno, Tomas Pinçon, Keti Aker və s.) müəlliflər və yaradıcılığı haqqında tanıtım yazıları kimi tənqid məktəbləri, tərcümənin problemləri, postmodern sənət və bu kimi digər yazılar maraqlı və bir o qədər də faydalıdır.
Bəzən bir müəllifə, yaradıcılığına sevgidən, yaxud nifrətdən fikirlərimizin ifadəsində ifrata varırıq. Qismətin esselərində ən çox sezdiyim heç bir məsələyə münasibətdə ifratçılığının olmamasıdır. O, işinin peşəkarıdır və yalnız peşəkarlara xas bir soyuqqanlılıqla orta həddi bütün mətnlərində gözləyir.
M.Monten esseni yaradıcılıq üsulundan daha çox “həyat tərzi, müəllifin həyata baxışı” hesab etməkdə tamamilə haqlı idi. Esse – müəllifin daxili azadlığını ən bariz şəkildə büruzə verən janrdır. Nədən yazırsa yazsın, mətnin içində ən çox müəllifin özü var. Çox zaman oxucu üçün esse janr kimi namüəyyən qalır: şeir və hekayə deyil, ənənəvi tənqid deyil - hamısından fərqli, amma hərəsindən bir az əxz etmiş, bununla belə, daha çox kənarda qalan, buna görə də sərbəst, akademik araşdırmaların mövzusu olmayan və sanki ümumi janrlar iyerarxiyasına tam olaraq daxil olmayan...
Bəzən mənə elə gəlir ki, esseləri usandırıcı akademizmin triviallığını ədəbiyyatımızdan uzaqlaşdırmaq üçün yazırıq. Bu gün və daha çox gənc nəslin bu janra meyllənməsini müşahidə etmək çox xoşdur. Çünki müxtəliflik, rəngarənglik hər zaman daha maraqlı və cəlbedicidir. Yetər ki, biri digərini təkrar etməsin, hərə öz səsi, öz sözüylə görünsün bu qalereyada.
Mətn savad nümayişi üçün mürəkkəbləşdirilmək yolunu tutanda oxunma şansı azalır. Bəzən hətta tənqidi yazılarda görürük, sanki hər fikir yerindədir, doğrudur, lakin yazı enerjidən məhrumdur, müəllifi o mətnin içində görə bilmirsən. Çünki bəzən bizim yazarlar “müəllifin ölümü” konsepsiyasını yanlış anlayaraq, hələ oxucuya gedib çatmayan mətnin içində “intihar edirlər.” Fikrimcə, əgər mətni oxuyub “bu, filankəsin yazdığıdır” deyə bilmirsənsə, onun yazdığı da yüzlərlə digərindən fərqlənmirsə, müəllif o mətnin içində heç vaxt olmayıb.
Bu gün dünyada sənətin kütləviləşməsi, ciddi sənətin geniş auditoriyaya təqdim olunması üçün ikisi arasında əlaqələr yaradılır. Akademik dillə yazılan, terminlərlə “doldurulmuş”, sitatların zorla yerləşdirildiyi ağırbaşlı yazılar əksəriyyət üçün maraqlı ola bilmir, yalnız bir qrup mütəxəssis üçün yarayır. Bizdə ədəbiyyata qəribə bir yanaşma var: ixtisasca ədəbiyyatçı olan adam da ixtisaslaşdığı bir ədəbi dövrə fokuslanır; məsələn, əgər qədim dünya ədəbiyyatı mütəxəssisidirsə, yaxud orta əsrlər Azərbaycan ədəbiyyatı üzrə ixtisaslaşıbsa, ona çağdaş dövrdə nəinki dünyada, hətta öz ölkəsindəki ədəbi proseslər də maraqsızdır. Baxaq görək hələ təkcə bir Ədəbiyyat İnstitutunda nə qədər mütəxəssis çağdaş ədəbiyyatla tanışdır? Çətin vəziyyətdir. Deyək ki, bu, adi oxucu üçün maraqlı olmaya bilər, özünü ədəbiyyatın “şünası” hesab edən mütəxəssis üçün gərək maraqlı ola axı. Bizdə isə belə deyil və artıq kimisə qınamağa belə haqqımız çatmır.
Qismətin esselər toplusunu oxuyanda bir ziyalının çoxtərəfli marağını və həmin marağı ədəbiyyatda uğurla “əridə bildiyini” müşahidə etmək olur: görürsən ki, həyatda elmdən sənətə nə varsa, hər şey ədəbiyyat ola bilər və olur. Bütövlükdə komporativistika, intermediallıq əlaqələri dünyada ədəbiyyat adamlarının çoxdan maraq dairəsindədir. Bizdə də xüsusən son illər bu sahəyə maraq yaranmaqda və artmaqdadır. “Gələcəyin tarixi” kitabında kino, teatr haqqında, fəlsəfə ilə, futbolla ədəbiyyatın əlaqələri barədə xeyli faydalı və maraqlı yazılar oxumaq mümkündür. Qismətin kitabı həm də onu öyrədir ki, ədəbiyyat yalnız ədəbiyyatçılar üçün deyil.
Mənə bir oxucu kimi ən maraqlı gələn fəsillərdən biri “Oyundankənar vəziyyət” adlı 3-cü bölüm oldu. Qəribəsi budur ki, futbolu nəinki sevməyən, hətta onun haqqında söhbətləri də oyunun özü kimi mənasız və maraqsız hesab edən bir oxucuya futbol haqqında yazıları ləzzətlə oxutmaq olarmış. Məsələn, oyun, yalan üzərində qurulmuş “Berti Foqtsun gündəliyindən”, “Vuvuzelandiya”, “Futbol mədəniyyəti” kimi yazıları zövqlə oxumaq üçün illah da bu oyunun azarkeşi olmaq gərəkməzmiş, yaxşı mətn sevdası yetərlidir.
Bəzən mütaliəni hətta çox mütaliəli, “kitablı” adamlar belə, az qala metafizikləşdirir, ona hər kəsin özünün “gəlib çatmalı olduğu”nu, təbliğatla insanları oxutmağın mümkünsüzlüyünü iddia edir. Haqqında uzun-uzadı mübahisə edə biləcəyim bir mövzudur. Lakin məsələnin üstündə dayanmağı lazım bilmirəm və düşünürəm ki, “Gələcəyin tarixi” kimi çoxtərəfli və çoxsəsli kitablar məzmunu ilə həm də ədəbiyyatı, mütaliəni təbliğ edir.
Yaradıcılıq yoxdan var etmək deyil, artıq çoxdan bir şəkildə var olanlar arasında əlaqələr, eyni zamanda, müxtəliflik, fərq yaratmaqdır. Bunun üçün hər şeydən öncə sual verməyi bacarmaq lazımdır. Beynində sual işarəsi bolluğu olmayan insan ona cavab da aramaz, suallara cavablar aradıqca isə ən müxtəlif nəticələrə varmaq mümkündür. Esseist hökm verən deyil, fikir formalaşdırandır, “mən belə düşünürəm” mesajı verərək beyinlərdə sual işarəsi yaradandır, hökm verməyə, qiymətləndirməyə can atan ənənəvi tənqiddən fərqli olaraq, münasibət bildirən, şərh verəndir.
Qismət kitabdakı “Ucsuz-bucaqsız azlığa” adlı essesini belə bitirir: “Ədəbi əsəri əyləndirici, maarifləndirici kitabdan ayıran əsas xüsusiyyət mənə görə belədir: əyləndirici əsər vaxtı öldürmək, ədəbi əsər isə vaxtı səhifə-səhifə, hər oxunuşda təzədən diriltmək üçündür.” Eyni fikirləri “Gələcəyin tarixi” kitabına aid etmək də yerinə düşər: burada ən müxtəlif mətləbləri birləşdirən ümumi cəhət hamısının ədəbiyyatdan keçməsidir.
Ayrı-ayrı esselərdə ədəbiyyatımızın problemləri qaldırılır və problemin həlli yolları da göstərilir. Bir ziyalı, sənət və ədəbiyyat təəssübkeşi olaraq ümumi problemlərimizi nişan verir və onları aradan qaldırmağın yoluna da diqqət yönləndirir. Bu, bir variantdır, təklifdir. Bəlkə, üstündə durularsa, ondan daha yaxşı təkliflər irəli sürmək mümkündür, yetər ki, əməli işə keçid olsun. Məsələn, “Nizami” essesində olduğu kimi: “Düşünürəm ki, biz bu gün Nizamini mədəni bir brend kimi dünyaya təqdim etməyin yollarını düşünməliyik. Məsələn, hər il Konya şəhərini Mövlanəyə görə minlərlə turist ziyarət edir, niyə Nizamiyə görə hər il Gəncədə belə bir festival olmasın ki? Məncə, bizim dünyaya çıxışımız, mədəni turizm sahəsində bizə hörmət gətirən ən yaxşı addımımız hər il keçirə biləcəyimiz (amma fasiləsiz hər il) Nizami festivalı, Nizami günləri ola bilər.” Qismətin bütün məsələlərə münasibətinin belə ağıllı və praktik olduğunu görürük.
Məncə, gəncliyimizin məsələlərə münasibətindən faydalanmaq, lazımi məqamda tətbiq etməklə ədəbiyyata, dolayısı ilə Vətənimizə ən üstün xidməti göstərmiş olarıq. Çünki müsahibələrindən birində “vətənpərvərlik – peşəkarlıqdır” deyən Qismətlə razılaşmamaq olmur.
“Gələcəyin tarixi” kitabını oxuyub bitirdikdən sonra elə Qismətin öz üsulundan istifadə edərək “bu kitab mənə nə verdi?” sualını verin özünüzə. Əminəm ki, kitabdan aldıqlarınız ona sərf edtiyiniz vaxta və enerjiyə borclu qalmayacaq. / "Ədəbiyyat qəzeti" /