Kişilər postmodern olanda qadınlar nə yazırdılar?

Kişilər postmodern olanda qadınlar nə yazırdılar?
7 fevral 2017
# 12:21

Kulis.az Rüstəm KamalınPoeziyamıza sevgilərlə…” adlı məqaləsini təqdim edir.

Sevindirici haldır ki, son vaxtlar Azərbaycan filoloji fikrinə, akademik İsa Həbibbəylinin təbiri ilə desək, "gənc qvardiyaçılar" - istedadlı ədəbiyyatşünaslar gəlib. Onlardan biri də dəyərli qələminə və filoloji mədəniyyətinə inandığım Elnarə Akimovadır. Onun "Ədəbiyyat qəzeti"ndə tənqidi yazılarını, məqalələrini məmnuniyyətlə oxuyuram və məndə belə təəssürat yaranıb ki, E.Akimova ədəbiyyatşünaslığa sanki "şəyirdlik dövrü" keçirmədən, birbaşa peşəkar kimi gəlib… "Çağdaş poeziya və ədəbi təmayüllər" kitabı fikrimin təsdiqidir.

Monoqrafiyada 1990-cı illər müstəqillik dövrü Azərbaycan poeziyası təhlil edilir. Poeziya elə bir ruh-nitq hadisəsidir ki, onu konkret xronoloji çərçivələrlə məhdudlaşdırmaq, tematik qəliblərlə təsnifləndirmək çətindir.

Araşdırmanın nəzəri-tarixi miqyası tədqiqatçıdan eyni vaxtda bir neçə işi görməyi tələb edir: seleksiya işi aparmalı, poetik materialı sistemləşdirməli, təmayüllər və cərəyanlar üzrə fərqləndirməli, hər şairin fərdiliyini "dəlil-sübutlarla" göstərməlidir. E.Akimova bu işin öhdəsindən bacarıqla gələrək dövrün poetik mənzərəsinin elmi təsvirini və təhlilini vermişdir. Azər Turan demişkən, “postmodern və irfan axımını vahid filoloji müstəvidə təşrih etməyə qalxışır. Üslubu canlı orqanizm kimi zamanı, məkanı, həzzi, ritmi, səsi, duyğusu, enerjisi, ədası... ilə birgə təhlil edir”. Fəsillər və yarımfəsillər nəzəri məntiq və metodoloji cəhətdən bir-birini tamamlayır.

Adətən 90-cı illər sovet epoxası ilə müasirlik arasında membran səciyyəli mərhələ kimi düşünülür. 90-cı illərdə əsrə bərabər elə proseslər və hadisələr baş verdi ki, bu kiçik zaman mərhələsində Azərbaycan poeziyası dövrün bütün travmatik təcrübəsini yaşamalı oldu. 20 Yanvar, Xocalı soyqırımı, Qarabağ müharibəsi, torpaqların itkisi yalnız faciəli tarixi hadisələr deyildi, həm də milli poeziyanın qavrayacağı ağır təcrübə oldu. "1990-cı illərin xaotik mərhələsini keçib gələn nəsil üçün aldıqları psixoloji travma bədii yaradıcılıqda izini qoymamış olmur".

Azərbaycan poeziyası məhz bu dövrdə öz identikliyini tapmağa çalışır, fərqli üslubi təmayüllər axtarışında bulunur. Ədəbi tənqid isə poeziya ilə "ayaqlaşıb", müxtəlif yarlıqlar (simvolist şeir, modernist şeir, postmodernist şeir, dekadents şeir) vasitəsilə üslubları, təmayülləri fərqləndirməyə və dərk etməyə cəhd göstərir. Tədqiqatçı haqlıdır ki, yeniləşmə ruhu şeirin "tədqiq istiqamətini dəyişdi".

E.Akimovanı ilk növbədə poeziyanın daxili dəyişmələri maraqlandırır. Milli poeziyamıza "içəri"dən baxır, gəldiyi yola nəzər salır, XX əsrin əvvəllərinə, 60-cı illərə nəzəri-tarixi ekskurslar edir. Əslində Elnarə Akimova poeziyanın poetikasını (belə demək mümkünsə) araşdırır. Poetika şairin fərdiliyini göstərməyin sınanılmış yollarından biridir. Onun fikrincə, "Əli Kərimin fərdiliyi ondadır ki, adi detalları şerinin bədii materialına çevirməsində özünü göstərirdi. O, bənzətmələrdən qaçırdı, daha çox prozaik qata enirdi, bir-birilə əlaqəsi olmayan, zahiri assosiasiya doğurmayan nəsnələri poetik məkana sürükləyir…"

Monoqrafiyada hər şairin fərdi obrazı, fərdi üslubu təhlil edilir. Daha sonra fərdilikdən ümumiliyə keçir - analitik fraqmentlər dövrün poetik mənzərəsini tamamlayır. R.Rövşən, V.Səmədoğlu, V.Bayatlı, S.Rüstəmxanlı, Ç.Əlioğlu, M.İsmayıl, V.Bəhmənli və başqalarının yaradıcılığını ümumiləşdirmələrlə, konkret misallarla təqdim olunur. Təkrarçılığa, sentimentallığa yol vermədən, iyerarxiya yaratmadan hər şair öz "sifəti" ilə, yazı əxlaqı ilə təqdim olunur. Əgər istedadlı tədqiqatçı orta və yaşlı nəsillərin nümayəndələrinin yaradıcılığını "bütövləşdirirsə", gənc şairin bir kitabı, yaxud mətbuatda dərc olunan silsilə şeirləri əsasında onlara qiymət verir…

Problemli məsələlər, maraqlı tezislər kitabda kifayət qədərdir - az qala bu kiçik resenziyanı sitatlar üstündə qurmaq istəyirsən. Şərh vermədən kitabdan bir neçə örnək gətirək:

"90-cı illərdə gənclərin təsvir predmetinə çevirdiyi nəsnələr daha çox dekadans ruhundadır, özülünü R.Rövşən, V.B.Ödər, V.Səmədoğlu şeirlərindən alır. Amma bu mətnlər tam fərqlidir; poetik yaşam, ifadə tərzi, gerçəkliyə yanaşma tərzi və onu mənalandırma manerasıyla…"

"90-cı illərdən başlayaraq poeziyada epik şeirin meydanı genişlənməyə başladı. Müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki şeirləşmə - bu sahələrin arasında çulğalaşma, yaxud differansiallaşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsusiyyətlərindəndir".

Bu kitabın yaxşı mənada mübahisə doğuran tərəfi ondadır ki, müəllifin toxunduğu məsələlərə, anlayışlara, ədəbi mərhələlərə ədəbiyyatşünaslığımızda tam aydınlıq gətirilməyib. Tənqidçilər, ədəbiyyatşünaslar, eləcə də şairlər arasında hələ də yekdil fikir yoxdur.

E.Akimova modernizmin, modernist şeirin tarixini bir qədər geriyə çəkir ("1990-cı illərdən başlayaraq milli poeziyamıza modernist cərəyanların tətbiqi gəlişməyə başladı". O, 60-cı illər poeziyasında baş verən təmayülləri modernizmə keçid kimi qəbul etmir - "Bu dövrdə yaranan şeirləri fəlsəfi-intellektual təmayülün əsası" kimi səciyyələndirir.

90-cı illər ədəbi irsə, klassiklərə aqressiv, nihilist münasibəti içindən keçirməli oldu. Sosrealizmə münasibət az qala dövrün bütün şairlərinə şamil olundu. Ucdantutma inkarlıq bəzən təhqir səviyyəsinə qalxdı. Ədəbiyyatda zaman-zaman təftişetmə, klassikləri "müasirlik gəmisindən atma" cəhdlərinin olması təbiidir, amma "dövrün ədəbi-bədii nümunələrinə birxətli deyil, differensial və konkret şəkildə yanaşılmalıdır" Elnarə xanım mövzu ilə bağlı tarixi paralellər gətirərək, XX əsrin əvvəllərində də oxşar hadisənin baş verdiyini xatırladır. Onunla tamamilə razılaşırıq ki, "klassiklərə və onların yaratdıqları ədəbi irsə münasibət "tarixi səciyyə tələb edir, daha çox hermenevtik başlanğıca istinad edəndə obyektiv nəticə hasil olur".

Bir məsələ də maraq doğurur: kitabda poeziyada Tanrıya münasibət mövzusu xüsusi fərqləndirilir. Doğrudan da, Tanrı sadəcə, bir şairin müraciət obyekti deyil, həm də şerin metafizik ruhunu formalaşdıran sakral obrazdır. "Tanrı" mətn içində mətn kimi çıxış edir. 90-cı illərin kinayə-parodiya hikkəsi O-nu da sakrallıqdan məhrum etmək istədi. Monoqrafiyada bu tendensiyanın dərin və yığcam təhlili əslində sözün hansı məqama çatdığını göstərir. Elnarə xanımın qənaəti belədir: milli poeziyanın Tanrıya münasibəti 90-cı illər cəmiyyətinin mənəvi durumundan xəbər verir.

Sevgi mövzusunun təhlili tədqiqatçıdan müəyyən distansiya tələb edir. Mövzunun "istiqanlılığı" tədqiqatçının özünü də müəyyən qədər təsirinə sala bilir. E.Akimovanın sevgi lirikasından danışarkən Bəxtiyar Vahabzadədən başlaması yaxşı mənada məni şaşırdı. Biz Bəxtiyar müəllimi adətən böyük filosof şair, vətəndaş şair kimi tanımışıq. Amma o, Bəxtiyar Vahabzadəni ən gözəl sevgi şairi kimi təqdim edə bilib.

Kişi şairlər "postmodern oyunlar" oynayanda, qadın şairlər təhtəlşüur axınına imkan verib, tale yazılarını yaza bildilər - monoqrafiyanın "Poeziyada qadın başlanğıcının yeni meyl və tendensiyalarla təzahürü" adlı yarımfəslindən çıxan nəticə budur.

90-cı illərdə ədəbiyyatşünaslıqda postmodernizmdən, postmodernist təmayüldən, postmodernist şeirdən çox danışılır. Postmodernizmin əsas şərti mətndə oyun başlanğıcıdır. Əlbəttə, təxəyyül oyunu olmadan ədəbiyyat mümkünsüzdür. Hətta lirik poeziyada şair mahiyyətcə lirik qəhrəmanın mənəvi obrazını "oynadır". Düşünürəm ki, postmodernizm yüksək savadlı, mədəniyyətin müxtəlif uslub dillərində sərbəst danışa bilən adamların məşğuliyyətidir.

Azərbaycan postmodernizminin səviyyəsi, keyfiyyəti bizi qane edirmi? Bu sualın prinsipcə cavab variantı mümkündür: postmoderndə keyfiyyət kateqoriyası sanki yayğın olur. Postmodern sanki kənardan necə görünməyinin marağında deyil, öz aləmindədir, bütün zənginliyi və müxtəlifliyi ilə özünə yönəlibdir.

E.Akimova güman edir ki, postmodernizm ədəbiyyatın inkişafında yeni mərhələdir, çünki "bir çox cərəyanların, dünyabaxışların müəyyən ayrıntılarla onunla əks qütbdə dayanır. Məsələn, modernizm ənənədən birbaşa imtina edən, ədəbi-mənəvi dəyərlərə arxa çevirən bir cərəyandırsa, postmodernizm bu dəyərlərdən imtina etmir".

Postmodernizm müəyyən dövrə xas olan üslubdur. Yadımıza salaq: XX əsrin əvvəllərində memarlıqda modern ona qədərki bütün məlum üslubların elementlərini özündə ehtiva etmişdi, hətta memarlığın "sonu" kimi düşünülürdü. İki-üç memar nəslindən sonra onu məhz modern üslubu, XX əsrin əvvəllərində mövcud olan üslublardan biri kimi qəbul etdilər.

Ola bilsin ki, postmodernizm Azərbaycan poeziyasında cərəyan, təmayül kimi deyil, bir üslub axtarışı kimi qalsın.

Araşdırmanın obyekti elədir ki, tədqiqatçı mütləq zövq əhli olmalıdır. Elnarə xanımın təhlilə cəlb etdiyi şeirlər zərif bədii zövqünün örnəkləridir. Gizlətmirəm: bəzən həmin poetik örnəkləri təhlil kontekstindən kənarda həvəslə oxuyurdum…

E.Akimovanın "Çağdaş poeziya və ədəbi təmayüllər" kitabı müstəqillik dövrü Azərbaycan poeziyasının elmi mənzərəsidir. Yaradıcılıq təmayülləri, qruplaşmalar, iştirakçıları, mövzu palitrası, ədəbi-ictimai mühiti və s. əksini tapıbdır. Kulturoloji-estetik nəzəriyyələr yığcam şəkildə və fon kimi təqdim edilir, materialı "boğmur", çünki söz poeziyanındır, bütün yollar yalnız milli poeziyaya doğrudur! /“Ədəbiyyat qəzeti”/

# 1654 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #