Kulis.Az məşhur Amerika naşiri Maksvel Perkinsin Tomas Vulf haqqında xatirələrini təqdim edir.
Hesab edirəm ki, hazırda Tomas Vulfun irsinin qorunub saxlandığı Harvard kitabxanasında olduğu qədər heç yerdə müəllifin yazıları və əlyazmalarının tam külliyyatı yoxdur. Onun vəfat etdiyi gün – artıq başımızın üstünü müharibə buludlarının aldığı 1938-ci ilin kədərli sentyabr günündə, – yaxud ondan az sonra mən Vulfun qəyyumu olduğumu və onun əlyazmalarından savayı çox az şeyin miras qaldığını bildim. Mənim borcum onları Vulfun yaxınlarının və öz xatirəsinin rifahı üçün sərf etmək idi. Hərçənd zaman o zaman deyildi və mən Vulfun özünün istifadə etmədiyi nüfuzundan yararlanaraq agentlər vasitəsilə əlyazmaların pərakəndə satışını təşkil edib onun əvvəl, yaxud sonra qazana biləcəyindən daha çox pul əldə edə bilərdim. Mən hesab edirdim ki, bu ədəbi mirası qoruyub saxlamaq lazımdır və onlar yazıçı və tələbələrə əlçatan olmalıdır. Mən onları bu şərtlərlə satmağı sınadım. Ancaq müharibə buludlarının başımızın üstünü aldığı həmin vaxtlarda mən münasib alıcı tapa bilmirdim.
Sonra Alina Bernstayn qohumlarını düşdükləri bəladan xilas etməkçün Vulfun ona verdiyi “Evinə bax, mələk” kitabının əlyazmasını Harvarda təhvil veriləcəyi şərtilə auksionda satmışdı. “Mələk” kitabının nəşrindən qısa müddət sonra Vulfun yazıçılıq istedadına etibar edən Uilyam B. Uizdom həmin vaxtdan öz etibarına sadiq qalaraq onun bütün əlyazmalarını və qaralama yazılarını almaq istədiyini təklif etdi.
O, artıq Vulfa məxsus olan sənədlərin ən əhəmiyyətli kolleksiyasını toplamışdı. Onunla yazışarkən əmin oldum ki, qarşımda Vulfun əsərlərinin, qeydlərinin havaya sovrulmamasının və toxunulmaz şəkildə qorunmasının qayğısını çəkən məsləkdaşım dayanıb. Bu zaman məktub, hesab, qeyd kitabçaları və əlyazma materialları ilə dolu iri yeşik heç mənim xahiş etməyimə ehtiyac olmadan bir şərtlə ona verildi ki, o, bunları bütövlükdə bir müəssisəyə vəsiyyət edəcək. Artıq “Evinə bax, mələk” Harvardda olduğu üçün və Tom özü dediyi kimi, yüzlərlə kitabı həzm etdiyi və tələbəlik illərinin çoxunu keçirdiyi universitet kitabxanasının oxu zalını sevdiyi üçün, cənab Uizd onların hamısını Harvarda hədiyyə etdi. Onlar indiyə qədər orada saxlanılır.
Mənim Vulfun iki irihəcmli əlyazmasını – “Evinə bax, mələk” və “Zaman və çay haqqında”nı redaktə etsəm də, 1935 – ci ilin yaz axşamlarının birində Tom İngiltərəyə yola düşməzdən öncə, “Skribner”də hər yer bağlı olduğu üçün mənim 49 – cu Şərq küçəsindəki evimə ədəbiyyat materialları ilə dolu olan iri yeşik gətirdikdə heyrətlənmişdim. Tom, mən və taksi sürücüsü onu içəri sürüyüb yerə qoyduq. Sonra Tom ondan soruşdu: “Adınız nədir?” Tom cavab verdi: “Laki”
“Laki!” deyə Tom təkrarladı. Bu, Amerika ləhcəsinə uyğunlaşdırılmış hansısa italyan adı idi. Bütün bunlar xoş təəssürat yaradırdı. Biz üçlükdə çox mühüm bir iş görmüşdük. Biz həmin vaxt bir – birimizlə vəhdətdə idik. Biz bir – birimizin əlini sıxdıq. Və iri yeşik mən onu Skribner nəşriyyatına aparana qədər bir neçə gün bizim qonaq otağında qaldı.
Mən ilk dəfə Tomas Vulf haqqında eşidəndə ürəyimə heç də xoş fikirlər gəlmədi. Mən bu insanı sevirdim və indi də bunu deyirəm. Həyatda hər uğuru bir pislik təqib edir. Bu hadisə 1828 – ci ildə baş vermişdi. Ədəbiyyat agenti Madlen Boyd mənim yanıma gəlmişdi. O, mənə qətiyyən maraqlı olmayan əlyazmalardan danışarkən, söhbət amerikalı oğlanın həyatından bəhs edən qəribə bir romanın üstünə gəlib çıxdı. Mən bir neçə dəfə ona təklif etdim: “Madlen, sən niyə əlyazmanı mənə gətirmirsən?” Ancaq o, özünü eşitməməzliyə qoyurdu. Nəhayət dedi: ”Əgər onu sözbəsöz oxuyacağına söz versən, gətirərəm”. Mən söz verdim və o mənə yenə nə barədəsə danışmağa başladı. Mən onun danışdıqlarından belə başa düşdüm ki, Vulf üsyankar ruhludur və biz onun üsyanından hələ çox çəkəcəyik. Mən əlyazmanı oxumağa başlayanda birinci səhnəyə valeh oldum. Orada Yucinin atası Oliver U. Hant, onun qardaşı və iki balaca oğlanın Pensilvaniyaya gedən yolda dayanıb Li diviziyasının marş sədaları altında Hettisberqə getdikləri təsvir olunmuşdu.
Oliver Hantın Nyuport – Nyuz, Baltimor və daha başqa yerlərdə keçən həyatından bəhs edən hissə doxsan səhifədən artıq idi. Bu hissə birinci epizod və ümumilikdə bütün kitabdan qat – qat zəif alınmışdı. Mən fikrimi dəyişib başqa işlə məşğul oldum, “bu da növbəti dəyərsiz davamı olan ümidverici debüt” – deyə düşünərək əlyazmanı Uolles Meyerə verdim. Sonra Meyer mənə Benin iki həkimlə əyləşdiyi və bir tabut düzəldən Kon Haynsın daxil olduğu kafedəki dəbdəbəli gecə səhnəsini göstərdi. Mən bütün işimi buraxıb bir də oxumağa başladım, belə demək olarsa, biz hamımız (Con Holl Uilok da) bu kitabı eyni vaxtda oxuduq və hamımız onun qiymətləndirilməsində həmrəy olduq.
Bizim Vulfla və onun Madlen Boydla məktub mübadiləsindən sonra – biz bu məktublar vasitəsilə Almaniyadakı Oktyabr yarmarkasında onun ölümcül döyülməsini aydınlaşdırmışdıq – mən əmin oldum ki, bizim görəcəyimiz işlər təxminən Mobi Dik səviyyəsində olmalıdır. Bu zaman Tom Nyu – Yorkda peyda olmuş və mənim dar kabinetimin qapısında dayanmışdı. Mən başımı qaldırıb onun pırtlaşıq saçlarını və parlaq simasını görəndə yadıma dərhal Şelli düşdü. O, sarışın idi, lakin parlaq siması, pırtlaşıq saçları və qeyri – proporsional kiçik başı vardı.
Biz kitabın üzərində işləməyə başlayanda birinci gördüyümüz iş ən parlaq sayılan ilk səhnəni və onun ardınca gələn doxsan səhifəni çıxartdıq. Mənə elə gəldi ki, o bununla razılaşdı. Mənim fikrimcə bütün hadisələr Eşvilldə doğulmuş Yucinin xatirələrində və qavrayışlarında cərəyan etməli idi. Hadisələrin inkişafı bizim güman etdiyimiz kimi uşaq təfəkkürü ilə müəyyən olunmalıdır. Qoy həyat və dünya uşağın təsəvvür etdiyi kimi olsun. Vulf öz atasının Eşvillə gəldiyindən əvvəlki həyatından danışmağa, indi xatırlamadığı hadisələrdən yazmağa çalışarkən həyat təəssüratlarının kəskinliyi və doğruluğu qəflətən azaldı. Hər halda iki balaca oğlanın Hettisberqin qabağında durduqları ilk səhnəni çıxarmağı üçün onu dilə tutmağıma görə uzun illər vicdan əzabı çəkdim.
Ancaq sonra nə baş verdi? O, “Zaman və çay haqqında” romanında həmin səhnəni yenidən və daha təsirli şəkildə verdi – qoca Hant Baltimordakı hospitalın qalereyasında ölür və onun xatirələrində keçmiş günlər canlanır. Bundan sonra mən ixtisar lazım olduğunu israr edəndə heç bir vicdan əzabı çəkmirdim. Artıq anlamağa başlamışdım ki, Vulfun yazdığı heç bir şey itkiyə getmir. Bir kitabda yer tapmayan hadisə mütləq başqa kitabda öz yerini tapır. “Zaman və çay haqqında” əsərinin yekun hissəsi sayılan “Hörümçək və qaya”nın bütövlükdə ikinci hissəsi bunun ən bariz nümunəsidir. Əslində Hantın gəncliyini təsvir edən bütün və yaxud əksər hadisələr öz əksini “Hörümçək və qaya” və “Evə dönüş yoxdur” əsərlərində tapıb.
Mən “Evinə bax, mələk” əsərinin avtobioqrafik olduğunu anladım, üstəlik Tom əlyazmaya yazdığı ön sözdə bunu iddia edərək, həmin əsəri “Devid Koperfild”, “Hərb və Sülh” və ya “Pendennis”lə eyni cərgəyə qoyurdu. Biz birgə işləməyə başlayanda mən qəflətən özlüyümdə əsərin avtobioqrafik olduğundan əlavə, orada təsvir olunan insanların müəllifin qohumları olduğunu anladım. Şübhəsiz, mənim üzümdə həyəcan əks olundu. Tom bunu hiss edib dedi: “Cənab Perkins, mənə elə gəlir ki, siz məni düz başa düşmürsünüz. Mən düşünürəm ki, bunlar hamısı gözəl insanlardır, onlardan yazmamaq olmaz”.
O, haqlı idi. O, böyük əsər yazmışdı və onu olduğu kimi qəbul etmək lazım idi. O zaman şayiələr gəzirdi ki, əsərdə xeyli ixtisarlar olub. Əslində söhbət onun yenidən tərtib edilməsindən gedirdi. Məsələn, Tom əsərdə belə bir gözəl epizod vermişdi – səyahətdən qayıdan Hant səhər tezdən avtobusla şəhərdən keçib kimin öldüyündən, kimin doğulduğundan xəbər tutur və Toma, yaxud Yucinə tanış olan mənzərələri seyr edir. Avtobus isə guruldayaraq öz yolu ilə gedir. Bunun ardınca bənzər epizod gəlir: Eşvilldə Yucin və onun dostları dərsdən çıxıb evə gedirlər. Coys üslubu, vəziyyət, mahiyyət eynidir – oxucuya qəhrəman təəssüratı bağışlayan bir nəfər şəhərdən gəlir. Bir – birinin yanında duran epizodlar çox şey itirirlər və düşünürəm ki, biz həmin epizodları ayırarkən onların hər birinə böyük qiymət vermiş olduq. Biz xeyli xırda ixtisarlar etdik, lakin işin əsas hissəsi bu cür yerdəyişmələr hesabına həll olundu.
Tom “Zaman və çay haqqında” kitabının üzərində çox əziyyətlə işləyirdi. Sonda (deyəsən bu hadisə 1933 – cü ilin Minnətdarlıq günündə baş vermişdi) o, ümidsiz halda iki fut ağırlığında olan əlyazmasını mənə gətirdi. Əsər Eşvilldəki dəmiryolunun platformasında Yucinin Harvarda yola düşdüyü, bütün ailəsinin isə onu yola saldığı səhnə ilə başlayırdı. Bu fraqment təxminən 30000 söz həcmində idi. Mən onu 10000 – ə qədər azaldıb Toma göstərdim. O, bununla razılaşdı. Qatar gözləntisində həmişə bir gərginlik olur. Mənə elə gəlirdi ki, bu gərginliyi əsərdə mütləq vermək lazımdır, lakin onu 30000 sözə qədər uzatmaq çətindir. Tom həmişə ona təklif olunan ixtisarlarla razılaşırdı və onların vacib olduğunu bilirdi. O, özünüifadəyə meylli olsa da, yazdıqlarını düzəltməyə və qısaltmağa sadəcə vaxtı çatmırdı.
Deyirlər, Tolstoy “Hərb və Sülhün” əlyazmasından heç vaxt könüllü ayrılmayıb. O, bu əsərin üzərində bütün həyatı boyu işləmişdi. Tomas Vulf da heç vaxt “Zaman və çay haqqında” əsərinin korrekturasından könüllü ayrılmazdı. O, həftələrlə nəşriyyatları əsərə görə ovsunlasa da, onları redaktə etmək barədə düşünmürdü. Əsər mətbəəyə göndəriləndən sonra Con Uilok onu oxuyub redaktə etmiş, Toma isə məsələnin həll olunduğunu deyilmişdi. Düşünürəm ki, əgər belə olmasaydı, o, bu əlyazmadan əbədi yapışıb qalardı.
O, bu kitabı son dərəcə tərifli ifadələrlə mənə həsr etmişdi. Kitab işıq üzü görənə qədər mən heç bir ithaf görmədim və ona minnətdar olsam da, onun bu niyyətini eşidən kimi ürəyimə pis fikirlər damdı. Düşünürəm ki, məhz bu ithaf onun gözəl niyyətinin həyata keçməməsinin başlıca səbəbi oldu. Qeyri – ciddi adamlarda belə təəssürat yaranmışdı ki, Vulf əsərlərinin ancaq həmmüəllifi ola bilər. Tənqidçilərdən biri bu barədə belə demişdi: “Vulf və Perkins – Perkins və Vulf – roman yazmağın üsulu bu cürdür!” Yazıçı naturasına az da olsa bələd olan adam buna inana bilməzdi. Heç bir yazıçı bununla barışmazdı. Tom isə bununla barışmağa, yaradıcılığında kimdənsə asılı olduğu fikri ilə razılaşmağa hazır idi.
Onun başqa nəşriyyata müraciət etməsinin ən başlıca səbəbi elə bu idi. Əgər o bunu etməsəydi, - o vaxt artıq aydın olmuşdu ki, aynada şəklini dəyişmiş öz təəccüblü təfəkküründə şəxsi həyatını yenidən yaratmağa cəhd edir, - o zaman heç vaxt öz nəhəng ideyasından daşınmaz və Yucin Hantı Corc Uebberə dəyişməzdi. Bu dəhşətli səhv idi. Düşünürəm ki, “Harpers” nəşriyyatındakı Edvard Esuell bu barədə mənimlə razılaşar. Təəssüf ki, “Hörümçək toru və qaya” və “Evə dönüş yoxdur” əsərlərinin əlyazmaları onun və qismən də mənim (Tomun qəyyumu kimi) əlimə düşəndə, Tom artıq ölmüşdü və artıq heç nəyi dəyişmək mümkün deyildi.
Xoşagəlməz hadisələr resenzentlər tərəfindən görünməmiş dərəcədə yüksək qiymətləndirilən “Zaman və çay haqqında” kitabının nəşrindən sonra başladı. Onların çoxu iddia edirdi ki, Vulf yalnız özü haqqında yaza bilir, o, dünyanı görməyə qadir deyil, hətta obyektiv yazıları belə avtobioqrafikdir. Vulf öz dahiliyinin fövqəltəbii qüvvə tərəfindən onun üzərinə qoyulmuş vergi və vəzifə olmasına inanmağına baxmayaraq, tənqidlərə kəskin reaksiya verirdi. Mən İkinci avenyuya yaxın olan 49-cu Şərq küçəsində, o isə Birinci avenyuda, 49-cu küçənin tinində yaşadığı zaman, bir dəfə evə gələrkən yolda onunla rastlaşdıq. Hər axşamın bu saatı bizim görüş vaxtımız idi və o, mənimlə söhbət etmək istədiyini dedi. Biz “Uoldorf”a getdik. Tom ünvanına edilən tənqidi xatırladıb tamamilə obyektiv, avtobioqrafik olmayan bir əsər yazmaq istədiyini söylədi və qeyd etdi ki, həyatda heç də hər şeyin bizim gözləntilərmizə uyğun olmadığını həmin əsərdə deyəcək. Deyəsən söhbət, “Pikvik klubundan qeydlər”, yaxud “Don Kixot” kimi bir çox böyük əsərlərdən keçən əbədi mövzudan gedirdi. Bu mövzularda ümidlərlə dolu gənc və ya qoca insanın dəhşətli reallıqlarla üz – üzə gəlmək üçün dünyaya çıxışından bəhs edilir. O, titul səhifəsində “Hərb və Sülh”dəki knyaz Andreyin dediyi sözləri vermək istəyirdi. O, kitabın titul səhifəsində “Hərb və Sülh”dən knyaz Andreyin ilk döyüşündən sonra dediyi bu sözləri vermək istəyirdi: “Uğur heç bir iş görməyənə qismət olur, hər şey edənlər isə az qala günah qazanır”. Knyaz Andrey fransızların qarşısını almaqda böyük səy göstərmiş batareya komandiri Tuşini əsassız ittihamlardan müdafiə etdikdən sonra onunla birgə gecə yola çıxır. Daha sonra Tuşin çıxıb gedir, Tolstoy isə bu cür qeyd edir: “Knyaz Andrey qəmgin və kədərli idi”
Tom ümidsiz vəziyyətdə idi. Onu obyektiv üsluba yalnız tənqidçilərin fikirləri deyil, əsərləri ilə sevdiklərinə və yaxınlarına çəkdirdiyi əzablar haqqında olan düşüncələri də çəkib aparırdı. Söhbət əsnasında biz qərara gəldik ki, onun düşündüyü məzmunda, ola bilsin yüz min sözdən ibarət belə bir obyektiv əsəri bir il ərzində yazmağı yaxşı olardı. Bu, onu Corc Uebberə müraciət etməyə vadar etdi, lakin yazmağa başlayarkən o, xəlvətcə, hansısa zərurətdən yenidən yazılmağa məhkum olmuş həmin misilsiz hadisəyə - özünün və Yucinin hadisəsinə qayıtdı.
Beləliklə, yalnız çap maşınında yazılmış variantda olan “Hörümçək toru və qayalar”ın birinci hissəsi “Evinə bax, mələk” əsərinin müqəddiməsidir. Onun yazdığı ən yaxşı səhifələrin bəziləri “Hörümçək toru və qayalar”ın birinci hissəsinə salındı. Məgər onları kəsib çıxarmaq olardımı?
Amma əgər Tom öz ideyasına sadiq qalaraq təxəyyülləri vasitəsilə sənət əsəri şəklinə salınmış öz həyat hekayəsini sona çatdırsaydı, düşünürəm ki, o forma hissinin yoxluğu ittihamlarını özündən kənarlaşdırardı. Onun “Yer kürəsinin toru” adlı povesti mürəkkəb olsa da, özlüyündə mükəmməldir. Yadımdadır, bir dəfə ona belə dedim: “Burada bir sözü belə dəyişmək olmaz”. Onun əsərlərinin ideyaları müəllifin pəhləvan cüssəsinə uyğun gəlirdi. Əgər o fikrindən dönməsəydi və düşündüyünü bitirməyə vaxt çatdırsaydı, düşünürəm ki, o, öz əksini məzmuna uyğun gələn formada tapardı.
Bəzi bədxahlar deyirlər ki, o, yalnız özü haqqında yazmağı bacarır, amma onun yazdıqlarının hamısı təxəyyülünün məhsuludur. Məsələn, “Evə dönüş yoxdur” əsərində personajlardan birinin, Foksholl Edvarsın səhər yeməyi zamanı rəsmini çəkir. Edvarsın kiçik qızı içəri “işıq şüası kimi sakit” daxil olur. O, çox utancaqdır və üstəlik dərsə gecikir. O, Uolt Uitmen haqqında yazdığı inşadan və müəlliminin Uitmen barəsində söylədiklərini danışır. Edvard ona tələsməməyi tövsiyə edəndə və başqa irad tutanda qız ucadan deyir: “Oy, ata sən necə də gülməlisən”. Tom bu unudulmaz obrazla bir dəfəyə Foksholl Edvardın üç qızını ümumiləşdirib.
Bu “işıq şüası”nı ilk dəfə bir neçə il əvvəl mənim Konnektikut ştatında, Yeni Hanaandakı evimdə qonaq olarkən görmüşdü. O vaxt səkkiz, ya doqquz yaşında olan qızlarımdan biri içəri girib onu – iricüssəli yad adamı gördü. O, təqdim edildikdən sonra günəş şöləsi kimi utancaqlıqla otaqlarda vurnuxmağa başladı. Radkliffdə oxuyan başqa qızımsa Tomun yanında Uitmen haqqında inşa barəsində mənimlə məsləhətləşirdi. O, qızımı sadəcə yenidən məktəbli etmişdi. Hələ üçüncü, elə həmin personaja cəlb edilmiş ən balaca qızım yəqin Tomdan utanaraq, həqiqətən tez – tez təkrar edirdi: “Oy ata, sən sadəcə ağılsızsan”. Tom belə işləyirdi. O, özündə gördüklərinin, eşitdiklərinin və anladığının üzərində işləyərək yeni və əhəmiyyətli bir şey yaratmışdı.
Belə hesab edirəm ki, Tomas Vulfu doğulub böyüdüyü yeri təfərrüatı ilə görmədən, yaxud təsəvvür etmədən anlamaq mümkün deyil. Eşvill, Şimali Korolina ştatı hər tərəfdən dağlarla əhatə olunub. Qatarlar dağ yollarının labirintlərindən qıvrılaraq keçib gedir. Özünü burada həbsxanadakı kimi hiss edən Vulf təfəkkürlü oğlan kənarda hər şeyin gözəl olduğunu və buradakı, nəyinsə çatışmadığı həyata qətiyyən bənzəmədiyini düşünə bilərdi. Vulf belə idi və ömrünün sonuna qədər belə olaraq da qaldı. Yadımdadır, onun öldüyü gün bacısı Meyblə belə dedim: oğullarından birinin yazıçı olmaq qərarına gəldiyi amerikan ailəsində bütün ailənin onu dəstəkləməsi heyrətamizdir. Həqiqətən onların xidməti böyükdür. O cavab verdi ki, heç bir xidmətdən söhbət gedə bilməz, çünki heç nə Toma etdiyi işdə mane ola bilməzdi.
Düşünürəm ki, elə bu cür də oldu, onun təxəyyülü bütün böyük maneələri keçdi və ona kitablarının qayəsində duran Amerikanın təkrarolunmaz görüntüsünü hədiyyə etdilər.