Kulis.Az tanınmış tərcüməçi Nadir Qocabəyli ilə müsahibəni təqdim edir
- Tərcümə işi ilə sistemli şəkildə nə vaxtdan məşğul olursunuz?
- Təxminən 8-9 ildir. Arada fasilələr də olub. Bədii tərcümə ilə 8 ildir məşğulam. Bundan əvvəl Tərcümə Mərkəzində kommersiya məqsədi ilə sənədlər tərcümə edirdim. İlk tərcüməmi 20 yaşımda etmişəm. Somerset Moemin əsərlərini rus dilində oxuyur, müəyyən qədər çətinlik çəkirdim. Əvvəlcə başa düşmədiyim sözləri qeyd etməyə başladım. Gördüm bir səhifədə 20 sözü başa düşmürəm. Moemin “Kürən” adlı hekayəsini əlyazma ilə tərcümə etdim. Knut Hamsunun əsərlərini tərcüməyə 8 il öncə başladım. Onun əsas əsərlərini mən tərcümə etmişəm.
- Bu, Hamsuna xüsusi sevginizlə bağlıdır, yoxsa sadəcə sifariş olub?
- Hamsunu demək olar ki, tanımırdım. Təsadüfən kitabı keçdi əlimə. Uşaqlıqdan kitab sevənəm. Evdən aldığım pulu çox vaxt kitaba verirdim. Dərsdən gələndə əlimdəki bir-iki manatla yeni kitablar alırdım. Hamsunun ilk kitabını tələbə vaxtı qohumumuzun evində gördüm, götürdüm və oxudum. İllər sonra... İşsiz vaxtlarım idi. Kompüter arxasına keçdim və “Viktoriya” romanının tərcüməsinə girişdim və bitirdim. Şair Xanəmir “Yeni Azərbaycan” qəzetində ədəbiyyat əlavəsi buraxırdı. Tərcüməni məndən aldı, amma həcmi çox olduğu üçün verə bilmədi. Bir müddət sonra mənə dedi ki, bir naşir var, onu kitab şəklində çap edə bilər. Mənə bir balaca qonorar verdilər və çap etdilər. Sonra dostlardan biri dedi ki, Norveç səfirliyindən xahiş etsək, dəstək verər. Məktub yazdım və bir kitab göndərdim. Dəvət etdilər. Görüşdük və Hamsunun ikicildliyini Azərbaycan dilində çap etdik.
- Tərcümələrinizə reaksiyalar necə olub?
- Bir tərcüməmi tənqid ediblər. Martin Pajın “Mən necə idiot oldum” əsərini... İradları qəbul etdim. Tərcümə bir adamın işi deyil, kollektiv işdir. Mütləq yaxşı redaktorlar baxmalıdır tərcüməyə. Ən azı iki redaktor, iki korrektor, məsləhətçilər olmalıdır.
Mən tərcümələrimi təkrar oxumağı xoşlayıram. Bəziləri deyir ki, əsəri oxuyub, ruhuna bələd olmadan tərcümə etmək olmaz. Mən oxumadan tərcüməyə başlayıram. Anlaşılmaz yerləri qeyd edirəm. Bitirəndən sonra bir daha oxuyuram, düzəlişlər edirəm. Belə olanda tərcümələrim pis alınmır. Sizə bir sirr açım. Knut Hamsunun əsərlərinin həm redaktoru, həm də korrektoruyam. Münasib redaktor olmadığı üçün redaktə işini də özüm gördüm. Redaktor tapdıq, o da baha qiymət dedi, razılaşmadıq. Redaktorla müəllif, tərcüməçi arasında ünsiyyət olmalıdır. Bədii əsərdə ləhcənin də, dialektin də rolu var. Bu baxımdan tərcüməçi ilə redaktorlar arasında razılıq olmalıdır. Bəzən redaktor bütöv cümlələrin üstündən xətt çəkir. Bəzən kitab veriblər, geri qaytarmışam ki, bunu redaktə edə bilmərəm.
Martin Pajın tənqid olunan kitabını mən yenidən oxuya bilmədim. Naşir bir az tələsdirdi, özümün də səhhətimdə problem oldu. Mən adını “Mən necə axmaq oldum” kimi tərcümə etmişdim. Redaktor isə “Mən necə idiot oldum” etdi. Bundan başqa da təkrar oxumadığım tərcümələrim olub. Hansı kitablara ki, təkrar baxıram, onların keyfiyyəti pis deyil.
- Qonorar necədir? Qaneedicidir, yoxsa?
- Bəzən deyirlər qonorar azdır, peşəkarlar tərcümə sahəsindən uzaqlaşır. Düz deyirlər, özünə hörmət edən adamlar az qonorarla işləmir. Və bu sahəyə cavanlar, təcrübəsizlər gəlir. Amma mümkün deyil ki, bütün səbəblər qonorarla bağlı olsun. Qonorar yüksək olsa, mən də az işləyərəm. Böyük bir romanı 2 aya deyil, 6 aya tərcümə edərəm. Az olsun, təmiz olsun. “Karamazov qardaşları” bir milyon səkkiz yüz min işarədir. Çox mürəkkəb əsərdir. Həm də çox gözəl... Mən bu əsəri bir ilə işləməliydim. Amma altı aya etdim. Altı aya etməsəm onun müqabilində aldığım qonarar məni dolandırmayacaq. Ölkədə kitab bazarında rəqabət mühiti yoxdur. Tiraj azdır. Bu ölkədə vəziyyətin necə olduğunu hamımız bilirik.
- Sir deyilsə, “Karamazov qardaşları”na nə qədər qonorar aldınız?
- Bir səhifəsinə 5 manat. “Qanun” nəşriyyatından 6 manat istədim, vermədi. Dedi, imkan olsa... Təxminən 700 səhifəlik kitabdır. Amma işi bitirən kimi birbaşa 3500 manatı çıxarıb vermirlər. Hər halda anlaşırıq nəşriyyatla.
- Başqa işiniz yoxdur?
- Yox. Yəqin paralel işdə çalışa bilmərəm. Hərdən bəzi saytlara köşə yazıram, amma onlara görə qonorar almıram.
- “Karamazov qardaşları” sizdən əvvəl tərcümə olunmuşdu. Və siz bununla bağlı facebook səhifənizdə yazmış, həmin tərcümənin zəif olduğunu vurğulamışdınız.
- Əsər mənə sifariş veriləndə kitabın tərcümə olunduğunu bilirdim. Naşirə dedim, o da haqlı olaraq yenidən tərcüməyə qərar verdi. Məndən əvvəl bu əsəri professor Telman Vəlixanlı tərcümə etmişdi. Telman Vəlixanlı uzun illərdir Slavyan Universitetində rus dilindən dərs deyir, dilin incəliklərinə bələd adamdır. Amma... Bu əsər müasir ruscada deyil. Əsərdə qədim slavyanca olan yerlər, XIX əsrin canlı danışıq dili var. Orda elə sözlər var ki, mən eşitməmişəm. Ona görə başqa kitablar əldə etdim ki, bu sözlərlə tanış olum. Və Telman Vəlixanlının tərcüməsi ilə tanış olandan sonra yazdım ki, tərcümənin professoru elə mən özüməm. Fikirlərin təhrif olunması, bəzi yerlərin buraxılması bir kənara, Azərbaycan dilində normal cümlə quruluşu da yoxdur. Savadsız kənd müəlliminin dilinə bənzəyir.
“Aclıq” romanını tərcümə edəndə elə bilirdim o roman Azərbaycan dilində yoxdur. Sonradan bildim ki, var. 30-cu illərdə bunu ediblər. Kitabı tapdım. Tərcüməçi göstərilməmişdi. Baxdım ki, bu köhnə dildi. Cümlə quruluşları, ərəb-fars tərkibləri çox idi. Yenidən tərcüməyə ciddi ehtiyac duydum.
- “Karamazov qardaşları”nın türkcəsində müəyyən yerləri kəsib atıblar. Dediniz ki, sizdən əvvəlki tərcümədə də müəyyən yerlər kəsilib. Həmin ixtisarlar türkcədəki ixtisarlarla eyni idimi?
- Bir şeyi deyim, sonra keçim sualınıza. “Şərq-Qərb” nəşriyyatında Hüqonun “Paris Notrdam kilsəsi” əsərini redaktə edirdim. Mikayıl Rəfili bu əsəri 30-cu illərdə tərcümə edib. Budəfəki nəşrdə Hüqonun türklərlə bağlı müəyyən fikirlərini çıxardılar. Mən “Karamazov qardaşları”ında Dostoyevskinin türklərlə bağlı yazdığı yerləri saxlamışam. Əvvəlki tərcümədə də var. Dostoyevski rusları da tənqid edir. Dostoyevski işgəncənin müxtəlif xalqlarda necə olmasını yazıb. O yazır ki, ən yaradıcı işgəncəni biz veririk. Bir rus zadəganın uşağa necə işgəncə verməsini təsvir edir. Uşaq zadəganın itlərindən birinə daş atır. Zadəgan səhər ova gedəndə uşağı anadangəlmə soyundurub, 40 iti onun üstünə qısqırdır. İtlər uşağı anasının gözü qarşısında parçalayır. Yəni, müəllif rus zadəganının kəndli balasına verdiyi işgəncəni göstərir. Amma heç kəs demir ki, Dostoyevski rus millətini aşağılayır.
- Hər halda türkləri sevməyib...
- Bunu deyə bilmərəm. Dostoyevski milli hislərin əsiri ola bilməzdi. Amma rusları sevdiyi hiss olunur. Hətta fikirləşdim ki, kaş bizim də belə yazıçılarımız olaydı.
- Dostoyevskinin dilimizə tərcümə olunmuş digər əsərlərini necə qiymətləndirirsiniz?
- Düzü, tərcümələrin hamısına baxmamışam. Digər əsərlərini rusca oxumuşam. Dostoyevski həddindən artıq əxlaqlı yazıçıdır. Bizim bəzi gənc yazıçılar açıq-saçıq yazırlar. Dostoyevski isə yüksək əxlaq və mənəviyyatı təbliğ edib.
- Son illər tərcüməçilər rus və türk variantlarını qarşılaşdırıb tərcümə edirlər.
- Mən Kortasarın “Xana-xana oyunu” əsərini tərcümə edəndə, istəyirdim onun adını “Klas oyunu” qoyum. Çünki bizdə bu cür anlaşılır. Xana-xana oyunu deyəndə başa düşülmür. Amma naşirə güzəştə getdim. Mən bununla bağlı tam qərar verə bilmirəm. Bu əsəri tərcümə edəndə çox əziyyət çəkdim. Dünya ədəbiyyatının ən qəliz əsərlərindəndir. Bölümlər nömrələnib. Ardıcıllıqla oxunmur. Çox mürəkkəb əsərdir. Türkcəsini axtardım. “Sek sek” adıyla tərcümə ediblər. Türkiyədən aldırdım. Kitabı yekunlaşdırdığım ərəfədə kitab gəldi çıxdı və mən türkcəni bəyənmədim. Bəlkə də türkcə oxumaq vərdişim olmadığından irəli gəlir. Amma o kitabdan faydalana bilmədim.
Bəzən elə mürəkkəb şeylər çıxır ki, çətinlik çəkirsən. Mən facebookda paylaşır, kömək istəyirəm. Çox məqamlar olur. Kim desə çətinlik olmur, inanmaram.
Mən hər iki tərcümənin qarşılaşdırılması prosesinə normal yanaşıram. Təki, iş keyfiyyətli olsun.
- Hərdən deyirlər ki, bizim oxuduğumuz əsərlər orijinalın suyunun, suyudur. Yəni ikinci dildən tərcümə birmənalı qarşılanmır
- Azərbaycan dili iki yüz ildir rus dili ilə təmasdadır. Qəliblər, ifadələr, struktur baxımından yaxınlıq var. Dillər öz inkişafında müxtəlif mərhələlər keçir. Əvvəl ərəb, fars dilinin təsiri olub. Ən son olaraq XIX əsrin əvvəllərindən bizim dilimiz rus dilindən çox təsirlənib. Rus dilindən tərcümə asanlıq yaradır. Hazırki dövrdə az-çox təcrübəli, işinin peşəkarları sovet dövründə yetişən adamlardır. Yeni nəslin elə bir nailiyyəti yoxdur. Xaricdə təhsil alanlarımız tərcümə sahəsinə gəlmirlər. Xarici dili bilən yeni nəsil, öz dilini yaxşı bilmir. İstər-istəməz rus dili vasitəsi ilə tərcümə etməli oluruq. O gün bir nəfər mənə yazdı və mən səbəbləri ona yazdım. Sonradan gördüm ki, o adam tərcüməçi imiş. İngilis dilindən tərcümələrini saytda gördüm. Ona yazdım ki, sizin ingilis dilindən tərcümə etdiyiniz mətni mən rus dilindən daha yaxşı tərcümə edərəm. Cavab yazmadı.
- Şeir tərcüməsi ilə məşğul olursunuz?
- Mən şair deyiləm. Heç vaxt iddiam olmayıb. Tərcümə etdiyim kitablarda şeir olanda tərcümə edirəm.
Nobokovda, Kortasarda şeirlər vardı, tərcümə etdim. Rus çastuşkalarını da çevirmişəm. Tənqid eşitməmişəm. Şeir kitabı versələr, tərcümə etmərəm. Özümü şair saymıram. Amma bir dəfə xanım Leyla Əliyevının çox xoşuma gələn bir şeirini – “Səni milyard kərə öpmək istərəm” şeirini dilimizə tərcümə etmişəm. Keçən ilin payızında... Tərcüməni facebookda paylaşdım. Məncə, bu, Leyla xanımın şeirinin Azərbaycan dilinə tərcümə olunmasıyla bağlı ilk təşəbbüs idi. Məndən sonra başqaları - Mahir Qabiloğlu, Telli Pənahqızı da bu təşəbbüsü davam etdirdilər.
- Deyirlər şeir tərcümə olunmur...
- Bədii mətnin poetikası var. Heç vaxt bu dildəki effekti başqa dildə tam verə bilməzsən. Sadəcə, fikri çatdırmaq olar. Biz fikri götürüb öz imkanlarımız daxilində təqdim edirik. Şeir, poeziya mətnində fikir, ideya axtarılmır. Orda izaholunmaz şeylər var. O xüsusiyyətlər dilin içində gizlənir. Bu sirr-sehir başqa dilə çevrilmir. Nazim Hikməti Azərbaycan dilində oxuyanda ləzzət almıram. O dildəki səsləniş başqadır.
- Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yarandı. İnanırsınızmı ki, sadaladığınız problemləri həll edə biləcəklər?
- İnanmamaq istəməməkdir. Mən istəyirəm ki, bu problemlər həll olunsun. İnanıram ki, edəcəklər. Mərkəzi yaradan adamlar da məndən az istəmirlər bu problemin həllini. Ümid edirəm yaxşı olacaq.
- Sizə dəvət gəlməyib Tərcümə Mərkəzindən?
- Konkret bir təklif yoxdur. Sadəcə dostlar vasitəsi ilə çatdırıblar ki, işləyə bilərik.