Metro görməyən qadın - Səhər Əhməddən YENİ HEKAYƏ

Metro görməyən qadın - <span style="color:red;">Səhər Əhməddən YENİ HEKAYƏ
25 dekabr 2015
# 21:00

Kulis Səhər Əhmədin “Həyat simfoniyası” hekayəsini təqdim edir

Əməliyyatdan beş gün keçirdi. Ayağım yavaş-yavaş yer tutmağa başlamışdı. Hər şeyi yuxu kimi xatırlayırdım, narkozdan ayılma cəhdləri, kəskin ağrılar, bitməyəcək kimi görünən sayıqlamalar.

İlk dəfə ayağa qalxanda başım necə fırlandısa, az qaldım yıxılam. Tibb bacıları başgicəllənməm keçəndən sonra qolumu buraxdılar. Çarpayının kənarlarından tuta-tuta pəncərəyə qədər gedə bildim.

Səhər tezdəndi. Hələ söndürülməmiş küçə fənərinin işığında xəstəxananın həyətinə - adamsız səkiyə həsrətlə baxdım. Mənimlə həyət arasında bircə pəncərə vardı, amma mənimlə həyat arasında o qədər məsafə dururdu və bu, elə qəribə bir hiss idi ki, hansısa ikinci şəxsə olduğu kimi izah etmək mümkün deyil.

Küçə fənərinin işığında əsrarəngiz görünən o xiyaban bir vaxt mənim olan həyatın bir parçası idi. İndi çox əlçatmaz görünürdü, sanki bir daha o xiyabanla addımlayıb, bu xəstəxanadan çıxa, o şəhərin izdihamına qarışa bilməyəcəkdim.

Sonrakı gün palatanın qapısına qədər getdim, daha sonra dəhlizin pəncərəsinə kimi. Bu gün artıq iki dəfə sarğı otağına dəyib qayıtmışdım. Rekordu təzələmək və vaxtı öldürmək məqsədilə yeməkxanaya gedib termosa qaynar su doldurmaq istəyirdim. Yeriməyi öyrənən uşaqtək necə sevinirdimsə, az qalırdım addımlarımı sayım.

Dəhliz bomboş idi. Xəstələr palatalara çəkilmiş, tibb işçiləri evlərinə getmiş, gecə növbəsindəkilər hələ ortalıqda görünmürdülər. Axşamüstüləri heç zaman sevməmişəm, xəstəxanada isə bu vaxtı ötürmək zülüm idi.

Balaca termosu bərk-bərk qucaqlayıb, şap-şaplarımı döşəmədə sürüyərək ehtiyatla yeriyə-yeriyə dəhlizin sonuna çatıb, tini buruldum.

Elektrik çaydanı yerdə, mətbəxlə yeməkxananı ayıran divarın dibində cərəyana taxılı idi. Yanına böyük bir termos qoyulmuşdu. Ətrafda heç kim gözə dəyməsə də, bu o demək idi ki, növbədə kimsə var. Qayıtmaq istəyəndə qeybdən gəlmiş kimi pıçıltıya bənzər xırıltılı səs eşitdim:

- Getmə, qaynasın, tök, apar.

Bir qadın mətbəx tərəfdə pəncərə önündə oturub şəhəri seyr edirdi. Dirsəklənmişdi, üzü o tərəfə idi, məni necə görmüşdü, sirri-xuda idi.

Böyük termosun sahibi tərəddüd elədiyimi görüb təklifini bir az da açıqladı:

- Bu dəqiqə qaynayacaq, ona qədər də söhbət edərik.

Bir anlığa bu işgüzar təklifi ürəyimdə götür-qoy elədim. Tanımadığım bu qadınla nə söhbət edəcəkdim?! Özü də çaydan qaynayana qədər. Bəs bir də palataya kim gedib qayıdacaqdı?! Üstəlik də bir azdan agrıkəsici iynənin vaxtıydı, ona qədər bitki çayımı içməliydim.

Razılıq əlaməti olaraq pəncərəyə tərəf bir addım atdım. Qadının qırx beş-əlli yaşı olardı, əynində boz xalat, ayağında yumşaq şap-şap vardı. Bu şap-şaplar bizi - həkimlərin dili ilə desək, xəstələri birləşdirən ümumi dəyər kimi bir şeydi.

Qadın üzümə baxmadan başı ilə şəhərə işarə elədi:

- Burda yaşayansan?

- Hə, - dedim, - bəs sən? - Öz aləmimdə söhbətcil görünüb, növbəsini mənə vermiş bu qadının işinə yaramağa çalışırdım. Başqa vaxt olsa, bircə “hə” ilə kifayətlənərdim.

Qadın sanki mənimlə deyil, pəncərənin o üzündəki hansısa xəyali varlıqla danışırdı:

- Mən Gəncədən gəlmişəm. Bakını birinci dəfədi görürəm. Avtovağzaldan birbaşa bura gəldim.

Bu yerdə nə demək lazım olduğunu bilmədiyimdən nəsə qeyri-müəyyən bir şey mızıldandım. Bu qadına məhz hansı mövzu üçün lazım idim, hələ də heç bir fikrim yox idi. Həmsöhbətim yavaş-yavaş mətləb üstünə gəlirdi:

- Bura şəhərin hansı tərəfidi?

Qorxduğu imtahanda yaxşı bildiyi sualla qarşılaşan tələbə kimi sevindim:

- “20 Yanvar” metrosunun yaxınlığı.

- Hardadı metro, bəs niyə görünmür? - yəqin elə bilirdi ki, bütün metro stansiyalarının nəhəng tikintisi olmalıdı.

Pəncərəyə yaxınlaşıb həyət qapısını göstərdim:

- Bax, ordan çıxıb sağa dönürsən, bir az aşağıdadı.

- Ordan şəhərin hər yerinə getmək olur?

- Hardan?

- Metrodan də.

Doğrudan da, nə yersiz sual idi, başqa hardan ola bilərdi, deyəsən, narkozdan hələ tam ayılmamışdım.

- Həə, metrodan. Əlbəttə, çox yerinə.

- Neftçilərə də? - bir az duruxub əlavə elədi, - orda dayımnəvəsi olur.

- Hə. Neftçilərə də, - mən də duruxdum, amma “Neftçilər”də yaşayan dayınəvəsi haqda heç bir rəy verə bilmədim.

- Hərdən çıxıb o qapının ağzındakı mağazalardan nəsə alıram, tez də qayıdıram ki, birdən azaram.

- Çay gec qaynayar? - nəsə birdən cığallıq eləmək, “müqavilə”nin şərtlərini pozmaq istədim.

Əslində, bu cür təsadüfi adamları sevirəm, onların heç bir pis tərəfini tanımıram, heç vaxt da tanımaq imkanım olmayacaq. Haqlarında hər cür yaxşı şey düşünməkdə sərbəstəm. Bu tip adamlar üstəlik də səmimidirlərsə, yalan olmasın, canımı istəsələr, verərəm. Amma bu qadının istəyi bir az əndrabadi idi.

- Tələsmə, indi qaynayar. Söhbət edirik də. Yaman darıxıram. Sən indi burdan çıxıb hər yerə gedə bilərsən? Azmazsan ki?

- Yox. Niyə azım, sən Gəncədə azarsan? - guya aramızda balans yaradırdım.

- Gəncə Bakı deyil axı.

- Amma mən Gəncəni daha çox xoşlayıram, - bunu könül almaq üçün demirdim, gerçək fikrim idi.

- Mənsə, Bakını.

- Dəyişərik, - gülümsədim və özüm də təəccübləndim.

- Sən o qıraqdakı palatada tək qalırsan, hə? Bəs darıxmırsan? - bütün bunları hardan bilirdi, mən ki yataqdan yeni çıxmağa başlamışdım.

- Yox, - dedim və darıxıb-darıxmadığım haqda bir az fikirləşib dəqiqləşdirdikdən sonra bir də ürəklə təsdiqlədim, - yox.

- Mən darıxıram. Vaxt keçmir, - sonra yenə duruxdu və yenə əlavə elədi, - desəm, dayımnəvəsi gələr e yanıma…

Bu dayınəvəsi söhbəti məni girinc eləmişdi, mövzuya vaqif deyildim, heç cür girişmək də istəmirdim, ağır məsələ idi, dinləmək, düşünmək, hətta bəlkə kədərlənmək tələb olunurdu və indiki halımda tamamilə arzuolunmazdı.

Yaxşı ki, bu vaxt çaydan qaynadı, fit çalıb söhbətimizi kəsdi və qeyd edim ki, bu səs lap kinoların ayrılıq səhnələrindəki parovoz fitini xatırlatdı.

Qaynar suyu termosa tökmək üçün bütün mövcud təcrübəmi və doxsan faizini itirdiyim gücümü topladım. Əlimin yüngülcə titrəməsini nəzərə almasaq, görəvi uğurla başa çatdırdım.

Yorulsam da, özümü o yerə qoymadım:

- Çaydanı təzədən doldurmalıyam? Hardan? Mətbəx bağlıdı axı.

- Yox, dəymə, sən tələsirsən, get. Özüm dolduraram. O başa getmək lazımdı. Day da vaxtım keçir.

Qadının vaz keçməsindən, ya da söhbətə yenidən başlamasından qorxub, termosu qucağıma aldım:

- Sağ ol, növbəni də verdin.

- Verməyib neyləyəcəm, hara qaçıram axı?

Bu sözlər lap məni utandırdı. Guya mən hara qaçırdım ki?! Bu, pis alışqanlıq, zərərli bir vərdiş idi. Heç bir işin olmayanda da elə hey harasa tələsirmiş kimi yaşamaq. Tək qalmaq istəmək. Özünlə baş-başa qalmağa can atmaq. O qadınla mənim - Gəncə sakini ilə Bakı sakininin fərqi idimi, bu? Yoxsa, sadəcə şəxsi həyat məsələsiydi?! “Kış uykusu” filmində necə deyir, “canı sıxılmaq da bir lüksdü”.

Necə gəlmişdimsə, həmin ehtiyatla da qayıdırdım. Amma artıq addımlarıma fikir vermirdim. Bəlkə bu qadınla söhbət eləmək, sanki ölüm sükutu çökmüş o palataya qayıtmaqdan daha yaxşıydı, yaramın ürəyimə vuran insafsız göynərtisini unutmağın daha münasib yolu. Ən azından, özgələr insanın başını özündən daha yaxşı qata bilirlər, təəccübləndirməyi bacarırlar, tək olmadığını hiss elətdirirlər, adamı daima özünü dinləməkdən xilas edirlər. “Paylaşmaq acıları azaldır” - söhbəti.

Bəs nə idi mənim bu xəsisliyim, özüməqapanmağım, sərhədlərimi kimsənin pozmasına imkan verməmək cəhdim, ərazi bütövlüyümə bu mənasız sədaqətim, ağrılarımı içimdə mazoxistcəsinə bəsləməyim?

Bu cavabsız suallarla palataya qayıdıb termosu tumboçkanın üstünə qoydum. Çarpayının başından pijamamı götürüb geyindim. Üstündə buğa bürcünün işarəsi olan fincanımı yaxalayıb özüm üçün bitki çayı süzdüm.

Əynimi dəyişəndə səndirlədim, yaram dartınıb şiddətlə sancdı. Çay süzəndə ləngərlənib bir az dağıldı. Amma yenə də neçə illik təcrübəmə inadla davam elədim. Yatağımı səliqəyə saldım. Yastığımı o üzünə çevirdim. Şkafdan yod və pambıq çıxarıb hazır saxladım. İşığı söndürüb, stolüstü lampanı yandırdım.

Bayaq addımlarımdan zövq aldığım kimi, indi də hərəkətlərimdən məmnun qaldım. Ağrılarım və özüm üçün səliqəli, romantik ortam yaratmışdım, bircə musiqi çatmırdı (Onu da bir dəfə sınamışdım, ağrılarla qəti getmirdi).

Düzü, çay da daxil olmaqla bu dəstgahın heç birinə ehtiyacım yox idi. Sadəcə olaraq, həyata qayıtmağa tələsirdim və bütün bunlar hazırlıq mərhələsi idi. Qısa fasilədən sonra sanki yaşamağı məşq edirdim. Özümü nəsə işim olduğuna, harasa tələsdiyimə, nəyəsə yaradığıma, əvvəllər olduğu kimi, hətta darıxmaq üçün də vaxtımın yoxluğuna inandırmaq istəyirdim. Bunun yaxşı, ya pis, cəsarət ya qorxaqlıq, güclü bir ruhun müvazinəti, yoxsa adi bir heyvani hiss olduğunu müəyyən etmək çətin idi.

Allah bilir, neçənci dəfə saata baxdım, on beş dəqiqə sonra tibb bacısı gəlib agrıkəsici, yuxugətirici iynələri vuracaqdı. Sonra rahatca yatacaq, sabah həyata doğru bir addım da atmış sayılacaqdım. Bu günlük bircə bu son on beş dəqiqəni yola vermək qalırdı.

Fincan əlimdə pəncərənin qabağına keçib Bakını seyr eləməyə başladım. Bu tərəfdən şəhər daha əzəmətli görünürdü. Hündür göydələnlər xəfif dumanda ala-toranlığa bürünmüşdü. Axşam düşmək üzrəydi. Sanki lap uzaqlarda - sirli bir aləmdə adamı sağalmağa səsləyən həyat simfoniyası səslənirdi.

Həmin qadın barədə düşünürdüm. Bakı haqqında uşaq kimi suallar verən o əlli yaşlı qadın barəsində. O, yəqin öz növbəsini yenə başqasına verəcək, yenə bu şəhər haqqında nəsə öyrənəcək, soruşacaq, uzun illər görmək istədiyi paytaxtda dəlicəsinə darıxdığı günləri belə keçirəcəkdi.

Mənim kimi rol oynamadan, özünü aldatmadan, ağrının, kimsəsizliyin, darıxmağın, pijamalı, şap-şaplı bir xəstə olmağın haqqını verərək, ilk dəfə gördüyü şəhərin qılıqsız sakinləriylə söhbətə can ataraq. Kimisə arzulayaraq, kimdənsə kömək umaraq.

Bütün hallarda o qadın məndən daha səmimi, daha təbii idi, həyata məndən bir köynək daha yaxın.

Darıxmaq üçün darıxmağa başlamışdım, lap dəqiqi, burnumun ucu göynəyirdi. Hansısa görmədiyim bir şəhərdə tanımadığım biriylə həmin şəhər haqqında söhbət eləmək düşmüşdü könlümə.

Axı bir vaxtlar mən də bu şəhəri elə qarşılıqsız, gözəl, platonik məhəbbətlə sevirdim. (Nə deyirsiz, deyin, bütün ruhi, əlçatmaz, adiləşməyən sevgilər gözəldi). Axı bir vaxtlar mənim də “canı sıxılmaq kimi lüksüm” vardı.

Ən sevimli şəhərlər küçələrində azmağa qorxduğun şəhərlərdi. İzdihamında yad olduğun, pəncərələri önündə dəlicəsinə darıxdığın şəhərlər.

# 996 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #