Yerlə Göyün arasında
İlişib qalmışam yenə.
Kamal Abdulla
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik, yazıçı Kamal Abdullanın bu gün 64 yaşı tamam olur. Doğrusu, haqqında söz açacağım və doğum gününü bəhanə edib ürəkdən gələn bəzi fikirlərimi yazacağım adama aid bu yuxarıdakı statusları, adları ard-arda sadaladıqca uzaq 90-cı illərdə mərhum Aydın Məmmədov vasitəsiylə tanış olmağımızı xatırladım. Onda Aydın müəllimin başçılıq etdiyi Tərcümə Mərkəzində müavin işləyirdim və Kamal Abdullanı da elə o vaxtlar Aydın Məmmədovun dostu kimi tanıdım.
Daha doğrusu, o zamandan başlanan, sonradan dostluğa çevrilən tanışlığımız indiyə kimi davam edir desəm, yanılmaram. Əgər Kamal Abdullanı bir neçə sözlə ifadə etmək lazım gəlsə, mən onu öz içində gizlənən adam kimi səciyyələndirərəm. Məncə, onun bu xarakteri və obrazı istər ictimai fəaliyyətində, istərsə də əsərlərində özünü göstərir. Nədənsə tez-tez mənə elə gəlir ki, hətta bizlər, ən yaxın dostları belə bu soyuqqanlı, sakit, təmkinli görkəmin arxasındakı, içindəki gerçək Kamal Abdullanı tanımırıq. Hansısa ağrı, ya sirr var ki, bunu da yalnız yazıçı özü bilir. Əsərlərinin də bu qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli dili onun yazdığı mövzuların içərisində gizlənmək istəyindən, öz ağrılarını pərdələmək niyyətindən və dünyanın bütün dadını duyub görmüş insana xas müdrikliyindən irəli gəlir. Bunu yazıçının ən məşhur əsərləri olan "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi"ndə də müşahidə etmək mümkündür. Məncə, bu fərqlilik, qapalılıq heç də sadəcə, müasir, yeni ədəbiyyat yaratmaq, yaxud orijinal görünmək üçün deyil. Kamal Abdullanın böyük hadisələrə, dərdlərə, problemlərə bir az ironik, soyuqqanlı yanaşmasında, insanların bütləşdirdiyi, doqmaya çevirdiyi məsələləri sakit tərzdə yazmasında onun xarakteri, həyata baxışı özünü göstərir.
...Doğrusu, bu doğum günündə Kamal müəllimin sirlərini açmaq, əsərlərindən görünən, gündəlik proseslərdə müşahidə edilən, bəzən bir kiçik detalla, bəzən böyük hadisələrlə "özünü təqdim edən" yazıçını hər kəsə tanıtmaq kimi bir niyyətim yoxdur. Bəzən dostların, doğmaların, həmkarlarımın yubileylərində təbriklər yazıram. Xatırlayıram ki, 4 il öncə, Kamal Abdullanın 60 illiyində qəzetimizdə çoxlu yubiley təbrikləri işıq üzü görmüşdü. Bir il sonra, 65 yaşı ərəfəsində də yazıçını təbrik edənlərin sayı-hesabı olmayacaq. Nədənsə, bu dəfə ürək sözlərimi daha sakit vaxtda çatdırmaq istədim. Mənə görə, Kamal müəllimin ən qabarıq və indiki zamanda xeyli fərqli tərəflərindən biri istedadlı adamı dəyərləndirməsi, istedada qiymət verməsidir. Həm də Kamal müəllimin bunu sadəcə, gündəlik işi kimi, işlərinin tərkibi kimi etməsi xeyli təsirləndiricidir. O, yaxşılığı özünütəsdiq üçün, yaxud dost məclislərində mövzuya çevirib təriflənməkdən ötrü eləmir. Elədiyi yaxşılıqları çox zaman unudur.
Yadımdadır ki, məclislərin birində Kamal müəllimin əl tutduğu, dəstək olduğu neçə-neçə adam haqqında danışılanda onun bütün bu deyilənləri xatırlamadığını və səmimi təəccübləndiyini müşahidə etmişdim. Kamal müəllimin gənc nəslə qayğısını, köməyini Bakı Slavyan Universitetinin rektoru işlədiyi vaxtlardan da hər kəs müşahidə edib. Bir müddət mən də həmin universitetdə dərs demişəm və tələbələrin rektorları haqda səmimi, xoş sözləri, başqa universitetlərlə müqayisədə BSU-da yaradılmış demokratik mühit barədə dedikləri yaxşı yadımdadır. Böyük oğlum bu universitetdə təhsil alıb, onun da tələbəykən görüb müşahidə etdikləri, azad mühit, obyektiv imtahan sistemi haqda danışdıqları Kamal müəllimin rəhbər kimi qurduğu sistemin fərqliliyini göstərirdi. Bu gün də media mühitində BSU-nun Jurnalistika fakültəsinin məzunları xüsusi hazırlığı, savadı ilə seçilirlər. Onun rektorluğu dövründə Slavyan Universitetində Yaradıcılıq fakültəsinin fəaliyyətə başlaması, neçə-neçə istedadlı gənci öz ətrafında birləşdirməsi də çox mühüm məqamlardan biridir.
İllər öncə Kamal Abdullanın Kamal Mehdi imzasıyla yazdığı şeirlərdə də onun qeyri-adi xarakteri nəzərə çarpırdı. Yadımdadır, o şeirləri oxuyub onlardakı sirrin, sehrli auranın səbəbini xeyli düşünmüşdüm. Görünür, mərhum rejissor Vaqif İbrahimoğlunun da Kamal Abdulla yaradıcılığına meylinin, marağının əsas səbəblərindən biri bu idi. Fərqli estetikası ilə seçilən Yuğ Teatrında Kamal müəllimin əsərləri tez-tez səhnələşdirilirdi, elə bu gün də teatr bu silsiləni davam etdirir.
Kamal müəllimin nəsrindən danışanda adətən, "Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi" romanlarının adı çəkilir. Yazıçı bu əsərləri ilə Azərbaycan nəsrinin xaricdə tanıdılmasına, təbliğinə də öz töhfələrini verib. Bu əsərlər rus, ingilis, ərəb, fransız, ispan və neçə-neçə başqa dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü görüb. Hələ o zamanlar "Yarımçıq əlyazma"nın kitab halında çapından öncə doğurduğu fərqli, təzadlı fikirlər məni düşündürmüşdü. Əsəri oxuyub fikirlərimi yazmışdım və müəyyən parçaları "525-ci qəzet"də yayımlamışdıq. O vaxtlar qəzetimizin təsis etdiyi "İlin bədii əsəri" mükafatını da bu romana görə Kamal Abdullaya təqdim etmişdik. Bundan öncəki illərdə həmin mükafatı Elçinin "Sarı gəlin", Anarın "Ağ qoç, qara qoç" əsərləri almışdı.
Hesab edirəm ki, Kamal Abdullanın "Unutmağa kimsə yox" romanı son illər Azərbaycan romançılığında ən yaxşı əsərlərdən biridir. Çağdaş dünya romançılığının, müasir nəsr estetikasının bütün tələblərinə cavab verən bu roman Kamal müəllimin ən sevdiyim əsəridir. Doğrusu, ədəbi tənqidin və mühitin bu əsərə lazımi reaksiya verməməsinin, əsərin alt qatlarına enən dəyərli təhlili yazıların azlığı məni heyfsləndirir.
Kamal müəllimin bütün bu fərqli, üstün keyfiyyətlərini sadaladıqca belə bir adamın dövlət idarəçiliyi strukturuna gətirilməsini müsbət hadisə kimi vurğulamaq yerinə düşər. Yazımın əvvəlki hissəsində Kamal Abdullanın olduğu hər yerdə fərqli ab-hava, azad mühit yaratmasını qeyd etmişdim. Məncə, adətən, quru, soyuq görməyə alışdığımız rəsmi mühitə də Kamal müəllim artıq öz "üslubunu", xarakterini gətirib.
Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyinatından çox keçməmiş yas mərasimləri ilə bağlı məsələləri gündəmə gətirməsi onun illər ərzində yazıçı müşahidələrinin, gördüyü naqislikləri düzəltmək, yoluna qoymaq istəyinin təzahürü idi. Vəzifənin verdiyi imkanlardan istifadə edib bu əyər-əskikləri aradan qaldırmaq üçün çalışması da ziyalı xarakterinin daha bir göstəricisidir.
Bu günlərdə Multikulturalizm məsələlərinə həsr olunmuş Teatr konfransının açılışında Kamal Abdullanın çıxışı hər kəsi təəccübləndirmişdi. Dövlət müşavirinin Azərbaycanın necə bir multikultural ölkə olmasını yazıçı kimi bir ravinin əhvalatını, hekayəsini danışaraq ifadə etməsi qonaqları, müxtəlif ölkələrdən gələn sənət adamlarını da çox təsirləndirmişdi. Zənnimcə, müasir dövrdə insanlara təsir etməyin, inandırmağın ən gözəl yolu elə səmimiyyətdir.
... Yazımın əvvəlində vurğuladığım kimi, Kamal müəllim çoxları üçün öz içində gizlənmiş, sirli adam təsiri bağışlayır. Yəqin ki, bu, həm də doğmalarını, dostlarını qayğıları ilə yükləməmək istəyindən, təvazökarlıqdan, müdriklikdən irəli gəlir. Odur ki, mən də onun haqqında danışarkən hansısa sirr açmağa, qeyri-adi şərhlər verməyə cəhd göstərmək niyyətində deyiləm. Sadəcə, stolumun üstündəki təqvimdən üzümə baxan 4 dekabr tarixindən - Kamal Abdullanın doğum günündən istifadə edib dəyərli alimi, istedadlı yazıçını, hər zaman inandığım, etibar elədiyim dostumu təbrik etmək, ona yeni-yeni yaradıcılıq uğurları, daha böyük nailiyyətlər arzulamaq istədim.
Ad gününüz mübarək, Kamal müəllim!
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
525.az