Kulis.az Nəriman Əbdülrəhmanlının “Əlisəmid Kür: 65-ə keçid və “sonrası nə ola-ola...” yazısını təqdim edir.
Son on beş ildə Əlisəmidi hər doğum günündə yada salıram: oğlum onunla bir gündə dünyaya gəlib; hər dəfə də süfrəyə Əlisəmidin adına bir qədəh gürcü çaxırı qoyuram…
Amma Əlisəmidi otuz ildi ki, tanıyıram…
Onun Kür kimi coşub-daşdığı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qazan kimi qaynadığı, “kitabxananın” (bunu özü yaxşı bilir) və çayxananın şaqqaşaq işlədiyi günlərdə tanış olmuşuq…
Adətən, qələm adamlarının əvvəlcə yaradıcılığına bələd olmuş, sonra özünü tanımışam. Amma Əlisəmid azsaylı yazıçılardandı ki, tanış olanda yazı-pozusundan o qədər də xəbərim yox idi, şeirlərini elə o vaxtlarda oxudum…
O vaxt Əlisəmid artıq kitabı çıxmadan Yazıçılar İttifaqına üzv qəbul olunan qələm sahibi kimi tanınırdı. Bunu cürbəcür mənalarda yozurdular, amma əminəm ki, əsl səbəb onun şeirləriydi…
Sonra ilk kitabı olan “Rəngli kölgələr”i oxudum, təsəvvürümdə portret cizgiləri bir qədər dolğunlaşdı, zahirən çılğın, ipə-sapa yatmayan, tükənməz enerjisilə adamı heyrətə salan Əlisəmidin, əslində, nə qədər kövrək, əzabkeş, yaralı olduğunu duydum…
Sonra yolumuz Ədəbiyyatı Təbliğ Bürosunda, "Yol" qəzetində kəsişdi. Əlisəmid yazılarımı da çap elədi, uzaqda yaşayan, Bakıya nadir hallarda gəlib-gedən dostlarımın yazılarını da “sifariş verdi”. O vaxt – çap imkanlarının az, sıxıntının çox olduğu illərdə bu, əlbəttə, əvəzsiz diqqət idi…
***
Əlisəmidin poetik nəfəsinin özünəməxsusluğu, şeirlərindəki cazibəsindən qaçmaq mümkün olmayan, eyni zamanda da çox doğma duyğular, obrazlar, tapıntılar barədə nə yazsam, yeni olmayacaq, bir də ki, bu tənqidçilərin və ədəbiyyatşünasların işidir. Mənim cəhdim olsa-olsa, onun təsəvvürümdəki portretini sözlə ifadə eləməkdi
Nəyə görəsə, Əlisəmidin şeirlərindən yadımda qalan ilk misralar bunlardı:
…Yağışlı bir gecədə
adımı söylədim Kürə.
Sağ-soluma baxdım
gördüm heç kəs eşitmədi.
Yağış dəli,
Kür dəli.
Qoşulub dəli sulara
şeir dedim
mən dəli...
Görünür, diqqətimi öz tale və yaradıcılıq yolunu bu qədər lakonik ifadə eləmək çəkib: neçə illər əvvəl adını Kürə söyləyib, Əlisəmid Kür olub, “heç kəs eşitməsə də” şeir deyib, nə qədər qaçmağa çalışsa da, Söz onun yeganə sığınacaq yerinə çevrilib. Səhv eləyəndə, büdrəyib yıxılanda, könül dolusu sevinəndə Sözdən yapışıb, Sözə pənah aparıb.
Sözün düzü, səhv eləmirəmsə, 1991-ci ildə “İşıq” nəşriyyatında “Əlisəmid və qırx tanış üz” kitabı çap olunanacan Əlisəmidin rəssamlıqda “əli olduğunu” ciddi qəbil eləmirdim. Amma şeirlərində heyrətamiz tablolar vardı, mənə elə gəlirdi, o tabloları ancaq rəssam yarada bilər:
…Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola…
Duyumum təsdiqlənəndə heç də təəccüblənmədim… Əlisəmid şeirlərini beyinlə yox, ürəklə yazır. “Mən beyinlə yazılan şeiri o dəqiqə görürəm, - deyir. - Bir sözüm vardı: şeir gərək dalağa dəyə. Kitabxanaya get, xalq şairlərindən tutmuş indiyəcən çap olunan şeir kitablarını al, qoy qabağına, oxu. Özü də altdan yuxarı oxu ha. Bəlkə də qəribə gələcək sənə. Amma altdan yuxarı oxuyanda görəcəksən ki, heç bir fərq olmadı. Bu şeir deyil... Şeir altdan yuxarı oxundusa, o şeir deyil”.
Hərdən mənə elə gəlib Əlisəmidin gerçək həyatdakı çılğlnlığı, dəli-doluluğu məhz elə qəlbindəki çəkilməz yüklərin ağırlığına tab gətirmək cəhdindən başqa bir şey deyil. Yoxsa kəpənək qanadı kimi zərif duyğuların sığınacaq yeri olan qəlbində bu cür misralar yaranmazdı:
Daha ayrılığın yoxdur qorxusu,
İstəyin mənsiz də tək-tənha çapar.
Bizim sevgimizin ömründən uzun
Kölgəni sürüyüb arxanca apar,
–Keçir sevgi yaşım…
***
Əlisəmid Kürün bir sırası var ki, o şeirlər əsasında taleyini oxumaq olar…
Əlisəmid səhv eləyib, yıxılıb, amma qalxmağı dik durmağı da bacarıb. Dəli-dolu hərəkətləri olsa da, şəxsən mən onda heç vaxt bədxahlıq, namərdlik, riyakarlıq görməmişəm. Taleyinə düşən qisməti yaşayıb, dəyişməyib, dəyişməyə də can atmayıb. “Allah hərəyə bir yolu, bir taleni yazıb. Mən bu yolu dübbədüz getmişəm, az da olsun sapınmamışam, məncə. Düzdür, mənə badalaq vuranlar da olub, özümdə də günah var. İnsanları sevən adamam, istəyərəm o insanlarda da mənə qarşı məhəbbət olsun. Mən gözəl yol keçmişəm, geri qayıtmaqdan da qorxmuram, çünki bir səhv hərəkətim olmayıb. Amma bu yolu özümə arzulayıram, balalarıma, bir başqasına - yox. O yolun şirini də, acısı da mənimdir; türməsindən də, dəlixanasından da keçmişəm. Bu yazı mənim alnıma yazılıb, qəbulumdur”. Bu Əlisəmidin etirafıdı.
Bu da onun misralara düzdüyü, özünü ünvanladığı tənədi:
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!
Əlisəmid səhv eləsə də, yalana, üzəyarı yarınmağa əl atmayıb. Onu əksər vaxtlar tanıdığı adamları barədə fikirlərini özlərinin olmadıqları yerdə söyləyəndə görmüşəm. Əlisəmid hətta şəxsi münasibəti olamayan, yaxud qəbul eləmədiyi kəslər barəsində belə, haqqı nahaqqa vermədən danışıb. “Hər gecə yatanda hesabat verən adamam: bu gün neyləmişəm, kimin qəlbinə dəymişəm... Həmişə də deyirəm ki, Allah, mənə öz ürəyimə görə ver. Ürəyimdən o qədər arxayınam!” – Bu da Əlisəmidin sözləridi…
Bir də ki, özünün dediyi kimi:
Çörəyini yeməzsən yalanın
Yalanın min üzü var.
Mən sözü üzə şax dedim,
Sözümün bir üzü var –
Əlisəmidin bir üzü var.
Bir də Əlisəmiddən həmişə nikbinlik əxz eləmişəm. Ən çətin anlarında belə əlini dünyadan üzməyib, gözəl günlərin gələcəyinə, qaranlıqdan işıq doğacağına inanıb:
Dərdi ovutmağa dost qalmayanda
Sümüyə yatan bir havaya alışmaq,
Alışmaq hər şeyə!
Ulduzsuz gecələrə alışmaq –
Günəş boyda ümid doğur hər qaranlıqdan.
Əlisəmid Kür “Poeziya mənim üçün düşüncənin üstünə ürək çəkməkdir”, - deyir…
Şeirlərini oxuyanda buna şübhə yeri qalmır…
***
Əlisəmid Kür poeziyada matahını bazara çıxaran, dəyər-dəyməzinə satmağa çalışan söz dəllallarına oxşamadı, nə yazdısa, taleyinin töhfəsi kimi yazıb…
Cəmi üç poetik toplu ortaya qoyub: “Rəngli kölgələr”lə yanaşı, “Kentavr” və “Çaylar məcrasından çıxanda” kitabları işıq üzü görüb…
“Sonuncu dua” adlı kitabı da Təbrizdə nəşr olunub…
Poetik mükafatları da çox deyil: Azərbaycanda Beynəlxalq Rəsul Rza, "Vektor" Beynəlxalq Elmi Mərkəzinin poeziya, Türkiyədə "Qızıl çələng" poeziya "Türk ədəbiyyatına xidmətlərinə görə" ədəbiyyat mükafatlarına layiq görülüb…
Bu, 65 yaşına qədəm qoyan söz adamı üçün az görünə bilər. Amma nə çap etdirib, nə qazanıbsa, halal haqqıdı…
İndi Azərbaycan Tərcümə Mərkəzində, “Xəzər” dünya ədəbiyyatı dərgisində çalışır. Əvvəlki çılğınlığının, dəli-doluluğunun yerini dinclik və müdriklik tutub, özü demiş, “xatirələrin və ayrılıqların gözlərindən öpür”…