Elnarə Akimova: "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

Elnarə Akimova:  "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında
15 yanvar 2025
# 12:00

Kulis.az Elnarə Akimovanın Şərif Ağayarın "Qayıdış" hekayəsi haqqında yazdığı "Qayıdış - keçmişlə gələcək arasındakı yoxluqda" adlı yazısını təqdim edir.

“Doğrudan, getmək istəyirdimmi kəndimizə? Bilmirdim ki! İstəyib-istəyib yorulmuş, usanmış, hətta qocalmışdım. Bu istək biri-birindən ağır keçən günlərin, ayların, illərin altında qalıb əzilmişdi, indi çapalaya-çapalaya üzə çıxa biləcəkdimi?"

Şərifin “Qayıdış” hekayəsi müharibə haqqında yeni elegiyadır. Azad edilmiş yurd yerlərinə qayıdan, viran qoyulmuş evlərinin xarabalıqları içərisində gəzib dolaşan, orda öz keçmişini – uşaqlığını, yaddaşını, gülüşünü axtaran insanın yaşadığı sarsıntıların bədii poetik əksidir.

Bu hekayədə Şərifin nəsri artıq birbaşa varlıq fəlsəfəsi, dərk olunmuş bədii şüur, bədii düşüncə səviyyəsindədir. Problematikanı da məhz çağımızı düşündürən müharibə, qayıdış və insan məsələlərindən götürür. Yeni reallıqlar, yeni ictimai-siyasi proseslərlə əhatələnən insan və onun mənəvi durumu, təbəddülatları varlığından necə keçirməsi, sarsıntılarını necə adlaması və s.

Hekayənin əsas notları ilk sətirlərdən bəlli olur. Qayıdış həyəcanı! Qalib kimi döndüyümüz torpaqlarımıza, itirdiyimiz illərin ağrılarına, bir də Şərifin öz əsərlərinə. Şərif öz hekayə və romanlarına səpələnmiş göz yaşlarını silmək üçün yazıb bəlkə, bu hekayəni. Kor olan babası, Cəfər əminin geriqayıtmaz yolları, atasının, əmisinin arvadının, qızının ondan sonrakı ömürlərində yaşadıqları fəci tale və s. O ağrılar ki, elə aradan keçən iyirmi səkkiz ildə Şərifin əsərlərində daim diri qalıb.

Şərifin yeni hekayəsində əvvəlkilərlə qurulan “bağ”ların da əslində, daxili motivi funksiyaca eyni bir melodiyanın vahid zəminli əks-sədasından ibarətdir. Çünki burada da faktura bütünlükdə müharibənin lənəti, ittihamı üzərindədir. Hər iki halda mətndə fərdi sarsıntı ictimai sarsıntının tərkib hissəsi kimi çıxış edir.

Qəhrəmana azad edilmiş yurduna getmək xəbərini verirlər və onun yaddaşında bura qədər yaşanılan ağır, əzablı proseslər müxtəlif qabarma-çəkilmələrlə yenidən dalğalanır. İtmiş əmisinin nisgili!

“Bu iyirmi səkkiz ildə hər yerdə, hər şeydə ondan bir nişana gəzmişəm. Gözüm dörd olub həmişə. Yerdən-göydən əlim üzüləndə təzə doğulan körpələrin əlində-ayağında axtarmışam onu. Birinin barmağında tapmışam, birinin dırnağında, birinin biləyində, birinin ayağında; birinin yerişi onu xatırladıb, birinin duruşu, birinin baxışı. Əmim dağım-dağım olub səpələnib bütün kişili-qadınlı qohumlara, sanki "bunların hamısını çox istə, hərəsində məndən bir nişanə var" demək istəyib”.

Məlum olur ki, başlanğıcda hekayənin poetik istiqamətinin yönəldiyi məqam – qəhrəmanın yuxularında daim oyaq qalan Cəfər əmidən - ciddi-cəhdlə “qurtulmaq” istəyi elə-belə deyilmiş. Bu doğma adama görə “alov-alov yanan” insanların həsrətinin, faciəsinin yenidən tərpənişi var bu yuxularda. Hər gəliş yaraları təzələyir, dərdləri yada salırmış.

Şərif oxucunu yenidən o illərə, o ağrılara qaytarmaqla bədii fikri yeni psixoloji effektlərlə dolğunlaşdırır. Hekayədə bir leytmotiv var – İnsan! Və bu, təkcə əsas personajın – hekayə qəhrəmanının simasında təcəssüm tapmaqla qalmır; toxdaq bir qələmlə keçmişə salınan nəzərin işığında yazıçı təfərrüatları, faktları, yaddaşdan lövhələri, epizodları, hadisələri danışdırmaqla geniş insan mənzərələrinə çıxmaqla reallaşır: “Babam ağlamaqdan kor oldu, o, gözünün son işıq parçalarını da oğlu üçün xərclədi, qəsdən sağa-sola burulub bu işığı əmdikcə-əmən tozanaqlı yollara baxdı, öləndə də vəsiyyət elədi, dedi, yanında boş yer saxlasınlar, birdən nə vaxtsa qayıdar...”

İyirmi səkkiz, otuz il sonra yurdlarına qayıdan insanlar məhz bu əhvalla dönüş edə bilərlər ora. Orada – düşmən gülləsindən, burada - həsrətdən, xiffətdən ölənləri varsa. Qoyub gəldikləri keçmişləri, şəhid edilənləri, itkin düşənləri, dağılmış evləri, odu sönmüş ocaqları varsa...

Şərif psixoloji varlıq olaraq insanın içini, iç dünyasını mənəvi məzmundan tutmuş fəlsəfi sıraya qədər ən müxtəlif səviyyələrdə təqdim edir. Hekayədə bəzi məqamlarda dramatizmin yerini incə ironiya, azacıq yumor da tutur. Amma bu yumor əsassız gətirilmir mətnə, içində amansız bir reallıq, həqiqət yatır. Yəni, tutaq ki, Cəfər əmi qayıtdı… Bu qədər insan itkilərindən, onun xiffəti ilə ömrü yarıda qırılan həyatlardan sonra gəlişi nəyi isə ifadə edəcəkmi? Gecikmiş səadət ölümə bərabər bir şeydir: “Şəxsən mən durub qovaram onu. İndiyə saç-saqqalını da ağardar, yuxudakı adama oxşamaz, mən də rahatca sözümü deyərəm. Deyərəm, bu qədər zülm-zillətdən sonra atlana-atlana nəyə gəlmisən? Qohumların neçəsi sənin dərdindən vərəmləyib öldü, neçəsi son nəfəsində səni arzuladı, bu nə günün gəlişidir? Belə çıxır, iyirmi-otuz il havayı əzab çəkmişik? Dinməz-söyləməz çıx get, soruşan da olsa, kimliyini boynuna alma, adam adama belə eləməz.”.

Şərif müharibədə itmiş bir insanın taleyi timsalında tifaqı dağılmış bir ailənin faciəsini sərgiləyir. Hekayədəki ən maraqlı məqamlardan biri obrazın ruhi dəyişməsi prosesidir ki, bu da insan psixologiyasının nisbiliyi – şərait və vaxtla motivləşməsi ilə bağlıdır. Amma bütün fərqli ovqat çalarının alt qatında çözümsüz kədər yatır.

Şərifin mətnindəki psixoloji deyiliş tərzi də, tonu da dəyişməyib. Birdən-birə süjetə daxil olan xoş xəbər, xəbərin ardınca gələn yaddaş lövhələrinin həyəcanı, bu həyəcanda duyulan yarımçıq, dərdli ömürlərin hekayəti. Bir də baxıb görürsən ki, bu qayıdış həm də başqa qayıdışdır. Real olaraq döndüyümüz yerlərdən xəyalən, mənən heç uzaqlaşmamağımızın əzablı olduğu qədər də qürurlu lövhəsidir: “Hərbi hissəyə gecə çatdıq. Səhər kəşfiyyat bölüyünün əsgərlərinin müşayiəti ilə kəndə gedəcəkdik. Hərbçilər yolu-izi bizə başa salanda əmim oğlunun xəritəni onlardan heç də zəif bilmədiyini gördülər. Zabitlərdən biri maraqlanıb bu biliyi necə qazandığını soruşdu. Gülümsündü, “quqldan öyrənmişəm” dedi. O an ağlımdan keçdi: əmioğlu quql xəritəni atasını axtara-axtara əzbərləyib”!

Hələ qəhrəmanın kəndin hər qarışında əmisinin əl izlərini axtarması. Nəyə görəsə bu hissə mənə Sabir Əhmədlinin “Ömür urası” əsərinin sonluğundakı təsvirləri xatırlatdı. Bircə fərqlə. Sabir Əhmədlinin qəhrəmanının xəyalən döndüyü rayona Şərifin qəhrəmanı reallıqda qovuşur: “Əgər bu dağılmış evlərin, itmiş yolların, can vermiş cığırların Cəfər əmimlə bağlı hər xatirəsinə qırmızı bir nöqtə qoysaq, kəndimiz büsbütün laləliyə bürünər. O evin çardağını vurub, bu evin pəncərəsini salıb, o yolun ayrıcında qoyunun qabağına çıxıb, bu yamacda quzu otarıb, orda armud çırpıb, burda ov ovlayıb, o daşsız yaxada otçalanların qabağına düşüb ot vərləyib, bu şumal düzəngahda maşına pres qaldırıb... İndi minlərlə Cəfər əmim vardı burda, kəndimizin hər tərəfinə səpələnmişdi, onları yığıb-yığışdırmaq olmurdu, bircə dəfə “Əmi!” deyib səslənsəm, min yerdən səda gələrdi”.

Hekayənin ən sarsıntılı epizodu qəhrəmanın əmisinin uçuq-sökük evində bir küncə dirənib uşaqlıqda şahid olduğu epizodu xatırlaması səhnəsidir. Bibisinin ürkəkliyi, əmisinin zarafatı, gülüşləri… Dünənlə bugünün üz-üzə gəldiyi, qarşılaşdığı səhnə. Biri keçmişini itirib, digərləri üçün gələcək artıq yoxdur. O yoxluqla bu yoxluğun arasında qalan insan ömrün hansı tərəfindədir görəsən?

“Bibimi çox utandırmamaq üçün gözlərimi yumdum, kəndə gəlmək xəbərini aldığım vaxt kirpiklərimin dibinə vuran isti dalğa yanağım enişə yuvarlandı, başımı asta-asta qaldırıb gözlərimi açanda Cəfər əmimin xaraba evinin tavanında bir parça göy üzü göründü. İlk dəfə idi dağılmış evdən göy üzünə baxırdım. İlk dəfə idi göy üzünü bu qədər yaxın, bu qədər təmiz görürdüm. Mən bu büllur maviliyi otuz il idi özümdən xəbərsiz axtarırmışam. O an bütün varlığımla inandım: dağılmış evlərdən göy üzünə baxıb nə dilək tutsan, həyata keçər. Amma ha düşündüm, tutmağa bir dilək tapmadım. Əmimin həsrəti bitmişdi, deyəsən”.

Qəhrəmanın gözünü yumması ilə açması arasında qalan Zaman artıq itirilmiş zamandır.

Təbii ki, hekayə Şərifin digər mətnləri ilə qurulan “bağ”dır. Amma əsərlərindən xəbərsiz oxucu belə bu hekayəni məhz struktur və ondan doğan təəssürat bütövlüyünə görə yeni bir mətn kimi oxuyacaq. Və düşünəcək. Bəli, qayıdış elə də asan olmayacaq! Bəs necə olacaq? Bəlkə də, Şərifin yeni nəsri məhz bu sualı cavablandırmaq imkanlarından doğulacaq.

# 372 dəfə oxunub

Oxşar xəbərlər

Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

Sonsuz ağrılar və bəşəri təklik - Rə­van Cavid

13:56 14 yanvar 2025
"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər TURAN

"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər TURAN

11:12 13 yanvar 2025
Ədəbi prosesin və ədəbi mühitimizin 2024-cü ili - Cavanşir Yusifli ilə Yeni il söhbəti

Ədəbi prosesin və ədəbi mühitimizin 2024-cü ili - Cavanşir Yusifli ilə Yeni il söhbəti

11:00 30 dekabr 2024
"Azərbaycan nəsri ingiliscə tərcümədə” – yeni toplu təqdim olunub

"Azərbaycan nəsri ingiliscə tərcümədə” – yeni toplu təqdim olunub

10:21 30 dekabr 2024
"Müəllif, təəssüf ki, tələsib..." - Hekayə müzakirəsi

"Müəllif, təəssüf ki, tələsib..." - Hekayə müzakirəsi

15:00 28 dekabr 2024
Kələkbaz dul qadın - Elçinin təqdimatında

Kələkbaz dul qadın - Elçinin təqdimatında

12:00 28 dekabr 2024
#
#
# # #