Kulis.az O.Henrinin ən məşhur hekayələrindən olan “Milad hədiyyəsi”ni təqdim edir.
Сəmi bir dollar səksən yeddi senti var idi; nə bir sent əskik, nə də bir sent artıq!.. Bunun da altmış senti pennidən ibarət xırda-xuruş idi. Bu penniləri bir-bir, baqqal, qəssab, meyvəsatanla çəkişə-çəkişə bazarlıq edərək və hər dəfə satıcıların onu xəsis və bu kimi adlarla adlandırmasından utanıb qıpqırmızı kəsilərək yığmışdı. Della pulları üç dəfə saydı. Bir dollar səksən yeddi sent, cəmi bu qədər! Hansıki sabahısı gün Milad idi.
Otaqdakı divanın üstünə sərilib hıçqıra-hıçqıra ağlamaqdan başqa çarə yox idi. O da bu cür etdi.
Dellanın evi, həftəsi səkkiz dollara tutulmuş kitayə bir ev idi! Təsvirə gələcək bir görünüşü olmayan bir miskin ev!
Aşağıda girişdə, içinə tək bir zərfin sığmayacağı bir məktub qutusu ilə ölümün belə əsla səsləndirməyəcəyi zəng vardı. Qapıda da "Mr. Ceyms Dillinqham Younq" yazılmış bir kart asılı idi.
Mr. Ceyms Dillinqham evə gəldiyi vaxt, sizə əvvəlcə “Della” deyə təqdim etdiyimiz arvadı ona "Cim" deyə müraciət edər, boynuna sarılaraq, onu bağrına basardı.
Göz yaşları dayandıqdan sonra Della əlinə bir pomozok götürərək üzünü pudraladı. Pəncərədə dayanaraq mənzilin arxasındakı qaranlıq həyətdəki boz rəngli bir barmaqlıq üzərində gedən boz pişiyi axmaqcasına seyr etdi. Sabah Milad idi. Cimə bir hədiyyə ala biləcək cəmi bir dollar səksən yeddi senti var idi. Bu pennileri aylardan bəri bir-bir yığmışdı. Halbuki indi heç bir işə yaramadıqlarını görürdü. Həftədə iyirmi dollara çox şey etməyə imkan yox idi. Xərc ümid etdiyindən çox çıxırdı. Onsuz da hər zaman belə olurdu! .. Sevgili Ciminə gözəl bir şey almaq barəsində xəyallar quraraq məsud anlar yaşamışdı. Gözəl, nadir, parlaq bir şey, Cimə aid olmaq şərəfi ilə az-çox mütənasib bir hədiyyə.
Pəncərədən uzaqlaşaraq aynanın qarşısına keçdi. Gözləri tərtəmiz yanırdı, amma iyirmi saniyə içində rəngi avazımışdı. Saçlarını açaraq çiyinlərinə tökdü.
Ceyms Dillinqham Younq ailəsinin fəxr etdiyi iki şey vardı; biri Cimin atasından qalma və əslində babasına aid olan qızıl saat, digəri isə Dellanın saçları... Mənzilin nəfəsliyinin qarşı tərəfində Saba məlaikəsi otursaydı, Della, kraliçanın ləl-cavahiratlarını qiymətdən salmaq qəsdi ilə, o gözəl saçlarını pəncərədən çölə sallayardı. Həzrəti Süleyman mənzilin qapıçısı olsa və bütün sərvətini, almazlarını, zirzəmidə saxlasaydı, Cim qocanı qısqandırıb həsədlə saqqalını qaşıtdırmaq üçün qarşısından hər keçəndə cibindəki saatı çıxarıb özünü saata baxırmış kimi göstərərdi.
Dellanın saçları qızılı rəngli bir şəlalə kimi parlayıb dalğalanaraq dizlərinə qədər töküldü və bir paltar kimi bədənini örtdü. Buna baxmayaraq Della, saçlarının uzun müddət belə qalmasına yol vermədi. Əsəbi halda dərhal yığdı. Bir an dayandı. Tərəddüd edər kimi oldu. Yerdəki qırmızı tükləri didilmiş xalıya bir iki damla göz yaşı axdı.
Della, gözlərinin yaşı qurumadan qəhvəyi pencəyini qapıb eyni rəngli şapkasını başına qoyan kimi, ətəklərini yığaraq qapıya tərəf atıldı. Pilləkənləri enib küçəyə çıxdı.
"Mm. Sofroniye. Hər cür saç ləvazimatı" elanı yazılmış tablo qarşısında dayandı. Bir göz qırpımında özünü yuxarıda gördü. İri gövdəli, süd kimi ağ bənizli, soyuq bir qadın olan Madam Sofroniyedən təngnəfəs:
- Saçlarımı alarsınızmı? - Deyə soruşdu. Madam:
- Alaram, amma şapkanı çıxar, bir baxaq, - qadın dedi. Della qızılı rəngli şəlaləyə bənzəyən saçlarını tökdü.
Madam, saçları peşəkar bir alıcı əli ilə yoxladıqdan sonra:
- İyirmi dollar,- dedi.
Della:
- Yaxşı, -dərhal razılaşdı. Ondan sonrakı iki saatı sevinclə çəhrayı bir bulud üstündə uçurmuş kimi necə keçirdiyini bilmədi. Cim üçün istədiyi hədiyyəni tapmaq arzusu ilə dükanların altını üstünə çevirdi. Nəhayət tapa bildi. Əsasən də Cim üçün hazırlanmış bir şey idi. Dükan - dükan gəzmiş, heç birində buna bənzər bir şey görməmişdi. Platin bir saat zənciri idi. Qiyməti, çox dəbdəbəli bəzəklərində deyil, naxışının sadəliyində və kübarlığında idi.
Bütün yaxşı şeylər belə olmalıdır. Zəncir Cimin o bənzərsiz saatına layiq dərəcədə gözəl idi. Della ilk baxışda qərarını verdi. Zəncir eynilə Cim kimi idi- görkəmsiz, lakin qiymətli. Ərini da, zənciri də eyni şəkildə təsvir etmək mümkün idi. İyirmi bir dollar verdi. Bu zənciri taxdıqdan sonra Cim artıq, saatına harada olsa baxa bilər, daha doğrusu baxmağa həvəslənərdi. Halbuki, o, bənzərsiz saata, qayışı olmadığından həmişə gizləyərək baxırdı.
Evə qayıtdıqdan sonra Dellanın sərxoşluğu bir az keçdi. Ağlı başına gələrək ehtiyatlı hərəkət etməyi düşündü. Saçlarının sancaqlarını çıxardaraq feni işə saldı. Və eşqlə comərdliyin vəhdətindən yaranan problemi aradan qaldırmağa çalışdı.
Əziz dostlar, dodaq büzüb keçməyin. Bu hər zaman böyük bir işdir. Müdhiş bir iş!
Qırx dəqiqə ərzində saçları məktəbdən qaçan bir uşaq saçı kimi qıvrım-qıvrım olmuşdu. Della aynada öz əksini uzun-uzadı diqqətlə seyr etdi. Öz-özünə:
- Cim məni bu cür görüb öldürməsə yaxşıdır. Aktrisalara bənzədəcək, amma nə edim. Bir dollar səksən yeddi sentlə nə ala bilərdim ki? - dedi.
Yeddinin yarısında qəhvə bişirilmişdi. Tava da sobanın arxasına yerləşdirilərək isidilmiş əti qızartmaq üçün hazırlanmışdı.
Cim, heç gec gəlməzdi. Della zənciri ovcuna alaraq qapının yanındakı masanın üstündə oturdu. Ərinin, pilləkəndə ayaq səslərini eşidincə dümağ oldu. Gündəlik, ən sadə şeyləri üçün dua etməyə adət etmişdi.
- Böyük Allahım! Yalvarıram sənə, nə olar, saçlarımı bəyəndir, - deyə dua etdi.
Cim qapını açdı və içəri girib arxasından bağladı. Yorğun və çox ciddi bir görkəmi vardı. Yazıq düz iyirmi iki yaşından, ailə yükü daşıyırdı. Yeni bir paltoya ehtiyacı vardı, əllərində əlcək yox idi.
Otağa iy almış bir ov iti kimi ətrafına etinasız baxınaraq girdi. Gözləri Dellaya dikilmişdi. Della bu dik baxışların mənasını anlamayaraq qorxdu. Bu nəzərlər nə heyrət, nə hiddət, nə dəhşət, nə bəyənməzlik, yəni gənc qadının hazırlandığı hisslərdən heç birini ifadə etmirdi.
Cim, üzündə o qəribə ifadə ilə baxışlarını arvadına dikərək, yalnız baxırdı.
Della masanın yanından ərinə yaxınlaşdı.
- Cim, əzizim, nə olar, elə baxma, - deyə yalvardı. Saçımı kəsib satdım. Miladı, sənə hədiyyə almadan keçirə bilməzdim, ölərdim. Eybi yox, yenə uzanar. Bağışlayırsan, deyilmi? Nə edim, başqa çarəm yox idi. Saçlarım tez uzanar. Unudaq bunu, Cim, əzizim. Miladın mübarək olsun, barışaq! Nə gözəl, nə xoş bir hədiyyə aldığımı təsəvvür edə bilməzsən, - dedi.
Cim başını yoracaq qədər düşünüb - daşındı, heç nə anlaya bilməmiş kimi yavaş-yavaş:
- Saçınımı kəsdin? - dedi.
Della:
- Kəsib satdım. Bu görkəmimi bəyənmədinmi? Əvvəlki qədər sevmədinmi? Saçsız da yenə eyni insan deyiləmmi? - deyə yalvardı.
Cim ətrafına çaşqınlıqla baxdı. Nəhayət axmaq bir vəziyyətə düşübmüş kimi:
- “Saçımı kəsdim” dedin? - soruşdu.
Della:
- Bəli, kəsib satdım, deyirəm, - dedi. Əzizim, bu axşam Miladdır! Məni üzrlü say, bağışla. Sənin uğrunda getdi, -deyib mehribanlıqla:
- Saçlarımın tellərini saymaq bəlkə mümkündür, amma sənə olan sevgimi ölçmək qeyri-mümkündür. Əzizim, əti ocağa qoyaqmı? - deyə soruşdu.
Cim, yuxudan oyanmış kimi oldu. Dellanı qollarına aldı, paltosunun cibindən bir paket çıxararaq masanın üstünə atdı.
- Dellam, aldanırsan. Saçını necə kəsirsən kəs, heç fərq etməz. Sənə olan sevgimi heç nə dəyişdirə bilməz. Paketi açsan birdən-birə niyə kefsizlədiyimi anlarsan, - dedi.
Della ağ barmaqları ilə kağızı cırdı, ipləri qopararaq paketi açdı. Açmasıyla fəryad etməsi bir oldu.
Gözlərindən yaşlar axmağa başladı. Paketdən Dellanın Broodvayda bir vitrində görüb uzun müddət arzuladığı daraq çıxmışdı. Tısbağa qabığından hazırlanmış almaz kənarlı o gözəl daraq indi qarşısındaydı. Rəngləri də saçlarına nə qədər uyğun idi. Bahalı olduğunu bildiyindən heç ümidə qapılmadan bəyənmişdi və meyl edərdi. Heç gözləmədiyi olmuşdu. Amma nə çarə ki, bu darağı bəzəyəcək saçlar kəsilmişdi.
Della nəhayət özünü ələ alaraq ərinin gətirdiyi hədiyyəni bağrına basdı. Gülümsəyərək ərinə baxdı.
- Əzizim, saçım çox tez uzanar, - deyib tükləri alovlanan bir pişik kimi yerindən atılaraq: - Ay, unutdum! - deyə qışqırdı.
Cim alınan gözəl hədiyyəni görməmişdi. Della ovcunu açaraq sevinclə ərinə uzatdı. Bu qiymətli zəncir gənc qadının ruhundakı atəşin əks ilə parlayar kimi oldu.
- Əzizim, gözəl deyilmi? Bütün şəhəri alt-üst etdikdən sonra tapa bildim. Saatını ver, baxaq necə yaraşacaq, -dedi.
Cim, Dellanın dediyini edəcəyi halda əllərini başının arxasına qoyaraq gülməyə başladı.
- Della sevgilim, Milad hədiyyələrimizi bir kənara qoyub bir müddət saxlayaq. Bugünkü halımıza uyğun deyil. Bir az çoxdur. Daraqları almaq üçün saatı satdım. Əti ocağa qoy, - dedi.
İsaya doğulduğu zaman hədiyyə gətirən atəşpərəstlər ağıllı insanlar idi. Miladda hədiyyə vermək adəti onlardan qalıb. Ağıllı olduqları üçün daim uyğun hədiyyələr gətirər və cüt olanları dəyişdirirdilər.
Bir-birləri üçün ən qiymətli şeylərini fəda edən iki ağılsız gəncin əhvalatını nəql etdim.
Ancaq bu günün ağıllı gənclərinə bunu xatırlatmaq istəyirəm… Bu iki gəncin bir-birinə verdikləri hədiyyədən daha uyğunu ola bilməzdi. Alıb verilən hədiyyələr arasında bunlarınkından daha uyğunu yoxdur. Günümüzün, həqiqətən qiymətli insanları elə bunlar kimiləridir.
Tərcümə edən: Zəka