Kulis.az şair Ayaz Arabaçının yeni şeirlərini təqdim edir...
Ürəyimi girov qoydum sevgidə,
Üzüdönük mələklərnən oynadım.
Mən nərdimi açıq-aşkar zər tutan,
İkiüzlü fələklərnən oynadım.
Bələsəm də arzuları sədəfə,
Ulaşmadım gözlədiyim hədəfə,
Düzdə qaldım düzlüyümdən hər dəfə,
Hiylələrnən, kələklərnən oynadım.
Bağladılar gözlərimi pınartək,
Bilmədilər qiymətimi dinartək,
Yol üstəki bir qocaman çinartək,
Yağışlarnan, küləklərnən oynadım.
İnanmırdım ayrılığın gücünə,
Deyirdim ki, özü nədi, öcü nə,
Yetişmədim durnaların köçünə,
Qopub düşən lələklərnən oynadım.
***
Bu şəhərdə min-min ağac varıydı,
Sən də bitib yar ağacı olmusan.
Gecə-gündüz əl çəkmirəm dibindən,
Şirin-şəkər bar ağacı olmusan.
Hər görəndə ağlım-huşum hallanır,
Dodaqların gündən-günə ballanır,
Söz deməmiş yanaqların allanır,
İsmət, abır, ar ağacı olmusan.
Harda olsan o yer dönüb Hac olur,
Alan olsa candan yaxşı bac olur,
Meyvəsində ilahidən tac olur,
Düz eləyib nar ağacı olmusan.
Söz tapmıram sinəmdəki qəhərdən,
Zəhləm gedir yaşadığım şəhərdən,
Ömrüm-günüm seçilmir ki, zəhərdən,
Niyə belə mar ağacı olmusan.
Oynamıram sən qoyduğun qaydada,
Deyirsən ki, soyuqluq var Ayda da,
Həsrətindən üşüyürəm yayda da,
Buz ağacı, qar ağacı olmusan.
Bəxt kimisən, göz oynadan "qaş süzən",
Əl işindi ürək adlı aşsüzən,
Gözlərimdən qan ağladan, yaş süzən,
Bir nainsaf car ağacı olmusan.
Ahım-naləm səsdən-ündən keçəmmir,
Hicran ölsün bircə gündən keçəmmir,
Adam baxıb ölümündən keçəmmir,
Off, nə gözəl dar ağacı olmusan..
***
Hər kəsi göylərə eşqi qaldırır,
Hər kəsi torpağa məhəbbət çəkir.
Sürüb gedənədək bu zalım ömrü,
Tale qabağına neçə şərt çəkir.
Bezib qaynamışam canımdan düzü,
Təsəlli gərəkməz olsa da yüzü,
Üzdə bir-birinə gülsə də üzü,
Hamı fikir yeyir, hamı dərd çəkir.
Yenə darıxanda çox şükür meyə,
Adamı bir anda döndərir neyə,
Ortada insanlıq qalmasın deyə,
Hamı divar hörür, hamı sədd çəkir.
Qaldı tülkülərə bəbir yerləri,
Tükəndi canımdan səbir yerləri,
Elə bahadı ki, qəbir yerləri,
Adam ölməyə də xəcalət çəkir.
***
Birtəhər dözürük xəyal qurub da,
Arzu tənəzzüldə, ümid qürubda,
Elə su aparır deyə durub da-
Xəmirnən bu qədər oynamaq olar...
Oğulun igidi-mərdi qızıldı,
Kimi dindirirəm dərdi qızıldı,
Elə fikrimizdə zərdi, qızıldı,
Dəmirnən bu qədər oynamaq olar.
Yedik şamü-səhər öz ətimizi,
Kökündən qurutduq heyrətimizi,
Təmirə vermişik qeyrətimizi,
Təmirnən bu qədər oynamaq olar.
Nədən bölük-bölük para-parayıq,
İçi xarabayıq, çölü sarayıq,
Vətənin yanında üzüqarayıq,
Kömürnən bu qədər oynamaq olar?..
Kəsdi boy atdıqca boyumuzu da,
Kəsdi kökümüzü-soyumuzu da,
Kəsdi havamızı, suyumuzu da,
Şümürnən bu qədər oynamaq olar...
Kim bilir nə yaşa çəkib hasarı,
Hər gün at üstədi dərdi-azarı,
Yoxdu sona kimi behi-bazarı,
Ömürnən bu qədər oynamaq olar
***
Yaxşı ki, mən səni çoxdan unutdum,
Adın nə qəlbimdə, nə yadımda var.
Sən subay öləcən demişdin, amma
İndi sevgilim də, arvadım da var.
Səsim zildən gəlir, bəm deyil daha,
Çəkdiyim siqardı qəm deyil daha,
Heç nəyim həyatda kəm deyil daha,
Üstəlik uçmağa qanadım da var.
Büdrəmir altımda mindiyim at da,
Görüblər kefimi sonuncu qatda,
Şir gücü yığılıb qoluma hətta,
Dağları yenməyə inadım da var.
Ən gözəl oyunçu, taledi, zərdi,
Pul olsa nə var ki, qovmağa dərdi,
Şəhərdə nə görsən bizimkilərdi,
Bir-iki şirkət də öz adımda var.
Bəlkə səndən ötrü dərddi, vərəmdi,
Dünya səndən ötrü nazlı hərəmdi,
Mənim bir oğlumun adı Kərəmdi,
Biri də məcnundu, Fərhadım da var.
Ay belə doğuldu, Gün belə batdı,
Söz gəlib axır ki, mətləbə çatdı,
Bunların hamısı bir zarafatdı,
Xəyal qırıqlığı hər addımda var.