İsaak Başevits-Zinger (1904-1991) – polyak əslli yəhudi yazıçısıdır. Harada yaşamasından asılı olmayaraq, ömrü boyu doğma dili idişdə yazıb-yaradıb. 1935-ci ildə ABŞ-a mühacirət edib, səkkiz il sonra vətəndaşlıq alıb.
1964-cü ildə ABŞ Milli İncəsənət və Mədəniyyət İnstitutunun ilk fəxri üzvü seçilib. 1978-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Oxucu rəğbəti qazanan nəsr əsərləri sırasına “Şoşa”, “Məşuqə”, “Qul”, “Muskat ailəsi”, “Qolem”, “Düşmənlər”, Qoraedəki iblis”, Lissabonda şənbə günü”, “Lyublinli suvaqçı”, “Qan”, “Kafkanın dostu” və sair daxildir. Əsərlərinin çoxu avtobioqrafik motivlərə əsaslanır.
Kulis.Az Azad Yaşarın tərcüməsində İsaak Zingerin “Qaçaqmalçı” hekayəsini təqdim edir.
Telefon zəng çaldı. Qaldırdığım dəstəkdə anlaşılmaz bir hənirti, sonra isə öskürək səsi eşitdim. Boğazını arıtlayan adam, nəhayət, sözə başladı:
- Bəlkə də artıq bunu unutmuş olarsınız, ancaq bir kərə Filadelfiyada görüşərkən məndə olan kitablarınızı imzalamağı vəd eləmişdiniz. Mənə öz adres və telefonunuzu da vermişdiniz onda. Ünvan dəyişməsə də, telefon nömrəniz həminki deyil. Katibəniz bu nömrəni mənə o şərtlə verdi ki, çənə döyməklə, çox vaxtınızı almayım.
Filadelfiyada görüşərkən nələrdən bəhs etdiyimi mənə sadaladığı zaman xatırladım ki, söhbət düz on il əvvəldən gedir.
Məndən soruşdu:
- Yoxsa siz hamıdan gizlənirsiniz? Əvvəllər nömrənizi telefon sorğu kitabından tapmaq mümkün idi. Əslində mən də ciddi biri olduğum üçün elə sizin kimi davranıram. Özüm də insanlardan qaçıram.
- Niyə ki? – deyə xəbər aldım.
- Bunu sizə anlatmam uzun çəkər, mən isə əvvəlcədən söz vermişəm ki, telefonda çox vaxtınızı almayım.
Elə həmin axşam üçün onu evimə dəvət elədim. Dekabr ayı idi və Nyu-Yorka qar yağmışdı. Yaradıcılığımın pərəstişkarı olan bu adamın ləhcəsindən təyin elədim ki, o, müharibədən sonra ABŞ-a köçən Polşa mühacirlərindəndir, çünki buralara daha öncə gələnlər, yeri düşdü-düşmədi, danışıqlarında ingilis kəlmələri işlədirlər.
Pəncərəyə yanaşdım. Küçə ağ örtüyə bürünmüşdü, səma isə bənövşəyi rəngdəydi. İsidicidə dövr edən suyun şırıltısı Kroxmal küçəsindəki mənzilimizin çini ilə üzlənmiş sobasını və atamın masası üstə yanan kerosin lampasını gətirdi xatirimə.
Qonaqlarımın bir qayda olaraq vədləşdiyimiz saatdan daha erkən qapımı döyməsinə artıq alışmışam mən. Düz yarım saat boyu qapı zənginin çalınacağını anbaan gözləsəm də, qonaqdan xəbər-ətər yox idi. Bekarçılıqdan səmaya göz gəzdirirdim ki, bəlkə gözümə bir ulduz sataşar, hərçənd yaxşı bilirdim ki, Nyu-York göylərində ulduz görməyin mümkünatı yoxdur.
Qəfildən mənzilimin giriş qapısı tərəfdə cırmaqlamaya bənzər bir səs eşitdim. Qapını açıb, pilləkən meydançasına nəzər salanda, qarşımda kitabla dolu əl arabası sürüyən qısaboy bir adam gördüm. Bayırdakı şaxtaya rəğmən, qonağımın əynində nimdaş bir plaş, yaxası açıq köynək, başında isə çox da qalın olmayan, toxunma papaq vardı. O, soruşdu:
- Qapınızın zəngi yoxdur ki?
- Zəng düyməsi, baxın, buradadır, - dedim.
- Hanı o? Mən zəif görürəm. Qocalıb getmişəm də. Hissə-hissə ölməyə məhkumam.
- Bu qədər kitabımı necə əldə eləmisiniz? Buyurub, içəri keçin.
- Yox, xalınızı çamura bulaşdırmağa qıymaram. Əl arabamı elə kandarda qoysam, yaxşıdır. Çətin ki onu kimsə çırpışdıra.
- Keçin, keçin! Qəti qorxusu yoxdur.
Əl arabasını mənzilə salmaqda qonağa yardım elədim və dedim:
- Düzü, özümün bu qədər məhsuldar olduğuma heç vaxt inanmazdım. Yəni doğrudanmı bunlar hamısı mənim kitablarımdır?
- Burada həm sizin, həm də barənizdə yazılan kitablar toplanıb. Həmçinin jurnallar, almanaxlar və əsərlərinizin tərcümələri.
Qonaq otağına keçərkən dedim:
- Qışın bu oğlan çağında niyə belə nazik geyinibsiniz? Üşümürsünüz ki?
- Üşümürəm? Əlbəttə ki, yox. Rəhmətlik atam həmişə deyərdi: “Heç kəs burnuna əlcək taxmır, çünki burunlar donmur. Kasıbın isə bütün bədəni elə burundan ibarətdir”.
Gülümsədiyi zaman onun dişlərinin töküldüyünün də fərqinə vardım. O, küçələrdə sərgərdan həyat sürən səfilləri xatırlatdı mənə. Buna baxmayaraq, arıq üzündən və baxışlarından bir nəciblik yağmaqdaydı.
Maraq mənə güc gəldi:
- Bəs bu kitabları harada saxlayırsınız belə? Mənzilinizdə?
O, başını yırğaladı:
- Mənim mənzilim yoxdur. Hər gün bir başqa evdə özünə yemək tapan o yeşivaçı oğlanlar kimi bir şeyəm. Gah bir tanışın evində gecələyirəm, gah digərinin. Həftənin iki gününü yeznəmgildə, mərhum bacımın evində keçirirəm. Bir dostum isə kiralıq bina sahibidir, ehtiyac duyanda, onun yanında qalıram. Əvvəllər Bruklində başımı soxacaq bir xanəm var idi, ancaq meriya onu yaşayış üçün yararsız sayıb, uçurtdu. Bir dəfə xəstəxanaya düşdüm. Orada yatdığım müddətdə, kitablar xaric, hər şeyimi oğurladılar. Bina sahibi olan dostum kitablarımı onun zirzəmisində saxlamama izn verir. Özüm isə almanların yəhudilərə ödədiyi təzminat hesabına dolanıram. Ailəmin və millətimin başına açılan o faciədən sonra mən özümə ev-eşik almağa zərrəcə maraq duymuram.
- Bəs müharibədən öncə nə ilə məşğul idiniz? – deyə soruşdum.
Bir anlığa fikrə gedən qonaq gülümsəyərək, dedi:
- Məqalələrinizdən birində məsləhət gördüyünüz fəaliyyətlə - qaçaqmalçılıqla məşğul idim, gizlənirdim, izimi hər vəchlə itirməyə çalışırdım. Hələ Polşada ikən yazdıqlarınızı maraqla izləyirdim. Bir yazınızda demişdiniz ki, insan öz təbiəti, xilqəti etibariylə düzxətli hərəkət edə bilməz, buna görə də bizi şər əməllərə və dəliliyə sürükləyən meyllər arasında daim manevr eləməyə məcburuq. Birinci Dünya Savaşı vaxtı mən uşaq idim. Yadıma gəlir ki, anamla bacım Qalitsiyadan qanunsuz yolla ət daşıyırdılar, sərhədin o biri üzündən isə tütün və yasaqlanmış digər mallar gətirirdilər. Əgər belə etməsəydilər, hamımız gəbərərdik.
Ələ keçdikləri vaxt onlara amansız divan tutmuşdular. Evdə məndən başqa daha dörd uşaq, xəstə nənəm və gecə-gündüz Mişnanı əzbərləyən, avazla Zəbur surələrini və Zotar kitabını oxuyan atam vardı. Başımıza açılan bütün bu müsibətlərin səbəbini bir dəfə atamdan soruşanda, o, bunu eynilə sizin kimi cavablandırmışdı: cəlayi-vətən olanlara rahat həyat haramdır, odur ki, onlar əlində hakimiyyət və silah olanlardan bacardıqca uzaq durmağa, gizlənməyə möhtacdırlar.
Atam deyirdi ki, hakimiyyətə yiyələnən insan özü də istəmədən qəddarlaşır. Əlində bıçaq tutan kəs onunla kimisə yortmaq istəyir, tapança sahibi kiməsə atəş açır, əli qələm tutanlar isə oğru və qatillərə geniş meydan verən qanunlar yazırlar. Böyüyüb, müdrik kitablar oxuyanda anladım ki, atamın yəhudilər barədə dediyi bu fikirlər eyni dərəcədə bütün bəşəriyyət, hətta heyvanlar aləmi üçün də keçərlidir. Canavarlar qoyunları, leopardlar isə antilopları yeyirlər. O vaxt bizim qəsəbədə yaşayan kommunistlər özlərini inandırmışdılar ki, yoldaş Lenin və yoldaş Stalin dünyada ədalətin təntənəsi uğrunda vuruşublar.
Ancaq hakimiyyətə gəldikləri zaman onların əvvəlkilərdən heç də yaxşı olmadıqları ortaya çıxıb. Bugünkü qurban sabah mütləq dönüb, zalıma çevrilir. Tarixdə bu, istisnasız belədir. Darvinin və Maltusun nəzəriyyələri ilə də tanışam. Qəti əminəm ki, həyatın özünə görə inkişaf qanunları var və atam vaxtilə nə dediyini çox yaxşı bilirmiş. Polşa müstəqilliyə qovuşandan sonra, düzdür, qaçaqmalçılığa ehtiyac qalmadı, ancaq “Güclü olan haqlıdır” şüarı yenə də qüvvədə qaldı. Heç bir peşəyə-sənətə yiyələnə bilmədim. Hətta hər hansı peşə, məsələn, dərzilik və çəkməçilik öyrənsəydim belə, gündə on saat oturub tikiş tikməyə və ya pinəçilik eləməyə mənim səbrim çatmazdı.
Evlənməyi, yeni zühur edəcək qatillər üçün dünyaya qurbanlıq insanlar gətirməyi də istəmədim. Kiçik qardaşlarımın ikisi kommunist partiyasına üzv oldular və bunun ucbatından Uzaq Şərqdəki Stalin düşərgələrinə göndərildilər. İsrailə gedən üçüncü qardaşım isə ərəblərlə atışmada öldü. Ata-anama və bacıma isə faşistlər qənim kəsildi. Buna görə də, mən, istər-istəməz, qaçaqmalçı oldum. Qaçaq malım isə mən özüməm, mənim, bax, bu bədənimdir. Qaçaqmalçılıq fəaliyyətində ən parlaq əməliyyatım – min doqquz yüz qırx doqquzuncu ildə ABŞ-a etdiyim mühacirətdir. Halbuki diri qalmam və okeanın bu tayına yerləşmək şansım sıfıra bərabər idi. Əgər mənim peşəmi-sənətimi soruşsaydınız, mən çəkinmədən yəhudi şairi olduğumu deyərdim. Bir insanın şair olub-olmadığını görəsən necə təyin eləmək olar? Hansısa redaktor öz jurnalında qalan boş guşəyə sizin şeirinizi yerləşdirirsə, siz olursunuz şair. Yox, bunu sizə çox görürsə, hamı sizi qrafoman sayır. Redaktorlarla heç vaxt ortaq dil tapa bilmədiyim üçün mən bu ikinci kateqoriyadanam.
Maraqlandım:
- Bir şey soruşum: mənim avtoqraflarım nəyinizə gərəkdir bəs?
- Bu, hər kəsə xas olan, sıçrayışa can atma arzusundan irəli gəlir. Əgər Qarındeşən Cek günü sabah məzardan durub gəlsəydi, hamı - ilk növbədə də qadınlar - ondan avtoqraf almaq üçün uzun-uzadı növbələrə durardılar. Öz eqom, nəfsim daim məndən nələrsə tələb etdiyi üçün mən ona qarşı fasiləsiz cihad elan eləmişəm. Məsələn, o, qarnımı tıxa-basa doyurmamı istəyəndə mən oruc tuturam! O, şan-şöhrətə can atanda mən kölgəyə çəkilməyə üstünlük verirəm. Hətta sırf cırnatmaq xatirinə onu “eqo” yox, “meqo” adlandırıram! Həmişə və hər şeydə onun ziddinə gedirəm. Əgər o, qəhvəaltıda yumşaq bulka istəyirsə, onu boyat çörəklə yemləyirəm. Meyli tünd qəhvə çəkirsə, yanğısını krandan axan ilıq su ilə yatırıram. O, məni sütül qızlarla əylənməyə səsləsə də, mən subaylığın daşını atmıram ki, atmıram. Gündə on kərə ona deyirəm ki: “Yaxamı rahat burax! Özünü sirdaş kimi göstərməyinə baxma, əslində sən mənim ən amansız düşmənimsən! Sənin bütün bu istəklərindən tək məqsədin – mənim axırıma çıxmaqdır!” Bu eqo-meqoya həddini bildirməkdən ötrü metroda yerə atılan köhnə qəzetlərdəki yazıları ona oxuyuram. Allaha şükürlər olsun ki, hələlik onunla mücadilədən qalib çıxmışam, ən azından onu məyus eləməyə gücüm, imkanım yetib.
Soruşdum:
- Siz Tanrıya inanırsınız ki?
- Hə. Alimlərin təxminlərinə görə, Kainat iyirmi milyard il öncə baş verən kosmik partlayış sonucu meydana gəlib. Hər həftə atomun yeni bir xassəsi, özəlliyi kəşf olunur. Onların irəli sürdükləri nəzəriyyələrə əsasən, bütün bunlar bir təsadüf, ehtimal xarakteri daşıyır. İndi əsas sitayiş hədəfi – təkamül prosesidir! Alimlərin təkamül məhsulu saydıqları möcüzələr dünyanın bütün iman sahiblərinin öz müqəddəslərinə aid elədikləri möcüzələrdən sayca daha çoxdur. Bu təkamül ilə onlar öz doyumsuz nəfslərinə haqq qazandırmağa çalışırlar. Yaradanı, onun niyyət və məqsədini heçə, yoxa sayan bu adamlar onlara mane olan hər kəsi soyuqqanlılıqla qırıb-çatmağa hazırdırlar.
Soruşdum:
- Siz Tanrını Səmavi qurd şəklində təsəvvür edirsiniz?
- Hə. Kosmik qurd şəklində. Hədd-hüdud tanımayan diktator kimi. Çünki bütün bu ac yalquzaqlar da, ürkək qoyunlar da, həyat uğrunda aparılan mübarizə də, xərçəng və infarkt xəstəlikləri də, dəlilik də onun əsəridir. Hitleri də, Stalini də, Xmelnitskini də, Petlyuranı da o xəlq edib. Deyilənlərə görə, O, hər gün Yer üzünə yeni mələklər göndərir. Onlar Yaradanın şəninə nəğmələr söyləyir, onun tərifini ərşi-əlaya qaldırırlar, sonra isə O, keçmiş bolşeviklər kimi, bu mələklərin də qətlinə fərman verir.
Qonaq sözünə ara verəndə mən özümün böyüklər və uşaqlar üçün dərc olunan kitablarımı, jurnalları imzalayıb bitirdim və xəbər aldım:
- Bütün bunları haradan əldə eləmisiniz?
- Pulla almışam, əsla oğurlamamışam. Qənaət elədiyim beş-on dollara həmişə kitab alıram. Sizin kitablarla yanaşı, daha çox elmi kitablara xərcləyirəm pulumu.
- Buna baxmayaraq, elmə də inanmırsınız.
- Mən kosmologiya və sosiologiyaya inanmıram.
Təklif elədim:
- İstəyirsinizsə, şeirlərinizi mənə verin. Onlarla tanışlığa içimdə dərin maraq oyandı.
Bir az çaşqınlığa qapılaraq, soruşdu:
- Niyə ki? Yox, buna dəyməz.
- Məncə, siz istedad sahibisiniz. Nə bilmək olar, bəlkə də siz dahi şairsiniz?
- Yox, yox, yox, buna əsla razı olmaram. Sadəcə olaraq hərə bir işin sahibi olmalı, bir şeylə baş qatmalıdır. Mən də sözə-şeirə könül vermişəm. Dediyiniz xoş sözlərə görə isə sağ olun. Bir də ki bizim zəmanədə poeziya kimə gərəkdir, axı? Artıq o, heç şairlərin özünə də lazım deyildir.
- Ancaq ona ehtiyacı olanlar hələ də var.
- Yoxdur.
Əlimi sıxan qonaq əl arabasının dəstəyindən yapışdı. Qapıya qədər ötürərkən şeirlərini oxumaq üçün mənə verməsini bir daha ona təklif elədim.
O, dedi:
- Çox sağ olun. Poeziya indi nəyə qadirdir, axı? Heç nəyə. Faşistlərin də arasında şair təbiətlilər az deyildi. Gündüzlər körpələri beşiklərindən alıb, sobada yandıran bu vəhşilər gecələr həzin şeirlər yazırmışlar. İnanın mənə, bunların biri digərinə hər hansı maneə, əngəl törətmir. Əsla törətmir. Gecəniz xeyrə qalsın.