Kulis.az görkəmli italyan yazıçısı İtalo Kalvinonun “Klassikləri niyə oxumalıyıq?” yazısını Qismətin tərcüməsində təqdim edir.
Bir tərif təklifi ilə başlayaq.
1. Klassiklər elə kitablardır ki, onlardan söz düşəndə həmişə “yenidən oxuyuram” deyilir, “indi oxuyuram” yox.
Bu, ən azından “çox kitab oxuduğu” qəbul edilənlər arasında belədir; bu qayda gənclər üçün keçərli deyil; yaşlarına görə onların dünya ilə, dünyanın bir parçası kimi klassiklərlə ilk qarşılaşmasıdır.
“Yenidən oxuyuram” (relire) feilinin qabağındakı “yenidən” sözü məşhur bir kitabı oxumadığını etiraf etməkdən üzü qızaranların xırda bir ikiüzlülüyü ola bilər. Onları sakitləşdirmək üçün xırda bir müşahidə kifayətdir: bir fərd özünü yetişdirmək üçün nə qədər çox oxuyur-oxusun yenə də həmişə oxuya bilmədiyi çoxlu təməl əsər qalır.
Herodotu, Fukididi başdan ayağa qədər oxuyanlar əl qaldırsın! Bəs Sen-Simonu necə?! Ya da Kardinal Retz! Belə də ki, XIX əsrin (“Bəşəri komediya” kimi) böyük silsilə romanları da daha çox ad kimi məşhurdur. Fransada Balzakı məktəbdə oxumağa başlayırlar; bazardakı nəşrlərin sayına baxıb ehtimal etmək olar ki, fransızlar məktəbdən sonra da Balzakı oxumağa davam edirlər. Amma İtaliyada sosial bir sorğu keçirilsə, təəssüf ki, Balzakın adı son sıralarda olacaq. İtaliyadakı dikkenssevərlər azsaylı təbəqədir; onlar bir yerə yığışanda, tanıdıqları insanlardan danışırmış kimi, tezcə bir-birlərinə Dikkensin qəhrəmanlarını, əsərlərindən səhnələri xatırladırlar. İllər öncə Mişel Byutor Amerikada dərs deyəndə heç oxumadığı Emil Zolya ilə bağlı suallardan bezib bütün “Ruqon Makkarlar” silsiləsini oxumaq qərarına gəlmişdi. Bu roman silsiləsinin düşündüyündən çox fərqli (çox gözəl bir yazısında təsvir etdiyi kimi, əsərdəki o fövqəladə mifoloji, kosmoloji soyağacı) olduğunu kəşf etmişdi.
Deməyim odur ki, böyük bir kitabı yetkinlik dövründə oxumaq fövqəladə zövqdür: Gəncliyimizdə oxuduğumuzdan çox fərqli zövqdür ( o zövqdən nə aşağıdır, nə də yuxarıdır, sadəcə fərqlidir). Gənclik hər şeydə olduğu kimi, oxumağa da xüsusi bir dad, xüsusi bir məna yükləyir; fəqət yetkinlik çağımızda daha çox detala heyran oluruq ( ya da olmalıyıq), fərqli qatları görür, başqa mənalar kəşf edirik. əlavə mənaların fərqinə varırıq.
Deməli, növbəti dəfə tərif verməyə cəhd edə bilərik:
2. Oxuyanlar və sevənlər üçün zənginlik olan kitablara klassiklər deyilir; ancaq bu zənginlik klassiklərdən zövq ala bilmək üçün onları daha yaxşı şəraitdə ilk dəfə oxuyanlar üçün də eyni dərəcədə zənginlikdir.
Gənclik mütaliələri səbrsizlik, diqqətsizlik, əlindəki materialdan istifadə baxımından, eləcə də həyat təcrübəsinin azlığından çox vaxt yararsız keçir. Ancaq bu mütaliələr həm də gələcəkdəki təcrübələrimiz üçün modellər, müqayisə elementləri, təsnifat sxemləri, dəyərlər şkalası, gözəllik paradiqması formalaşdırması baxımından yararlı da olurlar: sadalananların hamısı gənclikdə oxuduğumuz kitabdan yadımızda heç nə qalmasa da, funksional şeylərdir. Bir kitabı yetkinlik dövrümüzdə yenidən oxuyanda qaynağını unutduğumuz və artıq daxili mexanizmimizin bir hissəsinə çevrilmiş bütün dəyərlər sistemi onda təzədən tapırıq. Toxumunu qoyub özünü əsər kimi unutdurmaq: Bəli, ədəbi əsərlər bu cür spesifik gücə malikdir.
Demək, belə bir tərif vermək olar:
3. Klassiklər həm özlərini unudulmaz kimi qəbul etdirən, həm də fərdi, ya da kollektiv təhtəlşüurda mənimsənib yaddaşın labirintlərində gizlənərək məxsusi təsiri olan kitablardır.
Elə buna görə də yetkinlik yaşımızda gəncliyimizdə oxuduğumuz vacib kitabları yenidən kəşf etmək üçün vaxt ayırmalıyıq. Çünki kitablar dəyişməsələr də (əslində, fərqli tarixi perspektivin işığında onlar da dəyişir), biz dəyişirik və həmin kitablarda tapdıqlarımız təzə şeylər olacaq.
“Oxumaq”, ya da “yenidən oxumaq” feilindən istifadə etməyin artıq mənası yoxdur. Buna görə də belə deyə bilərik:
4. Klassik bir əsəri yenidən mütaliə etmək ilk mütaliə kimi kəşfdir.
5. Klassik bir əsəri ilk dəfə mütaliə etmək, əslində, yenidən oxumaqdır.
4-cü punkt aşağıdakı punktun təbii nəticəsi kimi qəbul oluna bilər:
6. Klassik kitab dedikləri heç vaxt tükənməyən kitabdır.
7. Klassik kitablar üst-başlarında bizdən əvvəlki mütaliələrin izlərini daşıyan və içindən keçdikləri mədəniyyət, ya da mədəniyyətlərdə (sadə dillə desək, dil, ya da ənənədə) buraxdıqları izləri öz dallarınca sürükləyərək bizə gəlib çatan kitablardır.
Bu təyin antik klassiklər üçün olduğu qədər modern klassiklər üçün də keçərlidir. “Odisseya”nı oxuyuramsa, Homerin mətnini oxuyuram, amma nə Odisseyin başına gələn macəraların əsrlər boyunca qazandığı mənaları unuda bilərəm, nə də özümə “bu mənalar mətnin içində vardımı, yoxsa bunlar əlavələr, təhriflər, yayılmalardır?” sualını vermədən dura bilirəm. Kafkanı oxuyanda dəqiqəbaşı, yeri gəldi-gəlmədi istifadə etdiyimiz “kafkaesk” sifətinin keçərliliyini qəbul, ya da rədd etməkdən uzaq qala bilmirəm. Turgenevin “Atalar və oğullar”ını, ya da Dostoyevskinin “Şeytanlar”ını oxuyanda, bu roman qəhrəmanlarının nə cür müxtəlif cildlərə girərək bu gün də qarşımıza çıxdıqlarını düşünürəm.
Klassik bir əsərin mütaliəsi qarşımıza onun imicindən başqa da bəzi sürprizlər çıxarmalıdır. Bir də mümkün qədər tənqidi biblioqrafiyaları, izahları, şərhləri bir yana qoyub, birbaşa orijinal mətni oxumalıyıq. Məktəb və universitet bir əsərdən bəhs edən kitabın sözü gedən əsərdən daha çox şey deməyəcəyini öyrətməlidir. Halbuki bunun əksinə inandırmaq üçün əllərindən gələni edirlər; bu halda dəyərlərin tərsinə çevrildiyini görürük: giriş bölümü, dəbdəbəli tənqid, biblioqrafiya mətnin dediyini gizlədən sis pərdəsi kimi istifadə edilir: mətn isə əsas deyəcəyi şeyi yalnız bunu özündən daha yaxşı bilən bir vasitə olmadan deyə bilər.
Bundan belə bir nəticə çıxarmaq olar:
8. Klassiklər fasiləsiz şəkildə tənqidi fikirlər buludu yaradan və daim bu buluddan xilas olan əsərlərdir.
Klassiklər bizə mütləq mənada yeni bir şey öyrətmir; bəzən bir klassikdə çoxdan bildiyimiz (ya da bildiyimizi zənn etdiyimiz) bir şey kəşf edərik. Bildiyimiz həmin şeyin ilk dəfə bu kitabda deyildiyinin (ya da xüsusi formada deyildiyinin) fərqində olmuruq. Bu sürpriz də əsərdə bir səbəbin, bir əlaqənin, bir bağlantının kəşfindən aldığımız zövqü var.
Bu qənatə söykənərək belə bir tərif yarada bilərik:
9. Klassiklər mütəliə zamanı hardansa bildiyimizi zənn etdiyimiz şeyləri təptəzə, gözlənilməz, heyrətamiz edən kitablardır.
Təbii ki, bu, klassik əsər müəyyən bir funksiyanı yerinə yetirəndə, yəni onu oxuyanla özəl bir münasibət quranda belə olur. Əgər bir qığılcım çıxmasa, əldən heç nə gəlməz: çünki klassiklər vəzifə hissiylə, ya da hörmət xatirinə yox, ancaq sevgiylə oxunur. Ən azından, məktəbdən kənarda belədir. Məktəbin rolu müəyyən sayda klassiki pis-yaxşı tanıtmaqdır. Sonra hamı bu klassiklərin arasından (ya da onlara baxaraq) öz klassikini seçir. Məktəb seçmək edə bilməyimiz üçün lazımlı materialı verməlidir; amma sözü gedən seçimlər məktəbdən sonra və məktəbdən kənarda baş ediləcək.
Günlərin bir günü bizim olacaq kitabla qarşılaşmaq ancaq təsadüfi mütaliələrdən sonra baş tuta bilər. Dərin kültür sahibi olan çox önəmli bir sənət tarixçisi tanıyıram. Bütün oxuduqlarının arasından həmişə Cənab Pikviki seçirdi. Belə ki, hər mövzuda Dikkensin kitabından parçalar oxuyur, həyatla bağlı hər hadisəni bu kitabın hissələriylə əlaqələndirirdi. Yavaş-yavaş bütöv şəkildə identifikasiya oldu və onun üçün kainat da, həqiqi fəlsəfə də Cənab Pikvikin cildinə büründü.
Bu məqamda klassiklərin çox iddialı bir tərifini verə bilərik:
10. Köhnə tilsimlər kimi, kainatla eyni mənaya gələn kitablara klassiklər deyilir.
Bu tərif bizi Mallarmenin xəyalını qurduğu kamil kitab fikrinə aparır.
Fəqət bir klassik eyni zamanda müxalifət, anti-tezis münasibətlərini də ortaya çıxarır. Russonun bütün etdikləri və düşündükləri mənim üçün çox önəmlidir, ancaq bununla yanaşı, dediklərinin əksini demək, tənqid etmək, onunla mübahisə etmək kimi qarşısı alınmaz bir istəyim də var. Bu təbii şəkildə xarakter müxtəlifliyi ilə açıqlana bilər; amma iş bununla bitsə, oxumazdım, qurtarıb gedərdi. Halbuki Russonu mənim yazıçılarım arasında saymasam olmaz. Buna görə belə deyəcəm:
11. “Sənin klassikin” laqeyd qala bilmədiyin və onun vasitəsilə, hətta ona qarşı çıxaraq özünü ifadə etdiyin kitabdır.
Köhnəlik, üslub və yetkinlik fərqi qoymadan “klassik” terminindən istifadə etməyimi belə izah edə bilərəm: mənə görə bir klassiki digərlərindən ayıran şey əks-səda effektindən ibarətdir ki, bu da köhnə bir kitab üçün olduğu qədər çağdaş əsərlər üçün də keçərli olan, fəqət indidən mədəni sürəklilik içində öz yeri olan effektdir. Belə demək olar:
12. Klassiklər digər klassiklərdən əvvəl gələn kitablardır, amma əvvəlcə digərlərini oxumağa başlayan, sonra da sözü gedən klassiki oxuyan bir kəs onu tezcə beynindəki soyağacına yerləşdirir.
Bu məqamda vacib bir problemə daha çox da gecikmədən toxunmalıyam: klassik kitablarla klassik olmayan digər bütün kitabları bir-birinə necə bağlaya bilərik? Problem birbaşa bu sualı doğurur: “Öz əsrimizi daha yaxşı anlamağa yarayan kitablara fokuslanmaq var ikən niyə klassikləri oxuyaq?” Bir də bu: “Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən klassikləri oxuyacaq qədər vaxtı və beyin rahatlığını hardan tapaq?”
Əlbəttə ki, gündəlik “mütaliə vaxtını” məxsusi şəkildə Lukretsiyə, Lukiana, Montenə, Erazma, Kyevedoya, Marloya, “Metod haqqında düşüncələr”ə, “Vilhelm Meyster”ə, Kolridcə, Raskinə, Prusta, Valeriyə ayıran, bir az da Murasaki, ya da İsland saqaları ilə vaxt keçirən xoşbəxt bir adam təsəvvür etmək olar. Bu adamın son nəşrlər haqqında resenziyalar yazamq, akademik işin bir hissəsi kimi kitab-yazı çap etdirmək, vədəsi dolmaq üzrə olan müqavilənin təzyiqi altında redaktorluq etmək kimi öhdəlikləri olmamalıdır. Bu xoşbəxt adam pəhrizini hər cür kənar təsirdən qorumaq üçün qəzet oxumaqdan uzaq durmaq, son çıxan romanın, ya da sosioloji araşdırmanın cazibəsinə özünü qapdırmamağa məcbur olacaq. Bu cür radikallıq doğru və yararlıdırmı?
Aktuallıq bayağı və təhqiramiz ola bilər, amma onun içində həmişə irəli, ya da geri baxmaq üçün qərar tuta biləcəyimiz bir nöqtə olur. Klassikləri oxumaq üçün onları “haradan” oxuduğumuzu müəyyənləşdirməliyik, əks təqdirdə həm oxucu, həm də kitab zamansızlıq buludunun içində yoxa çıxar. Deməli, klassiklər məqbul dozada aktual olanla növbələşənə oxunanda məhsuldarlıq yarana bilər. Və bu xırda doza üçün heç daxili tarazlığa və rahatlığa ehtiyac yoxdur; bu, əsəbiliyin, səbirsizliyin, doyumsuzluğun məhsulu da ola bilər.
Bəlkə də ən idealı bir tərəfdən aktuallığı pəncərədən içəri keçib bizi avtomobillərin gediş-gəlişindən, havanın dəyişməsindən xəbərdar edən bir küçə uğultusu kimi dərk etmək, bir yandan da otaqda bizə açıq və anlaşılan gələn klassiklər diskursu davam etdirməkdir. Amma klassiklərin varlığı çoxluq üçün aktuallığın və səsi axıra qədər açıq qalmış televizorun səsinə bürünmüş evin çölündən gələn uzaq bir əks-səda kimi dərk olunur deyə, bundan artığını gözləmək əbəsdir.
Onda əlavə edək:
13. Klassiklər aktuallığı arxa fonda bir uğultu səviyyəsinə endirməyə meyilli olan, ancaq bu uğultunu tamamilə ortadan qaldırmaq iddiası olmayan kitablardır.
14. Klassiklər ən ipə-sapa yatmaz aktuallığın belə suveren olduğu yerdə fonda bir uğultu kimi inadla mövcudluğunu davam etdirən kitablardır.
Burası da var ki, klassikləri oxumaq artıq asudə vaxta, humanist mədəniyyətə xas olan uzun müddətli “özünü inkişafa vaxt ayırmağa” (otium) imkan verməyən həyat ritmimizlə, öz vəziyyətimizə uyğun bir klassiklər siyahısı formalaşdırmağı bacarmayan mədəniyyətimizin eklektikası ilə ziddiyət içindədir.
Bu şərtlər Leopardi nümunəsində bütöv şəkildə reallaşırdı; çünki həyatını “ata ocağı”nda, atası Monaldodan miras qalan möhtəşəm kitabxanada Latın və Yunan klassiklərini oxuyaraq keçirirdi. Atasının kitabxanasına bütün italyan və fransız ədəbiyyatı əlavə olunmuş, amma romanlar və ümumi olaraq yeni nəşrlər bütövlükdə bir kənara – bacısı Paolinanın maraq dairəsinə buraxılmışdı. (“Sənin Stendalın” – deyə yazırdı bacısına) Leopardi elmə və tarixə olan hədsiz marağını doyurmaq üçün çox da “up to date” olmayan mətnlərə baş vururdu: quşların xüsusiyyətlərini Buffondan, Frederik Ruyşun mumiyalarını Fontenelledən, Kolumbun səyahətini Robertsondan oxuyurdu.
Bu gün artıq gənc Leopardinin aldığı kimi klassik təhsil mümkün deyil. Üstəlik, Qraf Monaldonun kitabxanası çoxdan dağılıb; klassik başlıqların izi-tozu da qalmayıb, buna baxmayaraq, yeni başlıqlar bütün ədəbiyyatlarda və çağdaş mədəniyyətlərdə çoxalaraq qatbaqat artıb. Artıq hamımızın öz klassik kitabxanamızı yaratmaqdan başqa çarəmiz qalmayıb; məncə, bu kitabxananın yarısı oxuduğumuz və bizim üçün vacib olan kitabları, yarısı da oxumağı düşündüyümüz və bizim üçün önəmli ola biləcəyini proqnozlaşdırdığımız kitablardan ibarət olmalıdır. Sürprizlər üçün, gözlənilməz kəşflər üçün boş bir hissə saxlamaq şərtiylə.
İtalyan ədəbiyyatından bircə Leopardinin adını çəkdiyimin fərqindəyəm. Kitabxanamın dolub-daşmasının nəticəsidir bu. Elə məqama gəldik ki, burda deyəsən yazını təzədən yazmalı, bir nöqtəni açıqca ifadə etməliyəm: klassiklər kim olduğumuzu və hara gəlib çıxdığımızı başa düşməyimizə yardımçı olurlar; buna görə də italyanlar ı xaricilərlə, xariciləri də italyanlarla müqayisə etmək, bizi də, onları vaz keçilməz edir.
Bunun ardınca yazını üçüncü dəfə təzədən yazmalıydım ki, klassikləri oxumağın nəyəsə “yararlı” olduğu fikri yaranmasın. Ən yaxşı arqument budur: klassikləri oxumaq onları heç oxumamaqdan daha yaxşıdır.
Kimsə çıxıb bu qədər zəhmətə dəyməz desə, ona Çiorandan sitat gətirərəm (Çioran klassik deyil, ən azından hələ olmayıb. İtalyada təzə nəşr olunana çağdaş bir filosofdur):
“Zəhər hazırlanarkən Sokrat fleyta çalmağı öyrənirmiş. Soruşublar ki, “bunun nə faydası var ?” Belə cavab verib: “Ölməmişdən qabaq bu nəğməni öyrənməyə.” /sim-sim.az/