Bu gün məşhur sovet və Rusiya şairi Yevgeni Yevtuşenkonun doğum günüdür. Xatırladaq ki, şair 85 yaşında vəfat edib. O, ömrünün son illərini Amerikada yaşayıb. Yevtuşenkonun Azərbaycan yazıçıları ilə də münasibətləri də olub.
Kulis.az Azərbaycan yazıçılarının Yevgeni Yevtuşenko haqqında xatirələrini təqdim edir.
Anar
- Mən Yevgeni Yevtuşenko ilə 1964-cü ildə Moskvada Mərkəzi Yazıçı Evinin restoranında Maqsud İbrahimbəyov və gürcü yazıçısı Tamaz Çiladze ilə naharımızda tanış oldum. Yadımdadır, bizə əvvəlcə Vasili Aksenov, sonra da Yevtuşenko qoşuldu. Həmin görüşü sonradan Aksenovun vəfatına həsr etdiyim essedə təsvir etmişəm. Burada isə həmin essedə toxunmadığım iki məqamı xatırlamaq istəyirəm. O gün Yevtuşenko hansısa ölkədəki sovet səfirliyində işləyən bir diplomatın arvadının ona vurulması haqqında danışırdı: “Təsəvvür edin, bu diplomatların arvadlarını yeddi qatına qədər yoxlayırlar, amma bu yenə də, sonrasını gözəl başa düşə-düşə məndən ötrü ərini tullayıb getməyə hazırmış”.
Rəsul Rzanın oğlu olduğumu eşidib atamla aramızda nəsillər ixtilafının olub-olmadığını soruşdu.
- Qətiyyən. – cavab verdim, – biz bütün məsələlərdə həmfikirik.
Bir neçə gün sonra atamla görüşəndə dedi: “Siz oğlunuzla tam həmrəysiniz, belə şeyə bu zəmanədə az-az rast gəlinir”.
Sonradan bir-iki dəfə Yazıçılar İttifaqı plenumlarında görüşmüşdük. Tiflisdə İlya Çavçavadzenin yubileyində məni Azərbaycan Yazıçılar İttifaqının sədri seçilməyim münasibətilə təbrik edib “rəhbərlik yükü ağırdırmı?” deyə sual vermişdi.
Qarabağ hadisələri başlayarkən Xuraman Abbasovanın qədim adətə görə başıalovlu kütlənin ayaqları altına yaylıq atdığını Moskva mətbuatında oxuduqdan sonra azərbaycanlı qadının bu müdrik və mərdanə hərəkətinə şeir həsr etmişdi.
Zəmanənin bütün mühüm hadisələrinə təəssübkeşliyilə Yevtuşenko xalis “altmışıncılar”dandı. Öz “altmışıncılığı” ilə fəxr edər və edir, bu şanlı nəslə nifrət edənlərə nifrət etdiyini deyirdi.
(Xatirə Anarın Yevtuşenko haqqında yazısından götürülüb)
Elçin
- Mənim Yevgeni Yevtuşenko ilə xüsusi bir münasibətim yox idi. 1970-ci illərin ortalarında məni Yevtuşenko ilə dostum, tənqidçi Yevgeni Sidorov tanış etmişdi. Sonralar elə Sidorovun evində, Mərkəzi Ədəbiyyatçılar Evinin məşhur restoranında bir-iki dəfə görüşmüşük. “Toyuğun diri qalmağı” (rusca “Kumqan”) povestim “Yunost” jurnalında çap olunanda (1980, ya 1981-ci il idi) mənə kiçik bir təbrik məktubu yazmışdı. Elə həmin 80-ci illərin ortalarında “Yunost” jurnalının baş redaktoru, şair Andrey Demyentyev məni bağında şam yeməyinə dəvət etmişdi. Yevtuşenko da orada idi və o şam yeməyi səhərə qədər davam etdi. Bundan sonra mən Yevtuşenko ilə rastlaşmağımı xatırlamıram. O, əlbəttə, XX-XXI əsr rus poeziyasının böyük nümayəndələrindən biri idi və şübhə etmirəm ki, rus ədəbiyyatı yaşadıqca Yevtuşenkonun da adı və yaradıcılığı yaşayacaq. Rusiya “60-cılarının” Voznesenski, Axmadullina, Rojdestvenski kimi məşhur simaları arasında da ən populyarı, o dövr üçün hətta əfsanəvi dərəcədə populyarı Yevtuşenko idi. Dediyim kimi, onunla bir yaxınlığımız yox idi, ancaq ölümü mənə çox pis təsir etdi və yəqin bir də ona görə ki, bu hissiyyatda əməlli-başlı bir nosalji də var.
Əkrəm Əylisli
- Mən Yevtuşenkonu Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa başladığım 1959-cu ildən tanıyıram. Yevtuşenko Ədəbiyyat İnstitutuna məndən bir neçə il əvvəl qəbul edilmişdi. Üçüncü, ya dördüncü kursda oxuyurdu. Bella Axmadulina ilə həmişə qoşa gəzirdi. Olduqca mehriban idilər. Səhv etmirəmsə, təzəlikcə evlənmişdilər. Elə həmin il hər ikisini institutdan qovdular. Niyə qovdular, dəqiq bilmirəm. Güman edirəm ki, qondarma bir bəhanə ilə siyasi görüşlərinə görə qovmuşdular.
Mənim Yevtuşenko ilə heç bir şəxsi münasibətim olmayıb. Yazıçı şəhərciyi Peredelkinoda hərdənbir təsadüfən rastlaşıb atüstü söhbətləşmişik.
Yevtuşenkonun Peredelkinoda bizim böyük yazıçımız Çingiz Hüseynovun bağ evinin lap qabaq-qənşərində gözəl villası vardı. İndi o villa kimə qaldı görəsən?
Şairliyinə gəldikdə, onu deyə bilərəm ki, cavanlığında mən Yevtuşenkonu şeirlərinin aludəsi idim. İndi bu aludəçilik çoxdan sovuşub. İndi, məsələn, çox cavan ikən ölən və lap az tanınan Nikolay Rubtsov mənim üçün daha yüksək, daha maraqlı şairdir. Sağlığında şöhrəti özündən böyük olanlar öləndən sonra tez unudulur.
Seyran Səxavət
- Mənim Yevgeni Yevtuşenko ilə bağlı çox maraqlı xatirəm var. “Qəşəng” adlı restoran vardı, orda mən, Aydın Məmmədov, Vaqif Bayatlı və Yevtuşenko oturmuşduq. Xalqdan, ədəbiyyatdan, ordan-burdan söhbət edirdik. Yevgeni rus xalqının sağlığına içdi, biz də sağlığa qoşulduq. Rus deyəndə mujikləri nəzərdə tutmurduq, Tolstoy, Dostoyevski kimi nəhəngləri ağlımızda tutmuşduq. Hə, sağlıq bitəndən sonra Yevtuşenko dedi ki, Seyrançik, bilirsən, niyə bu sağlığı dedim? Ona görə yox ki, mən rusam və bu dildə yazıram. Məni Xruşov cəzalandırmışdı. Sibirdəki bir rayona o boyda şairi redaktor göndərmişdi. Bu o vaxt çox ciddi cəza sayılırdı. Onda Yevtuşenko çox populyar idi. Cibindən bir məktub çıxardı. Dedi, bu məktubu özümlə gəzdirirəm.
Məktubda bir xanım ona yazmışdı ki, siz əsl russunuz və Rusiya boydasınız. Hələ xanım plyajda çəkdirdiyi fotonu da göndərmişdi məktubun içində. Yazırdı ki, əzizim, vecinə alma dünyanı, həmişəki mövqeyində qal. Lazım olsa, bədənimi pula satıb səni xilas edəcəm. Yevtuşenko dedi ki, bu, hələ Rusiyanın fahişəsidir. Belə yüzlərlə məktub aldığı olub.
Mən onun “Nəhənglər qəbiristanlığı” adlı şeirini 4-5 aya güclə tərcümə elədim. Çox dəhşət şeirdi. Orda təxminən deyir ki, özləri gəlib səni öldürürlər, sonra da üstünə əkili qoyurlar. Sovet və anti-sovet havası əsirdi şeirdə...
Bir xatirəm də var. Moskvada, Mərkəzi Yazıçılar Evində oturmuşduq. Mən özümlə iki azərbaycanlı aparmışdım. Onlar qarayanız idi, mən sarı. Yevtuşenko gəldi, bizə yaxın yerdə oturdu. Birdən çöndü dedi ki, privet Seyrançik. Sonra yanımdakılara baxıb sözünə davam elədi: “Ey çıqanı, vam toje privet...” Bu vaxt bir marşal gəldi ora. Keçdi o tərəfdə oturdu. Marşalın adyutantı Yevtuşenkonun yanına gəldi ki, bəs marşal onu masasına dəvət edir. Yevtuşenko dedi ki, mən onun yanına gedə bilmərəm, aramızda 6 metr məsafə var. 3 metr mən gəlim, 3 metr də o, neytral zonada görüşək. Elə də oldu, ikisi də 3 metr gedib dayandılar. Yevtuşenko hərbi salam verdi.
Çingiz Hüseynov
Uzun müddət Peredelkinoda qonşum olan Yevgeni Yevtuşenko haqqında xatirə kitabımda (2009, rusdilli kitabımı - "Минувшее - навстречу", "Qarşıma çıxan keçmişim"i deyirəm) xeyli yazmışdım. Əlavə məhz ona aid bir kitablıq da xatirə yaza bilərdim, amma nə vaxtım var (başqa, daha vacib mövzular məni cəlb edir), nə də həvəsim: gözəl misraları ilə yanaşı dövlətə-sistemə-yalançı vətənpərvərliyə bağlı, quruluşa xidmət edən yazıları da az deyildi. Demək olar ki, istedadını şan-şöhrətə satmışdı... Hər halda, Allah rəhmət eləsin!..