Kulis.Az Qafar Rüstəmin “Bir qarış torpaq” hekayəsini təqdim edir.
Hava nəmişlikdi. Xəzri tənha şam ağacını sağdan-soldan döyürdü. Yağış gizlənqaç oynayırmış kimi gah yağır, gah dayanırdı.
Cəmilə evdə təkdi. Öz-özünə danışmaqdan yorulmuşdu. Elə bil evdəki hər şey onun kimi yorğun və halsızdı. İş görməyə taqəti yox idi. O qədər də yaşlı sayılmazdı. Fəqət yorğundu, bədəni hey sızıldayırdı.
Hərbi xidmətdə olan oğlu onu zorla həkimə göndərə bilmişdi. Həkim: “Şikayətin nədəndir”, – deyə soruşanda eləcə susub qalmışdı. Nə desin, necə başa salsın? Harası ağrıyır, bilmirdi. Bir neçə dəfə analiz versə də, bir nəticə çıxmamışdı.
Külək taxta pəncərənin arasından vıyıltıyla içəri girirdi. Otağa daxil olan soyuq hava pəncərə önündəki dibçəyi və Cəmilənin sinəsini üşüdürdü.
Görəsən, qonşular necədir? Yeni evlərinə yerləşə bildilərmi? Bəs Ruqiyyəgil? Bəlkə də kəndə qayıtdılar. Yaxşı-pis evləri var. Bəs kəndə öyrəşə biləcəklərmi? Ömrün-günün bu vaxtı evdən-eşikdən didərgin düşmək asan deyil ki...
Külək ətrafda dağıdılıb xarabaya çevrilən evlərin toz-torpağını havaya sovururdu. Tozanaq qapı-pəncərənin aralarından içəri dolduğu üçün hər tərəf nazik toz təbəqəsiylə örtülmüşdü. Cəmilə gözləriylə xaraba evlərin tör-töküntüsü içində köhnə günləri axtarırdı. Viran qalmış evlər xatirələri dilləndirərək onun tənhalıq acısını daha da şiddətləndirirdi.
Əri neftçiydi. Elə ərinin qoxusu onun yaddaşında neft qoxusu kimi qalmışdı. Hər dəfə külək neft qoxuyanda Cəmilə bu qoxunu içinə çəkərdi. Buranı qoyub getmək bir az da buna görə çətin idi. Axı hər yerdə külək neft qoxumayacaqdı.
Min bir əzab-əziyyətlə tikə bilmişdilər bu evi. Ev hazır olana qədər elə yerlərdə yaşamışdılar ki, Cəmilə indi də o evləri xatırladıqca dəhşətə gəlirdi. Ancaq hər şeyə rəğmən nə o, nə də əri ümidini itirməmişdi. Bu evin hər daşı yüksəldikcə, hər şiferi yerinə qoyulduqca xoş günlərin bir az daha yaxınlaşdığını düşünüb sevinmişdilər. Evin bitib ərsəyə gəlməyi düz yeddi il çəkmişdi.
Bir ev insan üçün nə deməkdi?... İnsanı xoşbəxt edən divar, qapı, ya da pəncərə idimi? Yoxsa bir yerə aid olmaq hissimi? Çalxalanan şəhər həyatında qorxusuz, əmin bir yerdə yaşamaq... Onlar da belə hiss etmişdilər. Qorxuları silinib getmişdi. İkiotaqlı darısqal ev onlara gen dünya qədər fərahlıq verirdi.
Sevincləri uzun çəkmədi. Tale sanki onların evlərini tikib bitirmələrini gözləmişdi. Cəmilənin əri şiddətli fırtına vaxtı dənizdə boğulmuşdu. Cəsədi də tapılmamışdı. O gündən Cəmilə üşümüşdü, bədəni hər gün sızım-sızım sızıldamağa başlamışdı. Gözünün ağı-qarası bircə oğluyla bu evdə tək-tənha qalmışdılar.
Ətrafdakı qonşular da neftçi ailəsi idi; ölkənin fərqli yerlərindən gəlib burda məskunlaşmışdılar. Gücü-imkanı çatan tez bir yer hasarlayıb özünə ev tikməyə çalışırdı. Dəyib-dolaşan yox idi. Hamı bir yolla imzalı kağız alıb özlərini təminat atına almaq istəyirdi. Ancaq hamı bilirdi ki, o kağızların bir dəyəri yoxdur. Həmin kağız insanlardan pul qoparmaq üçün icra nümayəndəliyində işləyən Səfərovun kəşf etdiyi fırıldaqdan başqa bir şey deyildi. İnsan inanmaq istədikdə hər şeyə inanır. Bunu bacarmasa, gözlərini həqiqətlərə yumub rahatlaşmaq istəyir. Cəmiləgil də belə etmiş, saxta kağızı yastıqlarının altına qoyaraq rahat yatmaq istəmişdilər.
Yazıq Adilə, mənim kimi sən də gün görmədin. İndi kim bilir yetimlərinlə harda dilənirsən. Bəlkə də səni görənlər ağız-burnunu büzüb gendən gedir, səni müftəxor sanırlar. Kaş ki getməyəydin... Heç olmasa bir-birimizə hayan olardıq.
Bir gün məhəllədə şayiə yayıldı. Qara eynəkli, qara kostyumlu, qara qalstuklu adamlar məhəllə arasında gəzib nəsə müzakirə edirdilər. Deyilənlərə görə bütün evlər sökülməliydi. Hamı çaşıb qalmışdı: bəs onlar, bəs onların həyatı, bəs uşaqların gələcəyi? Məhkəmə belə qərar vermiş, qılıncını yetim-yesirin qollarına endirmişdi.
Hara gəldi şikayət etdilər. Məhəllədə əli çatan, ünü yetən hər kəs məhkəmənin qərarını dayandırmaq üçün çalışdı. Onların gözləmədiyi, əslində gözlənən nəticə oldu: qərar dəyişmədi. Evlər icazəsiz tikildiyi üçün ev sahiblərinə kompensasiya da ödənməyəcəkdi.
Cəmilə oğlunu cəbhəyə göndərəndən sonra ürəyi dağ-dağaya düşmüşdü. Elə bil nəsə pis xəbər eşidəcək, dünya başına yıxılacaqdı. Tənhalıq, qorxu, kimsəsizlik kabus kimi onu sıxıb taqətdən salırdı. Qonur gözlərini hey uzaqlara dikib baxır, baxır, baxırdı...
Qonşular torpağı alan şirkətin təzyiqinə dözə bilməmişdilər. Bəziləri elə bu başdan ağ bayraq qaldırıb bu məhəllədən çıxıb getmişdi. Digərləri isə atdıqları hər addımın əbəs bir iş olduğunu anlayıb bir-bir məhəlləni tərk etməyə başladılar.
Şirkət sahibi arxalı adamdı, tez bir zamanda tikintiyə başlamaq üçün cürbəcür yollarla sakinləri ordan uzaqlaşdırmaq istəyirdi. Gah işığı, qazı kəsdirir, gah ekskavatorları göndərib hər yeri toz-torpağa qərq edirdi. Şirkətin bitib-tükənməyən insafsızlığından zara gələn insanlar baş götürüb getmək məcburiyyətində qalırdılar.
Zavallı Tükəz, özünü yandırmağın bir şeyə yaramadı. Bunlarda vicdandan, insafdan əsər-əlamət olmadığını bilmirdinmi? Niyə elə etdin? Bax indi sənin evinin yerində yellər əsir. Qoy sənə zülm etsinlər, zalımın top-gülləsi varsa, məzlumun da göyləri yandıran ahı var. Elə bilirsən bu ac canavarlar bizim ətimizi didib yeyəndən sonra rahatmı yaşayacaqlar? Yox, bacı, yox, sənin ahın kabus olub onları hər iki dünyada boğacaq.
Cəmiləgilin evi məhəllənin kənar hissəsində yerləşirdi. Hələlik ona dəyib-dolaşmamışdılar. Çıxması üçün tez-tez xəbərdarlıq etsələr də, Cəmilə dirənmişdi. Oğlunun hərbi xidmətdən tərxis olub gəlməyini gözləyirdi. Təkbaşına əşyaları necə yığacaqdı, yığıb hara gedəcəkdi?
Oğluna evlərinin söküləcəyini deyə bilməmişdi. Desə nə faydası olacaqdı ki? Onun bu yaşda dərd tapmağına könlü razı deyildi. Oğlu onu çox sevirdi. Cəmilənin əri öləndən sonra ana-oğul bir-birlərinə çox bağlanmışdılar. Əl-ələ verib keşməkeşli günlərə birlikdə sinə gərmişdilər. Ancaq bu dəfə Cəmilə tək qalmışdı, ev yıxmağa gələn lotu-potuların önündə yaralı ceyran kimi çarəsiz və tənha idi.
Bir dəfə əri oğlunu boynuna götürüb Cəmilə ilə yanaşı parkda yeriyirdilər. Əri işləməkdən qabar bağlamış, mazutu heç cür təmizlənməyən əliylə Cəmilənin əlindən tutmuşdu. Oğlu mavi səmada dalğalanan bayrağı göstərib atasından: “Bu nədir?” – deyə soruşmuşdu.
– Oğlum, bu bizim ölkənin bayrağıdır?
– Ata, bayraq nə üçündür?
– Bayraq simvoldur, azad torpaqlarımızın havada dalğalanan rəmzidir. Bayraq dalğalandırmaq üçün öncə torpaq lazımdır; torpaq olmasa, bayraq da olmaz.
– Birdən torpağımız olmasa, bu bayrağımız necə olacaq, ata?
– Torpağı tapdanana, şərəfi çeynənənə bayraq da lazım deyil, oğlum. Torpaqsız bayraq sadəcə əsgi parçasıdır.
Cəmilə biixtiyar üşüyürdü. Elə bil otağın bir küncündə gizlənmiş bir cüt mənfur göz ona zillənmişdi. Elə bil onu evdən çıxarmaq üçün o gözlərdən nifrin tökülürdü.
Qapı taqqıltısı qulağından keçib elektrik cərəyanı kimi bütün bədənini gizildətdi. Əl-ayağını elə bil buz kəsmişdi. Yavaşca qapının arxasında dayanıb gələnin kim olduğunu öyrənmək istədi. Qapının o biri tərəfində iki nəfər didişirdi. Yüksək səslə danışan adam xırıltılı səsiylə o birinin üstünə çığırırdı:
– Bir ətək pul tökdük, nə istədiniz verdik, indi də gəlib mənə deyirsən ki, mən bacarmıram.
– Bacarmamaq deyil ee, kimsəsiz qadındı, qəzetə-zada çıxsa, hamımız biabır olarıq.
– Niyə biabır oluruq? Əlimizdə qanuni sənəd var. Qanuna əməl etməyən varsa, polis çağırıb atdıraq da bayıra, burada nə var ki?...
Qapı bu dəfə daha şiddətlə döyüldü. Cəmilə yerindən dik atıldı.
– Məsələ bundadır ki, əvvəllər bunlara kağız paylanıb. Bunlar üzə çıxsa, rüsvayçılıq olar. İndiyə qədər gizlətmişik, üzüb-üzüb quyruğuna gəlmişik, tələsib hər şeyi bərbad etməyək.
– Mənə bax, bu qadını bu evdən at getsin, yoxsa qəzetlərə elə mən özüm xəbər verərəm.
– Heç narahat olma, bu dəqiqə həll edəcəm.
Qapı daha da şiddətlə döyüldü. Cəmilə süst düşmüş əllərini uzadıb qapını açdı. Qapıda biri ucaboy, qarayanız, digəri qısaboy, tosqun iki kişi vardı. Qısaboy qara kostyum geyinmişdi, Cəmilə onun şirkətin adamı olduğunu anladı. Onun üzü qəzəbdən qıpqırmızı olmuşdu, sir-sifətindən zəhrimar yağırdı.
– Ay arvad, niyə çıxıb getmirsən bu evdən? İstəyirsən bu evi başına yıxaq?
Cəmilə elə bil bu mənfur gözləri tanıyırdı, evdə hiss etdiyi o gözlərdi. Bütün bədəni əsim-əsim əsirdi:
– Heç bir yerə çıxıb getməyəcəm. Bura mənim torpağımdır; heç bilirsən bu evi nə əzab-əziyyətlə tikmişik?
– Mənə bax, sənin burada bir qarış belə torpağın yoxdur, hamısı bizimdir. Bu evdən çıxıb getməsən, özüm bilirəm nə edəcəm. Sənə görə bütün şirkət dayanıb gözləyir.
Uzunboy adam əzilə-əzilə onu sakitləşdirməyə çalışdı:
– Xahiş edirəm, hirslənməyin, bu qadın pis insan deyil. Kimsəsiz adamdır. Mən özüm ona kömək edəcəm, sabah yüklərini daşıyıb evi boşaldacağıq. Lütfən siz maşına keçib sakitləşin, əsəbiləşməyin, mən də gəlirəm.
Qısaboy adam “buna bax, deyir torpaq mənimdir” deyə-deyə burnunun altında donquldanaraq oradan uzaqlaşdı. Uzunboy adam əlini ovuşduraraq gülümsünürdü:
– Xanım, bilirsən ki bu işin axırı yoxdur, hamı çıxıb gedib. Gəl bu daşı ətəyindən tök, inad etmə, günü sabah evdən çıx. Mən uşaqlara demişəm, sabah yük maşını gətizdirəcəm, nə yükün varsa, yığarıq içinə, hara desən apararıq. Nə olar, inad etmə.
Uzunboylu nəfəsini çəkib nəsə qorxulu bir şey deyirmiş kimi Cəmiləyə daha da yaxınlaşdı:
– Bunlar çox bədnam adamlardı, bacı, hır-zır qanmırlar, evi yıxarlar başına... Məndən deməkdir, özün bilərsən, di mən getdim.
Titrəyən ayaqları Cəmiləni daşıya bilmirdi. Qapının kənarında donub qaldı. Ürəyi yerindən qopurmuş kimi döyünürdü, alnında şiddətli ağrı qopmuşdu. Tənha küçədə, tənha evdə tək-tənha qalmışdı.
Cibindəki telefon zəng çaldı. Bilirdi, zəng edən oğluydu.
– Salam, ana, necəsən?
Cəmilə udqunub qurumuş boğazını islatdı. Gözləri qaralırdı.
– Yaxşıyam, oğlum, sən necəsən?
– Mən də yaxşıyam; əclaflar dünən yenə bizim tərəfə atəş açırdılar.
– Özündən muĞayat ol, oğlum.
– Sən narahat olma, ana, lazım gəlsə, vətənin bir qarış torpağı üçün canımı verərəm. Sən məni belə günlər üçün yetişdirmisən.
Cəmilənin göz yaşları elə bil kirpiklərindən asılmışdı, hönkürtü vuraraq ağlamağa başladı:
– Qurban vermək istədiyin canına mənim canım qurban olsun, bala. Sənin ala gözlərinə mənim canım qurban olsun, bala.
Oğlu da göz yaşlarını saxlaya bilmədi. Hər ikisi səs-səsə verib ağlayırdılar. Cəmilənin hönkürtüsü boğuq inilti kimi bomboş məhəlləyə yayılırdı.