Azərbaycan teatrı instutsional mədəniyyətin faktı olmamışdan, yəni dövlət təsisatına keçməmişdən əvvəl müxtəlif truppalar şəklində fəaliyyət göstərib. Bugünkü Akademik Milli Dram Teatrının təməli sayılan dəstələr içərisində daha səmərili yaradıcılıq yolu keçən “Nicat”, “Səfa” və “Müdiriyyət” truppaları olub. Akademik teatrın dövlət təsisatı alması da maraqlı yaradıcılıq prosesidir. Sənətşünaslıq doktoru, professor İlham Rəhimli bu barədə silsilə məqalələr yazıb. Həmin yazıları ardıcıllıqla oxuculara çatdıracayıq.
İlham Rəhimli
1-ci məqalə
«Nicat» teatr truppası
Bakıda teatr prosesi 1906-cı ildə müəyyən yeniliklərlə nəzəri cəlb edib. İlin əvvəlində şəhərdəki «Müsəlman dram artistləri» truppası əsasında «İkinci teatr dəstəsi» yaranıb. Dəstə müxtəlif mətbuat səhifələrində «Tovarişestvo», «Müsəlman artistləri tovarişestvosu», «Yeni müsəlman teatr dəstəsi» adları ilə də təqdim olunub. Dəstənin əsas aktyorları Murad Muradov, İbrahim Rüstəmbəyov, Mirzə Muxtar Məmmədov, Hüseynqulu Sarabski, Mehdi bəy Cuvarlinski, Əbülfət Vəli, Hacı bəy Axundov (Şirvanski) olublar.
Tanınmış aktyorlar Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski «Şirkətdə» (birinci dəstədə) qalmışdılar.
İlin ikinci yarısında Mirzağa Əliyev özü «Həmiyyət» (ərəbcə mənası «qeyrət», «şərəf hissi» deməkdir) adlı müstəqil teatr truppası yaradıb. Ziyalı Məmmədsadıq Axundov bu işdə ona yardımçı idi. Truppa bir ilə yaxın fəaliyyət göstərib.
Azərbaycanda maarifçiliyi genişləndirmək məqsədilə 1906-cı ildə Bakıda «Nicat» mədəni-maarif cəmiyyəti yaradılıb. Cəmiyyət kitabxanalar, məktəblər açıb, qiraətxanalar təşkil edib, gecə kursları yaradıb, müxtəlif mədəni-kütləvi müsamirələr keçirib və oradan toplanan vəsaiti, verilən ianələri əsasən yoxsul şagirdlərin tədrisinə xərcləyib.
Fəaliyyətə başlayanda cəmiyyətin atdığı uğurlu addımlardan biri də teatr truppası yaratmaq olub. «Nicat» teatr truppası 1906-cı ilin noyabrından (6 noyabr. Tağıyev teatrı. Nikolay Qoqolun «Müfəttiş» komediyasının tamaşası ilə) fəaliyyətə başlayaraq milli teatr sənətinin inkişafında və tərəqqisində, peşəkar aktyorluq sənətinin formalaşmasında böyük işlər görüb. «Nicat» 1917-ci ildə öz fəaliyyətinə son qoyub.
«Nəşri maarif» xeyriyyə cəmiyyəti Bakıdakı müxtəlif teatr dəstələrinə yaxından köməklik göstərib, 1908-ci ildən isə öz fəaliyyətini «Nicat»la birgə aparıb.
Qışa fasilələri nəzərə almasaq, «Nicat» truppasının əsas baş rejissoru Hüseyn Ərəblinski, daha səmərəli fəaliyyət göstərən sıravi rejissorları Əbülfət Vəli , Hüseynqulu Sarabski və son illərdə Abbasmirzə Şərifzadə olublar.
Truppa təzə fəaliyyətə başlayanda tamaşalara rejissorluğu aktyorlar və bir neçə dəfə rus teatrından dəvət olunmuş Saracan Valentinov edib. 1906-cı ildə «Nicat» «Döymə qapımı, döyərlər qapını» (Haşım bəy Vəzirov) və «Hacı Qənbər» (Nəcəf bəy Vəzirov) komediyalarını da oynayıb.
1906-cı il. «Nicat»ın bu il ərzindəki uğurlu işləri Mirzə Fətəli Axundzadənin «Hacı Qara» (rejissor Əbülfət Vəli. Hacı Qara – Cahangir Zeynalov, Heydər bəy – Məhəmməd bəy Əlvəndi, Naçalnik – Hüseyn Ərəblinski), Henrix Heynenin «Əl Mənsur» (rejissor Hüseyn Ərəblinski. Əl Mənsur – Məmməsadıq Axundov, Don Qanzalo – Hüseyn Ərəblinski), Fridrix Şillerin «Qaçaqlar» («Əşqiya». Rejissor Hüseyn Ərəblinski. Qoca Moor – Cahangir Zeynalov, Karl Moor – Mehdi bəy Hacınski, Frans Moor – Hüseyn Ərəblinski, Şveytser – Əbülfət Vəli və Hüseynqulu Sarabski), Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» (rejissor və Qacar rolunun ifaçısı Hüseyn Ərəblinski , Mürtəzaquulu xan – Əbülfət Vəli, Cəfərqulu xan – Hüseynqulu Sarabski və Qulamrza Şərifzadə), Namiq Kamalın «Vətən» («Vətən, yaxud Silistirə»), Nəriman Nərimanovun «Nadir şah Əfşar» (Nadir şah – Hüseyn Ərəblinski) əsərlərinin tamaşalarıi olub.
1908-ci il. Yanvar ayının 12-də ilk milli muğam operası olan Üzeyir bəy Hacıbəylinin «Leyli və Məcnun»nu «Nicat» truppası Hüseyni Ərəblinskinin rejissorluğunda Tağıyev teatrı binasında oynayıb (Məcnun – Hüseynqulu Sarabski, Leyli – Əbdürrəhman Fərəcov). Bu il truppa əvvəllər dəfələrlə oynadığı əsərlərin təkrar quruluşlarından əlavə, repertuarına yeni pyeslərin tamaşalarını da daxil edib. Bunlardan «Əmir Əbül Üla» və «Ibrahim bəy» (Hüseyn Bədrəddin və Məhəmməd Rüfət. Tərcümə edəni Qulamrza Şərifzadə), «Sultan Osman» (Fransua Volter. Çevirəni Əbdürrəhim bəy Haqverdiyev), «Dəmirçi Gavə» (Şəmsəddin Sami. Tərcüməçi Süleyman Sani Axundov), «Qəzavat» (S.Lanskoy. Tərcüməçi Əbdürrəhim bəy Haqverdiyev), «Bəxtsiz bala» (Namiq Kamal. Təbdil edəni Səkinə Axundzadə), «Zorən təbib» (Jan Batist Morlyer. Tərcüməçi Əhməd Qəmərli) tamaşalarını göstərmək olar.
Hüseyn Ərəblinski bir qrup sənət dostu ilə bu ilin mart və aprel aylarımda Tiflisdə qastrola gedib. Sentyabr ayında «Nicat» qüvvələrini səfərbər edərək həftədə bir tamaşa oynamağa qərar verib.
Bu ildən başlayaraq, təxminən on il ərzində repertuarda Mirzə Fətəli Axundzadənin «Hacı Qara», «Lənkəran xanının vəziri» və «Müsyö Cordan və dərviş Məstəli şah», Nəcəf bəy Vəzirovun «Hacı Qənbər», «Ev tərbiyəsinin bir şəkli» və «Müsibəti Fəxrəddin», Əbdürrəhim bəy Haqverdiyevin «Bəxtsiz cavan», «Ağa Məhəmməd şah Qacar», «Pəri cadu» və «Ac həriflər», Nərman Nərimanovun «Dilin bəlası» («Şamdan bəy»), «Nadir şah Əfşar» komediya və faciələri vaxtaşırı təzə quruluşlarda göstərilib.
Hüseyn Ərəblinski Xlestakov («Müfəttiş») rolunda uğurla çıxış edib.
1909-cu il. «Nicat»m idarə heyətinin rəhbərlərindən İsa bəy Aşurbəyli ilə aktyorlar arasında ixtilaf yarandığına görə, başda Ərəblinski olmaqla, aparıcı sənətkarlar bir müddət truppadan uzaqlaşıblar. Onlar qayıtdıqdan sonra truppanın repertuarında yeni canlanma yaranıb.
Hüseyn Ərəblinskinin rəhbərliyi ilə truppa Tiflisdə, İrəvanda, Batumda, Naxçıvanda qastrollarda olub.
Repertuarda son on ildə oynanılan əsərlərlə yanaşı, Çirikovun «Yəhudilər» (tərcüməçi Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Fətəli Axundzadənin «Mürafiə vəkilləri» («Təbriz vəkilləri» adı ilə), Viktor Dükanjın «Qumarbazın otuzillik həyatı» (tərcüməçi Vəli Qasımov), Məhəmməd Ehsanın «Cövdət bəy» (tərcüməçi Qulamrza Şərifzadə) dram və komediyaları da tamaşaçılara göstərilib. Sultanməcid Qənizadənin, Nəcəf bəy Vəzirovun təbdil və məzhəkəlri, Myasnitskinin «Mən ölmüşəm», Lentovskinin «Aktyorun həyatı», Vasaq Mədətov Nəzminin «Tamahkarlıq düşmən qazanır» vodevilləri vaxtaşırı oynanılıb.
Sentyabr ayında «Nicat»m artıq kiçik sayılan teatr bölməsi ləğv olunub və onun əsasında daha böyük dəstə yaranıb. Truppaya bu aktyorlar daxil ediliblər: Hüseyn Ərəblinski, Məhəmməd bəy Əlvəndi, Əbülfət Vəli, Hüseyqulu Sarabski, Əliabbas Rzayev (Avarski), Rüstəm Kazımov, Məmmədhaşım Əliyev, Mirmahmud Kazımovski, Hüseyn Ağayev, Mirzağa Əliyev, İmran Qasımov, Mehdi bəy Hacınski, Süleyman Səlimbəyov, Qulamrza Şərifzadə, Murad Muradov, Hacı İbrahim Qasımov, Xəlil Hüseynov, Murad Muradov, Məmmədbağır Əlinski, Məmmədhəsən Həsənov, Abbasmirzə Şərifzadə. Truppaya həmçinin azərbaycanca az-çox danışmağı bacaran Mislavskaya, Aleksandra (Şura) Olenskaya, Tamarina-Qruzinskaya, Doqmarova, Mislavskaya, Stepanova da aktrisa kimi qəbul olunublar.
1910-cu il. Azərbaycan operetta teatrının bünövrəsinin qoyulması da «Nicat» teatr truppası ilə bağlıdır. Bu il may ayının 24-də Üzeyir bəy Hacıbəylinin operetta janrında yazdığı ilk «Ər və arvad» musiqili komediyası oynanılıb. Nikitin qardaşlarının sirkində göstərilən tamaşaya quruluşu rejissor Hüseyn Ərəblinski verib və əsas rolları Mirzağa Əliyev (Kərbəlayı Qubad), Hüseynqulu Sarabski (Mərcan bəy) və Əhməd Ağdamski (Minnət xanım) ifa ediblər.
Repertuarda ilk dəfə göstərilən tamaşalardan İvan Turgenevin «Pulsuzluq» (tərcüməçi Ceyhun bəy Hacıbəyli), Nikolay Qoqolun «Evlənmə» (tərcüməçilər İsa bəy Aşurbəyli və Mehdi bəy Hacmski), Əbdürrəhim bəy Haqverdiyevin «Kimdir müqəssir?», Qulamrza Şərifzadənin «Molla Nəsrəddin», Ələsgər Kamalın «Bədbəxt oğul», Yusif Talıbzadənin «Xalid ibn Valid» («Suriyanm fəthi»), Uilyam Şekspirn «Otello» (tərcüməçi Haşım bəy Vəzirov, rejissor Hüseyn Ərəblinski. Otello – Hüseyn Ərəblinski, Yaqo – Məhəmməd Əlvəndi), Rudolf Batşalm «Qafqaz çiçəkləri» (tərcüməçi Abdulla Şaiq Talıbzadə), Yusif Talıbzadənin «Ərmənusə» («Fəthi Misir»), Əhməd Qəmərlinin təbdilində «Cavanların məişəti», Hüseynqulu Sarabskinin «Cəhalət» pyeslərinin quruluşları da oynanılıb.
Qurban bayramı münasibətilə yanvarın 30-da Azərbaycan teatr həyatında ilk dəfə olaraq aktyor və rejissor Kərbəlayı Cahangir Zeynalova yaradıcılığının 25 illiyi münasibətilə yubiley təntənəsi olub. Tağıyev teatrı binasında keçirilən bayram mərasiminin rəsmi hissəsindən sonra «Lənkəran xanının vəziri» komediyası göstərilib. Tamaşada əsas rolları Cahangir Zeynalov (Vəzir Mirzə Həbib) və rejissor Hüseyn Ərəblinski (Teymur ağa) oynayıblar.
1911-ci il. Ötən illərdə teatr tamaşaları iri binalardan əsasən Tağıyev teatrında, Nikitin qardaşlarının sirkində, Musa Nağıyev teatrında, Dənizçilər klubunda, «Obşestvennoye sobiraniye»də (“Cəmiyyət evi”. Ancaq heç bir afişada bu ad azərbaycanca yazılmayıb) göstərilib. Bu il fevralın 28-də Modem Musorqskinin «Boris Qodunov» operası ilə Mayılov teatrının (hazırki Olpera və Balet Teatrı) açılışı olub. «Nicat» kirayə ilə həmin binada da tamaşalar göstərəməyə başlayıb.
Truppa bu ildən etibarən Əbdülhəq Hamidin «Tariq ibn Ziyad, yaxud Əndəlis» (tərcüməçilər Dadaş Bünyadzadə və Pirqulu Mürsəlzadə), Rza Zaki Lətifbəyovun «Köhnə Türkiyə», Vahid Lütfinin «Naci bəy» («Naci bəy fədakari-hürriyyət». Tərcüməçi Dadaş Bünyadzadə) pyeslərini də oynamağa başlayıb.
Tədricən truppanın repertuarında musiqi janrlı tamaşaların göstərlməsi üstünlüyü ələ alıb. Mətbuatda buna narazılıq bildirilib və ayrı-ayrı qəzetlər müəyyən qərəzli mövqelərdən Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyli qardaşlarına qarşı qərəzli hücumlar ediblər.
Bakı şəhər polisi Azərbaycanda teatr sənətinin tərəqqisindən təşvişə düşüb. «Nicat»m göstərdiyi tamaşaların hamısında polisin nümayəndəsi birinci sırada əyləşib və səhnədən deyilən senzuradan kənar «siyasi» sözləri öz idarəsinə çatdırıb.
1912 – 1917-ci illər. Bu illərdə «Nicat»dan əlavə, bu dəstənin yaradıcı heyəti əsasında «Səfa» teatr truppası da yaradılıb. Tamaşalar paralel verilib. Tədricən gündüz tamaşalarının sayı da artırılıb. Truppaların qastrolları geniş vüsət alıb və çox möhtəşəm coğrafi ərazini əhatə edib.
Azərbaycan teatr tarixində ilk dəfə olaraq 1912-ci ilin noyabrında «Nicat»m aktyoru Mirzağa Ədliyev tamaşa zamanı səhnədən dövlət əleyhinə söz işlətdiyinə görə Hacıtərxan şəhərinə sürgün edilib.
Fəaliyyət göstərdiyi illər ərzində «Nicat» teatr truppasında gələcəyin qüdrətli sənətkarları Hüseynqulu Sarabski (aktyor, rejissor və opera solisti), Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə, Panfiliya Tanailidi (müəyyən fasilələrlə), Yeva (Yevgeynia) Olenskaya, Əhməd Qəmərli (dramaturq və aktyor), Hüseynağa Hacıbababəyov (opera solisti), Əbülhəsən Anaplı, Rza Darablı, Nataliya Lizina, Hacıağa Abbasov, Cəlil Bağdadbəyov, Hacıbaba Şərifov, Mir Paşa Sadıqov, Məmmədhənifə Tanrıqulov (Hənifə Terequlov. Aktyor və xorbaşı), Ələkbər Süheyli, Müslüm bəy Maqomayev (dirijor), Ələkbər Hüseynzadə, Xəlil Hüseynov, Ibrahim Atakişiyev (Azəri), Məmmədtağı Bağırov, Məhəmmədhəsən Atamalıbəyov, Səməd Mənsur (Kazımzıadə. Dramaturq, aktoyr və rejissor), Şeyda Xəlilbəyov, Yunis Nərimanov və onlarca başqaları yetişib formalaşıblar.
Fəaliyyətinin son altı ilində «Nicat» truppası əlliyə yaxın tamaşa hazırlayıb. Bunların böyük bir qismini truppa hər il təzə quruluşlarda göstərib. Yzeyir bəy Hacıbəylinin «Şah Abbas və Xurşid banu», «Əsli və Kərəm» operalarını, «Arşm mal alan» operettasını, Mehdi bəy Hacınskinin «Zülm və istibdadın axırı» («Sultan Əbdülhəmidin xəli»), «Yezid ibn Müaviyyə», Nəcəf bəy Vəzirovun «Keçmişdə qaçaqlar», Cəlil Məmmədquluzadənin «Ölülər» (rejissor Hüseynqulu Sarabski. İsgəndər – Mirzağa Əliyev, Şeyx Nəsrulla – Əliqulu Qəmküsar), Əbdürrəsul Şərifzadənin «Ənuşirəvani adil», Vano Mçedaşvilinin «Qaçaq Kərəm», Mirzə Məmməd Axundzadənin «Səd ibn Vəqqas», Hacı ibrahim Qasımovun «Qatili Kərimə» («Qızının qatili»), Yusif Talıbzadənin «Əmir Xalid ibn Valid» («Şamm fəthi və ərəblərin Roma ilə müharibəsi», Baxmetovun «Napaleon müharibəsi və yaxud Moskva yanğını» (tərcüməçi Hacı ibrahim Qasımov), Səməd Mənsurun «Köhnə və təzə il», Abdulla Şaiq Talıbzadənin «Bir saatlıq xəlifə», Səkinə Axundzadənin təbdil etdiyi «Zülmün səmərəsi» («Lakme». Rejissor Abbasmirzə Şərifzadə. Nilufər-Lakme – Gülsabah xanım, Said bəy – Hüseyn Ərəblinski, Səid bəy – Abbasmirzə Şərifzadə) əsərlərini ilk dəfə məhz «Nicat» teatr truppası tamaşaya hazırlayıb.
1916-cı ildə Tacıyev teatrında «Nicat» mədəni-maarif cəmiyyətinin, o cümlədən onun nəzdindəki teatr truppasının on illiyi yubiley kimi qeyd olunub.
«Nicat» teatr truppası ilk dəfə aktyorlara müxtəlif bölgülər üzrə maaş kəsib.
«Nicat» teatr truppası ilk dəfə özünün aksessuarını (rekvizit, butafor, dekorasiya, geyim və sairə) yaradıb.
«Nicat» teatr truppası sabit repertuar qurmaq istiqamətində ənənə yaradıb.
«Nicat» müqavilə ilə truppaya aktyorlar götürüb.
«Nicat» truppası dünya dramaturgiyasının incilərini tamaşaya hazırlamaq məqsədilə tərcümələr sifariş verib.
«Nicat» teatr truppası fəaliyyətinin sonuna qədər öz repertuarında məzhəkə, dram, komediya və faciələrlə yanaşı, operalara və operettalara da xüsusi yer ayırıb.
«Nicat» teatr truppası maarifpərvər Bakı milyonçularının, əsasən Murtuz Muxtarovun, Ağa Musa Nağıyevin köməklikləri ilə müxtəlif illərdə çoxlu müsamirələr keçirib. Yığılan vəsait «Nəşri maarif»ə. Ayrı-ayrı məktəblərə, şagirdlərin dərs vəsaitlərinə, bəzi aktyorların müalicə xərclərinə sərf olunub.