Konfet kimi dişlənmiş qadın...

Konfet kimi dişlənmiş qadın...
19 yanvar 2015
# 11:50

Kulis.az tanınmış şairə Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Oğlumun doğum gününə

(19 yanvar)

Günəşi anası gizlədib sanır

durub açır dolabı, siyirtmələri

işığı yandırıb günəş axtarır

taxtın altında

pərdə dalında

günəş niyə gizlənib

qoy çıxsın deyir

qoy gündüz olsun

qoy mən oynayım

ayağın döyüb yerə

Ana heyrətlə baxır

bilmir ki, niyə

uşaq günəşi ondan istəyir?!

Ana hər sabah öpüşlə

oyadır onu

sonra pəncərəyə yanaşır şəstlə

əlini atıb pərdəni çəkir

günəş qıdıqlayır

uşağın üzün

uşaq cavab qaytarır

qıyaraq gözün

Ana məhəbbətlə günəşi sunur

“günəş doğdu, sabah oldu, qalx, oyan, oğlum!”

Anaların hədiyyəsi balalara

hər doğan günəş...

hər zaman

sənə hədiyyəm pırıl-pırıl sabahlar olsun, oğlum...

Qabıqları soyulmuş qadınlar

Konfet qabındakı

konfetlərin dadında

bir elə fərq olmadığını

cığarasının da

dadının da

bir-birinə çox bənzədiyini

görə-görə

qabdakı bütün konfetləri bir-bir açıb

dişləyərək

atan uşaq kimidi kişilər

qadınların

donları

geyimləri

saçları

ətləri

sümükləri

gözləri

ürəkləri

bir-birinə bənzəsə də

bircə kərə dişlərinə vurub atarlar

fərqli dad çıxacaqmış kimi qarşılarına

soyulmuş, dişlənmiş konfetləri

bükə-bükə cığaralarına

deyinər dəcəl uşaqların anaları

artıq o konfetləri

qonaq qabağına çıxara bilməyəcəklərinə

toya, bayrama aparmayacaqlarına görə

qanları qaralır

Əynindən çıxarılıb

otaq boyu səpələnmiş paltarlarını

daha artıq hüznlə

çıxılmazlıqla

deyingənliklə

yığıb geyinər

bir tərəfləri xışmalanmış, dişlənmiş

qadınlar

konfetlərdən daha yaralı olarlar...

Avtobusda həyatla ölüm

Çox vaxt ölüm salır yadımıza həyatı

avtobus məscidin önündən keçərkən

pəncərədən gördüm ölümü

ağır-ağır cənazə endirirdilər

yaslı maşından

məscidin qapısında

qanım qaraldı...

Soyuq şüşəyə söykədiyim alnımı

bir qadının

“burda saxla sürücü, düşəcəm” sözlərindən sonra

pəncərədən ayırdım

qadın maşını saxla əmri vermir sanki

toyda çalğıçıya

sümüyümə düşən

oynaq bir hava çal deyirdi...

avtobusun şüşələrinə dəyib elə cingildədi səsi

cənazəni unudub hamı qadına baxdı...

ağsaçlı qadının sevincdən əl-ayağı əsirdi

avtobusdakı cavanlar

qadına köməyə tələsirdi

mavi rəngli uşaq vannasıydı düşürdükləri

qırmızı güllü vedrə

içində kenquru dedikləri kisə olan çantaydı

əlindəkilərdən biri

qadın yanbızlarını basa-basa gedirdi

o an gözümə bir uşaq dəydi sanki

atılıb-düşürdü qadının sağ-solunda

Nənə nəvəsini ilk dəfə çimizdirəcəkdi

bütün ayinləri doğru-dürüst yerinə yetirəcəkdi

nənə tələsirdi

Borc qaytarırsan?!

Nə vaxt ki, biri stəkana su süzdü

su aşıb daşdı

ya səbir kasası daşdı onun

kənardan belə dedilər:

“nə qədər doldurursan, borc qaytarırsan?!”

anasını yadına salır bu sözlər

bir də Qəməri

uşaq vaxtı aldıqları borclar nə idi ki?

bir kasa qatıqdı

üç-dörd yumurtaydı

ya bir ovuc acıtmaydı, vəssalam...

o da evdən uzaqdakı bazara getmək dərdindən

kimsə borc istəməzdi ehtiyacdan.

Anası bir kasa yerinə bir banka

üç yumurta yerinə beş yumurta qaytarardı qonşuya

adətdəndi...

artığı könüllü təşəkkür etməkdi

indi aldığı borcların ancaq artığını verə bilir

zorla

borc diri qalır

və borc artığı heç bitmək bilmir

borcları ödəmədən ölməməkdi tək dərdi

ürəyi susub kirimir

Banklarda uzun növbələrdə gözləyəndə

yadına uşaqlığında qalan utancaq oğlan düşür

sıxıla-sıxıla döyərdi Güllü xalagilin qapısını

Qəmər qabağına çıxmasın deyə

ürəyində dua edərdi

başqa qapıya getməyə anası izin verməzdi

Güllü xala da həmişə

onların qapısına gələrdi

“sarı toyuğum kürt düşüb

xoruzlu yumurtan yoxdu ki?

eltimgil şəhərdən gələndə kəsdim xoruzu” deyərdi

hərdən Qəməri göndərərdi

Sıxıla-sıxıla aldığı borcları

uça-uça qaytarmağa gedərdi

onda Qəmər qabağına çıxsın deyə

ürəyində dua edərdi

atası borcdan çıxsın deyə

Qəməri götürüb iranlı tacirə verdi

Qəmər o gedən getdi...

Boşanmış qadın

Uşaqlığında şiş əmələ gəlmiş

əlinə, üzünə, dizinə kişi əli dəymədiyindən

evi vardı, əri vardı, sevgisi vardı bir zamanlar

Xəstəliyi yayılmış mahala

onu bu məlala salan adamlardı

indi halına acıyanlar

Boşanmış qadın olduğundan yükü ağırdı

üstündə ikiqat göz vardı

kişilərdən yan qaçdı

boğdu arzularını

ürəyi şişdi dərddən

başı şişdi düşünməkdən

dili şişdi ağzında dərdini susmaqdan

nəhayət qadınlığı şişdi

sevgi arzulamaqdan...

Atasının

qardaşının

xəstəliyinin səbəbini öyrənməyi qədər

heç nə incitmədi onu

heç nə utandırmadı bu dünyada xəstəliyi kimi...

Ağrıyan şəkillər

“Düzəlt-poz” oyunundakı kimi

qurur-pozuram uşaqlıq şəkillərimi

kəsik-kəsikdi şəkillər

birində anamın qucağındayam

başımızın üstündə dayanan atamı kəsmiş anam

bir başqa şəkildə atam əlimdən tutub

anamın əlindən əlim qoparılmış zorla

əlimi axtarıram şəkillər arasında

anamın ovcunun içində qalmış bəlli

Anamın kəsik bir şəkli çıxır qarşıma

ovcunda mənim əlim

amma bilmirəm bu şəkildənmi bir hissə

ya ayrı şəkildənmi?

anamın əlinin içində

nə boyda, nə ölçüdədi

bilmək olmur o əlim?!

3 yaşındayammı, 5 yaşındayammı, bilmək olmur...

uşaqlığımı param-parça

darmadağın eləmişlər

o parçaları yan-yana gətirəndə də

ağrıyır o şəkillər kəsilmiş yerlərindən...

Sevgi

Qızlarına Sevgi adını vermişlər

amma sevməyi-sevilməyi ona qadağan etmişlər

sevdiyindən ayırıb başqasına vermişlər

“Sevgiylə qarın doymaz” – demişlər ona

Qonşumuzun qızıydı Sevgi

anası haylardı pəncərədən tez-tez

imkan verməzdi həyətdə ləngiməsinə

“Sevgi... Sevgi” deyə səsi götürərdi başına

həyətimizi

sevgiyə səslərdi anası sanki hər kəsi

Afrodita kimi

Sevgi gəlin köçəndən bəri

yalandan da olsa

kimsə sevgiyə səsləmir bizi...

Kasıblıqdan utanmaq

Sənin ətrin canıma o qədər hopurdu ki

gizlədə bilmirdim başqalarından

bahalı kişi ətriydi

evdə yoxuydu atamın

qardaşımın...

adını da bilmirdim o ətrin

soruşmağa utanırdım

bilməməkdən utanırdım

kasıblıq sözdə utanılacaq bir şey deyildi amma

həm də gizlədilməsi lazım olan bir şey idi

cırıq corab olan ayağını

digər ayağının arxasında gizləməli

köhnə, yamaqlı nəyin varsa evdə

künc-dalana dürtməliydin qonağın gələndə

qonşu xala sənə alma çıxarıb verəndə

əlini geri itələməliydin

üç mövsüm alma yeməsən belə...

alma yeyib gəlmişəm deməliydin...

kasıblığın özü deyil də

kasıblığı gizləyə bilməmək

kasıblıqdan utanmamaq ayıb sayılırdı...

Yolboyu qoxlaya-qoxlaya gəlsəm də evə

səni gizləmək üçün əlimi, üzümü yuyurdum dönə-dönə

cinayət işləyəndən sonra qatillər əllərini

gedib-gəlib yuduqları kimi

sonra sual eləyirdim özümə

sevmək suçmu, cinayətmi?

bir dəfə saçımı hörərkən anam

doladı saçlarımı əllərinə

“heç bilirsən kimin oğludu o?

dünyada səni almaz ” - dedi

hələ anası lovğalığından yerə-göyə sığmır dedi...

ətrin satmışdı bizi anama

hələ də mən elə bilirəm

sonra mən ana sözü dinlədim

yavaş-yavaş unutdum səni

amma ən gec ətrini unutdum

indi burnumla torpağı eşsəm

xatırlamaram

# 1665 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #