İsveçdə yaşayan soydaşımız: “Hekayələrimi krala verdilər”

İsveçdə yaşayan soydaşımız: “Hekayələrimi krala verdilər”
10 iyul 2013
# 07:45

- Artıq neçə ildir ki, İsveçdə yaşayırsınız, İsveç vətəndaşısınız. Bilmək istərdik ki, İsveç ədəbi mühiti ilə əlaqə qurmağa cəhd etmisinizmi, bu istiqamətdə hansısa təmaslarınız, əlaqələriniz olubmu?

- İsveç ədəbi mühiti ilə artıq əlaqələrim var. Yeni kitabların, yeni filmlərin, yeni teatr tamaşalarının təqdimatlarına dəvət olunuram. 2011-ci ildə İsveçdə hər il keçirilən Beynəlxalq Kitab Günü tədbirinə dəvət olunmuşdum. Yarım saatlıq çıxışım oldu, əsərlərimdən parçalar oxundu. Bu tədbirdə iştirakım İsveç mətbuatı tərəfindən geniş şəkildə işıqlandırıldı. Tədbirdə iştirak edən digər yazıçılarla müqayisədə mənim çıxışım daha çox marağa səbəb oldu.

Bu il yenə də Beynəlxalq Kitab gününün iştirakçısı oldum, iki saat yarımdan artıq görüşüm keçirildi. Əvvəlcədən İsveç ədəbiyyat ekspertləri mənim əsərlərimi seçib kral və kraliçaya təqdim etmişdi. Xüsusilə mənim yeni yaratdığım fəlsəfi-bədii miniatür janrını çox yüksək səviyyədə qəbul etdilər. Bu yeni janr Avropa esseçiliyi ilə şərq nəzminin sintezidir. Eyni zamanda əsərlərim iki dildə, İsveç və Azərbaycan dilində oxundu. Çünki tərcümə zamanı əsərin kaloriti otuz faizə qədər azalır. Azərbaycan dilinin musiqili dil olması onların diqqətini cəlb elədi və uğurlu bir görüş alındı. Tədbirin reklamı çox yüksək səviyyədə təşkil olunmuşdu və mətbuat bu işdə fəallıq göstərirdi.

Ədəbi mühitlə əlaqələrimiz var, mətbuatla işləyə bilirik. 2012-ci ildə Azərbaycan Mədəniyyət Gecəsi keçirildi. Bu proqramda Azərbaycanı mən və həyat yoldaşım Babək Azəri təmsil edirdik. İki saatlıq proqramda mənim əsərlərimə 20 dəqiqə yer ayrılmışdı.

- İsveçdə yazıçı-dövlət münasibətləri hansı səviyyədə qurulub? Bizdə Azərbaycan Yazıçılar Birliyi var, dövlət AYB-yə və onun ədəbi orqanlarına maddi dəstək verir, AYB üzvləri təqaüd alır. İsveçdə bu münasibət hansı formadadır?

- İsveçdə qonorar əsas rol oynayır. Əgər yazıçının əsəri nəşriyyat tərəfindən qəbul edilirsə, ona yüksək qonorar və kitab satışından müəyyən faiz verilir. Eyni zamanda kitab geniş reklam olunur. Bildiyiniz kimi, kitabın reklam olunması vacib məsələdir. Bu reklamı nəşriyyat və dövlət öz üzərinə götürür, kitab tanıtımları, konfranslar təşkil olunur. Eyni zamanda televiziyada ədəbi proqramlar kitabların təbliği ilə məşğul olur. Məsələn gündəlik və yarım saatlıq “Bir kitab, bir müəllif” proqramında müəlliflər və kitablar geniş izləyici kütləsinə təqdim olunur. İsveçdə dövlətin dotasiya ayırdığı yazıçılar birliyi yoxdur, ayrı-ayrı yazar birlikləri var. Bu qurumlara hər yazıçı şəxsi seçiminə görə təmsil olunur.

Malmö şəhərində xarici yazarların birləşdiyi bir qurum var və mən də ora dəvət almışam. Yəqin ki, geri döndükdən sonra müraciət edəcəyəm. O təşkilata üzv olmaq üçün, illik təxminən 50 manat üzvlük haqqı ödənilir. Təşkilat xarici yazıçılarla bağlı nəşriyyatlara məlumat verir, kitabların annotasiyasını təqdim edir. Bu qurum İsveçə yeni gəlmiş yazıçıların ədəbi mühitdə tanınması ilə bağlı böyük işlər görür.

- Azərbaycan ədəbiyyatı İsveçdə tanınırmı? Azərbaycan yazarlarından İsveç dilinə kimlər tərcümə olunub?

- İsveçə yeni getdiyim dönəmdə ədəbi mühitdə belə bir sorğu keçirirdim. Amma onlar zarafatla deyirdilər ki, biz Eluca Atalıdan başqasını tanımırıq. Bu o deməkdir ki, bizi sıfır səviyyəsində tanıyırlar. Məsələn, “Koroğlu” dastanı haqqında danışanda maraqla qarşılayırlar, oxumaq istəyirlər. Ancaq tərcümə olunmayıb. Azərbaycan ədəbiyyatının İsveçdə tanınması sıfır səviyyəsindədir və mən bunu böyük ürək ağrısı ilə deyirəm.

- Azərbaycan ədəbiyyatının İsveçdə tanınmamağının səbəbi nədir: Azərbaycan ədəbiyyatının təbliğ olunmamağı və ya dünya miqyaslı olmamağı?

- Çox maraqlı məsələyə toxundunuz. 2011-ci ildə Beynəlxalq Kitab Günü festivalında mənə İsveç dilində kitabımın çıxması ilə bağlı müraciət olunmuşdu. Eyni zamanda həmin vaxt nəşriyyatdan məktub yazdılar ki, Azərbaycan dili İsveçdə azlıqda olan dil hesab olunur. Tanınan dil olmadığı üçün bu dilin tərcüməçisini tapmaq çətindir. Amma kitabın tərcüməsi gündəmdədir. Sonra mənə müraciət etdilər və mən dedim ki, tərcüməçi taparam. Mən tapdığım tərcüməçi bədii tərcüməçi deyildi. İsveçdə vəziyyət başqadır. Məsələn, bizdə portuqal dilindən kitab tərcümə olunur, yazılır ki, portuqal dilindən tərcümə etdi: filankəs. Ancaq həmin şəxs portuqal dilini bilmir, ingilis və ya rus dilindən tərcümə edir. İsveçdə bu mümkün deyil. Onsuz da tərcümə prosesində bədii əsərin keyfiyyətin otuz faiz itir. İkinci dildən tərcümə zamanı daha otuz faiz itir və kalorit yoxa çıxır, oxucuya heç nə çatmır. Ona görə İsveçdə birinci dildən tərcüməyə üstünlük verilir.

Nəşriyyat mənim əsərimlə bağlı ədəbi tərcüməçi axtarışına çıxdı. Bir nəfər tapıldı. Amma sonradan məlum oldu ki, o da bədii tərcüməçi deyil. İsveçdə bədii tərcüməçinin diplomu, sertifikatı olmalıdır. Nəşriyyatlar buna çox diqqət edir. Nəşriyyatlar üçün tanınmamış müəllifləri çap etmək böyük riskdir. Bu yaxınlarda Azərbaycan-İsveç dilləri lüğəti hazırlanıb, internetə yerləşdiriləcək. Artıq Azərbaycan ədəbiyyatının tanıdılması üçün uğurlu addımlar atılır.

- Sizə indiyəcən təklif olubmu ki, Azərbaycan ədəbiyyatını İsveçdə təbliğ etmək üçün hansısa işlər görə, layihələr həyata keçirəsiniz?

- Belə bir fikrimiz var. Tərcümə işləri ilə məşğul olan bir nəşriyyat var. Hal-hazırda bu nəşriyyatın Orta Asiya layihəsi var. Orta Asiya layihəsinə daxil olan yazıçı Akvəli Saparmuratla bizim dostluğumuz var. Bu yazıçı İsveçdə çıxan, çox maraqlı “Kobra” romanın müəllifidir. Onunla birlikdə çalışmalarımızın sonucu olaraq nəşriyyatda Qafqaz layihəsi qəbul olunmaq üzrədir və bu layihə əsasında biz Azərbaycan ədəbiyyatının təbliği ilə məşğul ola biləcəyik. Nəşriyyatın direktoru ilə də bu barədə danışıqlarımız olub. Güman edirəm ki, biz bu layihənin gerçəkləşməsinə nail olacağıq. Ona görə “güman edirəm” deyirəm ki, mən İsveçə müəyyən yaşdan sonra getmişəm. Şəxsi işlər, ailə məsələləri xeyli vaxt alır. Nəhayət ki, ədəbi mühitə inteqrasiya olunmuşam. Sevindiricidir ki, məni xeyli yazıçının içindən seçərək kral və kraliçaya təqdim ediblər. İstərdim ki, gənc yazarlarımızın əsərlərindən ibarət bir antologiyanı İsveç mühitinə təqdim edək.

- Söz düşmüşkən, istərdik ki, İsveç kralı və kraliçası ilə görüşünüzdən danışaq. Bu görüş təklifi kimdən gəldi?

- Şəhərdə böyük afişalar açılmışdı. Demək olar ki, bu görüşə geniş hazırlıq gedirdi. Bütün mədəniyyət ocaqlarında, radio və televiziyalarda geniş təbliğat oldu. Sevgi və kimliklə bağlı poeziya görüşü idi. Çox geniş və maraqlı bir görüş oldu, xeyli qonaqlarımız vardı. Həmin tədbirdə mən portuqal dilinə tərcümə olunmaqla bağlı təklif aldım. Eyni zamanda müxtəlif nəşriyyatlar mənimlə maraqlandı. Çox ümidverici görüş idi.

- İsveç dilinə daha çox hansı müəlliflər tərcümə olunur? Məsələn, bizdə Markes, Koelyo populyardır.

- İsveçdə bütün dünya ədəbiyyatı tərcümə olunur. Ancaq ən çox oxunan əfqan əsilli Xalid Hüseynin “Çərpələng uçuran” və “Min möhtəşəm günəş” romanlarıdır. Bu romanlar dünyada milyon nüsxələrlə yayılır. Eyni zamanda biz dil kurslarında oxuyanda “Çərpələng uçuran” romanı testlərə düşüb.

Populyarlığına görə Latın Amerikasından olan müəlliflər də öndədir. Tamamilə fərqli mədəniyyət, fərqli dünyagörüşü olduğu üçün isveçlilərə Latın Amerikası və ədəbiyyatı maraqlıdır. Ümid edirəm ki, biz təqdim etməyi bacarsaq Azərbaycan ədəbiyyatı da seviləcək. Hazırkı prosesləri, cəmiyyəti şişirtmədən təqdim etmək çox maraqlı olar. Bizim bəzi müəlliflər roman yazarkən xırdalıqlara, uzunçuluğa meyl edir. Məncə bundan qaçmaq lazımdır.

- İsveç dilində ədəbi mətnlər yazırsınız?

- Kiçik həcmli məqalələr yazıram, ancaq çapa vermirəm. Məsələn, kursda ən çox sevdiyimiz yerlə bağlı yazı yazırdıq. Mən yazmışdım ki, ən sevdiyim yer, İsveç və Norveç arasındakı su yoludur. Bu yazım müəllimimin çox xoşuna gəlmişdi. Mən bu testi, poeziya kimi yazmışdım. Müəllimi də dedi ki, bu test cavabı yox, bədii ədəbiyyatdır. Test cavabımda mən sözün bütün çalarlarından bəhs etmişdim. Bu təsvirlər tamam fərqli bir poeziya idi. Bu şəkildə mən ilk əsərimi İsveç oxucularına çatdırdı. İsveç oxucuları üçün doqquz uşaq kitabı tərcümə etmişəm. Amma İsveç dilində yazmağa tam olaraq cəsarət etmirəm.

- İsveç oxucusundan, onun kitaba marağından danışaq. Orda kitab satışı, kitab mağazaları necədir?

- Mən artıq 7 ildir ki, İsveçdəyəm. İsveç mühitində də giley-güzar edirlər ki, kitaba maraq azalıb, kitaba maraq yoxdur. Amma bizim cəmiyyətlə müqayisədə İsveçdə kitaba maraq böyükdür. Onlar hər yerdə: metroda, qatarda, dəniz kənarında, avtobusda oxuyurlar.

- Qəzetə də maraq varmı?

- Əlbəttə, əsas qəzetlər demək olar ki, pulsuz paylanır. Bütün böyük mərkəzlərin qarşısında qoyulur və hər kəs oxuduqdan sonra geri qaytarır. Bizim yaşadığımız rayonun qəzeti var və evə pulsuz gəlir. Qəzet mədəniyyəti yüksək səviyyədədir.

- Bir Asif Ata övladı kimi, İsveçdə Asif Ata ideyalarını, şəxsiyyətini tanıtmaq üçün hansısa işlər görmüsünüzmü?

- Mən özümü təqdim edəndə, əqidəm haqqında da danışıram. Soruşanda ki, əqidən nədir? Cavab verirəm ki, Asifçilik. Sual verirlər ki, bu, islamdır, yoxsa xristianlıq? O zaman izah edirəm ki, bu ikisindən də fərqli bir yoldur. Bu insanın kamilləşdirilməsi üçün bir yoldur. Bu yolla başlayıram və sonra Asif Atanı tanıdıram. Bir il öncə kursda bizə “Mənim idealım” adlı mövzu verdilər. Mən 17 yaşında universitetə girdiyimi, axtarışa başlamağımı, intihar həddinə çatmağımı yazdım. Doğurdan da çox gərgin vəziyyətdə idim. Bu ərəfədə əlimə “Təzadlar” kitabı düşdü. Gecəni bu kitabla açdım. Amma kitabı tam dərk edə bilmədim. Amma başa düşdüm ki, məndən kənarda bir dünya var. Bu kitab mənə yol göstərdi və başa saldı ki, bu dünyanı kəşf etsən intihar etməyəcəksən. Sonradan kitabın müəllifi Asif Ata ilə görüşdüm və hərtərəfli söhbətlərimiz oldu. Mən bu barədə yazdım və geniş auditoriyada oxundu. Bütün auditoriya Asif Ata ilə maraqlandı və mən onun şəxsiyyəti haqqında danışdım. Eyni zamanda iş yerimdə, “Qızıl Xaç”da da Asif Atanı tanıyırlar. Məsələn, tərcüməçim İnqrid xanım onunla maraqlanır. Ona “Mənim idealım” yazısını verdim. Səhər isə məlum oldu ki, o özü Asif Ata haqqında internetdən maraqlanıb. Hazırda kitablarını tərcümə etmək barədə düşünürəm. İlk növbədə “Bədiiyyat” əsərini tərcümə etmək istəyirəm. Hazırda Asif Atanın tərcümeyi-halını ingilis və İsveç dilinə tərcümə etmişəm, maraqlananlara təqdim edirəm.

Ocağın toplantılarına və bayram tədbirlərimizə isə “Skype” vasitəsi ilə qoşuluram. Hər il Asif Atanın dünyasını dəyişdiyi ərəfədə vətənə gəlirəm və onun qəbrini ziyarət edirəm.

- Son kitablarınızdan; “Gecikmiş oyuncaq”dan və “Bir udum azadlıq”dan danışaq...

- Mən hər il məzuniyyətimi götürüb, vətənə gəlirəm. Başqa ölkələrə getmək imkanım olsa da, mənim üçün ən gözəl istirahət vətəndədir. Soruşanlara deyirəm ki, “batareykam” qurtarıb, enerji yığmağa gedirəm. Asif Ata deyir ki, mən Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxudum və mənə məlum oldu ki, vətən dünyadan genişdir. Bu səbəbdən də insan dünyaya sığmır, vətənə sığır. Mən vətəndən çıxdım, vətən mənim içimdən çıxmadı. Kitabımda bir hekayəm vətənlə bağlıdır, “İlbizin vətəni” adlanır. İlbiz qabığını, vətənini özüylə daşıyır. Biz də hara getsək deyirlər ki, Azərbaycandan gəlib. Deməli vətəni özümüzlə daşıyırıq. Məni bütün görüşlərdə “Azərbaycanlı yazar Eluca Atalı” deyə təqdim edirlər. Deməli mən vətənimi, milli kimliyimi təmsil edirəm.

Birinci kitab “Gecikmiş oyuncaq” uşaqlar üçün yazılıb, uşaq psixologiyası ilə bağlıdır. Adını isə, eyni adlı povestdən götürmüşəm. Bu avtobioqrafik əsərdir. 6 yaşımdan, 46 yaşımadək oyuncaq arzusunun məni necə izləməsindən yazmışam. Yad ruhların Azərbaycana gəlməsi ilə bağlı “Kentavr”, 20 yanvar və Xocalı faciəsi ilə bağlı “Heykəllər niyə danışmır” və digər mövzularda hekayələrim birinci kitabda toplanıb.

İkinci kitab “Bir udum azadlıq” da bir hekayəmin adı ilə adlandırılıb. Kitabın üz qabığındakı şəkil, 2012-ci ildə Güney Azərbaycanın Qaradağ əyalətindəki zəlzələ zamanı baş verən hadisə haqqında rəsm əsəridir. Zəlzələ zamanı çox böyük vəhşilik oldu. Zəlzələdən 24 saat keçməmiş, xilasetmə əməliyyatları dayandırıldı və İran “Qırmızı xaç”ı da bu hadisəyə göz yumdu. Xarabalıqlar altında yaralı insanlar bağıra-bağıra qaldı. Xilas edilən insanlara qan köçürülmədi, sistem köçürülmədi ki, orucluqdur. Kitabın üz qabığı həmin hadisəni simvolizə edir. Biz bu hadisəni dünyaya lazımınca tanıda bilmədik.

Azadlıq, ilk öncə beynin məhsuludur. Bu kitabın bütün məğzi insanın fərdi özünüidarəsi ilə bağlıdır. Kitab bu sözlərlə yekunlaşır: “Əgər azadlıq qorxu ilə öldürülsəydi, köləlik həyatda qalib gələrdi”. İnsan köləlik duyğusunu içində öldürməlidir. Bu kitabda böyük bir hissə Təbrizin ruhani xəritəsinə həsr olunub. Kitabda Güney məsələsi, qadın və insan azadlığı ətraflı işlənib.

- Müasir Azərbaycan ədəbiyyatını izləyə bilirsinizmi?

- İşlərimlə bağlı Azərbaycan ədəbiyyatını tam olaraq izləyə bilmirəm. Amma pərakəndə şəkildə izləyirəm.

- İnternetə qoşulanda ilk olaraq kimin yazdıqlarını oxumağa can atırsınız?

- Zümrüd Yağmuru hökmən oxuyuram. Kulis.az-a baxıram. Burda məni cəlb edən imzalar çoxdur. Aliyə xanımın yazıları yaxşıdır. Tural bəyin yazılarına baxıram. Aysel Əlizadənin yazılarına baxıram və xoşuma gəlir. Arzu Abdullanın təhlilləri xoşuma gəlir. Ümumiyyətlə Azərbaycanın yeni gəncliyi birsifətlidir və yalmanmır. Özlərini ortalığa qoymağı bacarırlar və gizlətmirlər. İnsan özünü o zaman gizlədir ki, kimdənsə nə isə gözləyir. Gənclərdə təmənnasızlıq var. Çox yaxşı olardı ki, gənclərin iqtisadi azadlığı olsun.

- Siz uşaq psixologiyası ilə maraqlanırsınız, uşaqlar üçün yazırsınız. Sovet dövründə uşaq şeirləri yazılırdı, mahnılar bəstələnir, cizgi filmləri çəkilirdi. İndiki durumu necə dəyərləndirirsiniz? İndi uşaqlar üçün yazılan ədəbiyyatı, bəstələnən mahnıları, çəkilən cizgi filmlərini normal hesab etmək olarmı?

- Heç nəyi mənfi birə vurmaq istəmirəm. Məncə cəhdlər var. Bu cəhdlər zamanı dünya təcrübəsindən yararlanmaq lazımdır. İsveçdə uşaq proqramı var və mən bu proqrama getdiyim gündən baxmışam. Müəllimimiz də baxmağı tövsiyə edirdi. Mətləbləri bir neçə dəqiqədə uşaqlara başa salırlar. Aparıcılar bizdəki kimi maskalanmır. Bizdə efirə çıxan uşaqlara baxanda hiss olunur ki, imkanlı insanların uşağıdır. Orda isə uşaqları bağçalara gedib danışdırırlar. Hər şey təbii alınır... Biz uzun illərdir ki, “Keçi”ni, “Xoruz”u, “Uşaq və buz”u, “Cırtdan”ı öyrənirik. “Cırtdan” nağılında bir təmənna var. Bu gün rüşvətin kökü, “Cırtdan”dan gəlir. “Nənəm sənə yağyaxmacı verib, odunumu yığ”. Bunun təsiri ilə rüşvətxorlar yetişib. “Cırtdan” bizdə liliputlar yetişdirib. Bizə isə Qulliverlər lazımdır. Bunu hansı əsərlərin təsiri ilə etməliyik? Bunu düşünmək lazımdır. Buz üstündə yıxılan uşaq, Cırtdanın bir formasıdır. Biz buz üstündə möhkəm dayanan uşaqlar yetişdirməliyik. İnsan mürəkkəb varlıqdır. Ədəbiyyatın məqsədi mürəkkəbi sadələşdirməkdir. Bədii həll insanlar arasında yayıla bilər. Ədəbiyyat, kino, teatr, kitablar vasitədir. Bizə bu vasitələr lazımdır.

# 2647 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #