Etibarsız təhkiyəçi: Kazuo İşiquro - ESSE

Etibarsız təhkiyəçi: Kazuo İşiquro - <span style="color:red;">ESSE
4 yanvar 2018
# 21:00

Kulis.az sim-sim.aza istinadən tanınmış tənqidçi Deyvid Ladcın 2017-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun "Həmin gündən qalanlar" romanıyla bağlı yazdığı "Etibarsız təhkiyəçi" adlı essesini təqdim edir. Qeyd edək ki, 1989-cu ildə "Buker" mükafatına layiq görülən "Həmin gündən qalanlar" romanını dilimizə Sadaq Budaqlı tərcümə edib.

“Məktub Xanım Consondan, xalamın bir rəfiqəsindən gəlir. Xalam dünən vəfat edib.” Bir az susdu, sonra davam etdi: “Sabah yerdən götürəcəklər. Sabaha icazə ala bilərəm?”

“Əlbəttə, bunu təşkil edə bilərəm Xanım Kenton.”

“Sağ olun Cənab Stivens. Bağışlayın məni, bir az tək qalsam pis olmaz.”

“Əlbəttə, Xanım Kenton.”

Otaqdan çıxdım. Baş sağlığı vermədiyim onda ağlıma gəldi. Xalası onun üçün hər cəhətdən ana kimiydi, ölüm xəbərinin ona necə ağır zərbə olduğunu yaxşı başa düşürəm; dəhlizdə ayaq saxladım, fikirləşdim, qayıdıb qapını döyməli, səhvini düzəltməliyəm. Amma sonra ağlıma gəldi ki, belə etsəm, onun yasına hörmətsizlik edəcəm. Həqiqətən də Xanım Kentonun həmin anda məndən bir neçə metr aralıda ağlaması mümkün idi. Bu düşüncə içimdə qəribə bir hissin yaranmasına səbəb oldu, donub qaldım, sanki bir neçə dəqiqə boşluqda səntirlədim. Amma axırda qərar verdim ki, üzüntümü dilə gətimək üçün başqa bir fürsəti gözləmək ən yaxşısıdır, yoluma davam etdim.

Kazuo İşiquro, “Həmin gündən qalanlar” (1989)

Etibarsız təhkiyəçilər nəql etdikləri hekayələrin bir hissəsi olan, uydurulmuş personajlardır. Etibarsız “hər şeyi bilən” təhkiyəçi, az qala, paradoksdur və ancaq normallıqdan kənara çıxan eksperimental mətnlərdə ola bilər. Təhkiyəçi əsərin personajlarından biri olsa da, yüzdəyüz etibarlı deyil. Əgər onun dediyi hər şey hiss edilən dərəcədə səhv olsa, onda onsuz da bildiyimiz şeyi xatırladacaq, yəni romanın bir fiksiya olmasını. Sujetin maraqlı olması üçün real dünyada olduğu kimi romanın xəyali dünyasında da real ilə real olmayanı ayırd etmək üçün bəzi imkanlar olmalıdır.

Etibarsız təhkiyəçidən istifadə etməkdəki məqsəd reallıqla görüntü arasındakı boşluğu qəribə şəkildə aşkarlamaq, insanın reallığı necə təhrif etdiyini, yaxud gizlətdiyini göstərməkdir. Bu ehtiyac onlar adına şüurlu, ya da zərərli bir məqsəd daşımır. Kazuo İşiquronun romanındakı təhkiyəçi pis adam deyil, amma bu adamın həyatı özüylə, ətrafındakı insanlarla bağlı həqiqətləri təzyiq altında saxlamaq, gerçəklərdən qaçmaq üstündə qurulub. Onun təhkiyəsi bir növ etirafdır, amma dolambaclı şəkildə özünü haqlı çıxarmaq üçün özəl müdafiə üsulları ilə müəmmalı hala gətirilib, təhkiyəçi yalnız ən axırda özünə qarşı bir fikri tutur ki, artıq bunu dəyərləndirmək üçün çox gec olur.

Əhvalat 1956-cı ildə baş verir. Təhkiyəçi böyük bir ingilis qəsrinin yaşlanmış eşikağası Stivensdir. Bu qəsr bir vaxtlar Lord Darlinqtonun evi idi, indi isə zəngin bir amerikalının mülkü olub. Stivens təzə sahibinin cəsarətləndirməsiylə Vest Kantridə tətilə gedir. Onun əsas məqsədi Lord Darlinqtonun iki dünya müharibəsi arasında Avropadakı böhranları müzakirə etmək üçün yüksək rütbəli siyasətçilərin qeyri-rəsmi toplantılarına ev sahibliyi etdiyi möhtəşəm günlərdə Darlinqton Hollun eşikağası olan Xanım Kenton ilə kontakt qurmaqdır. Stivens ümid edir ki, Xanım Kentonu ( bu xanım evli olsa da, Stivens onun haqqında belə danışır) təqaüddən işə başına qayıtmağa, Darlinqton Holldakı bir problemin həllinə yardım etməyə inandıra biləcək. Yol boyu keçmişi xatırlayır.

Stivens vasvası dərəcədə qısa, rəsmi tərzdə – yəni bir eşikağasının danışmalı olduğu kimi – danışır, yaxud yazır. Obyektiv şəkildə baxılanda bu tərz heç bir ədəbi dəyərə malik deyil; hazırcavablıqdan, emosionallıqdan və orijinallıqdan tamamilə məhrumdur. Bu romanın bir vasitə kimi təsir gücü ifadə etdiyi şeyin natamamlığına qarşı bizim dərkimizi böyütməsindədir. Get-gedə dərk edirik ki, Lord Darlinqton Hitleri sakitləşdirəcəyinə inanan və faşizmlə anti-semitizmə dəstək olan bacarıqsız, həvəskar bir diplomatdır. Stivens özünə və özgələrə etiraf etmir ki, sonrakı tarixi hadisələrdə sahibi tamamilə etibardan düşüb, üstəlik, gücsüz, sevimsiz sahibinə göstərdiyi qüsursuz xidmətdən qürur da duyur.

Bu mükəmməl qulluqçunun həmin sirli aurası Xanım Kentonla birgə işlədikləri illərdə onun sevgisini başa düşərək bu sevgiyə qarşılıq verməyinə mane olub. Fəqət təhkiyə boyunca ona olan davranışındakı qeyri-müəyyən və hədsiz dərəcədə senzuraya məruz qalmış bir xatirə də gün üzünə çıxır, başa düşürük ki, onun xanımı tapmaq istəyinin əsl səbəbi keçmişi əbəs yerə düzəltmək ümididir.

Stivens daim özüylə bağlı müsbət şeylər deyir, sonradan bunların səhv olduğu ortaya çıxır. Xalasının öldüyünü xəbər verən məktubu Xanım Kentona təslim edərkən “həqiqətən də” fərqinə varır ki, başsağlığı verməyib. Onun geri qayıdıb-qayıtmamaqla bağlı tərəddüdü əvvəlki dialoqda hər hansı bir üzüntü ifadəsini son dərəcədə axmaqcasına yaddan çıxartmasından sonra diqqətimizi başqa tərəfə çəkir. Belə görünür ki, xanımın dərdli anına müdaxilə etməmək əndişəsi onun həssas bir şəxs olması deməkdir, amma əslində, “hislərini ifadə etmək üçün başqa bir fürsət” fikri ağlına gələn kimi, bu həssaslıq yoxa çıxır və tezcə onun iki təzə qulluqçuya nəzarətini xaincəsinə tənqid də etməyə başlayır. Tipik olaraq, Xanım Kentonun qapının o tərəfində ağlamaq ehtimalına qarşı keçirdiyi hiss üçün “qəribə” kəlməsindən daha mənalı bir kəlmə də tapa bilmir. Xəbəri sakit qarşılamağının fərqinə varırıq, amma sonra onun belə davranmasından şübhələnməsinə təəccüblənə bilərik. Əslində o əsərin sonrakı səhifələrində etiraf edir ki, yaddaşını səhv yerə yönləndirib:

“Amma indi arxadakı dəhlizdə eləcə dayanıb-durmağıma səbəb olan şeyin nə olmağından əmin deyiləm. Bu cür xatirələri araya-ərsəyə gətirməyə çalışarkən, bu anın, Xanım Kentonun xalasının ölüm xəbərini almasından sonrakı dəqiqələrdə yaşandığını iddia etmiş ola bilərəm, yəni onu kədəriylə baş-başa qoyub dəhlizə çıxandan sonra başsağlığı vermədiyimin fərqinə varanda. Amma indi düşünürəm ki, bu məsələdə başımı itirmiş ola bilərəm, əslində, bu an, Xanım Kentonun xalasının ölümündən ən azı bir neçə ay sonrakı bir axşamda baş tutmuşdu, deyəsən.”

Əslində bu hadisə Xanım Kentonun çəkinərək, amma açıq sevgi təklifini soyuq şəkildə geri çevirdiyi və onu pis vəziyyətdə qoyduğu bir axşam baş verib; qapalı qapı arxasında ağlamasının səbəbi də budur. Amma Stivens xüsusilə bu vəziyyəti o şəxsi, məhrəm tərəfiylə yox, Lord Darlinqtonun ən ciddi konfranslarından biriylə əlaqələndirir. Pis siyasi bağlılıq və emosiyadan məhrumluq temaları Stivensin boşa keçən həyatının hüzünlü hekayəsi içində ustalıqla işlənib.

Etibarsız təhkiyəçinin istifadəsində İşiquronun romanını başqa böyük bir sənətkarın – Vladimir Nabokovun “Solğun atəş” ilə – müqayisə etmək maraqlı olar. Nabokovun romanı Con Şeyd adlı amerikalı uydurma bir şairin yazdığı vərdiş olunmamış uzun bir şeirdən və avropalı intellektual bir mühacir olan Şeydin qonşusu Çarlz Kinbotun həmin şeirlə bağlı yazdığı çox detallı şərhlərdən ibarətdir. Şeir şairin qızının faciəvi intiharını işləyən avtobioqrafik bir əsərdir. Şeirin əlyazması Kinbotun əlinə keçəndə, öyrənirik ki, Şeyd təzəcə ölüb. Sonradan öyrənirik ki, Kimbot da özünü İnqilabdan əvvəlki Rusiyaya oxşayan Ruritanyan adlı bir ölkənin sürgün edilmiş kralı olduğuna inandıran bir dəlidir. Kinbot şair Şeydin öz keçmişiylə bağlı bir şeir yazdığına və onu öldürmək üçün göndərilən bir sui-qəsdçi tərəfindən səhvən vurulduğuna özünü inandırıb. Kinbotun şərhlərinin məqsədi reallığa qarşı özünün qəribə düşüncələrinin doğruluğunu isbat etməkdir. Bu əsəri oxumağın verdiyi zövqlərdən biri Şeydin yazdığı şeirin “etibarsız” təhkiyəçisinə etdiyi işarə ilə Kinbotun öz xəyalının dərəcəsini sezdirməsidir. “Həmin gündən qalanlar”la müqayisə ediləndə “Solğun atəş” romanı etibarsız təhkiyəçisinə baxmayaraq, yenə də xeyli ironikdir, komikdir. Bununla belə onun təsiri az deyil. Kinbotun öz krallığı Zemblanı xatırlaması canlı, cazibədar və unudulmazdır. Nabokov özünəməxsus bəlağətini və mühacirliyinin təsirli nostalgiyasını öz personajına köçürüb. Bunun əksinə, İşiquronun romanı bəlağət baxımından olduqca natamam bir təhkiyəçinin məhdudiyyətlərini əvvəlcədən qəbul edir. Əgər təhkiyəçi etibarlı olsaydı, onda yaratdığı təsir hədsiz dərəcədə darıxdırıcı olardı.

Tərcümə etdi: Qismət

# 1111 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #