Malik Atilay
Taleyinə uduzmuş qadınlar
Uşaq evi
Gözlərində qorxu böyüdən uşaqların
Qulaqlarından
Qadağalar sırğatək asılıb
Tərli pəncərədə "ana" yazılıb...
Fahişələr
Sıraya düzülmüş
Yolların kənarında
Dan yeri sökülür
Günəş yaşlı müəllim kimi
Asta-asta qalxır göyün pilləkənlərini
Taleyinə uduzmuş qadınlar evlərinə dönür
Yarıyuxulu körpələrin gözləri
Güllə kimi açılır onların üstünə
İlk eşitdikləri söz ana...
Qocalar evi
Əzilmiş vərəqə bənzəyən üzlərdəki
Umudsuz, çarəsiz təbəssüm
Altını bulayan qadın buğlanan gözləriylə görür ölümü
Və yuxusunda hər səhər eşitdiyi
"ana" sözünə qarışır
Söyüşləri sanitarın...
Darıxan şeirlər
Sən olmasan çox şey dəyişməz ki,
Yenə döyüşərəm özümlə,
Yenə uduzaram
Səni ürəyimdə tapa bilməyib
Sənə şeir yazaram.
Sən olmasan
Tanıdığım qızlardan biri azalar uzağı
Əllərinin istisi uçub getmiş əlimi
Qoyaram sancan ürəyimin üstünə
Sənə şeir yazaram.
Sən olmasan
Sənli xatirələri sapa keçirib
Boyunbağı kimi asaram keçmişimin boynundan...
Hərdən
Bir az çiynim,
Bir az şeirlərim darıxar sənin üçün
Yarpaqlara sığınan küləklər,
Səsini xatırladar
Sənə şeir yazaram.
Xəyyamdan rübai
Füzulidən qəzəl
Gecənin bir yarısı elə bir qadın görməzsən ki
Ağrı - acısını salıb yanına
Ucuz şərab alıb sahilə ensin
Siqaret yandırıb
Ləpədöyənə şillə kimi dəyən
Kanalizasiya qoxulu dalğaları söysün.
Gecənin bir yarısı elə bir qadın görməzsən ki,
Kimsəsiz evin işıqsız pəncərəsi kimi,
Qaranlıq küçədə gəzib
Xəyyamdan rübai
Füzulidən qəzəl oxusun
Eşqə, və şəraba dair...
Qışqırsın boşa çıxan arzularının arxasınca...
Görməzsən
Eşitməzsən...
Çünki bu yerlərdə
Fahişə deyirlər
Dərdini gecə və şərabla bölüşən qadına.
***
Dolaş bir azca, günəşi izlə
Rahat olarsa gecələ parkda
Quşlara daş at yada ki, dən ver,
Gül ver qarşıdan gələn qadına
Sənin sevgindən kimə nə axı?
Üzündə gülüş yaradacaqsa
Qorxularının get üzərinə
Sulara danış bütün dərdini.
***
Kölgəm kimi düşər arxamca
Ya da,
Südəmər körpənin ana yaxasından yapışdığıtək,
Yapışar yaxamdan yaşananlar.
Sanki səni bir neçə dəfə öldürüb
Atmışam şəhərin hər künc-bucağına,
Qatil kimi qaçıram
Unuda bilmədiyim hər şeydən
Bir az da özümdən