Kulis Alpay Azərin “NATO və Rembrandt” hekayəsini təqdim edir.
“Siyasi-psixoloji tipajlar” silsiləsindən
Dostum Ataqama
Serb əsgərlərini Kosovodan vurub çıxarmaq üçün NATO-nun baş katibi, generalları, üzv-ölkələrin səfirləri bir ildən çox çəkən müzakirələrdən sonra belə bir qərara gəldilər: prezident Miloşeviçi qoşunlarını Kosovodan çıxarmağa məcbur etmək üçün tək Kosovo yox, Serbiya ərazisindəki hərbi obyektlərə də havadan zərbələr endirmək lazımdır.
NATO-da qayda belə idi, – Hərbi Komitənin sədri general Klaus Nauman Müttəfiq Qoşunların ali komandanı general Uesli Klarkdan aldığı siyahıyla bağlı on doqquz üzv-ölkənin hamısının “lehinə” səsini almalıydı: yəni, o ölkələrin NATO-dakı səfirlərindən biri qabağındakı mikrofonun düyməsini basıb “əleyhinə” səs verdiyini (veto məsələsi) desəydi, siyahıdakı hansısa obyektə bomba zərbəsi endirilməyəcəkdi. Serblərin raket-artilleriya, təyyarə, helikopter bazalarının, hava hücumundan müdafiə sistemlərinin olduğu siyahını təqdim edən soyuqqanlı alman generalı Klaus Nauman gözlüyünün üstündən səfirlərə baxıb dedi:
- Ümid edirəm, siyahıyla tanış olmağa kifayət qədər vaxtınız olub, hər biriniz öz xarici işlər nazirlərinizlə lazım olan məsləhətləşmələri aparmısınız. Etiraz edən yoxdursa, qəbul edək siyahını.
Səfirlər lap əvvəldən öz ölkələrindən təlimat almışdılar: “etirazsız serblərin strateji əhəmiyyəti olan hərbi obyektlərinin vurulmasının lehinə səs verin”. Beş saat davam edən iclasda 59 hədəfin havadan vurulmasıyla bağlı qərar vetosuz qəbul edildi.
İlk mübahisə Roma papası II İohan Pavel NATO-dan pravoslavların pasxa bayramının başlamasıyla əlaqədar döyüş bölgəsində on günlük atəşkəs təklifi irəli sürəndə yarandı. İspaniya və Portuqaliya təklifə dəstək versələr də, ABŞ və Böyük Britaniya bunun əleyhinə oldu. Hətta Hollandiya səfiri çıxışında dedi ki, bu, dünya ictimaiyyətinin gözündə müsəlman albanları öldürən serblərə edilən xristian təəssübkeşliyi kimi görünə bilər. General Nauman da təklifin əleyhinə oldu, dedi ki, onsuz da əməliyyatların ilk həftəsi hava dumanlı olduğundan nəzərdə tutulan obyektlərin çox az qismi vurulub, ikincisi, on günlük atəşkəs elan edilsə, serblər öz müdafiə sistemlərini daha da gücləndirəcək və NATO əməliyyatlarda ciddi çətinliklərlə üzləşəcək. Sonda Roma papasının təşəbbüsü qəbul edilmədi.
Hərbi əməliyyatların üçüncü həftəsi məlum oldu ki, Miloşeviç ordusunu Kosovodan nəinki çıxarmır, üstəlik, kosovoluların yaşadığı kəndlərə daha tez-tez hücum edir. Təşvişə düşən NATO generalları başa düşdü ki, vurulacaq hədəflərin sayını artırmaq lazımdır və səfirləri növbəti iclasa toplayan Klaus Nauman onları salamlayandan sonra əsas məsələyə keçdi:
- Cənab səfirlər, bildiyiniz kimi, müəyyən uğurlarımız var, amma təəssüf ki, strateji məqsədimizə hələ də çatmamışıq. Güman edirəm, hamınız dünən sizə təqdim edilən siyahıyla tanış ola bilmisiniz. Siyahıda 208 hədəf var, mən onları bu gün və sabah bir-bir səsverməyə qoyacam.
General masanın üstündəki siyahıya baxdı:
- Novi-Sad şəhərində zirehli texnika üçün ehtiyat hissələri saxlanılan anbar, lütfən, səs verin, lehinə... Hamı lehinədir, əleyhinə olan yoxdur... Yaxşı, – qələmlə həmin hədəfin qarşısında müsbət işarəsi qoydu... Belqrad ətrafında hərbi təyyarələrin turbinlərini istehsal edən zavod... Lehinə...
Növbəti iki həftə general Nauman vurulmalı olan 976 hədəfi, bu dəfə tək hərbi yox, mülki hədəfləri də müzakirəyə çıxardı. Arada yenə mübahisələr olurdu, səfirlər ən çox “dinc əhali” məsələsinə xüsusi diqqət göstərirdi. Fransa Belqraddakı körpülərə, neft emalı zavoduna, teleqülləyə hava zərbələrinin endirilməsinə veto qoydu. İtaliya isə qarşıdakı parlament seçkilərinin hayındaydı, – hakimiyyətdəki partiya yaxınlaşmaqda olan seçkilərdə uduzmaq istəmirdi. İş o yerə gəlib çatmışdı ki, növbəti döyüş uçuşlarından birinə hazırlaşan qırıcı təyyarənin italyan pilotu Romadan gələn telefon zənginə uyğun az əvvəl işə saldığı mühərriki keçirdib əməliyyatda iştirak etməkdən imtina etmişdi.[1] Bu işlərdə ABŞ-ın dövlət katibi Madlen Olbraytın nə gündüzü vardı, nə də gecəsi. Vurulacaq həssas hədəflərin razılaşdırılması üçün həftə sonları kollektor iclaslarına (eyni zamanda bir neçə şəxsin telefonda bir-biriylə danışması vasitəsilə həyata keçirilir) yığanda Olbrayt bir-iki dəfə əcaib şeylərlə üzləşmişdi. Məsələn, bir dəfə məlum olmuşdu ki, Böyük Britaniyanın xarici işlər naziri ippodromda at çapır, başqa birində Fransanın xarici işlər naziri hamamda çimdiyindən telefonla danışa bilməmişdi.
Əməliyyatların beşinci həftəsi general Nauman siyahıda Belqrad yaxınlığında Dedinja deyilən yerdə Miloşeviçin iqamətgahını bombalamağı səsə qoyanda, Hollandiyanın səfiri Nikolas Biqmanın qabağındakı mikrofonun qırmızı işığı yandı:
- Cənab Nauman, təmsil etdiyim ölkə prezident iqamətgahının bombalanmasının əleyhinə çıxır. Bu səbəbdən hökumətimiz adından veto hüququndan istifadə edirəm, – deyib səfir sağ əlini qaldırdı.
O biri səfirlər bir anda maraqla Biqmana baxdılar.
- Okey, cənab Biqman, bu sizin hüququnuzdur, – Nauman dilləndi. – Amma səbəbini bilmək olarmı?
- Əlbəttə olar. Məsələ burasındadır ki, iqamətgahın birinci mərtəbəsində böyük holland rəssamı Rembrandtın orijinal rəsm əsəri saxlanılır. Təmsil etdiyim krallıq tanınmış incəsənət xadimlərimizin xarici ölkələrdə, muzeylərdə saxlanılan əsərlərinin qorunması məsələsinə xüsusi həssaslıqla yanaşır.
- Sizin ölkənin həssaslığını bölüşürük, – general gözlüyünün üstündən Biqmana ciddi-ciddi baxıb, – amma məsələ burasındadır ki, Rembrandtın əsəri Belqrad muzeyində yox, Miloşeviçin Dedinjadakı iqamətgahında saxlanılır.
Səfirlər arasında gülüşmə qopdu.
- Fərqi yoxdu, hər halda söhbət holland rəssamı Rembrandtın əsərindən gedir.
- Ahh, bir dəqiqə, – general alınını ovuşdurmağa başladı, – xatırladım, bu ilin yanvarında mən və general Klark həmin iqamətgahda Miloşeviçlə elə Kosovo məsələsinə görə danışıqlar aparırdıq. Yadımdadır, o şəklə yaxınlaşanda Yuqoslaviya ordusunun baş qərargah rəisi mənim və Klarkın qoluna girib bizi otağın o başına apardı, imkan vermədi doyunca şəklə baxaq. Cənab Biqman, o əsərin adı necədir?
Ecce Homo, latıncadan “Bu da sizin tələb etdiyiniz adam” kimi tərcümə olunur. İcazənizlə qısaca, hamınıza bu əsərin tarixi izahını vermək istərdim, – Naumana baxdı.
- Əlbəttə, buyurun, – general icazə verdi.
- Qəzəbli kütlə Ponti Pilatdan İsanı edam etdirməyi tələb edəndə, Ponti Pilat onu məhkəmədən çıxardıb həmin insanlara məhz bu cür sözlərlə təqdim etmişdi. Bildiyiniz kimi, orta əsrlərdə Avropanın başqa məşhur rəssamları da bu səhnəni öz əsərlərində dəfələrlə canlandırmışlar. Bir şeyi də əlavə edim, Martin Lüterin fikrincə, Ponti Pilat Ecce Homo, yəni bu da sizin tələb etdiyiniz adam sözlərini ürək ağrısıyla demişdi ki, kütlədə İsaya qarşı mərhəmət hissi oyansın.
Holland səfirin üzünə yönələn baxışlarda maraqdan başqa təəccüb və təbəssüm də var idi. Nəhayət, general Nauman dilləndi:
- Rəsm əsəriylə bağlı verdiyiniz tarixi və teoloji məlumatlara görə təşəkkür edirəm, cənab Biqman. Doğrusu, mən bunları bilmirdim. Əslində, biz də elə kosovolulara olan mərhəmət hissinə görə bu əməliyyatı həyata keçiririk. Əgər Ponti Pilatın İsaya yazığı gəlirdisə, bizim də kütləvi qırğına məruz qalan Kosovo albanlarına yazığımız gəlir. Bir sözlə, Rembrandt heç düz eləmədi. O, gərək bu əməliyyatlara mane olmayaydı. Okey, təklifə veto qoymaq sizin hüququnuzdur. Keçək növbəti hədəfə...
Həmin iclasdan sonra general Nauman məsələni NATO-nun baş katibi Havyer Solanaya çatdırdı. Solana Hollandiyanın xarici işlər naziri Yozias Van Aarstenə zəng edib Kosovoda durumun qəliz olduğunu izah etdi, günü-gündən ölən, yaralanan, qaçqın düşən kosovolu albanların sayının kəskin şəkildə artmasını nazirə dedi və növbəti səsvermədə bu ölkənin vetodan imtina etməsini xahiş etdi. Nazirsə dedi ki, bu mümkün deyil, ölkəmizin milli maraqlarına cavab vermir və istənilən halda Dedinjadakı prezident iqamətgahını bombalamağın mənası yoxdu, çünki Miloşeviç artıq çoxdandır orda oturmur, bunkerlərdən birində gizlənir.
Havyer Solana axşam Klaus Nauman və NATO-nun Birləşmiş Müttəfiq Qüvvələrin komandanı amerikalı general Uesli Klarkla görüşüb holland nazirlə telefon söhbətinin nəticəsini onlara dedi. Amerikalı general Klark söz verdi ki, öz ölkəsinin dövlət katibi Madlen Olbrayta zəng edib, onun məsələyə qarışmasını xahiş edəcək, nəticəni qısa zamanda Solanaya və Naumana çatdıracaq. Qısası, Madlen Olbrayt Hollandiyanın xarici işlər naziri Yozias Van Aarstenə zəng etdi, ümumi giriş söhbətindən sonra əsas mətləbə keçdi:
- Siz bilirsiz ki, mən də daxil olmaqla, ABŞ hökuməti böyük holland rəssamı Rembrandtı çox sevirik.
- Ha-ha-ha, əlbəttə, bilirik, Madlen xanım.
Nazir artıq həmkarının nə deyəcəyini öncədən bildiyindən gülüşlə reaksiya verdi. O da Kosovo böhranı başlanandan tez-tez müttəfiq ölkələrin xarici işlər nazirləriylə telefon danışıqları aparırdı.
- Cənab Yozias, siz yəqin onu da bilirsiz ki, ABŞ-ın bir neçə məşhur muzeyində Rembrandtın əsərləri saxlanılır və əlavə edim ki, sosioloji sorğulara görə, amerikalıların, xarici turistlərin çoxu həm də bu böyük holland rəssamının rəsm əsərlərinə baxmaq üçün məhz o muzeylərə gedirlər.
- Bunu eşitmək çox xoşdur, Madlen xanım.
- Əziz Yozias, indi isə əsas məsələyə keçək. Sizin ölkənin NATO-nun iclasında veto qoyduğu rəsm əsəriylə bağlı mühüm bir xəbərim var sizə.
- Oo, buyurun, eşidirəm sizi.
- Məsələ burasındadır ki, Rembrandtın o əsəri artıq Miloşeviçin iqamətgahında yoxdur.
- Necə yoxdur? Nə baş verib ki? Oğurlayıblar?– holland nazir təşvişlə soruşdu.
- Yox, narahat olmayın, əsəri oğurlamayıblar. Sadəcə, serblər Miloşeviçin iqamətgahında Rembrandtın həmin əsəri daxil olmaqla, bir neçə klassik rəssamın da əsərlərini hələ ki, bizim kəşfiyyata məlum olmayan yerə aparıblar.
- Məlumat dəqiqdi, Madlen xanım?
- Dəqiqdi. Biz indi Belqraddakı kanallarımız vasitəsilə çalışırıq, şəklin olduğu yeri müəyyənləşdirək. Məlumat əldə edən kimi sizə xəbər edəcəm. İstənilən halda imkanımız daxilində çalışacayıq əsər ziyan çəkməsin.- Təşəkkürlər, Madlen xanım, zənginizi səbirsizliklə gözləyəcəm. Yaxşı xəbər eşitsək, çox məmnun olardıq.
Bu arada general Nauman Brüsselin kitab mağazalarından birində Rembrandtın şəkilləri olan albom almışdı. İşdən sonra Ecce Homoya baxa-baxa fikirləşirdi ki, əsrlərdir İsa peyğəmbər kimi düşünənlər, davamçıları ədalət uğrunda mübarizə aparsalar da, əzab çəksələr də, hələ də bəşəriyyəti xilas edə bilməyiblər. O biri tərəfdən də, general NATO-nun Avropa tarixində ilk dəfə humanist ideya, prinsip uğrunda mübarizə aparmasından qürur duyurdu, – yeri gəlmişkən, qəzetlərə verdiyi intervülərində bunu həmişə vurğulayırdı. “Ecce NATO” (“Bu da sizin tələb etdiyiniz NATO”), – Nauman albomda İsa peyğəmbərin edamını tələb edən kütləyə baxıb dilləndi, elə həmin saniyə F16 qırıcısı onlara bomba zərbəsi endirdi.
Telefon söhbətinin üstündən üç gün keçməmiş Hollandiyanın xarici işlər naziri özü Madlen Olbrayta zəng edib sevincək dedi ki, ölkəsi veto hüququndan imtina edir, onlar da öz kanalları vasitəsilə müəyyən ediblər ki, doğrudan, serblər şəkli naməlum yerə aparıblar. Madlen Olbrayt tezcə məlumatı general Uesli Klarka, o isə Klaus Naumana çatdırdı. Nauman iclasa başlayan kimi, məsələni səsə qoydu və səfirlərin hamısı Miloşeviçin iqamətgahının bombalanmasının lehinə səs dedi. Səsvermədən sonra Yunanıstanın səfiri holland həmkarının qulağına pıçıldadı:
- Bəs Rembrandt?
- Rembrandt veto qoyduğum iclasdan sonra Miloşeviçin iqamətgahını tərk edib.
- Oo, afərin ona. Lütfən, salamımı çatdırın ona, – yunan səfirin yumorla arası saz idi.
...Məsələ isə belə olmuşdu. Madlen Olbrayt Van Aarstenə zəng etməzdən əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin sədri, müdafiə naziri və öz müşavirləriylə məsləhətləşib gizli bir qərara gəlmişdilər. Həmin iclasda Olbraytın köməkçilərindən biri demişdi ki, serblər böyük ehtimalla hərbi əməliyyatların ilk günlərində əsəri başqa təhlükəsiz yerə aparmış olarlar. Plana görə veto məsələsi həll ediləndən sonra bombardman nəticəsində şəkil zədə alsaydı, ya yansaydı, ABŞ Dövlət Departamenti adından verilən notada Hollandiyadan üzr istəyəcəkdi. Dalınca Olbrayt holland nazirə zəng edib bir daha üzr istəyib deyəcəkdi ki, aldıqları kəşfiyyat məlumatı səhviymiş, əvəzində rəsm əsərinin müvafiq qiymətini kompensasiya etməyə hazırıq. Amerikalı rəsm kolleksionerlərindən Rembrandtın Ecce Homosuna bərabər olan bir əsərin pulla alınıb Hollandiyaya vermək təkliflərdən biri idi, – hətta ekspertlər bunun təxmini qiymətini də müəyyənləşdirmişdi. Könüllərini almaq üçün Hollandiyaya sərfəli biznes təklifləri də həmin gizli qərara daxil idi. Sonda reallıq da sanki amerikalıların planına uyğun baş vermişdi: belə ki, NATO təyyarələri əməliyyata başladığı əməliyyatın ilk günlərindən birində ölkənin təhlükəsizlik orqanları Ecce Homonu başqa rəsm əsərləri və strateji sənədlərlə bir yerdə Dedinjadan götürüb naməlum bir yerə aparmışdı. Qısası, amerikalıların fəhmi, hardasa ağla əsalanan planları onları aldatmamışdı.
Artıq 2014-cü il idi, Kosovodakı hərbi əməliyyatların üstündən on ildən çox vaxt keçmişdi. Ordudan çoxdan tərxis olunmuş Klaus Nauman istefada olan general kimi yaxşı təqaüd, hərdən bir isə NATO-nun hərbi məktəblərində təşkilatın 90-cı illərdə keçirdiyi əməliyyatlar haqqında mühazirələr oxuyub əla qonorar alırdı. Yayda dünyanın müxtəlif ölkələrini gəzib dincəlirdi.
...İyun ayı idi, general Parisin mərkəzindən uzaq Marmottan-Mone muzeyində – çox vaxt jurnalistlərin təkrar-təkrar verdiyi suallardan uzaq olmaqçün bu cür adam az olan muzeylərə gedirdi, – sevdiyi rəssam Klod Monenin “Günəşin doğmasından təəssürat” şəklinin qabağında dayanmışdı. Şəklə bir xeyli baxandan sonra çönüb getmək istəyirdi ki, beş-altı metr aralıda impressionist rəssamlardan birinin əsərinin qabağında Hollandiyanın keçmiş səfirini gördü. “Bu hardan çıxdı?”
Yeri gəlmişkən, səfir Biqman da yaşına görə təqaüdə çıxmışdı. Dəvət alanda, gedib Avropanın müxtəlif universitetlərində tələbələrə öz NATO təcrübəsindən bir-iki mühazirə oxuyub, yaxşı qonorarla yaşadığı Layden şəhərinə qayıdırdı...
Nauman onu görməməzliyə vurub tez o biri zala keçdi, çönüb gördü ki, səfir gözə dəymir, rahat oldu. Fransız rəssamı Qüstav Kaybotun “Paris küçəsi yağışlı havada” əsərinin qarşısında dayanıb baxmağa başladı. Bu vaxt dörd-beş yapon turist onlara bələdçilik edən cavan fransız xanımla bir yerdə, az sonra iki-üç avropalı həmin zala girdi. Nauman fikirləşdi ki, indilərdə səfir də burda peyda ola bilər, onda yapon turistlərin arasında itib, tez də aradan çıxmaq üçün fürsət tapar. Elə bu vaxt keçmiş səfir həmin zala daxil oldu. Hələ də Kaybotun rəsm əsərinin qabağında dayanmış Nauman səfiri görən kimi sol əliyni yanağının üstünə qoydu ki, profildən tanınmasın. “Üstəlik, mülki geyimdəyəm, çətin ki, məni tanıya”. Bu zaman yapon turistləri Kaybotun rəsm əsərinə yaxınlaşıb maraqla baxmağa başladılar, general onların arasında görünməz oldu. “Əla oldu ki,” – general sevindi. Birdən fransız bələdçi qadın mədəni şəkildə generala dedi ki, o, ancaq xarici turistlərə bələdçilik edir: bu, bir növ “Sən artıqsan, zəhmət olmasa, qırağa çəkil” demək idi. Nauman fransız dilini pis bilirdi deyə, ingiliscə “Sorry”, yəni bağışlayın, nə dediniz?” soruşdu. Qadın bu dəfə gizlətməyə çalışdığı əsəbi tonda eyni şeyi ingilis dilində təkrar edəndə, Nauman çiyinlərini çəkdi, “Okey” deyib çöndü və düz keçmiş səfirlə üz-üzə gəldi.
- Oo, general Nauman, sizi Marmottan-Mone muzeyində görməyimə çox şadam, – səfir gülərüzlə əlini uzatdı.
“Mən heç şad deyiləm,” – fikirləşən və keçmiş səfiri indicə görürmüş kimi məcburən gülümsəyən general ona uzanan əli yüngülcə sıxdı:
- Cənab Biqman, mən də şadam. Siz bu muzeydə əvvəllər olmusuz?
- Bəli, cənab general. Düzü, mən bayaq sizi o biri zalda Monenin əsərinin qabağında gördüm. Mone mənim də sevdiyim rəssamdır. Amma Kaybot deyəsən, o qədər də xoşunuza gəlmir.
- Yox, elə deməzdim. Kaybotun da əsərləri xoşuma gəlir. Xüsusən də elə qarşısında dayandığımız bu rəsm əsəri, – Nauman əliylə rəsm əsərini göstərdi.
- Bayaq fikir verdim, əlinizi üzünüzə qoyub dərin fikrə getmişdiniz. Lap Oqüst Rodenin “Düşünən insanını” xatırladınız mənə, – səfir bic-bic gülümsədi.
- Kompliment üçün təşəkkür edirəm, cənab Biqman, amma Rodenin “Düşünən İnsan”ı oturaq vəziyyətdədi, mənsə az əvvəl gördüyünüz kimi ayaq üstə dayanmışdım, – Naumanın soyuq təbəssümü bunları deyirdi: “Sən deyəsən, rəssamlıq biliklərini mənə göstərirsən, ya da məni dolayırsan”.
- Oo, düzdü, cənab Nauman, o məqama diqqət yetirməmişdim. Hər halda razılaşarsız mənimlə, rəssamlar sübut etdi ki, onlar bu həyatda olmaya-olmaya, öz əsərlərinin gücüylə iradələrini lazım olan vaxtda siyaçətçilərə yeridə bilirlər.
- Ha-ha-ha, cənab Biqman, bildim nəyə işarə vurursuz. Okey, sözümü geri götürürəm, Rembrandt o zaman düz eləmişdi, öz əsəriylə ölkəsinin veto qoymasına səbəb olmuşdu.
- Cənab general, təsəvvür edin, dünya siyasətini müəyyən edən adamlar muzeylərə gedib məşhur rəssamların, heykəltaraşların əsərlərinə baxırlar. Amma NATO-nun qərargahında olmağı şair, ya rəssamların mütləq əksəriyyəti nəinki arzu edir, heç bunu ağlına belə gətirmir. Düz demirəm, cənab Nauman?
- Ha-ha-ha, – general qəhqəhəylə güldü. – Mütləq əksəriyyət, yaxşı dediniz. Mən sizin kimi maksimalist deyiləm, cənab Biqman, amma şübhəsiz, dediklərinizdə müəyyən həqiqət var...
Generalın kefi necə açıldısa, keçmiş səfirə qarşı öncəki soyuqluğu yox oldu və səfir ona deyəndə ki, vaxtınız varsa, gedək yaxınlıqdakı kafelərin birində fransız konyakı içə-içə söhbət edək, general buna həvəslə razı oldu.
İki gün sonra “Wall Street Journal” qəzetində “NATO generalı və onun təklifinə veto qoymuş Hollandiyanın eks-səfiri muzeydə görüşdülər, sonra konyak içməyə getdilər” uzun başlıqlı, şəkillə bir yerdə məqalə çıxmışdı. Hələ o zaman həmin qəzetdə veto məsələsinin qeyd edildiyi məqaləni yazmış jurnalistlərdən biri general Naumanı üzdən tanımışdı deyə, onun səfirlə muzeydəki söhbətinə gizlincə qulaq asmışdı və axırda qəzet üçün belə bir məqalə yazmışdı. Yazının əsas ideyası iki cümləylə verilmişdi: NATO-nun tarixin arxivinə yollanan siyasi maraqlarının fonunda böyük sənət əsəri daha möhtəşəm görünür və siyasətdən bezən səfirlər, nazirlər, generallar yaşa dolanda, rəsm, musiqi əsərlərindən daha çox həzz alırlar, nəinki verdikləri təkliflər sayəsində ayrı-ayrı dövlətlərin, təşkilatların əldə etdiyi (geo)siyasi uğurlardan. Geosiyasi maraqlar dəyişkəndir, böyük incəsənət əsərlərinin dəyəri, doğurduğu maraq isə əbədidir. Məqaləni “müşayiət edən” fotoda general və səfir Kaybotun “Paris küçəsi yağışlı havada” əsərinin fonunda – jurnalist onları gizlicə telefonuyla çəkmişdi, – sanki şəkildəkilər kimi əllərinə çətir alıb əsərin qəhrəmanları olmalıydılar.
Qismən real hadisələr əsasında yazılmış hekayədə Madlen Olbraytın “Xanım Dövlət Katibi. Xatirələr”kitabındakı bir fraqmentdən istifadə edilmişdir.
[1] İtalyan pilotu ilə baş verən hadisə real həyatda baş vermişdir.
22 sentyabr, 2014, - 13 oktyabr, 2015,
Bakı
“Azərbaycan” jurnalı, 2016 (1), yanvar