Hüseyn Arif haqda xatirələri
Hüseyn Arif təpədən-dırnağa şair idi. Əfsanəvi adam idi. Şeirlərini restoranda ilhamı gələndə salfetkanın üstünə yazırdı. Öz üzərində işləmədi qağa. Şair tayfasından universiteti fərqlənmə diplomu ilə bitirənlərdən idi. Qəribə idi ki, Hüseyn Arif şərqşünaslıq fakültəsini fərqlənmə ilə bitirsə də farsca bilmirdi.
Bir dəfə dedim, qağa, universiteti fərqlənmə ilə bitirmisən, farsca bilirsənmi? Cavab verdi ki, işlətmədiyim üçün yadımdan çıxıb. Bu yaxınlarda Hüseyn Arifin lətifələr kitabı yenidən nəşrə hazırlanırdı. Məndən iki lətifə danışmağımı xahiş etdilər. Dedim, Hüseyn Arifi Molla Nəsrəddin etmisiniz. Hər bir dahi özündən sonra bir uçurum açır. Füzulidən neçə əsr sonra qəzəlxanlar Füzuli uçurumuna yuvarlandı. Mirzə Ələkbər Sabirdən sonra satira yazanlar onun yaratdığı uçurumda məhv oldular. Hüseyn Arif böyük şair ola bilərdi, ancaq Səməd Vurğunla bir dövrdə yaşadı. Hüseyn Arif Səməd Vurğun uçurumuna yuvarlanmayan şairlərdəndir. Mən də iki lətifə danışdım. Rəhmətlik Rəfiq Zəkaya sağdış, mənə soldış deyirdi. Rəfiq Zəka bir dəfə bunun işini düzəltmişdi. Maşallah, çox fırıldaq oğlandır. Sekretar seka olacaq.
Harada gəldi yeyib içirdim. Hüseyn Arif də eşidib ki, sərxoşluq edirəm. Oturub, vururduq. Gördüm mənə turşməzə baxır. Dedim, nədi qağa? Dedi ki, az iç. Dedim, yaxşı, 200 qram içərəm. Dedi, bir az da azalt. Dedim, 100 qram. Dedi, bir az da azalt. Dedim, onda su içim? Dedi, bu müddətdə su da içmə, elə bilərlər araq içirsən.
O həyatda olanda onun ən son kitabına müqəddiməni mən yazmışam. Onun ən məzəli avtoqrafı da məndədir. Yazıb ki, “Alim qardaşım Vaqif Nəsibə”. Alimlərlə görüşəndə bir dəfə dedim ki, mən alimlik diplomunu Hüseyn Arifdən almışam.
Vaqif Səmədoğlu haqda xatirələri
Vaqif Səmədoğlu ilə neçə ildir ki, küsülüyəm. Vaqif yaxşı at kimi kişnəyir. Bir yerdə işlədiyimiz vaxtı yaxşı içmişdik. Axşam qayıdanda taksi tapa bilmədiyimiz üçün faytona oturduq. Vaqif də at kimi kişnəməyə başladı. Faytonçu mat qalmışdı ki, at niyə arxadan kişnəyir.
Eyvaz Borçalı bizi barışdırmaq istədi. Vaqif də guya təvazökarlıq edib, dedi ki, istəsə lap at kimi də kişnəyərəm. Dedim, Novruz bayramında barışarıq. Özüm barışmaq istəmədim.
Vaqif pərt oldu. Fikrət Qoca dedi at yaxşı kişnəyər, ya Vaqif Səmədoğlu? Dedim əlbəttə ki, Vaqif Səmədoğlu. At heç haranı qurtarmayıb, bu konservatoriyanı və onun aspiranturasını bitirib. Savadlı kişnəyir.
Nüsrət Kəsəmənli haqda xatirələri
Rəfiq Zəkayla bir dəfə “Semaşko”nun arxasında vururduq. Gördük Nüsrət də özündən yekə bir oğlanla oturub yan stolda. Biz onlara araq göndərdik. Gördük ki, o göndərmək istəyir, biz onları qabaqlamışıq. Nüsrətlə oturan oğlanın sən demə Rəfiq Zəkadan xoşu gəlmirmiş, deyib ki, kimdir Rəfiq Zəka? Mən onun arağını içim filan. Nüsrət deyib, mənə görə göndəriblər, sən kimsən. Nüsrətlə oturan başlayıb Rəfiq Zəkanı söyməyə. Nüsrət də dözə bilməyib çəkib bunu qarajların arasına.
Bir də restoranın müdiri dedi ki, dostunuz onu öldürür. Gələndə gördük ki, Nüsrət oğlanın ağız-burnunu əzib, al qana qərq edib. Üç gündən sonra Nüsrət bizi tapıb dedi ki, alçaq tibbi ekspertdən rəy alıb, məni polisə verib. Polisin də rəhbəri Rəhman Mustafayev idi. O, həm mənim, həm də Rəfiqin dostu idi. Hər gün yeyib-içirdik onunla. Nüsrətlə getdik Rəhmanın yanına. Dedi ki, siz bir nəfər də tapın. Yazın ki, dörd nəfər yeyib-içirdik. Çox içdiyi üçün yerə yıxıldı. Rəfiq Zəka izahatında yazdı ki, ha yalvardıq ki, bu badəni içmə. Həmin adamı 40 manat cərimə elədilər.
Vidadi Məmməd haqda xatirələri
Vidadi hamımızın başına ip salıb, dolayırdı. Vidadi ilə təzə tanış olmuşdum. Sən demə bunun yalandan dədəsinin goruna and içməyi də varmış. Hava isti idi. Getdik doktorgilə. Doktor finkada yatırdı. Vidadi dedi adını şair qoymusan, bənzət görək doktor kimə bənzəyir. Dedim ayıbdır, sonra özünə deyərsən. Dedi, atamın goru haqqı deməyəcəyəm. Dedim ki, kölgədə yatan çoban itlərinə oxşayır.
Sən demə aldadıb məni. Doktor da durub, süfrə hazırladı, buz kimi arağı da ortaya qoydu. Başlayan kimi doktor ilk badəni mənim sağlığıma qaldırdı. Paxıllığı tutdu nədi Vidadinin üzünü tutub dedi ki, doktor, sən buna madam kimi süfrə hazırladın. İndi də ürəklə bunun haqqında badə qaldırırsan. Gör bu səni nəyə bənzədib. Doktor dedi, nəyə bənzədib? And içsin ki, deməyib dedi. Mən də deməliyəm axı. Dedim, doktor biz adamlar da hərəmiz bir itə oxşayırıq. Vidadi küçə itinə, mən də ofçarkaya oxşayıram. Səni də çoban itinə bənzətmişəm. İçək üç it qardaşın sağlığına. Ayrı-seçkilik olmasın.