2017-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun Nobel nitqini təqdim edir:
Üç il yarım sonra - 1983-cü ildə Lorna ilə mən Londondaydıq. Şəhərin ən yüksək hissəsində, təpənin üstündə yerləşən evdə iki otaq tutduq. Evin yaxınlığında televiziya qülləsi vardı, radioverilişləri dinləməyə çalışdıqda qəribə yayım səsləri qulaq asdığımız danışıqları kabusa çevirirdi. Otağımızda divan və kreslo yoxdu. Amma üzərinə yastıqlar düzülmüş iki matrasımız var idi. Otağa bütün gün yazı yazdığım, axşamlar isə şam etdiyim böyük masa da qoyulmuşdu. Lüks yer deyildi, ancaq orada yaşamaq xoşumuza gəlirdi. Bir il əvvəl ilk romanımı çapdan çıxarmış və ingilis televiziyasında yayımlanan qısametrajlı film üçün ssenari yazmışdım.
Uzun müddət ilk romanımla qürur duyurdum. Ancaq elə həmin yaz ürəyimə narahatlıq hakim kəsildi. Problem də buradaydı. İlk romanım və ilk ssenarim bir-birinə çox bənzəyirdi. Mövzusu yox, yazılma metodu və tərzi... Diqqətlə baxdım, romanım daha çox ssenariyə oxşayırdı - dialoqlar üstünlük təşkil edirdi. Müəyyən nöqtəyə qədər problem yox idi, ancaq bundan sonrakı arzum səhifədə düzgün istiqamət götürəcək ssenari yazmaq idi. Televiziyanı açaraq öyrənə biləcəyimiz təcrübəni az və ya çox dərəcədə özündə birləşdirən romanı yazmağa nə ehtiyac vardı? Yazılmış fantastika qeyri-adi nəsə təqdim etmirsə, fərqli formalar ortaya qoya bilmirsə, televiziya və kinonun gücünə qarşı necə müqavimət göstərə bilər?
Bu dəfə virusa yoluxdum və bir neçə gün yatmalı oldum. Bir az yaxşılaşandan sonra daha yatmaq istəmədim və yataq örtüyümün arasındakı bərk şey məni narahat etməyə başladı. Yoxlayanda oradan Marsel Prustun surəti çıxarılmış xatirələrini (onda başlığı dəyişdirilmişdi) tapdım. Günorta idi və oxumağa başladım. Hələ də qızdırmanın təsirində idim bəlkə də, amma “Üvertura” və “Kombreq” bölmələrinə kilidlənib qaldım. Onları təkrar-təkrar oxudum. Hissələrin gözəlliyi səbəbindən Prustun xatirələrinin növbəti hissələrinə adlamaq üçün səbirsizlənirdim. Hadisələrin və səhnələrin düzülüşü süjet xəttinin xronoloji ardıcıllıq tələbinə uyğun gəlmirdi. Əvəzində tangensial təfəkkür assosiasiyaları və ya yaddaş şıltaqlıqları bir epizoddan digərinə asanlıqla keçidi təmin edirdi. Hərdən mənə maraqlı gəlirdi: bir-biri ilə əlaqəsi olmayan bu iki hissə, niyə müəllifin zehnində yanaşı yerləşdirilib? Birdən-birə həyəcanla ikinci romanımın sərbəst şəkildə hazırlandığını gördüm: səhifədə zəngin görünə bilən və heç bir ekranda tuta bilməyəcəyiniz daxili hərəkətlərlə dolu. Əgər hekayəçinin təfəkkür assosiasiyalarına və dreyf edən xatirələrinə uyğun bir keçiddən digərinə adlaya bilsəm, qalın kətan parçada rəngləri və fiqurları seçən abstrakt rəssam kimi nəsə ortaya qoya bilərdim. İki gün əvvəl baş vermiş hadisəni 20 il əvvəl baş vemiş hadisənin yanına yerləşdirə, oxucudan ikisi arasındakı əlaqəni tapmağı istəyə bilərəm. Belə olan halda fikirləşməyə başladım: çoxlarına özünə və keçmişinə aid baxışlarını əhatə edən özünüaldatma, inkar səviyyəsini təklif edə bilərəm.
1988-ci il mart, 33 yaşındayam. İndi bir divanımız var və uzanıb Tom Uaytsın albomunu dinləyirəm. Keçən il Lorna ilə Cənubi Londondada dəbdənkənar, ancaq əyləncəli hissədə özümüzə ev almışdıq. Bu evdə ilk tədqiqatımı aparmışam. Kiçik tədqiqat olsa da, otaqların qapıları yox idi. Hər gün cırdığım kağızları toplamaq məcburiyyətində olmadığımdan məmnun idim. Beləliklə, bu yolla üçüncü romanımı bitirdim. İlk dəfə idi, burada yapon əlamətlərinə rast gəlinməyəcəkdi – “mənim” Yaponiyam daha əvvəlki romanlarımın yazılması ilə daha kövrək hala gətirilmişdi. Əslində “Gündən qalanlar” adlandırılacaq yeni kitabım “ingilis” kimi görünürdü və bir çox keçmiş nəsil ingilis yazarının tərzində idi. Məndə yaranan hisslərin əleyhinə olaraq oxucularımın hamısının ingilisdilli, yaxud ingilis nüansları və davranışları ilə tanış olduqlarını güman etməmək üçün diqqətli davrandım. Bu zamanadək Salman Rüşdi, Vidiadhar Suracprasad Neypol kimi yazıçılar hər hansı mərkəzi, ya da avtomatik əhəmiyyəti olmadığını iddia edən, zahirən britaniyasayağı, batindəsə beynəlxalq, xaricəmeyilli ingilis ədəbiyyatının önünü açmışdılar. Yazdıqları, sözün geniş mənasında, postmüstəmləkəçilik idi. Onlar kimi qəribə ingilis dünyasına bənzər əsər yazarkən belə, mədəni və dil sərhədlərini asanlıqla aşa bilən “beynəlxalq” fantastika yaratmaq istədim. “Mənim” İngiltərəm əfsanəvi hekayəyə əsaslanırdı. Bu İngiltərənin açarlarının isə ölkəni heç vaxt görməsələr belə, dünyanın dörd tərəfinə səpələnmiş insanların xəyallarında olduğuna inanıram.
Bitirdiyim roman həyatını yanlış dəyərlərdən istifadə edərək yaşadığının çox gec fərqinə varan ingilis eşikağası haqda idi: Ən gözəl illərini nasizmə xidmət etmək üçün xərcləyərək; həyatı üçün əxlaqi-siyasi məsuliyyəti üzərinə götürmədən həyatını boşa sərf edib. Üstəlik, mükəmməl xidmətçi olmaq üçün özünə qulluğunda durduğu, ümumiyyətlə hər hansı qadını sevməyi qadağan etmişdi.
Əlyazmamı bir neçə dəfə oxudum və kifayət dərəcədə razı qaldım. Ancaq yenə də hiss edirdim, nələrsə çatışmır.
Dediyim kimi, bir gün divanda uzanıb Tom Ueytsə qulaq asırdım. Tom “Ruby`s Arms” adlı mahnısını oxumağa başladı. Bəlkə bəziləriniz bunu eşitmisiniz (Sanki mahnı söyləmək istədim, ancaq fikrimdən daşındım). Bu, sevgilisi yuxudaykən onu yataqda qoyub gedən, böyük ehtimal, bir əsgər haqqında balladadır. Səhər tezdən yola düşür, qatara əyləşir. Burada qeyri-adi heç nə yoxdur. Ancaq mahnı dərin emosiyaları ifadə etməyə qadir olmayan kobud Amerika hobo səsində verilirdi. Mahnının ortasında ifaçı qəlbinin qırıldığını söyləyir. Vaxt duyğuların keçilməli olan maneələri arasındakı gərginlikdən, az qala, dayanılmaz şəkildə irəliləməkdəydi. Tom Ueyts ehtişamla mahnını oxumağa davam edir. Hiss edirsiniz ki, stoisizmin sərt oğlanının həyatı əzici kədər qarşısında dağılır.
Artıq nə edəcəyimə qərar vermişdim. Düşünmədən geriyə doğru addım ataraq ingilis eşikağam emosional mübarizəsini davam etdirəcək, özündən, oxucudan sonadək gizlənməyə davam edəcəkdi. İndisə bu qərarın əksini etməli olduğumu gördüm. Romanımın sonuna doğru bir anlıq bütün zəncirləri qırmaq qərarı verdim. Oxucunun nəhəng, faciəvi kədəri görməsinə icazə verməliydim.
Müğənnilərin səslərindən mühüm dərslər almışam. Oxunan mahnının sözlərindən daha çox oxunma tərzinə fikir verirəm. Mahnıda insan səsi hisslərin sonsuzadək qarışıq, mürəkkəb birləşməsini ifadə edə bilir. İllərlə yazdığım əsərlərimin istiqamətini Bob Dilan, Nina Simon, Emmilou Harris, Rey Çarlz, Brüs Sprinqstin, Qillian Velk və dostum Steysi Kentin mahnıları müəyyənləşdirib. Onların səslərində nəyisə tutanda deyirdim: “Aha, tapdım. Bu səhnədə mənə lazım olan səsdir. Bu bir az yaxındır”. Sözlə ifadə edə bilmədiyim duyğuları müğənninin səsində tapır, sonra nə edəcəyimə qərar verirdim./parafr.az/
(Ardı var)
Mənbə: Nobelprize.org