"Deyəsən o qız bir az..." Mübariz Cəfərlinin hekayəsi

"Deyəsən o qız bir az..." Mübariz Cəfərlinin hekayəsi
19 iyun 2014
# 11:02

Kulis.Az Mübariz Cəfərlinin “Cangüdən” hekayəsini təqdim edir.

Dayanmışam pəncərənin önündə. Adətən pəncərədən çölə baxarlar, mənsə şüşənin özünə göz gəzdirirəm: üstünə toz qonub, çoxdandı silinməsə də, bərqvuran təhər görünür. Əlbəttə, istəsəm həyətə baxaram, qonşu binadakı yay-qış yarıçılpaq gəzən musiqi müəlliməsini süzərəm.

İndi məsələ bunda deyil. Musiqi müəlliməsi hələ evinə gəlməyib. Məsələ divin hiyləgərliyindədi ki, bayaqdan beynimi-şüurumu rahat buraxmır. Öz canını şüşədə, hər tərəfi göz qabağında olan bir yerdə gizlətmək (hərçənd şüşə rəngli də ola bilərdi) ağıldan savayı cəsarət də tələb eləyir.

Şüşə ağlagəlməz yer olsa da, etibarlı deyil. Kimsə təsadüfən toxunub sındıra bilər, hardansa atılan daşa tuş olub çiliklənər. Ağlasığmaz yer bir qılınc zərbəsindən min qəlpəyə bölünməməlidi. Ən dəyərli xəzinəni – canı – belə yerdə gizlətmək böyük riskdi. Məlikməmmədlə div qırx gün, qırx gecə vuruşur, axırda divi dizlərinin üstündə yatızdıran gözəllər gözəli Məlikməmmədə deyir ki, ey dili-qafil divin canı şüşədədi. Məlikməmməd də qılıncıyla həmin şüşəni sındırıb divi sadəcə, bəzək-düzəksiz desək, öldürür. Amma divin axırına çıxmaq meyli olsaydı, girəvə tapıb o şüşəni qırmaq və beləliklə, azadlığa qovuşmaq gözəllər gözəlinə çətin deyildi. Gözəllər gözəlisə Məlikməmmədi görəndən sonra özlüyündə divlə şah oğlunu daş-tərəziyə qoyub divi qurban verdi. Əslində div özü cəllad kötüyünə boyun əymişdi – sirrini gözəllər gözəlinə deyəndə...

Falçı Xeyransanın sevimli bir kəlamı vardı: “Arvadnan saxsıya etibar yoxdu.” Bütün parametrlər zərgər dəqiqliyi ilə düppədüz gəlir. Bəlkə falçı Xeyransa qarıyıb evdə qalmasaydı, heç vədə bu kəlamın yiyəsi ola bilməzdi. Bir şeyi dürüst anlamaqdan ötrü lap yaxına getmək lüzumsuzdu. Elə o dəfə Cavanşirlə davamız düşmüşdü az qala. Özü mənə dil tökdü, yalvarıb-yaxardı ki, sevdiyim qızla görüşüm var, gəl gedək kafeyə, qız da ora gələcək, ikilikdə tanışlığımızın birinci ayını qeyd eləyəcəyik. Ha dedim sənin sevgilin gələcək, day məni hara sürüyürsən, olmadı. İki ayağını dirədi bir başmağa. Yox ki, yox! Gərək sən qızla tanış olasan, sən mənim ən yaxın dostumsan, ya balqabaqsan? Dərindən fikirləşəndə mənim heç vaxt dostum olmayıb, ancaq Cavanşirlə dostluq, yaxud balqabağa dönmək dilemması qarşısında qalsaydım, çox güman, birincini seçərdim.

Nə isə, gəldik kafeyə. Qız bizimlə bir az oturub getdi. Dedi ki, dərzimə dəyməliyəm, burda gözləyin, bir saata, uzaqbaşı, saat yarıma qayıdıram. İçkidən və məhəbbətdən Cavanşirin gözləri parıldayırdı. Mən isə dilxor idim. Çünki Cavanşir yaxamdan əl çəkmirdi. “Mən ölüm necə qızdı?! Sən allah, sən kəsdiyimiz duz-çörək, düzünü de...”Dinmirdim, yox, lənət şeytana, deyirdim ki, yaxşıdı, - lap qızışırdı:

- O, məndən başımı da istəsə, əsirgəmərəm, - doluxsundu qəfilcə.

- Heç sən də başımı istəsən əsirgəmərəm, - başladı qımışmağa. – Burası var ki, sənə başımı xəsisliklə, ürəyim ağrıya-ağrıya verərəm, ona sevinə-sevinə... Mən ölüm, sən məni qəbrə qoyasan, necə qızdı, hə?

Günah məndə oldu ki, ona baş qoşdum. Əməlli-başlı keflənmişdi.

- İnciməzsən ki?

- Sevincək əlini süfrədəki çörəyə uzatdı:

- Sənnən ha... Bu bərəkət mənə qənim olsun...

Yəqin mən də dəmləşibmişəm, yoxsa:

- Deyəsən, o qız bir az ayağısürüşkəndi axı? – deyib üstəlik cavab da gözləməzdim.

Cavanşirin gözləri doğrudan-doğruya kəlləsinə çıxdı, ya da mən ətrafı yaxşı seçmirdim, siqaret tüstüsündən yan-yörəm həqiqətən dumanlıydı, ancaq hər nəydisə, göz, adi adam gözü bircə kəlmə ilə və bir dəqiqənin içində belə iriləşə bilməzdi...

Və barıt partladı. Elə bil vertolyotda, yaxud köhnə təyyarədə oturmuşdum, qulaqlarım uğuldayırdı, ritmik uğultunun içindən Cavanşirin boğuq səsi birbaşa peysərimə yeriyirdi, sanki onun sözlərini yaxşıca qavramaq üçün tez-tez arxaya baxırdım.

- Sən nə bilirsən qız-qadın nədi, təmizlik nədi? Sən subay öləcəksən, oğraşın biri oğraş... Sən... – uğultu ... və ofisiant mindiyimiz vertolyotun motorunu söndürdü, havada ləngər vuran motoru sönmüş vertolyotda Cavanşir sevgilisini mənsiz gözləməli oldu. Yaxşı ki, çox dərinə getməmişdim.

Həmin axşam qız mənə zəng vurdu.

- Sən ona heç nə demədin?

- Yox.

- Bəs məni niyə gözləmədin?

- Çünki dərzi-mərzi bəhanə idi...

- O, məni almaq istəyir...

- Mübarəkdi...

- Lap yalvarır...

- Təbrik eləyirəm...

- Gülməlidi, hə?

- Yox. Sənnən yaxşısın almayacaq ki...

- Bu yaxınlarda toyuma çağıracam səni...

Qadınları tanımaqdan ötrü hökmən evlənmək lazımdısa, gərək falçı Xeyransa kişi doğulaydı. Bayaq aləmi qatıb-qarışdıranda, deyirdim div hiyləgərdi, indisə yazığım gəlir ona. Mən özüm dünya dağıla, canımın yerini heç kəsə deməzdim. Elə Məlikməmmədin də halı həsəd aparılası deyil, haçansa gözəllər gözəli onu da qurban verəcək, beləcə, bu gün qalib çıxan sabahın qurbanlığıdı...

Heç o gözəllər gözəli... Sakit... Dayan görüm...

Musiqi müəlliməsinin evində işıq yandı...

1998

# 1905 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #