1963-cü ilin fevral ayında amerikali şair Silviya Plat Londondakı mənzilində intihar etdi. Əri Ted Hyusdan ayrılmağını hələ də həzm edə bilməmişdi. Ömrünün sonlarına yaxın Plat, yazıçı Yiliyan Bekerlə dostlaşır. Kulis.Az "BBC World Servis"də yayımlanan "Witness" proqramına qonaq olan Yiliyan Bekerin Lyusi Bernsə verdiyi müsahibəni ixtisarla təqdim edir.
1963-cü ilin soyuq fevral ayında Plat, uşaqları Freyda və Niki də götürüb Barnsberi Meydanında yerləşən evimə gəldi. Əvvəlcədən xəbər verdiyi üçün gələcəyini gözləyirdim və gələn kimi uzanmaq istədiyini dedi. Təəccüblü heç nə yox idi. Onu tanıdığım beş ay ərzində olduğundan daha pis hiss edirdi özünü. Onunla 1962-ci ilin sentyabrında tanış olanda əri Ted Hyusdan təzəcə ayrılmışdı.
Halına yanırdım. Bəyəndiyim və istedadına həsəd apardığım şair idi. Vaxtımız o qədər də xoş keçmirdi, amma yenə də onun yoldaşlığını sevirdim. "Colossus" şeirlər kitabını imzalayıb mənə verdi, şeirdən və başqa şeylərdən söhbət açıldı. Yuxarıya, böyük qızımın otağına apardım onu. Ərim qrip olduğundan öz yataq otağımızda yatırdı. Uşaqları götürüb balaca qızım Madeleynlə oynamağa apardım ki, yuxarıda səs-küy salıb yatanları narahat etməsinlər. Nik qızım Madeleynlə həmyaşıd idi, Freyda isə üç yaşındaydı.
Bir-iki saat yatandan sonra Silviya aşağı endi və evə getmək istəmədiyini dedi. Mənim üçün problem yox idi. Ortancıl qızlarım Kley və Lüsi həftəsonu evdə olmayacaqdı, beləcə, Silviya və uşaqları üçün boş otaq olacaqdı. Fitzroy Rouddakı mənzilinin açarlarını mənə verib bir-iki şey - diş fırçaları, gecə paltarları, dərmanlarını, gündəlik geyinmək üçün paltar, oxuyub yarımçıq saxladığı kitabını - gətirməyimi xahiş etdi. Qayıdanda Freyda, Nik və Madeleyni çimizdirdim, sonra Silviya, Qeri və özümçün yemək hazırladım. Toyuq şorbası Qeri üçün əsl dərman idi və Silviya da etiraz etmədi buna. Daha sonra yanına kartof püresi və salat düzəldib bifşteks təqdim etdim. Silviya iştahla yeyirdi və dedi ki, xoşuna gəlib.
Nədən danışdığımız yadıma gəlmir, amma Silviyanın vəziyyəti haqda danışmadığımız dəqiqdir. Ən azından süfrədə. Daha sonra yanına oturmağımı istədi, həblərlə dolu şüşəni mənə göstərib hansı dərmanların yuxu üçün, hansıların səhər özünə gəlməyi üçün olduğunu dedi. Saat on radələrində yuxu dərmanlarını qəbul etdi, ancaq bir saatdan çox tanımadığım, lakin sanki ortaq tanışlarımızmış kimi fərqli-fərqli insanlardan söz açdı. Hər halda dərmanların təsirindən olacaq ki, danışığı yavaş-yavaş anlaşılmaz olurdu. Səs tonu dəyişdi və bir az emosional, bir az da enerjili halda Ted və Assia Vevil haqda danışdı (Ted Assia ilə birlikdəydi).
Acıqlı, qısqanc və əsəbiydi.
Ted Assianı İspaniyaya aparmışdı. Silviya da uşaqları İspaniyaya, soyuq sudan uzağa, günəşli bir yerə aparmaq istəyirdi. "Uşaqlar, - dedi - özlərini yaxşı hiss etmirlər. Mülayim havası olan bir yerə, dəniz qırağına aparmaq yaxşı olardı". Baxmayaraq ki, İtaliya İspaniyadan daha maraqlı gəlirdi mənə, amma onu və uşaqlarını Pasxa vaxtı dənizə və günəşli bir yerə apara biləcəyimi dedim. "Pasxaya hələ çox var" - dedi.
Yuxuya gedəndə artıq gecə yarısı idi və mən də artıq öz çarpayıma getmişdim. Ancaq bir saat sonra Nik oyandı, bir şüşə süd qızdırdım onun üçün. Elə bu dəmdə Silviya çağırdı bizi. Niki apardım onun yanına ki, özü içirtsin südü. Daha sonra Freyda da anasının yanına gəldi. Uşaqları otaqlarına apardıqdan sonra Silviya məndən səhər həblərini istədi, mənsə hələ tez olduğunu dedim. Yata bilmədi. Bir az yanında qalmağımı istədi. Lampalar sönmüşdü, sadəcə otağa küçədən zəif işıq düşürdü. Gözlərini yumur, qəfil açır, dikəlir və mənim hələ də yanında olduğumu görüb sakitləşərək yenidən uzanırdı. Yatdığına əmin olduqdan sonra otağıma qayıtdım.
Doyunca səhər yeməyini yeyəndən sonra ev işlərində və uşaqlara baxmaqda ona kömək edəcəyinə söz verən qadına zəng elədi, amma qadının başqa işləri çıxdığından gələ bilməyəcəyini söylədi. Silviya nə qədər təkid etsə də, heç nə alınmadı. Həkimlə danışdım telefonda. Həkim Horderi Silviyadan da qabaq tanıyırdım. Dedi ki, uşaqlara çox qayğı göstərməyim, bu, Silviyanın işidir. Uşaqların ona ehtiyacı olduğunu hiss etməlidir. Belə ki, uşaqları hamam aparanda, yeməklərini hazırlayanda, Nik yemək istəyəndə və paltarını dəyişəndə Silviyanı da yanımda aparırdım. Ancaq o nə sabuna əlini vurdu, nə dəsmala, nə qaşığa, nə də sancağa.
Otaqdan çıxanda gözləyirdim ki, qayıdım özüm bitirim işi. Sonra da əlimi də vurmadım heç nəyə. Növbəti gecə onun üçün gətirdiyim mavi-boz paltarını geyindi. Vaxt ayırıb saçlarına əl gəzdirdi və gözəl göründüyün deyəndə xoşhal olduğunu hiss etdim. Kim olduğunu demədi, amma bir nəfərlə görüşəcəyini dedi. Feyda və Niki öpüb sağollaşdı, Freyda qapıya qədər onunla gəldi, qapını açanda qızına əyilib "Səni sevirəm" - dedi.
Görüşdüyü adamın Ted olduğunu çox sonra öyrəndim. Maşınla evəcən gətiribmiş, ancaq nə vaxt gətirməyini xatırlamıram. Yadıma gələn onun bizim həmişəki bazar günü naharımıza - şorbalar, qızardılmış ət, pendir, desert və şərab vardı - ovqatı yüksək halda oturmağıydı.
Səhər yeməyini xoş əhvalla yemişdi. Niki də özü yedizdirdi. Gümrah olmasa da, ən azından dilxor görünmürdü. Kofemizi yubada-yubada içirdik. Uşaqlar yatdı, şərab bizə də yuxu gətirdi və otaqlarımıza gedib saat dördə qədər mürgü döydük.
Çay içdik. Qeri yenə uşaqlarla oynayırdı. Qış olduğundan hava tez qaralmışdı. Kley və Lüsi də artıq evə qayıtmaq üzrəydilər. Hamını necə yerbəyer edəcəyimi bilmirdim. İki boş otağım və bir vanna otağım vardı yuxarı mərtəbədə və mən Silviya və uşaqlarını oramı çıxarım, yoxsa onları öz otaqlarındamı saxlayıb qızlarımı yuxarıya çıxarmağım barədə fikirləşirdim ki, Silviya dedi: "Qayıtmalıyam. Camaşırxanadan paltarları götürəcəm, səhər də Niki xəstə olanda onu müalicə edən tibb bacısı gəlməlidir". Və başladı cəld bir şəkildə əşyalarını toplamağa. Əhval-ruhiyyəsi elə yüksəkdi ki, onu heç vaxt belə görməmişdim.
Qeri bir az daha qalmağı məsləhət görsə də, Silviya istəmədi. Qeri maşınına mindirib - sayğacı sökülmüş köhnə qara London taksisiydi - ərimiş qardan sonra palçıq olmuş küçələrlə evinə apardı. Maşın köhnə olduğundan içəridə möhkəm səs olurdu və arxadakı adamın danışığını heç cür eşitmək olmurdu. Ancaq qırmızı işıqda dayandıqda arxada ağlamaq səsini eşidib. Maşını kənara çəkib, Silviyanın yanına keçib. O ağladıqca uşaqlar da ağlamağa başlayıb, Qeri uşaqları qucağına alıb. Qeri yalvar-yaxar eləyib ki, gəlsin bizə, amma Silviya istəməyib, sakitləşib və yola davam etməyi xahiş edib.
Mənzilinə yol salıb və deyib ki, səhəri gün baş çəkməyə gələcək. Qeri evə gələndə dedi ki, bizimlə qalmaq istəyirdi, çünki tək onun üçün çətin olacaq. Haqlıydı, amma çox da pis olmamışdım getməyinə, düzü bir az yorulmuşdum onlarla məşğul olmaqdan. Qızlarım öz otaqlarında rahat yatacaq, gecə yuxuma haram qatmayacaqdım.
Təəssüflənmək ürəyi yorur. O cür fikirləşdiyim üçün hələ uzun zaman peşmançılıq hiss keçirəcəkdim. Bazar ertəsi səhər saat səkkiz radələrində telefon çaldı. Həkim Horder idi, dedi ki, Silviya başını qaz sobasının içinə soxub özünü öldürüb.