Yazıçılar Birliyi təqaüd siyahısını niyə açıqlamır?

Yazıçılar Birliyi təqaüd siyahısını niyə açıqlamır?
30 oktyabr 2017
# 12:50

Tural Turan

Görəsən, AYB-nin təqaüdü üzümüzə gələn il kimlərə veriləcək?

Açığı yola salmaqda olduğumuz il təqaüdün kimlərə - hansı gənc həmkarlarıma verildiyini bilmədim. Çünki üzvü olduğum qurum tam siyahını açıqlamadı. Bir-iki nəfərin təqaüdə düşdüyünü söhbət əsnasında həmin şəxslərin özündən eşitmişəm, vəssalam!

Bəziləri utanaraq, bəziləri də başını dik tutub deyib ki, təqaüdə düşüb. Daha doğrusu, layiq olmayanlar (hələ ki, adlarını açıqlamağa ehtiyac duymuram) mənə də verdilər – dedi. Layiq olanlar isə - xeyli vaxtdır gözləyirdim, haqqım idi - söylədi.

Bu cümlələri yazmamışdan Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytını, səhifəsini ələk-xəlbir etdim ki, bəlkə 2017-ci ildə prezident təqaüdünə layiq görülənlərin bütöv siyahısına rast gəldim. Heç nə tapmadım.

AYB-yə yaxın olan, vaxtilə təqaüdü alan qələm əhlinin bəziləri deyir ki, gərək təqaüd siyahısını tutanların quyruğunun altından keçəsən ki, səni də “bizim dəstə” siyahısına salsınlar. Sonra da həmin yazarların çoxu istifadə olunmuş “plastik qaşıq” kimi qom-qom dəstələnib bir kənara atılır. 1200 manata görə, dillərini gödəldirlər. Vallah, yalınçıqların yalançısıyam. O, “qom-qom bağlanıb kənara dəstələnənlər” var ha, bax onların...

Bəlkə də AYB-dəki təqaüd yazanlar utandıqlarından belə bir siyahını açıqlamadılar. Utanmağa haqları çatırdı, adamın üstündə Allah var. Çünki bu gedişlə çayxanadan adam tutub təqaüd yazacaqlar. Hələ ki, qələm tuta bilməyənlərindi növbə...

Açığı hər il üç-beş nəfər tutarlı yazanlara təqaüd verirlər ki, kimsə narazılıq yaratsa, həmin adamın üstünə qaldırsınlar. Şərəfi və mənliyi olanlar təbii ki, bundan yayına bilirlər. O biriləri isə “sadiq sümük yiyələri” kimi sosial şəbəkə statuslarında şalvar, yaxalıq “cırmaqlayırlar”.

Başağrısı olmasın, Emil Rasimoğlu, Çinarə Ömray, Fuad Cəfərli, Sərvər Kamranlı, Nofəl Ümid və başqalarının üstündən hoppandırıb onlardan yaşda xeyli gənc olanlara verilib. Təqaüd verilənlərin əksərindən istedadı ilə fərqlənib, seçilib yuxarıda adlarını sadaladığım bu uşaqlar. Sözün bir çox mənalarında...

Nəyi gözləyir AYB-də təqdimat yazanlar?!

Adlarını sadaladıqlarımın 30 yaşı keçməyinimi? Bu qədər unutqan olmaq olmaz, gözlərinizi ovuşdurun görmürsə...

Bilənlər bilir ki, mənim o 198 manata ehtiyacım yoxdur. İndiyə qədər öz maaşım, əlavə gəlirlərim üzərində - yazdığım yazılardan aldığım qonorarı nəzərdə tuturam – ayaqda durmağa çalışmışam. Amma ehtiyacı olan uşaqlar var. Məsələn, Emil Rasimoğlu indiyə qədər kitab çıxara bilməyib, neçə ildir ki, birliyin üzvüdür. Haçan baxsan yazıçılarla görüş keçirir, kitab təqdimatlarına adam dəvət edir.

Bir sözlə, sözlə nəfəs alan adamdır. Heç yerdə də işləmir. Dediyim sözün arxasındayam, Emil Rasimoğlu AYB-nin təqaüdə layiq gördüyü gənc yazarların 90 faizindən tutarlı qələm sahibidir. İstəsə, başqaları kimi gecə-gündüz baş təqaüd mirzələrinin AYB-dəki iqamətgahının ağzında yatar ki, ona da təqaüd yazsınlar. Abrına qısılıb. Çünki Rasim kişidən aldığı dürüst tərbiyə ona imkan verməyib.

Özü ilə söhbətlərimizdə deyib bunları. Amma AYB-yə başına sivri qılınc da çəksən, ağız açası deyil. Hiss edirəm ki, gileylidir. Daha Emilə, kitabını niyə çıxarmırsan, nəyi gözləyirsən, sualını verməyə də utanıram. Yazıçılar Birliyinin tərifə meyxoş ərkan sahibləri isə özünə arxa, sadiq yalınçıqlar axtarır ki, bəd ayaqda önünə keçirməyə “istehkam” olsun. Budur, bizim ədəbiyyatımızın günü, gülüstanı?

Çinarə Ömrayın kitabı çap olundu. Pulu yox idi. Kitabını nəşr edən mətbəə də bundan istifadə etdi. Yazıq Çinarə, təqdimat günü öz kitabını nəşriyyatdan 2 manat 50 qəpiyə almağa məcbur qaldı. Budurmu, Yazıçılar Birliyinin öz üzvlərinə diqqəti?

Sərvər Kamranlının da maddi durumu yaxşı deyil. Sıxıntıları var. Təzə evlənib. Bakıda kirayədə yaşayır. Onun həmin 198 manata hamımızdan çox ehtiyacı var bəlkə də... Özbək xanıməfəndi ilə ailə qurub. Heç olmasa Sərvərə təqaüd kəsərdiniz, a “qıvlasızlar”.

Gəldiyim qənaət odur ki, AYB gənc yazıçıları özündən və nəşriyyatlardan asılı salmaq istəyir. Bununla da ədəbiyyatın 2010-cular nəslinin kökünə balta çalmağa çalışır.

Bu yazını çəkinmədən yazdım. Çünki, heç kimə ağız açası deyiləm. Bunu dəqiq bilirəm. Yəqin ki, bu yazıdan sonra adımın üstündən birdəfəlik xətt çəkəcəklər. Allah sizləri güldürsün, düşüncənizə şükür. Bu qədər cılızlıqla istedadların Qərbə gedən yolunu da kəsirsiniz.

Özünüzdən yuxarıda kimisə görməmək zeyniyyətidir, ya nədir bilmirəm. Amma elə müqəddəs ocağı qonaqlıq məclislərinə, “Nətavan klubu”nu tərif, mədhiyyə yuvasına döndərdiyinizi sizi çiyinlərinizdə bir-bir göməcək bu gənc yazarlar bağışlamayacaq.

# 976 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
#
#
# # #