Hamı darıxmağa məhkumdur-Məti Osmanoğlunun yazısı

Hamı darıxmağa məhkumdur-Məti Osmanoğlunun yazısı
28 aprel 2015
# 11:17

Kulis Məti Osmanoğlunun “Hamı darıxmağa məhkumdur” məqaləsini təqdim edir.

“...Müəllimlər otağında direktordan başqa Qulamdı, bir də Əsəd. Hər ikisi dinməz-söyləməz gediş-gəlişsiz yola baxırdı.

... Bütün günü qulağı batmış kimi oturmuşdular. Dərs də həminki: çevir tatı, vur tatı. Əsəd:

- Darıxırsanmı, ölüm? – dedi.

Darıxmaq nə, bağrı yarılırdı...”

1988-ci ildə o vaxt gənc nasir (gənc sözünü təsadüfi işlətmirəm) Eyvaz Əlləzoğlunun “Gənclik” jurnalının iyul nömrəsində çap etdirdiyi “Əyləncə” hekayəsi bu detalla başlayır. Hekayədə “bura” – insanların darıxdıqları kənd var, “ora” qəhrəmanların nə vaxtsa qopub gəldikləri xəyali ünvan var, bir də iki məkan arasında gediş-gəlişsiz yol... İnsanların bizə təqdim edildiyi mühit məhkumluq yeridir – idealların, arzuların dolaşdığı xəyali ünvandan qopmağın, darıxmaqdan bağrı yarıla-yarıla yaşamağın, ömrü artıq yük kimi çiyində daşımağın məhkumluğu...

İyirmi beş ildən sonra – 2013-cü ilin iyulunda gənc yazıçı (burada da gənc sözünün mətləbə dəxli var) Qan Turalının nəşr etdirdiyi kiçikhəcmli hekayənin qəhrəmanları da darıxan cavanlardır. Hekayə belə də adlanır: “Darıxanlar”.

“- Burda nə var, nə yox?

- Nə olacaq. Günortaya kimi dərsimi deyib gəlirəm evə. Sonra bekarçılıqdı.

- Neynirsən axşama kimi?

- Heç nə. Neyləyəcəm? Gəlib yeməyimi yeyib televizora baxıram. Bir-iki saat yatandan sonra həyətə düşürəm. Çayxanaya dəyirəm. Axşam da gəlib evdə kanalları fırladıb kino axtarıram. Bir şey tapsam oturub baxıram, tapmasam da yatıram”...

Eyvaz Əlləzoğlunun qəhrəmanları – vaxtilə həyatda müxtəlif perspektivləri, daha dəqiq desək, arzuları olmuş kənd müəllimləridir. “Oradan” gələndən sonra “bura” onları bataqlıq kimi səssiz-səmirsiz udub, əlli-ayaqlı öz dibinə aparıb. Bataqlıqdan çıxa bilmirlər.

Qan Turalının “bura” ilə “ora” arasında cərəyan eləyən hekayəsində personajlar bir-birinə əvvəldən yaxşı bələd olan tələbə yoldaşlardır: biri “burada” (əyalətdə) müəllim işləyir, o biri isə “orada” (şəhərdə) qalıb. Onlar universitetdə iqtisadiyyat təhsili alıblar və tələbə olanda düşünürdülər: “Azərbaycan iqtisadiyyatını ancaq biz xilas edə bilərik”... Hekayə dialoq formasında yazıldığına görə oxucuya “sərhədin” hər iki üzünü: həm “buradakı”, həm də “oradakı” insanı görmək imkanı verilir. Hekayədəki gənclər vaxtilə böyük ideyaların içində yaşamış olsalar da, artıq öz cızıqlarına yığışıblar, həyatın reallıqlarına məğlub olublar. Onlar üçün universitet, Marksın, liberalların iqtisadi nəzəriyyələri, marksist təfəkkürlü yaşlı müəllimlərinin dərsləri indi, sadəcə, tələbəlik xatirələridir...

Eyvaz Əlləzoğluna qədər də kənd mühitinin darıxdırıcı həyatı, həyatda özünə yer tapmayıb darıxan insanlar nəsrin (o vaxt sovet ədəbiyyatında “derevenskaya proza” – “kənd nəsri” deyilən bir termin dəbdə idi) tez-tez üz tutduğu mövzulardan idi və bu mövzu, əsasən, lirik-sentimental ladlar üstündə təqdim edilirdi. Eyvaz Əlləzoğlu isə darıxmaqdan qurtuluşun özünəməxsus bir “reseptini” vermişdi və bu, hekayədə, sadəcə, məzmun, süjet elementi olmayıb, həyat həqiqətinin bədii ifadəsi baxımından son dərəcə maraqlı yanaşma idi.

Hekayədə darıxmaqdan xilas olmağın üsulu “oyun” vasitəsilə, şüurlu şəkildə qurulmuş məzhəkə ilə göstərilir və məzhəkənin qurulmasının ayrı-ayrı görüntüləri, təfərrüatları təsvir olunur. Darıxdırıcı həyatın məzhəkə işığında bədii araşdırmasını aparan müəllif ictimai mühitlə onu təşkil eləyən fərdlər arasında maraqlı bir təmas nöqtəsi yaradır. Ətalətlə dolu həyatın özü cəfəng olduğu qədər həmin oyun – kənd müəllimlərinin ekspromt yaratdıqları “əyləncə” də başdan-ayağa absurddur.

Qarşılıqlı mənasızlıq hekayədə qarşı-qarşıya gətiriləndə isə maraqlı bir rezonans alınır: “Əyləncə”nin personajları onları darıxmağa məhkum edən mühitlə əylənir, həyatın özünü lağa, şəbədəyə qoyur, məhkumluğu oyuna, tamaşaya çevirirlər. Bu tamaşa ictimai mühitə, cəmiyyətin yaşayış və düşüncə şərtlərinə kədərli bir istehzadır. Bu o vaxt şüurlara yalançı “xoşbəxtlik” təsəvvürü yeridilmiş sovet reallığına fərqli münasibətin gözlənilməz bir təzahürü idi.

Maraqlıdır ki, müəllimlərin qurduqları oyun (onlardan birinin oğlunun dünyaya gəlməsini “qeyd etmək” tədarükü) oyundan kənarda olanların heç birini təəccübləndirmir, heç kəs bu oyunda özünü “offsayd”da hiss eləmir. Əksinə, kənardakılar da böyük həvəslə bu oyuna qoşulur, “əyləncədə” ürəklə iştirak edirlər. Çünki onların hamısı – BÜTÜN CƏMİYYƏT DARIXIR...

Qan Turalı isə bizi tamamilə yeni bir zəmanənin yeni düşüncəli darıxanları ilə tanış edir. Bu insanlar bir zaman “dünyanı dəyişmək”, ən azından Azərbaycan iqtisadiyyatını xilas etmək iddiası ilə yaşayıblar. Hekayədə həyata təzə atılmış, hələ dünyaya kitabların içindən baxan gənclərin düşüncələrinin bir fraqmenti, kəsiyi – çayxana söhbəti təqdim edilir. (Yeri gəlmişkən, Eyvazın təqdim etdiyi “Əyləncə”nin əsas ünvanı, vaqe olma məkanı da ictimai iaşə ocağı – yeməkxanadır).

“Darıxanlar” hekayəsində fərqli məqam budur ki, müəllifin bizə təqdim etdiyi fraqmentdə həyat, ictimai gerçəklik gənclərin başında öz oyununu oynayır və onların yaşadıqları mühit, iqtisadi və ictimai gerçəklik özləri də hiss etmədən onlara öz şərtlərini “yedirdib”, onları öz çərçivələrinə salıb. Bu çərçivənin içində onlar artıq həyat adlı oyunun oyunçuları deyil, tamaşaçılarıdır, bir araya gəldikləri çayxanada, sadəcə, oyunun nəticələri barədə öz təəssüratlarını və arzularını bölüşürlər.

Eyvazın hekayəsinin qəhrəmanları hekayənin çap olunduğu “Gənclik” jurnalının o vaxt publisistikanın leksikasına gətirmiş olduğu “itirilmiş nəslin” nümayəndələridir. Universitetdə təhsil alanda marksizmin nəzəriyyəsini məcburi şəkildə oxumuş bu cavanlar üçün marksizm bir ideya kimi çoxdan ölüb: onların yaşadıqları cəmiyyətdə marksist fəlsəfə üzərində qurulmuş ictimai ideallar iflasa uğrayıb, yerli-dibli unudulub. Yeni bir ideal üçünsə təqdim olunan mühitin içində hər hansı işıq yeri yoxdur, buradakı gənclər nə dünyanı izah etmək, nə də dəyişdirmək iddiasındadırlar: pəncərədən baxanda yol görünsə də, çoxdan o yolun gediş-gəlişi kəsilib...

Qan Turalının darıxan gəncləri, əslində, müəllifin “Mustafa” romanının mühitindən və havasından – oxuduqları kitabların səhifələri arasından hələ tam çıxmamış universitet məzunlarıdır. Onların yaşadıqları mühit və cəmiyyətlə tamam başqa hesabları olub və hələ də var. Marksın məşhur tezisini hələ unutmayıblar: Filosoflar dünyanı, yalnızca, çeşidli şəkillərdə izah etmişlər; məsələ isə onu dəyişdirməkdir”. Onlar hələ də dünyanı, ictimai proseslərin məzmununu başa düşmək, “izah etmək” üçün baş yorurlar. Bununla belə, “dünyanı dəyişməyə” gücsüz olduqları həqiqətini də dərk etmək məcburiyyətindədirlər. Getdikcə antik filosoflara çevrildiklərini hiss edirlər: “Oturub dünyanın necə yaranması haqda fikir yürüdürdülər, amma dəyirmanı eşşəklər fırladırdı, ağıllarına da gəlmirdi ki, dəyirman üçün nəsə bir kəşf eləsinlər”.

Beləliklə, yeni dövrün – kapitalizm zəmanəsinin (bunu bəlkə “ilkin kapitalizm” və ya iqtisadçıların təbirincə, “vəhşi kapitalizm” adlandırmaq daha doğru səslənə bilər) gəncləri üçün də yol gəlib dalana dirənib. Qan Turalı, qabarıq ifadə etməsə də, sətirlər arasında “Darıxanlar”da “insanın özgələşməsinin” bədii təhqiqatını aparmağa çalışır və bu hekayədən bir qədər sonra yazdığı essedə müəllifin həmin mövzu üzərində elmi-fəlsəfi mülahizələrinin də şahidi olmaq mümkündür...

İnsanı “özgələşdirib” istismar alətinə, pulsayan maşına çevirmiş zəmanənin əlindən çıxış yolu görə bilməyən (Eyvazın hekayəsindəki obrazla ifadə etsək, “gedişsiz-gəlişsiz” yolun o biri başında qalan) gənc qəhrəmanlardan birinin yaşamağı arzuladığı həyat heç də qeyri-adi bir xəyal ifadəsi, əlçatmaz “uzaq yaşıl ada” deyil. Adidən də adi bir insan güzəranıdır: “İstəyirəm, bax elə bizim şəhərdə yaşayım. Balaca bir evim, azca qazancı olan bir işim olsun. Özümə bir kabinet düzəldim. Bir bloq açım. İqtisadiyyat haqda məqalələr yazım. Roman oxuyum. Hər gün orda işləyim. Həyətdə dovşan saxlayım. Sədan da toyuq-cücə saxlasın. Uşaqlarımız olsun. Məktəbdən gəlsinlər. Sədan onlara nağıl oxusun, mən misal-məsələlərinə kömək edim. Şənbə günləri bir yerdə filmə baxaq”.

Bu istəyə qovuşmaq o qədər də çətin olmaz (Eyvazın qəhrəmanları təxminən bu həyatı yaşayırdılar), qarşıda amansız darıxmaq olmasa.

Çünki sonunda hamı darıxmağa və darıxmaqdan qurtuluş yolu axtarmağa məhkumdur.

Burada Belinskinin Qoqolun yaradıcılığından bəhs edərkən yazdığı bir ifadə yada düşür: “Zamanın ideyaları olduğu kimi, zamanın formaları da olur”...

Eyvaz Əlləzoğlunun darıxanları – XX əsrin sonunda iflas etməkdə olan bir ictimai-siyasi sistemdə yaşayan ziyalılar “gedişsiz-gəlişsiz yoldan” əllərini üzüb, xilası həyatın özü ilə əylənməkdə görürdülər.

XXI əsrin əvvəllərində, yeni tarixi şəraitin yetişdirməsi olan Qan Turalı darıxmaqdan qurtuluş yolunun axtarışına ciddi yanaşır, buna elmi-fəlsəfi həll (məsələn, “slow life” – həyatın tempini ləngitmək) axtarmağa meyllidir.

İnsanları darıxmağa əbədi məhkum etmiş zamanın ideya və formaları isə daha çevik və mütəhərrikdir: zaman yeni əyləncələr, ağlagəlməz məzhəkələr, qatı açılmamış şəbədələr təklif edir. Gənc yazıçı Aqşin Yeniseyin hekayələrində bədii sözün şəbədə yeri uzaq kənd məktəbi, sakit bir əyalət şəhəri yox, hamının lap yaxşı tanıdığı adlar və ünvanlardır.

Aqşinin şəbədə üstündə yazılmış “Əsl cəhənnəm qabaqdadır” hekayəsinin əsas qəhrəmanlarından biri də elə yazılarında zəmanənin dərdinə bədii-elmi-fəlsəfi çarə axtaran Qan Turalıdır: şəxsən müəllifin özü başda olmaqla Murad Köhnəqala, Rasim Qaraca, Şərif Ağayar, Həmid Herisçi, Kənan Hacı, Zamin Hacı, Əsəd Qaraqaplan, Seymur Baycan kimi bu dünyada darıxan yazıçı dostlarını o dünyada telarabaya doldurub, kələ-kötür yolla cəhənnəmə aparır...

"Ədəbiyyat qəzeti"

# 974 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #