Bu gün Argentina yazıçısı Xulio Kortasarın doğum günüdür. Maqik realizim cərəyanının böyük nümayəndəsi 1914-cü il 26 avqust tarixində anadan olub (ö. 1984). Kulis.az Xulio Kortasarın müsahibəsini təqdim edir.
- Son illər zamanınızın çoxunu Latın Amerikasındakı azadlıq mübarizələrinə dəstək verməkə keçirirsiniz. Bu vəziyyət həqiqətlə fantastik dünyanı bir-birinə daha çox yaxınlaşdırmağınıza köməkçi olub sizi ciddi insan kimi formlaşdırdımı?
– Mən “ciddiyyət” fikrini çox sevmirəm. Çünki ciddi bir insan deyiləm. Ən azından ciddi adam, ya da ciddi qadın dediyimizdə fərqinə vardığımız mənada ciddi biri deyiləm. Amma son bir neçə ildə Argentina, Çili, Uruqvay, Nikaqura kimi Latın Amerika rejimləri söhbətində göstərdiyim cəhdlərə özümü elə aludə etdim ki, məncə bir neçə hekayəmdə bu mövzulara toxunarkən fantastik nəqli həqiqətə çox yaxın formada istifadə etdim. Bu səbəbdən də özümü əvvəlki kimi azad hiss etmirəm. Dediyim odur ki, otuz il əvvəl ağlıma nə gəlsə yazar, yazdıqlarımı da sadəcə estetik ölçülərə görə dəyərləndirirdim. İndi hər şeydən əvvəl bir yazıçı olduğum üçün yenə də estetik ölçülərə görə dəyərləndirməyə davam edirəm. Amma artıq mən əzab çəkən, başı Latın Amerikasındakı vəziyyətlə son dərəcə məşğul olan bir yazıçıyam. Beləliklə bu narahatlıq bilərəkdən, ya da bilməyərəkdən yazılarıma da sızır.
Əslinə qalanda idealist və siyasi problemlərə açıq şəkildə atmacaların olmasına rəğmən hekayələrim mahiyyət etibarı ilə həmişə eyni formada qaldı. Hekayələrim yenə də fantastik helayələrdi. Tərəf tutan, bugünkü deyimlə burnunu siyasətə soxan bir yazıçı üçün əsl narahatlıq yazıçılığa davam edə bilməkdir. Əgər yazıçının yazdıqları siyasi məna daşıyan bəsit bir ədəbiyyata çevrilərsə, bu fövqəladə bir vəziyyət olar. Bu günə qədər bir çox yazıçının başına gələn də budur. Yəni əsas məsələ tarazlığı yarada bilməkdədir.
Söhbət mənimlə bağlı olanda isə bunu deyə bilərəm ki, mənim edə biləcəklərim hər zaman ədəbiyyat naminə olmalı və əlimdən gələnin ən yaxşısını etməliyəm. Eyni zamanda da bu yazıları gündəlik həqiqətlərlə hamarlamaq lazımdır. Bax, bu tarazlığı yaratmaq çox çətindir.
“Zamansız” kitabımda siçanlarla əlaqəli olan bölüm əslində Argentina gerilyalarına qarşı aparılan mübarizədən bəhs edir. “Sataras” adlı hekayəni yazarkən isə əsil məqsədim sadəcə siyasətin səviyyəsinə bağlı qalmaq idi.
- Bü cür hekayələrinizlə bağlı nə kimi reaksiyalar aldınız? Ədəbi çevrədən aldğınız reaksiyalarla, siyasi çevrədən aldıqlarınız arasında fərq çox idi?
– Əlbəttə vardı. Latın Amerikasında siyasətlə heç maraqlanmayan burjuy oxucular, ya da sağçıların tərəfində olan oxucular mənim zehnimi qurdalayan problemlərə, yəni mətnin oxucuya sentimental təzyiq göstərəcəyi kimi məsələlərə heç fikir vermirdilər. Bu insanlar yazılarımın siyasi məna daşımasına heyflənsələr də onlar mənimlə eyni duyğuları, eyni mübarizə ehtiyacını paylaşan gənclər, ədəbiyyat aşiqi olan oxucular bu yazılarımı da sevirlər. Kubalılar “Meeting”i bəyənir. “Solentiname’da Kıyamet”i de nikaquralılar təkrar-təkrar böyük zövqlə oxuyurlar.
- Siyasətlə bu qədər maraqlanmağınıza yol açan səbəb nədir?
– Latın Amerikasındakı ordu mənim işimə daha sıx bağlanmağımın əsl səbəbidir. Onlar geri çəkilsəydilər, bir dəyişiklik olsaydı o zaman bir az dayanıb dincələr, ancaq yazı xarakterli şeirlər, hekayələr yazardım. Amma bu vəziyyətdə mənə işləmək üçün material verən bu ordudu.
- Fantastik dünyaya olan marağınız nə zaman başladı? Deyəsən çox gənc illərinizə təsadüf edir?
– Uşaqlığımdan başladı. Sinif yoldaşlarımın çoxunda fantastik duyğu yox idi. Hər şeyi olduğu kimi qəbul edirdilər… Misal üçün bu bir bitkidi, bu isə kreslo… Amma mənim üçün nəsnələrin o cür təqdimi yetərli deyildi. Mənim anam xəyal dünyası qüvvətli olan bir qadındı. O, hər zaman məni bu cür mövzulara təşviq etdi. “Xeyr, belə olmaz, ciddi olmalısan” demək əvəzinə xəyalpərəst olduğum üçün məmnun idi. Fantastik dünyaya istiqamətləndiyim zaman mənə çoxlu kitablar verərək kömək oldu. Edqar Allan Ponu ilk dəfə oxuduğum zaman doqquz yaşındaydım. Kitabı gizlin götürüb oxudum. Çünki anam o kitabı oxumağımı istəmir, bunun üçün hələ çox kiçik olduğumu fikirləşirdi. Əslində haqlı idi. Kitab məni həqiqətən də qorxutmuşdu. Üç ay ərzində xəstə kimi gəzib dolaşmışdım. Çünki orada yazılanların həqiqət olduğuna ürəkdən inanmışdım. Bu barədə xırdaca bir şübhə də duymamışdım. Həyatda hər şey onsuz da elədi. O cür kitabları dostlarıma məsləhət görəndə onlar deyirdilər: Yox, biz kovboylardan bəhs edən hekayələr oxumaq istəyirik. O zamanlar kovboylar çox sevilirdilər. Buna bir məna verə bilmirdim. Mən fantastik dünyaya üstünlük verirdim.
- Sonralar Ponun bütün əsərlərini tərcümə edərkən, daha diqqətli oxuduğunuz zaman yeni şeylər kəşf etdiniz?
– Əlbəttə çox şeylər kəşf etdim. Ən əsası isə Ponun dilini kəşf etdim. İngilislər və amerikalıların hədsiz bəzəkli hesab edərək tənqid etdikləri dilini… Mən ingilis və ya amerikalı olmadığım üçün onun yazdıqlarına fərqli baxışla yanaşdım. Bəli, çox köhnəlmiş, şişirdilmiş tərəfləri ola bilər. Amma onun dühasının yanında bunlardan söz etməyə dəyməz. “Aşerin evinin çöküşü”, “Ligeya”, “Berenika”, “Qara pişik” kimi hekayələri yazmağı fövqəladə, fantastik elementlər məsələsində tam bir dahi olduğunu göstərir.
- Yazınızda fantastik elementlərlə bərabər xarakterlərinizə qarşı səmimiyyət və sevgi hiss edilir…
– Uşaq və yeniyetmə xarakterlərimə qarşı həqiqi mehribanlıq bəsləyirəm. Romanlarımda, hekayələrimdə canlı olduqlarına inandığım üçün onlara böyük bir sevgiylə yanaşıram. Əgər hekayəmdəki bir yeniyetmədirsə, yazarkən mən də yeniyetmə oluram. Belə surətləri yaradarkən vəziyyət bir az fərqli olur…
- Yazılarınızın avtobioqrafik olmamasının səbəbi budur?
– Avtobioqrafiyanı sevmirəm. Nə zamansa xatirələrimi yazmağı da düşünmürəm. Başqalarının avtobioqrafiyası diqqətimi cəlb edir. Amma özümünkü deyil. Özüm haqqında yazmalı olsam, gərək hər zaman həqiqi və dürüst olum. Xəyalımın məhsulu olan avtobioqrafiya yaza bilmərəm. Belə olsa, hansısa bir tarixçidən fərqlənmərəm. Öz tarixini yazan bir tarixçi… Doğrusu bu da məni bezdirər. Çünki mən yaratmağı, xəyal etməyi sevirəm. Əlbəttə, başımda bir roman, bir hekayə fikri doğulduğu zaman öz həyatımdan bəzi vəziyyətlər, anlar çox təbii bir şəkildə tez-tez gəlib həmin məzmuna yerləşir. "Deshoras" adlı hekayəmdə dostunun bacısına aşiq olan cavan oğlan fikri əslində avtobioqrafikdi. Yəni hekayənin kiçik bir parçası mənə aiddir. Amma o nöqtədən sonra baş verənlər fantastika, ya da xəyali elementlərdir.
- Hekayələrinizi yazmağa hardan və nə ilə başlayırsınız? Müəyyən bir giriş, bir fikir olur?
– Romanlarımı, hekayələrimi hər hansı bir yerdən başlaya bilərəm. Yazma prosesinə gəlincə, yazmağa başlamazdan xeyli əvvəl, bəzən iki üç həftə qabaq hekayə zehnimdə yaranmış olur.
Tam aydın olmasa da, hekayə haqqında ümumi fikir zehnimdə canlanır. Misal üçün, hardasa bir ev. Evin bir küncündə dibçəkdə qırmızı çiçəkləri olan gül və həmin evdə gəzişən bir adam… Hekayə haqqında fikrimdə canlanan yeganə görüntü bu olur. Yəni fikirlər bu cür formada yaranır. Daha sonra yuxular başlanır. Bu cür fikirlər meydana gələn zaman yuxularım yazacağım hekayədə nələrin olacağına dair eyhamlarla dolu olur. Hətta bəzən bütün hekayəni yuxuda görürəm. İlk hekayələrimdən birində əslində gördüyüm bir kabusdur. Dərhal oyanıb o kabusu yazmışdım. Amma yuxularımda gördüklərimin əksəriyyəti xırda-para ipuclarıdır. Yəni hekayə şüuraltımda işlənməkdədir. Mən yuxu görərkən, həmin əhvalatlar zehnimə yazılır. Hekayə yazmağa əhvalatın istənilən yerindən başlaya bilərəm deməyimin səbəbi də o anda hələ hekayənin əvvəlini və ya sonunu yəqinləşdirməmiş olmağımdan irəli gəlir. Yazmağa başladığım zaman həmin ilk sətirlər hekayənin başlanğıcı olur. Lakin bu başlanğıc əvvəlcədən müəyyən olunmur. Yazı prosesi zamanı bilinir və davam edir. Hekayənin sonu haqqında da çox vaxt aydın fikrim olmur. Gedişat zamanı nələrin baş verəcəyini belə bilməyə bilərəm. Hadisələr hekayə yazıldıqca yavaş-yavaş aydınlaşır. Sonra birdən-birə hekayənin sonunu görürəm.
- Yəni hekayəni yazı prosesi zamanı kəşf edirsiniz?
– Bəli. Bu cazdakı spontama bənzəyir. Bir cazmendən "nə çalacaqsınız?" deyə soruşa bilməzsiniz, yoxsa sizə gülər. Onun bağlı qalmaq məcburiyyətində olduğu müəyyən bir mövzusu, silsilə akordu var. Ardınca da saksofonunu götürüb çalmağa başlayar. Bu hazırlıqlı vəziyyət deyil. O, daxilindən gələn müxtəlif titrəmələrə uyğunlaşaraq çalar. Bəzən ortalığa çox yaxşı bir şey çıxar. Bəzən də heç bir parlaqlıq olmaz. Eyni məsələ mənə də aiddi. Hekayələrimin sonuna imzamı atmağa çəkindiyim məqamlar da olur. Amma romanlarım haqda bunu deyə bilmərəm. Çünki onların üzərində çox işləyirəm. Bütün quruluşu qururam. Hekayələrimi isə mənə sanki daxildən kimsə söyləyib yazdırtdırır. Və onlara cavabdeh mən deyiləm. Ancaq belə olsa da, yazdığım hekayələrin hamısı mənə aiddir. Onları qəbul etməyə məcburam.
- Hekayə yazmağın sizi hər zaman narahat edən məlum tərəfləri var?
– Ümumilikdə yoxdur. Dediyim kimi əhvalat onsuz da daxilimdə yazılmış, bütün ölçüləri, quruluşuyla meydana çıxmışdır. Hekayənin çox qısa və ya uzun olacağı da sanki əvvəlcədən müəyyənləşdirilib. Səhifənin qarşısında əyləşdiyim zaman daha çox düşünürəm. Yavaş-yavaş daha ehtiyatlı şəkildə, qısa və konkret yazıram. Bir çox tənqidçilər buna görə mənə qarşı sitəmkar davranaraq, hekayələrimdəki elastikliyi getdikcə itirdiyimi deyirlər. Demək istədiklərimi daha ölçülü formada yazıram. Bu yaxşı, ya pisdir deyə bilmərəm. Hər vəziyyətdə bu mənim yazı üsulumdu.
- Romanlarınızı yazarkən əsərin quruluşunu tam şəkildə qurduğunuzdan danışdınız. Belə olan halda bu roman yazarkən tam fərqli bir işi icra etdiyiniz mənasına gəlir?
– "Xana-xana oyunu" romanı üçün yazdığım ilk hissəni sonradan kitabın ortalarına daxil etməli oldum. Bu qəhrəmanların bir mənzilin eyvanından o birinə keçə bilmək üçün pəncərələr arasına taxta dirək yerləşdirdikləri hissə idi. Həmin hissəni nə üçün yazdığımı bilmədən yazmışdım. Obrazları və Buenos-Ayresdə təsvir etdiyim əhvalatı özüm görmüşdüm. Çox isti bir gün olduğunu xatırlayıram. Qarşımda yazı makinası pəncərənin yanında oturmuşdum. Bir kişinin öz arvadını taxtanın üstü ilə digər eyvana keçməyə məcbur etdiyini gördüm. Deyəsən ona mismar lazım idi. Özü getmir arvadını göndərirdi. Gördüyüm mənzərəni uzun-uzadı yazdım. Bir də baxdım ki, yazdıqlarım qırx səhifəni ötüb. Bitirəndən sonra öz-özümdən soruşdum: "Çox gözəl, lap yaxşı. İndi mən nə yazmışam? Axı bu hekayə deyil. Elə isə nədir?" Sonra fərqinə vardım ki, roman yazmağa başlamışam. Amma o nöqtədən davam edə bilməzdim. Yazdıqlarımı orada saxlayıb geriyə dönməli, hadisədən əvvəl Parisdə keçən bütün hissələri, Olivyeranın keçmişini yazmağım lazım idi. Daha sonra romanın ilk hissələrini yazıb taxta üzərində getmək hissəsinə gəlib çatanda qaldığım yerdən davam etdim.
- Latın Amerikasının problemləri ilə bu qədər maraqlanmağınıza səbəb Kuba inqilabının olmasını tez-tez qeyd edirsiniz.
– Bəli, indi də eyni fikri deyə bilərəm.
- Yazı yazarkən xüsusilə seçdiyiniz yerlər, məkanlar var?
– Əslində yoxdu. Təzə-təzə yazmağa başlayanda, gənclik illərində ətraf mühitin şərtlərindən o qədər də təsirləməzdim. Misal üçün "Xana-xana oyunu" romanının bir hissəsini Parisdəki kafelərin birində yazdım. Səs-küydən heç narahat olmurdum. Əksinə çox xoşuma gəlirdi. Orada çoxlu yazırdım, mütaliə edirdim. Yaşım artdıqca başı daha qarışıq bir adama çevrildim. Tamamilə səssiz mühit tapdığım zaman yaza bilirdim. Əgər yazı yazdığım məkanda musiqi səsi varsa, yazmağım mümkün deyil. Musiqi səsindən mütləq uzaq olmalıyam. Musiqi başqa şey, yazmaq başqa… Müəyyən bir sakinlik mütləq gərək olur. Amma bununla yanaşı yazılarımı oteldə, aeroportda, dostumun evində və ya öz evimdə yaza bilərəm.
- Bir az da Parisdən danışaq. Otuz il əvvəl yığışıb Parisə köçmək cəsarətini sizə verən nə idi?
– Cəsarətmi? Bunu etmək çox cəsarət istəmirdi. Lazım olan belə bir həqiqəti qəbul etmək idi: o zamanlar Parisə gəlmək, Argentina ilə bütün əlaqələrimi kəsmək, çox yoxsul bir həyat sürmək, dolana bilmək üçün bir çox problemlə boğuşmaq mənasını verirdi. Amma bu məni narahat etmədi. Necə olur olsun bacara biləcəyimə inandım. Parisə gəlməyimin ən əsas səbəbi, Parisin, fransız mədəniyyətinin mənə həqiqətən cazibədar görünməsi idi. Argentinada Fransa ədəbiyyatından olan əsərləri oxumuşdum. Bu səbəbdən burada olub kitablarda, romanlarda haqqında bəhs olunan prospektləri, yerləri görüb tanımaq istədim. Balzakın təsvir etdiyi küçələrdə getmək nostalji səfər idi. Romantik adamıydım. Yəni indi də eləyəm. Əslində yazarkən xeyli diqqətli olmalıyam. Çünki tez-tez dağınıq oluram… Buna zövqsüzlük yox, bir az şişirdilmiş romantiklik deyək. Şəxsi həyatımda özümü və hisslərimi idarə etmək məcburiyyətində deyiləm. Çünki həqiqətən də çox romantikəm… Mehriban bir insanam. Daxilimdə insanlara bəxş edə biləcəyim böyük bir şəfqət var. Nikaraquraya təqdim etdiyim də şəfqətimdi. Təbii ki, sandinitstaların etdikləri hərəkətlərdə haqlı olduqları, təqdirə dəyər bir mübarizə icra etdikləri istiqamətindəki siyasi qənaətimin də təsiri var. Amma hiss etdiklərim təkcə siyasi impuls deyil, müdhiş həssaslıqdır. Çünki mən oradakı xalqı sevirəm. Onları kubalıları, argentinalıları sevdiyim kimi sevirəm. Və bütün bunlar mənim şəxsiyyətimin parçasıdı. Hələ gənclik illərində yazarkən həmişə özümə hakim olmalı oldum. O zamanlar kədərli şeylər yazdım. Tam mənasıyla romantizm idi. Anam onları oxuyub ağlayardı…
- Məşhur əsərlərinizin demək olar xeyli hissəsini Parisə gələndən sonra yazmısınız. Ancaq bildiyim qədəri ilə Parisə gəlməzdən çox-çox əvvəl yazmağa başlamısınız. Hətta bəzi hekayələriniz çox kiçik olduğunuz zaman nəşr olunmuşdu…
– Yazmağa doqquz yaşımda başladım. Yeniyetməlik və gənclik illərimdə də davam etdim. O zamanlar da hekayələr və romanlar yazırdım. Bu da doğru yolda olduğumu göstəricisiydi. Amma nəşr olunmağı istəmirdim. Özümə qarşı sərt idim və indi də eləyəm. Yadıma gəlir dostlarım bir neçə şeir və ya qısa roman yazandan sonra tələm-tələsik nəşriyyat axtarışına başlayırdılar. Mən isə öz-özümə deyirdim: "Yox. Sən nəşr olunmayacaqsan, Xulio. Bu məsələdə razılığa gələk." Yazdıqlarımdan bəzilərini saxladım, o birilərini isə atdım. İlk hekayələr kitabım 1951-ci ildə çap olunanda yaşım otuzu keçmişdi. O zamanlar hələ Fransaya gəlməmişdim. Kitabın nəşrindən bir ay sonra gəmiyə minib Fransaya gəldim. O kitabdan əvvəl imkanlı dostumun köməyi ilə bir kitabım da çıxmışdı. Bir də lap çoxdan özüm başqa bir imzayla kiçik bir kitabça nəşr etdirmişdim. Ancaq həmin nəşrləri gənclik xətası hesab edirəm.
- Buenos Ayres adlı tanqo musiqi albomunun şeirlərini siz yazmısınız. Tanqo üçün şeirlər yazmaya necə başladınız?
– Mən bütünlüklə argentinalıyam. Tango bizim milli musiqimizdi. Mən də hələ uşaqlıqdan tanqo havası içərisində böyüdüm. O zamanlar tanqonu radioda dinləyərdik. Radio biz tərəflərə təzə-təzə gəlmişdi. Anamla bibim pianoda tanqo çalıb-oxuyardılar. Carlos Gardeli və zamanın digər vacib müğənnilərini də radiodan dinləyirdik. Beləliklə tanqo şüurumun bir parçasına çevrildi. Musiqi məni gənclik illərimə, Buenos-Ayresə götürür. Həm də buna görə tanqo məni ovsunlayır. Lakin buna baxmayaraq tanqoya qarşı həmişə tənqidi münasibət bəsləmişəm. Çünki mən bu musiqi növünü dünyanın ən möhtəşəm möcüzəsi hesab edən argentinalılardan deyiləm. Xüsusilə cazla müqayisə edildiyində, tanqo çox zəif bir musiqidir. Orkide çiçəyi ilə müqayisə olunmayacaq qədər sadə və özünə məxsus gözəlliyə malik güllər kimi tanqoda sadə və gözəldi.
- Yazma vərdişləriniz nələrdir? Bunlarda dəyişən müəyyən şeylər oldumu?
– Heç dəyişməyən və əsla dəyişməyəcək olan tək şey qarışıqlıq ilə nizamsızlıqdı. Yazı prosesində heç bir üsuldan istifadə etmirəm. Bir hekayə yazmaq istəyirəmsə, hər şeyi bir kənara qoyub həmin hekayəni qələmə alıram. Bəzən bir hekayəni bitirəndən sonra bir, iki ayın içərisində iki, üç hekayə də yazıram. Hekayələr çox vaxt silsilə şəklində zehnimdə yaranırlar. Bir əhvalatı yazıb bitirəndən sonra hisslərim açıq qalır. Daha sonra bəlkə daha bir hekayə "yaxalaya bilərəm" deyə fikirləşməyə başlayıram. Necə bir bənzətmə etdiyimə diqqət yetirin… Amma bu həqiqətən də sizə dediyim kimidir. Hekayənin süjeti qəfildən ağlıma gəlir. Bəzən həmin an oturub yazaram. Bəzən də həmin süjet bir ildən sonra vərəqə tökülür.
Son bir neçə ili isə vaxtımın böyük hissəsini yazı makinasının arxasında siyasi məqalələr yazaraq keçirirəm. Nikaraqura, Argentina haqqında yazdığım mətnlərin ədəbiyyatla heç bir əlaqəsi yoxdu. Onlar militan yazılardı.
- Kitablarınızdakı avtobioqrafik yazılarda həvəskar truba ifaçısı olduğunuzu ifadə olunur. İndiyə qədər hər hansı bir musiqi qrupunda ifa etdinizmi?
– Xeyr. Əslində truba məsələsi gənc yaşda ölən çox yaxın dostum Pol Blackburnun uydurduğu əfsanə idi. Evdə öz-özümə bir azca truba çaldığımı bildiyi üçün "birlikdə işləyə biləcəyin musiqiçilər tapmalısan" deyərdi. Mən də "amerikalıların da dediyi kimi, bu mənim həddim deyil" deyə cavab verərdim. Qabiliyyətim yox idi. Yalnız özüm üçün ifa edirdim. Asanlıqla öyrənilən bir melodiyanı, xüsusilə də müəyyən bir mövzusu olan caz ifaçıları Jelly Roll Mortonun, Armstronqun, ya da Ellingtonun musiqilərini dinləyərək trubamla onları müşayiət edərdim. Amma bu onlarla birlikdə ifa etməyim mənasını vermir. Caz musiqiçilərinə yaxınlaşmağa əsla cəsarət edə bilmədim. Trubam da otaqların birində itə-bata düşdü. Blackburn mənim trompetlə olan fotomu kitabına yerləşdirdi. İnsanlar da məni musiqi aləti ilə olan fotoma əsaslanaraq çox yaxşı ifaçı olduğuma inandılar. Necə ki, yaxşı olmayan əsərlərimi nəşr etdirmirəm. Trompet ifa etmək məsələsində də vəziyyət eynidi.
- “Manuelin kitabı" adlı əsərinizdən sonra hər hansı bir roman üzərində işləyirsinizmi?
– Xeyr. Səbəbi də çox sadədi. Siyasi mövzularla əlaqədar işlərim yeni əsərlər yazmağıma imkan vermədi. Mənim fikrimcə roman yazmaq, gördüyün işi yarımçıq saxlamadan sakitcə işləyə bilmək üçün ən azı bir il vaxt lazımdır. Mən isə hələlik bunu edə bilmirəm. Əgər ömür vəfa etsə, ehtiyacım olan kimsəsiz bir adada, bir otaq mənə qismət olsa, o zaman xeyli vaxtdan bəri düşündüyüm romanı yazacam. Bu roman başdan ayağa ədəbiyyat qoxuyan bir roman olacaq.
- Yazmaq həqiqi həyatla ədəbiyyatı tarazlaşdırmağı tələb etdiyi üçün çox çətin olmalıdır.
– Həm elədir. Həm də deyil. Bu sizin istəklərinizin, sizin üçün nəyin vacib olmasına bağlı məsələdir. "Ah romanımı yazmaq istəyirəm, amma evimi satmaq məcburiyyətindəyəm. Bir yandan da vergi xərclərim var. Nə edə bilərəm?" və yaxud da "Bütün günü ofisdə işləyirəm. Məndən kitab yazmağı necə gözləyərsiniz?" kimi bəhanələr çox eşidirəm. Mən isə səhərdən axşama qədər “UNESCO”da işlədikdən sonra evə gəlib "Xana-xana oyunu" romanını yazdım. İnsan yazmaq istəyərsə yazar, yazmağa məhkumdursa yazar…
- Ədəbi tərcümələr edirsinizmi?
– Xeyr, artıq o peşə ilə məşğul olmuram. Çox sadə bir həyat sürürəm. Val, kitab, tütün kimi sevdiyim şeyləri almaq üçün çoxlu pula ehtiyacım yoxdu. Əsərlərimin satışından gələn gəlirlə rahatca dolana bilirəm. Kitablarımı o qədər çox dilə tərcümə etdilər ki, bu yolla qazandığım pul mənə çatır. Təbii bir az diqqətli xərcləmək lazımdır.
- Məşhurluq, müvəffəqiyyət çox xoşunuza gəlirmi?
– Dinlə, heç kimin bu sözlərimə inanmayacağını bildiyim üçün bunu dönə-dönə qeyd etməyi lazım bilirəm. Müvəffəqiyyət mənin üçün heç də xoşagələn hal deyil. Yazdıqlarımla dolana bildiyim üçün xoşbəxtəm. Buna görə də müvəffəqiyyətin məşhur və tənqidi tərəflərinə dözmək məcburiyyətindəyəm. Amma tanınmamış bir adam olanda daha xoşbəxt idim. Hətta çox, çox xoşbəxt… İndi isə addımbaşı məni tanıyan, imza istəyən, mənə sarılan insanlara rast gəlmədən Latın Amerikasına, İspaniyaya getməyim mümkün deyil. Əslində bu çox təsir edici haldı. Çünki oxucularımın çoxu gənclərdi. Məşğul olduğum işi sevmələrindən məmnunam. Amma şəxsi həyat baxımından bu qədər maraq, diqqət son dərəcə boğucudur. Avropada çimərliyə gedə bilmirəm. Beş dəqiqədən bir fotoqrafla rastlaşıram. Nəzərəçarpan bədən quruluşum olduğundan tanınmamaq üçün görünüşümü dəyişdirməyim mümkün deyil. Əgər cılız bir adam olsaydım üzümü təraş edib günəş eynəyi taxaraq dəyişərdim.
Amma boy-boxunum və uzun qollarımla çox uzaqdan belə tanınıram. Digər tərəfdən baxsaq, bunun çox gözəl tərəfləri var. Bir ay əvvəl Barselonadaydım, bir axşam Gothic Quarterdə gəzərkən gitara çalıb, mahnı oxuyan amerikalı bir qız gördüm. Çox gözəl qız idi. Yerdə oturub mahnı oxuyaraq dolanışığı üçün pul qazanırdı. Təmiz və aydın səsi bir az Joan Baezə bənzəyirdi. Bir qrup barselonalı gənc onu dinləyirdi. Mən də onu dinləmək üçün özümü kölgəyə verib dayandım. Bir az sonra iyirmi yaşında bir gənc əlində keks mənə yaxınlaşıb dedi: “Bir dilim keks götür, Xulio.” Mən onun sözünü yerə salmadım. Keksi yedikdən sonra təşəkkür etdim. O isə mənə dedi: “Sizin mənə verdiklərinizin əvəzində bir dilim keksin söhbəti belə olmaz". Belə demə dedim. Və biz bir-birimizə sarılıb qucaqlaşdıq.
Belə anları yaşamaq yazıçı olmağın ən yaxşı tərəfləridi. Bir gənc oğlanın, qızın yanınıza gəlib sizinlə danışması, sizi keksə qonaq etməsi möhtəşəm hissdir. Bunları yaşamaq üçün yazmaq kimi zəhmətli bir işlə məşğul olmağa dəyər.
Tərcümə: Samirə Əşrəf
Sim-sim.az