Kulis.az yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının “Həqiqətin bir addımlığında” yazısını təqdim edir.
Məşhur “Əli və Nino” romanı qədər taleyi müəmmalarla, macəralarla dolu olan, müəllifliyinə iki yox, daha çox qələm sahibinin iddiaçi olduğu güman edilən, bir-birinə zidd versiyaların daim toqquşduğu ikinçi bir əsər tapmaq çətindir. Romanla bağlı araşdırmaların həcmi bütöv bir institutun gördüyün işin həcmi qədərdir. Amma, inanıram ki, bu yazı da, qələmə aldığım kitab da sonuncu deyil, “Əli və Nino”nun taleyi hələ uzun müddət fikirləri məşğul edəcək.
Yusif Vəzir Çəmənzəminlinin “Qurban Səid” imzasıyla “Əli və Nino” adlı roman qələmə aldığını ilk dəfə ötən əsrin 90-cı illərinin əvvəllərində yazıçının oğlu mərhum Fikrət Vəzirovdan eşitmişdim. Əsər Mirzə Xəzərin tərcüməsilə Azərbaycan türkcəsində “Azərbaycan” jurnalında çap olunandan sonra Yusif Vəzirin müəlliflik hüququnun təsbit edilməsi üçün birgə fəaliyyət göstərməyə başladıq. Tez-tez görüşür, araşdırmalar nəticəsində əldə elədiyimiz faktları bölüşür, romanın mətnilə yazıçının digər əsərlərini tutuşdurur, üslub və lüğət tərkibini öyrənirdik. Bir müddət sonra Azərbaycan Yazıçılar Birliyində əsərin müəllifliyilə bağlı geniş müzakirə təşkil elədik. Nüfuzlu ədəbiyyatşünasların, tənqidçilərin, dilçilərin və nasirlərin qatıldığı geniş müzakirədə yekdilliklə bu fikrə gəlindi ki, “Qurban Səid” Yusif Vəzirin çoxsaylı imzalarından biridir və roman onun qələmindən çıxıb.
Amma məsələ bununla bitmədi, əslində, vəziyyət get-gedə daha dolaşıq və mürəkkəb şəkil almağa başladı. Romanı 1937-ci ildə Vyanda alman dilində çap eləmiş nəşriyyatın sahibi Ernst Talın qızı Lilinin əsərlərin (“Qəzılbuynuzlu qız” romanı sonra üzə çıxacaqdı) “iyirminci illərin ortalarında qafqazlı görkəmi olan bir yazıçı tərəfindən təqdim edildiyi” barədə şəhadətinə baxmayaraq, Elfrida Ehrenfelsin, Lev Nussimbaumun, Məhəmməd Əsəd bəyin, hətta, Qriqol Robakidzenin müəllif ola biləcəkləri barədə iddialar irəli sürülməyə başladı. Elə o vaxtdan da “Əli və Nino”nun taleyilə çiddi maraqlanmağa, araşdırmalar aparmağa, həqiqəti üzə çıxarmaq üçün ipucları tapmağa çalışdım. Bu məsələdə mənə Fikrət Vəzirovla yanaşı möhtərəm alimlərimiz akademik Kamal Talıbzadə və professor Pənah Xəlilovun böyük köməyi dəydi.
Həmin illərdə romanın motivləri üzrə ikiseriyalı bədii filmin ssenarisini də yazdım. Ssenari 1993-cü ildə Dövlət Yanacaq Komitəsinin sponsorluğu ilə çəkiləcəkdi, amma həmin məqamda baş verən hərbi-siyasi hadisələr ideyanın gerçəkləşməsinə imkan vermədi. 1998-ci ildə tanınmış gürcü rejissoru Keti Dolidze ssenarinin mövcudluğundan xəbər tutub məni Tbilisiyə dəvət elədi və “Qafqaz evi” təşkilatının xəttilə ronanı ekranlaşdırmaq arzusunda olduğunu bildirdi. Təəssüf ki, maliyyə çətinlikləri üzündən həmin ideya da baş tutmadı. 2000-ci illərində Bakıda sənədli film çəkən Azərbaycan əsilli Hollivud rejissoru Con (Cahangir) Qaffari ssenariylə maraqlandı, ideyanı Hollivudda gerçəkləşdirmək arzusunda olduğunu bildirdi. Bununla belə, əsərin ekran taleyi yenə uğursuzluğa düçar oldu. Bir neçə il əvvəl İsveç televiziyasında çalışan rejissor Rahim Sadıqbəyli eyni arzunu gündəmə gətirdi, hətta, filmin maliyyə xərcləri də müəyyənləşdirildi, amma bu dəfə də işlər axıra çatdırılmadı.
Bu illər ərzində mən təbii ki, romanın taleyilə bağlı araşdırmalarımı davam etdirirdim. Yusif Vəzirin Əlyazmalar İnstitutundakı fondunda, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Tarix Arxivində, Ədəbiyyat Muzeyində, Tarix Muzeyində Yusif Vəzirin bioqrafiyasına, XIX əsrin sonu-XX əsrin əvvəllərinə dair sənədləri öyrənirdim. Versiyamı təsdiqləməyə kömək edəcək hər bir fakt məndən ötrü qiymətliydi. İmkan tapıb Yusif Vəzirin yaşadığı Kiyev və Simferopol şəhərlərində oldum, onun həbsdə olduğu Qorki (indiki Nijni Novqorod) vilayəti Daxili İşlər İdarəsinə sorğu məktubu göndərdim. 2009-cu ildə İstanbulda olanda Yusif Vəzirin izini axtardım, onun arxivini tapmağa çalışdım. Romanın taleyi və müəlliflik məsələsilə bağlı bütün araşdırmaları, xüsusilə Betti Bleyer, Həsən Quliyev, Zeydulla Ağayev, Çərkəz Qurbanlın, Tom Pays, Nuridə Atəşi... və onlarla başqalarının tədqiqatlarını diqqətlə oxudum. Öyrəndiklərimi özümün əldə elədiyim faktlarla tutuşdurandan sonra qəti qənaətə gəldim: həmin tədqiqatçılardan Betti Bleyer həqiqətə daha yaxındır – “Qurban Səid” imzasıyla qələmə alınmış, ciddi redaktəylə nəşr olunmuş əsərlərin müəllifi Yusif Vəzir Çəmənzəminlidir. Ona görə ki:
1. Yusif Vəzir Seyid nəslindəndir, atası “Seyid imzasıyla” aşiqanə şeirlər yazır, anası Seyid Əziz kimi tanınırdı; əmisinin adı Seyid Kazım ( Mirhəsən Vəzirovun atası) idi; hələ 1911-ci ildə “Qurban” adlı hekayə yazmışdı; Klişidə işləyəndə tanışı mühacir ərəb fəhləsi Məhəmməd Mənsur ona “qurban” deyə müraciət eləyirmiş, onun oğlunun adı isə Səid imiş. Təbii ki, həmin imzanı seçmək üçün bu qədər fakt az deyil.
2. Yusif Vəzir Krımdan qayıdandan sonra Fransaya səfir (fransız dilini bilirdi) getmək barədə söz-söhbət olub, qısa müddət ərzində Xarici İşlər Nazirliyi protokol şöbəsinin şefi (yeddi xarici dil bilirdi) işləyib, sonra İstanbula göndərilib. “Əli və Nino” romanıda da bu bioqrafik faktdan istifadə edib.
3. Lev Nussimbaum gimnaziyada oxuyanda 9-14 yaşlarında (həm də qeyri-müntəzəm təhsil almışdı), Yusif Vəzirsə romanda təsvir olunan gənclər kimi 20-22 yaşlarında idi; gimnaziya həyatının dəqiq təsvirinə fikir versək, bunun yetkin müşahidəçiyə məxsus olduğunu sezmək çətin deyil.
4. İddiaçılardan (Robakidze versiyası inandırıcı deyil) yalnız Yusif Vəzirin bədii nəsr, həm də roman (“Bir cavanın dəftəri”, “Studentlər”) yazmaq səriştəsi vardı. Roman bədii səviyyəsinə görə peşəkar nasir tərəfindən qələmə alındığını nəzərə alsaq, bu həlledici məqamlardan biridir.
5. Yusif Vəzir gimnaziyada oxuyanda bakılı milyonçu Əlpaşa Əliyevlə gürcü qızı Aleksandra qonşu küçədə yaşayırdı, onların sevgisi dillər əzbəri idi; Əlipaşanın bolşeviklərlə döyüşdə öldürülməsindən, şübhəsiz ki, Yusif Vəzirin xəbəri vardı.
6. Roman Cümhuriyyətin süqutundan, Yusif Vəzir səfirlikdən istefa verəndən sonra – 1921-1922-ci illərdə qələmə alınıb. Mən 2009-cu ildə İstanbulda onun kirayədə qaldığı ailənin yadigarı, yaşı 90-nı ötmüş Sübhi Aypəri tapdım. Yadında Yusif Vəzirin şıq və səliqəli (daha çox ağ kostyum) geyinməsilə yanaşı anasından eşitdiyi bir neçə kəlmə də qalmışdı: “Deyəsən, kirayənişinimiz roman yazır”.
7. Yusif Vəzir alman dilini bilirdi, gimnaziyada və Kiyev universitetində oxuyanda öyrənmişdi, romanı Klişidə rastlaşdığı, alman mühəndisi olan tanışının köməyilə alman dilinə çevirə bilərdi.
8. Yusif Vəzirin 1926-cı ilin əvvəlində Berlində və Vyanada olduğu, Berlində İbad Əlievlə görüşüb ondan 50 dollar borc aldığı, Vyanda isə qardaşı Mir Abdullanın dostu, Memarlıq İnstitutunda oxuyan Məhəmməd Ağaoğlu ilə görüşdüyü faktdır; Vyanada olanda əlyazmaları Ernst Talın nəşriyyatına verməsi inandırıcıdır. Lili Talın xatırladığı “qafqazlı”nın da məhz Yusif Vəzir olduğuna şübhə eləmirik.
9. Elfrida Ehrenfels Lili Talla yaxın idi, əri Ömər-Rolfla birgə yazdığı ilk romanı bəyənməyən Tal “Şərq mövzusunda” yazılmış romanların əlyazmasını ona redaktəyə verib, az sonra ürəktutmasından vəfat edib. Ehrenfels isə əlyazmaları –öz adına qeydiyyatdan keçirib, ərinin dostu, tanıdığı, qonorar müqabilində “redaktə” işinin virtuouzu Lev Nussimbaum-Əsəd bəyə “əl gəzdirmək üçün” verib, o da özünəxas şəkildə artırıb-əksildib, dəyişikliklər aparıb.
10. Leo Nussimbaum həmin vaxt Ernst Tala “Ölən Şərq” adlı xatirələr kitabı yazmaq barədə söz vermişdi, amma mənəvi iflas keçirdiyindən yaradıcılıqla məşğul olacaq vəziyyətdə deyildi; üstəlik, Tal Əsəd bəyə inanmır, onu dələduz sayırdı.
11. Lev Nussimbaum – Əsəd bəylə Elfrida Ehrenfels arasında müəllifliklə bağlı konflikt Ehrenfelsin “redaktəyə görə” boyun olduğu qonorarın bir hissəsini verməməsi, sonra tələblərini eşitməzliyə vurması idi.
12. Məhəmməd Əsəd bəy “müsəlmanlığı qəbul eləmiş Şərq məsələləri üzrə mütəxəssis” Lev Nussimbaumun ədəbi təxəllüsüdür, Həsən Quliyev, Çərkəz Qurbanlı, Nuridə Atəşi və başqalarının iddiasının əksinə, Azərbaycanlı zadəgan olması versiyası dələduz və onun mirasına sahib çıxmaq məqsədi güdən Əhməd Cəmil – Vakka Mazarranın uydurmasından başqa bir şey deyil. Eləcə də Tom Raysın ədəbi kələkbaz Leo Nussimbaumu “Əli və Nino”, Eyni zamanda “Qızılbuynuzlu qız” romanlarının müəllifi kimi qələmə verməsi cəfəngiyatdır. Belə mükəmməl əsəri yalnız hadisələrin içində olan, tarixi və siyasi situasiyadan gözəl baş çıxaran, kifayət qədər bədii nəsr təcrübəsi olan yazıçı qələmə ala bilərdi.
13. Məhəmməd Əsəd – Leopold Veys 1900-cü ildə Lvovda doğulub, “Frankfuuter zeitunq” qəzetnin müxbiri olub, Lev Nussimbaum-Əsəd bəyin çalışdığı “Di literatirişe velt” həftəliyinin redaktoru Villi Haasın dostu, Levin yaxın tanışı idi. O qəzetin Şərq müxbiri kimi Yerusəlimə gedib, burada yəhudi dövləti qurmaq üçün çalışan Haim Veysmandan “İslamı içəridən öyrənmək, islam aləminin diqqətini göstərdikləri fəaliyyətdən yayındırmaq” missiyası alıb, 1926-cı ildə Berlində İslamı qəbul eləyib, Mədinədə kral Səudun sarayında yaşayıb, Pakistan Xarici İşlər Nazirliyində çalışıb, sonra bu ölkənin BMT-dəki nümayəndəsi olub, ömrünün axırında Qranadada məskən salıb, Quranın şərhini yazıb, orada yəhudilərə qarşı fikirləri ört-basdır eləməyə can atıb, 1991-ci ildə dünyasını dəyişib. Eyni missiyanı da Lev Nussimbaum-Əsəd bəy Avropada “ədəbiyyat dəllalı” Valter Şendelin ( müharibədən sonra dələduzluğa görə həbs olunub) köməyi ilə yerinə yetirib.
Məncə kifayətdir. Mənim qələmə aldığım “Qurban” (Yüz ilin “Əli və Nino” əfsanəsi) roman-xronikası dünyanın ən gözəl və romantik sevgi romanlarından biri olan əsərin taleyilə bağlı macəralarla dolu kitabdır. Bütün günahsız qurbanların xatirəsinə həsr olunmuş bu kitabda həqiqətə lap yaxın olduğuma tamamilə əminəm.