Bir zamanlar Sakit okeanda mövcud olmuş Mu qitəsi 12–14 min il əvvəl yeraltı təkanlar nəticəsində okeanın dərinliklərində qeyb olan sivilizasiyanın adıdır. Fərziyyələrə görə, Mu qitəsi Avstraliya materikindən iki dəfə böyük olub. Bu qitədə 50–70 min il əvvəl sivilizasiya ən yüksək həddə çatıb. XX yüzilliyin əvvəllərinə qədər Mu qitəsi ilə bağlı bütün bilgilər folklor müstəvisində idi və onun haqqında deyilənlər mif və əfsanə hesab olunurdu. İlk dəfə ingilis alimi Ceyms Çörçvard bu qitə haqqında elmi araşdırmalara başladı və 50 illik tədqiqatlardan sonra, nəhayət, itmiş qitə və onun qeyb olmuş mədəniyyəti haqqında elmi dəlillərlə çıxış etdi. Beləliklə, Mu mövzusu ciddi elmi araşdırmaların obyektinə çevrildi.
Sonralar bu araşdırmaların davamçısı kimi türkiyəli Təhsin Mayatəpək Meksikada maraqlı faktlarla qarşılaşır. O, burada on min illərlə yaşı olan lövhə üzərindəki yazılar və işarələrlə tanış olur. Mayyaların ay-ulduz simvolundan istifadə etdiklərini, mədəniyyətlərində şamanizmin izlərinin olduğunu görür və çox təəccüblənir. Meksikada çalışdığı 3 il (1935–1938) ərzində Təhsin Mayatəpək gördüklərini və araşdırmalarını müntəzəm olaraq raport şəklində həm Atatürkə, həm də Türk Dil və Tarix Qurumuna göndərir. Onun raportları 3 cildlik kitab halında toplanır. Amma göndərdiyi 3 cildlik əlyazmanın 3-cü cildinin də taleyi Mu qitəsinin taleyi kimi olur. 1970-ci ildə əlyazmanın 3-cü cildi Türk Dil və Tarix Qurumunun arxivindən yoxa çıxır. Bu cilddə əski Mayya inancları, ibadət və etiqadlarının qədim türk inancları ilə oxşarlığından bəhs olunurdu.
Bununla belə, Meksikada tapılan lövhələr Mu qitəsinin sirrini çözmək üçün Təhsin Mayatəpəkə yardımçı olmuşdu. Amma amerikalı geoloq Vilyam Niven 1920-ci illərdən başlayaraq Meksikada axtarışlar aparsa da, uzun illər keçməsinə baxmayaraq lövhələrin üzərinə yazılanların sirrini çözə bilməmişdi. Qədim mədəniyyətin sirlərini özündə gizləyən lövhələrin bəzilərinin 22 min yaşı vardı.
Qeyd etdiyimiz kimi, bu lövhələri ilk oxuyan Ceyms Çörçvard idi. O bu mənbələrə istinadən qətiyyətlə söyləyirdi ki, qədim dünyada bizdən daha üstün insanlar və daha yüksək mədəniyyət olub. Bu lövhələr, əslində, bizə məlum olan qədim hind, Babil, Şumer, Misir, Mayya və türk mədəniyyətlərinin Mu mədəniyyətinin varisi olduğunu göstərirdi.
Tapıntılar Mu mədəniyyətinin bütün mədəniyyətlərin anası, beşiyi olduğunu təsdiq edirdi. Təhsin Mayatəpəkin qarşısında dayanan əsas sual da məhz bu idi: ən qədim mədəniyyətin – Mu mədəniyyətinin qədim türk mədəniyyəti ilə nə kimi əlaqəsi var?
O, Türkiyəyə göndərdiyi raportların birində yazırdı:
“70 min il öncə Munu tərk edib yola çıxan yüksək elm sahibi olan insanlar üç müxtəlif istiqamət seçdilər. Onlar Asiya, Avropa və Afrika qitələrinə yayıldılar və yüksək mədəniyyətlərini də özləri ilə bu yerlərə daşıdılar. İlk yola çıxanlar Mu qitəsindən Mayya adıyla çıxaraq Asiyanın şərqində Uyğur adı alan Mu övladları idi”.
Ceyms Çörçvard da mayyaların və uyğurların köklərinin Mu qitəsindən gəlməsi və dünyaya mədəniyyətin ilk dəfə onlar tərəfindən yayılması ehtimalı ilə razılaşır.
Təhsin Mayatəpək raportuna davam edərək yazırdı:
“Uyğurlar Asiyanın şərqindən gəmilərlə çıxaraq oradan Orta Asiyaya, Balkanlara və nəhayət, Britaniyanın, İspaniyanın şimalına qədər yayılıblar. Beləcə, Asiyadan Avropanın qərbinə qədər Mu mədəniyyətini, dəqiq desək, qədim türk mədəniyyətini yayıblar”.
Təhsin Mayatəpək öz raportlarında təkcə Ceyms Çörçvardın araşdırmalarına əsaslanmırdı. O, Mayya dilini araşdırır və bu dillə türk dili arasında oxşar və ya eyni olan yüzlərlə sözü nümunə gətirirdi.
Türklərin ilk məskəni
Təhsin Mayatəpək Ceyms Çörçvardın araşdırmalarına, yazdıqlarına və arxeoloji qazıntılar zamanı üzə çıxan lövhələrdən alınan bilgilərə əsaslanaraq yazırdı: “Qədim türklərin ilk vətəni və kökü indiyə qədər bildiyimizin əksinə olaraq Orta Asiya deyil, Sakit okeanda 200 min il öz mövcudluğunu qoruyub-saxlamış və sonra su altında qalmış Mu qitəsi olub. Mu qitəsinin əhalisi Orta Asiyaya, Mesopotamiyaya, Misirə köç etmiş və burada yüksək mədəniyyətlərini, dillərini və inanclarını yaymışlar. Bu insanların bir qismi Hindistanın qərbindən gəmilərlə Bəsrə körfəzinin şimalındakı Fərat çayının mənbəyinə çataraq sonralar bu yerlərdə Akkad və bir qədər şimalda Şumer əhalisi kimi tanındılar”.
Sonralar da Türkiyə alimləri Sinan Meydan, Muazzez İlmiyyə Çığ və başqaları bu yöndə tədqiqatları uğurla davam etdirdilər.
Mayya və Azərbaycan dilində oxşar sözlər
Mayya və türk dilində, deməli, həm də Azərbaycan dilində işlənən yüzlərlə oxşar və ya ortaq söz var. Onlardan bəzilərinə diqqət edək:
1. Axal – axıntı, su axıntısı, göl
2. Akaan – su axını, sel
3. Baat – balta
4. Bal – baldız
5. Bik – bükülmüş
6. Çakav – atəş, od, yandırmaq
7. Əlkaab – barmaq (əl barmağı)
8. Emən – enmək
9. Qalaan – qalmaq, zindan
10. Kar – qar
11. Kin – günəş, gün, çağ
12. Kabah – qabaq, ön tərəf
13. Kuç – güc, qüvvət; dirəniş
14. Son – son, sonuc
15. Sulan – sulanmaq, suya batırmaq, yaxalamaq
16. Tasah – daşımaq, gətirmək
17. Tuy – tük, saç
18. Yalat – yalamaq, dadına baxmaq və s.
Tapıntılar və dəlillər
Mu mədəniyyətinin mövcudluğunu sübut edən dəlillər deyilənlərin heç də əfsanə olmadığını sübut etməkdədir. Onlardan bəzilərinə diqqət edək:
– Sakit okeanda – bir zamanlar Mu qitəsinin mövcud olduğu ərazilərdəki bəzi adalarda olan mağaralarda yaşı yüz min illərlə ölçülən rəsmlər tapılıb;
– burada bir zamanlar inanc yeri olduğu ehtimal edilən abidə qalıqlarına rast gəlinib;
– bu ərazidəki suyun altında hündürlüyü on metrdən yüksək olan piramidalar aşkarlanıb;
– Sakit okeanda yerləşən Paskalya adasında ağırlığı tonlarla ölçülən heykəl qalıqları tapılıb;
– Barneo adasında yaşı 38 min il olduğu təxmin edilən qumaş parça qalıqları aşkarlanıb və s.
Göründüyü kimi, bu, kifayət qədər ciddi mövzudur. Düşünürəm ki, Mu qitəsinin varlığını, Mayya mədəniyyətini, əski Şumer və Akkad, eləcə də digər sivilizasiyaları dərindən öyrənmək, Azərbaycan mədəniyyətinin bu qədim mədəniyyətlərlə əlaqəsini aşkara çıxarmaq üçün ciddi elmi araşdırmalara ehtiyac var. /Aydın yol /