“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında İsa Hüseynovun “Toy” hekayəsini təqdim edirik.
Gəlini aparmağa gəlmişdilər.
Əvvəllər belə hallarda, qız evinin həyətinə içinə xalı-xalça salınmış arabalar gətirərdilər. Atlar kişnəşər, şahə qalxıb zurnaçıların qarşısında oynaşardı. Sonra cıdır başlanardı.
İndi qız evinin həyəti maşınla dolmuşdu. At kişnəməsi əvəzinə, rənbərəng “Volqa”ların, “Moskviç”lərin siqnalları kəndi başına götürmüşdü.
Maşın karvanı darvazadan çıxdı.
Qızla oğlanın evləri yanaşı idi. Demək olar ki, lap bitişik idi. Ancaq son dəbə görə, toy mərasimi küçələri, bəklə hətta çölləri, tarlaları dolaşmalı, evlənənlərin, qohum olanların, toy əhlinin sevinci, təntənəsi nümayiş etdirilməli idi.
Birinci “Volqa”nın kapotunun üstünə qırmızı parça çəkilmişdi. Burada nəhəng gövdəli, qara lopa bığlı kişi - toybabası, bəy və bəyin sağdişi əyləşmişdi.
Sırada ikinci gedən yük maşını idi. Kuzova gəlinin cehizi - şkaf, şifoner və sair bu kimi şeylər yüklənmişdi. Zurnaçılar avadanlığın arasında stul qoyub oturmuşdular. Dəfçi şkafın üstünə dırmaşmışdı. İki yarımsərxoş dəliqanlı cavan - biri sağdan, biri soldan şkafı və dəfçini tutmuşdu ki, döngələrdə şkaf ləngərlənəndə dəfçi yıxılmasın.
Cehizin arxasınca gedən “Volqa”nın maralının dövrəsində yelpazə şəklində qızılgüllər çitənmişdi. Bu maşında gəlin, gəlinin sağdışı, bir də yengə əyləşmişdi.
Qalan maşınlar da başdan-başa gül-çiçək içərisində idi.
Karvan darvazadan çıxıb küçədə qatarlandı, güclü, davamlı siqnallarla yola düşdü.
Rayon milis idarəsinin rəisi - bəyin qardaşı, deyəsən, bir az çox içmişdi. Dövrəsi qırmızı zolaqlı sarı “Volqa”nı gah dala, gah qa bağa sürdürür, geniş pəncəli iri əlində parıldayan tapançanı pəncərədən çıxarıb dalbadal havaya boşaldırdı. Güllələr küçənin sağ-solunda düzülmüş daş evlərin divarlarında əks-səda verib, yaylım atəşi kimi səslənirdi. Kənd arvadları bundan ehtiyatlanıb, damlara çıxan uşaqları şapalaqlayaraq aşağı qovurdular.
Bəy kənddə müəllim idi. Fizika müəllimi. çox zərif, bir az da utancaq, əsl ziyalı görkəmli ucaboy, qaraşın bir oğlan idi. Qardaşının tapançasının gurultusunu eşitdikcə başını bulayırdı.
- Yaman keflənib, sağ olmuş, - deyirdi, - bir xata çıxartmasa yaxşıdı.
Toybabası qımışıb bığını sığallayırdı.
- Köçün yaraşığı cöngə soncuqlamasıdı, - deyirdi.
İkinci “Volqa”da gəlin yanağını sağdışının çiyninə söykəyib ağlayırdı. Yengə gülürdü.
- Qıraqdan baxan da deyəcək qız könülsüz gedir, nədi? - deyirdi. - Könülsüzsənsə, elə indicə başını tərpət, bu saat maşını geri sürdürməyən atasının qızı deyil!
Gəlin gözəl çöhrəsini kəlağayısının altından göstərib yengəsinə baxdı. Arvadın zarafat elədiyini başa düşüb, göz yaşları içində gülüm söndü.
- Heç özüm də bilmirəm niyə ağlayıram.
Yengəsi onun yanağından öpdü.
- Şadlığından şitlik eləyirsən. Sevincdən ağlayırsan, quzum, sevincdən!
Sağdışı gəlinin o biri yanağından öpdü.
- Gör bir qaynın sənə necə toy eləyir, ay bəxtəvər, gözünü aç, bir dünyaya bax!
Gəlinin uzun kirpikləri titrədi. Xınalı barmaqları ilə kəlağayısını azca qaldırıb, gizlincə bir irəliyə, bir də geriyə baxdı. Bir daha gülümsünüb yenə sifətini kəlağayısının altında gizlətdi.
Üçüncü “Volqa”ya azı yeddi-səkkiz gənc dolmuşdu. Bəyin müəllim yoldaşları, traktorçular və iki milis nəfəri bir-birini sıxışdıraraq şit zarafat eləyir, şaqhaşaq gülüşürdülər.
Zurnaçılar “Vağzalı” çalır, dəmlənmiş dəfçi şkafın üstündə dizi üstə qalxıb var gücü ilə dəfi döyəcləyir, bəyin qardaşı tapançasına təzə patron darağı salıb çat-çat atır, mərasim əzəmətli təntənə ilə yoluna davam edirdi.
İrəlidə onları nə gözlədiyindən, əlbəttə, heç kəsin xəbəri yox idi.
Birdən qabaqda sərt, tükürpədici tormoz səsi eşidildi. Maşınlar az qala bir-birinə toxunaraq kəndin ortasında, klubun qarşısındakı geniş meydançada xırp dayandı.
Birinci maşında toybabasının iri, zəhmli gözləri geniş açılıb irəliyə zilləndi. Bəy təəccüblə qaşlarını qaldırdı. Sağdış hirsli-hirsli əlini qapıya atdı.
Zurnanın səsi kəsildi. Dəfçi şkafın üstündən aşırıldı. Yarımsərxoş dəliqanlılar onun üzünü də, dəfini də havada qapdılar. Sonra onlar da təəccüblə irəli baxdılar.
Bəyin qardaşı, yəqin ki, harda olduğunu unudub dik ayağa qalxdı. Başında bərk ağrı hiss etdikdə, duruxub qəzəblə şoferə baxdı.
- Nə oldu? Niyə dayandın?!
- Sürün! Sürün! - deyə arxadakı maşınlardan səsləndilər. Kəsik-kəsik, səbirsiz siqnallar eşidildi.
Lakin karvan tərpənmədi.
Karvanın qabağında bəstəboy, enlikürək bir gənc dayanmışdı. Onun əynində köhnə mazut ləkələrindən işıldayan boz əsgər köynəyi vardı. Beli kəmərsiz olduğundan köynəyinin ətəyi sallanıb qara qalife şalvarı yarıyacan örtmüşdü. Gəncin yaxası və başı açıq idi. Gur, şabalıdı saçları alnına dağılıb, iri sümüklü, bir qədər kobud, ancaq yaraşıqlı sifətini daha da dəyirmiləşdirmişdi.
Bir-birinin ardınca, çırıqqaçırıqla maşınların qapıları açıldı. Toy əhli ordan-burdan boylanmışdı. Karvan boyunca xısıltılı, müəmmalı bir pıçıldaşma getdi.
- Şamil! Şamil!
- Şamil toyun qabağını kəsib!
- Elə şey olmaz!
- Odu ey, əlini belinə qoyub, dayanıb!
- Biabırçılıq!
- Həyasız oğlu, həyasız!
- Dəli olub, nədi?
- Ə, rədd eləyin getsin!
- Hünərin var, get rədd elə! Qaya təki dayanıb!
Toy əhli maşınlardan tökülüşdü. Hamı irəli yüyürürdü. Tozlu soldat çəkmələrini bir-birindən azca aralı qoyub, kənardan baxanda belə zindantək ağırlığı hiss olunan mazutlu əllərini belinə qaldırıb, sərbəst, eyni zamanda meydanoxuyucu görkəmlə dayanmış gəncə yaxınlaşanda kutlaşıb qaldılar. Yalnız bir nəfər - bəyin qardaşı tapan çasını qobura soxub irəli cumdu.
- Bu nə deməkdi? Toyu niyə saxlayırsan?!
Toybabası arxadan üzünü yetirib, əlini bəyin qardaşının çiyninə qoydu.
- Bağışla, yoldaş nəçənnik, mənə belə gəlir ki, bu gün burda nəçənnik mənəm! Geri! Geri! Zəhmət çək, bir az da geri! Belə ha!.. Ay uşaq, ordan yaxşı bir nəmər!..
Toybabası əlini lopa bığına çəkib səbirlə gözlədi. Yengə maşında xeyli qurdalandıqdan sonra uzun saçaqlı ağ bir şal gətirdi. Toybabası şalı təntənə ilə havada yelləyib Şamilim çiyninə atdı.
- Bu sənin nəmərin, igid oğlan!
Şamilin dodağı qaçdı. Qıyıq monqol gözlərində istehzalı qığılcım parladı. O, tələsmədən, şalı çiynindən götürüb təmkinlə toybabasına qaytardı.
- Nəmərdən qabaq qabağıma adam çıxardın.
- Sənnən güləşəsi adamımız olmasa necə?
- Tapılar.
Toybabası yenə əlini bığına çəkib geri döndü, dərin sükutla dayanıb, yalnız hərdən eyni xısıltı ilə pıçıldaşan camaata göz gəzdirdi.
- Ə, səsiniz niyə çıxmır? Düşünə düyən var, ya yox?
Lakin camaatı, deyəsən, tamam başqa şey maraqlandırırdı. Sirli pıçıltı hələ də davam edirdi. Çoxları gizlin maraqla gəlin oturan maşına baxırdılar. Orada yengə ilə sağdışın arasında ağ kəlağayı altında gəlin başını maşının qabaq oturacağının arxasında gizlətmişdi.
Birinci maşında bəy qızarmışdı. Bəyin sağdışının isə rəngi ağarmışdı. Yük maşınının üstündə zurnaçının ağzı açıq qalmışdı.
Klubdan və kəndin ara-bərəsindən dəstə-dəstə adam yüyürüşüb meydana toplaşmışdı. Onlarla, bəlkə yüzlərlə göz Şamilə dikilmişdi. Şamil isə, eyni sərbəstliklə əllərini belindən çəkmədən dayanmışdı.
- Qabağıma adam çıxartmasanız tərpənən deyiləm, - deyirdi.
Birdən sərt dəmir şaqqıltısı eşidildi. Birinci maşının qapısı çırpıldı. Bəyin sağdışı - rəngi daha bədtər ağarmış gonbul, sarışın oğlan Şamilin üstünə cumdu.
- Sənə dedilər ki, sən boyda zırpıynan güləşəsi adamımız yoxdu! Nəmərini də verdilər! Daha nə istəyirsən?
Şamilin sifəti azca bozardı. Ancaq monqol gözləri yenə də sərbəstcə, yumşaq bir istehza ilə gülümsündü. O, gəlin oturan maşına baxıb dərhal da gözünü çəkdi.
- Şərt elə yıxıb-yıxılmaqda deyil ki, - dedi. - Dədə-babamızın adətidi, toyun qabağı kəsiləndə güləşməyə adam çıxardarlar.
Bəyin müəllim yoldaşlarından, arıq-uzun və çopur ədəbiyyat müəllimi səndələyib irəli yeridi.
- Don Kixot! Bəyəm indi pəhləvanlıq zamanıdı?
Şamil müəllimin sözlərini eşitmədi. Çünki bu vaxt sağdışın spirt qoxuyan isti nəfəsi onun qulağını döyəcləyirdi:
- Adam ol, Şamil! Sənin burda gözə görünməyin toy yiyələrini onsuz da pərt eləyib. Üstəlik də qurşaq tutub qüvvət göstərmək istəyirsən?!
- Əsgərlikdə tankçı olubsan, indi də adlı-sanlı mexanizatorsan, - deyə toybabası da Şamilin o biri qulağına pıçıldayırdı. - Uşaqlıq eləmə. Nəçənnik dodağını yeyib qurtarır. Dava salıb toyumuzu yasa döndərmə, oğul!
İkitərəfli, həyəcanlı, patıltılı pıçıltılar arasında Şamil elə bil heç nə eşitmirdi. Onun beynində yalnız bircə fikir vardı: Zəhra, yəni gəlin, müəllim oğlanın üzünü yox, vəzifəli, dövlətli qohumlarını, müəllimin ferma müdiri olan atasının ikimərtəbə ağ imarətini, bahalı avadanlıqla düşənmiş bəzəkli otaqlarını sevmişdi. Şamil buna üz ürəyinə inandığı kimi inanırdı. Buna görə də Zəhradan - dönük sevgilisindən intiqam almaq qəsdinə düşmüşdü. Necə intiqam alacağını o, indinin üzündə də aydın bilmirdi. Toy günündə, məhz bu təntənə vaxtında, Zəhranın onunla illərlə sevişdiyini xatırlatmaq? Yox, bu Şamil üçün az idi.
O, çəkmələrini yerə bərk-bərk dirəyib ətrafına baxdı. Camaatın arasında traktorçu yoldaşlarını gördü. Onun içəridə nələr çəkdiyini bilə-bilə, milis rəisinin dəvətilə toyda iştirak edən yoldaşlarından incikliyini büruzə vermədən zorla gülümsünüb toybabasına nə isə demək istəyəndə, birdən gözü bəyə sataşdı.
Şamil dikəldi. El bil boyu birdəncə bir qarış uzandı.
- İndi ki, belə oldu, lap bəyin özünnən güləşəcəm!
Ədəbiyyat müəllimi başına qoşaəlli qapaz vurdu və üzü üz qapazından səndələdi. Bəyin qardaşı pis bir söyüş söyüb Şamilin üstünə atıldı. Lakin cavanlar onu vaxtında tutdular, çəkib maşına basdılar.
Camaat çaxnaşdı. Meydanı uğultu götürdü.
- Oturun maşına!
- Sürün!
- Çəkil yoldan, əclaf!
Traktorçular tökülüb Şamili dövrəyə aldılar.
- Bu nə pərtlikdi saldın, əşi!
- Üzün də pərt oldun, camaatın da çortunu pozdun!
- Yazıq içəridən yanır, neyləsin! - deyə tarktorçulardan biri kənardan dilləndi. Ancaq onu heç kəs eşitmədi.
Maşınlar yenə aramsız siqnal verməyə başladı.
Birinci “Volqa” tərpənib bircə addım aralıda dayanmış Şamilin üstünə yeridi. Yeriyib dayandı. Maşının qabağı onun dizlərinə söykəndi. Lakin Şamil indi doğrudan da əsl qayaya çevrilmişdi.
Tərtəmiz silinmiş şüşənin arxasında toybabasının iri güzləri parıldayırdı. Sağdışın qansız sifəti ağarırdı. Onların ikisi də Şamilə baxırdı. Şamil isə təkcə bəyə baxırdı.
Maşının qabağında inadla, qətiyyətlə dayandığı halda, birdəncə nə üçün kənara çəkildiyini bilmədi. Meydandan xeyli aralandıqdan sonra, başını qaldıranda yoldaşlarını gördü. Qeyri-iradi dillənib:
- İndi o da mən gündədi, - dedi.
- Kim? Kim? - deyə soruşdular.
Şamil cavab vermədi, bəyi nəzərdə tutduğunu, o zərif, günahsız oğlanın gözlərində necə kədər və ümidsizlik gördüyünü açıb söyləmədi. Şamil kənddən çıxıb uzaqda düzənlikdə divarı ağaran tarla düşərgəsinə tərəf gedirdi. Traktorçular səssiz-səmirsiz onunla yanaşı addımlayırdılar.
Maşın karvanı isə yoluna davam edirdi.
Birinci maşında bəy aramsız papiros çəkirdi. Sağdışın hələ də rəngi durulmamışdı. Toybabası tez-tez qapını açıb başını eşiyə çıxarırdı, şkafın üstündən düşüb, indi də aşağıda oturan dəfçi ilə zurnaçılara gözünü ağardırdı.
- Ə, səs eləsəniz! - deyirdi.
Zurnaçılar “səs eləyir”, lakin bircə dəqiqə sonra yenə susurdular.
İkinci “Volqa”da gəlin örpəyin altında büzüşüb ağlayırdı. Ancaq indi nə yengə, nə də sağdış onu dindirirdi.
Üçüncü “Volqa”da bəyin qardaşı da aramsız papiros tüstülədirdi, maşın tarla yolunun çala-çuxurlarında silkələndikcə onun qoburunun açıq qalmış qapağı atılıb düşürdü.
Karvan pambıq tarlalarının arasından, bölük-bölük qızların, gəlinlərin yanından keçib, qonşu kəndin ətrafında dövrə vuraraq qayıtdı. Öz kəndlərinə girəndə, bəyin qardaşı yenə havaya bir neçə güllə atdı. Karvanda təntənə bərpa olundu.
Yenə də güclü, davamlı siqnallarla darvazadan içəri girdilər.
Birinci “Volqa” həyətdə dayananda, hamıdan əvvəl toybabası maşından düşdü. əlini bığına çəkmək istədikdə əli havadan asılı qaldı. İkinci və üçüncü “Volqa”lardan başqa, arxadakı maşınların hamısı boş idi.
- Bıy, ə, bu camaat hardan töküldü?!
Ona cavab verən olmadı.
Bəyin qardaşı təəccüblə milis nəfərinə baxdı.
- Kişiyə niyə cavab vermirsiniz? Camaatı niyə buraxdınız?!
Milis nəfərləri başlarını aşağı salıb, beləcə qaldılar.
Bəy də, sağdışı da eyni vəziyyətdə dayanmışdı. Həyəti sükut bürümüşdü.
Toybabası fikirli-fikirli yerə baxırdı. Haçandan-haçana yorğun hərəkətlə zurnaçılara tərəf döndü:
- Səs eləyin, səs eləyin, bala, - dedi.
Çünki səs eləməmək olmazdı. Bir halda ki, toy vardı, deməli, zurnaçılar çalmalı idilər.